525.Az

Səhnənin unutmadığı sənətkar: Kübra Əliyeva


 

Səhnənin unutmadığı sənətkar: <b style="color:red">Kübra Əliyeva</b>

5 yanvar günü dünyaya göz açmış tanınmış aktrisa, Əməkdar artist Kübra Əliyeva haqqında doğum günü ilə əlaqədar yazı yazmaq fikrinə düşəndə təbii ki, ilk işim internetdə axtarış verib onunla bağlı bir qədər müfəssəl bilgi almaq istəyi oldu. Amma min təəssüf ki, ömrünün aşağı-yuxarı əlli ilini Azərbaycanın teatr və kino sənətinin inkişafına həsr etmiş, bir-birindən dəyərli, saysız-hesabsız obraz canlandırmış sənətkarın bir neçə cümləlik bioqrafiyasından və bir-iki müsahibəsindən başqa əlimə heç nə keçmədi.

Əvəzində, çeşidli şou-biznes saytlarında bir müddət öncə Kübra xanımla hansısa bir gənc aktrisa arasında yaşanmış qalmaqalın şişirdilmiş, bəzək-düzək vurulmuş bolluca xəbərləri ilə üzləşdim. Həqiqətən də kədərləndirici mənzərə idi. İstedadı, xanım-xatınlığı, teatr səhnəsində və televiziya ekranlarında canlandırdığı müxtəlif xarakterli obrazlarıyla tamaşaçının qəlbində mötəbər yer tutan, balacadan böyüyə hər kəsin sevib dəyərləndirdiyi bir aktrisaya belə laqeyd münasibətin şahidi ola biləcəyimi ağlıma da gətirməzdim. Bu qədər laqeydliyin, soyuqluğun səbəbi nədir, axı? Nəyə görə ömrünü Azərbaycan incəsənətinə həsr etmiş bir insan haqqında ancaq qalmaqallı xəbərlər çoxluq təşkil eləməlidir, amma bioqrafiyası, səhnə fəaliyyəti haqqında doğru-dürüst məlumat tapmaq mümkün olmamalıdır? Axı Kübra xanım heç zaman qalmaqal, şou arxasıyca gedən, onların hesabına gündəmdə qalmaq üçün çalışan sənətçilərdən olmayıb, əksinə, daima öz davranışı və sənəti ilə gənclərə nümunə göstərilə biləsi bir həyat yaşayıb...

Həyat yoluna nəzər salanda görürük ki, Kübra Əliyevanın nə şəxsi həyatı, nə də yaradıcılıq yolu asan və hamar olub. O, hər zaman istəklərinə, məqsədlərinə çatmaq yolunda çalışıb, vuruşub, ağrılar, acılar çəkmək məcburiyyətində qalıb. Bəs istədiyi hər şeyə nail ola bilibmi? Bunu onun bioqrafiyasına və müsahibələrinə nəzər salanda daha yaxşı bilmək olur:

Azərbaycan teatr və kino aktrisası Kübrabəyim Ağa qızı Əliyeva 1949-cu ilin 5 yanvar tarixində Gəncə şəhərində doğulub. Burada 1966-cı ildə 21 saylı orta məktəbi bitirib. Əmək fəaliyyətinə dörd il sonra Cəfər Cabbarlı adına Gəncə Dövlət Dram Teatrında aktrisa kimi başlayıb. Ənvər Məmmədxanlının “Şərqin səhəri” dramının tamaşasında Anjella Kovalini rolu onun aktrisa debütü hesab olunur. Sənətkar bir müddət sonra fəaliyyətini Hüseyn Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrının aktyor heyətinə daxil olaraq davam etdirib.

Hələ gənc yaşlarından həyatın onun üçün hazırladığı müxtəlif sınaqlara mərd-mərdanə sinə gərən, qarşılaşdığı bütün maneələrə rəğmən həyata, dünyaya, insanlara olan sevgisi, sənətinə olan bağlılığı və güclü xarakteri onun enişli-yoxluşlu həyat yollarını əmin addımlarla keçməsinə köməkçi olub. Özünün də dediyi kimi, həyatın bütün sınaqlarından keçmək aktrisa üçün heç də asan başa gəlməyib: “Mən də həyatda müsbət xarakterli bir gənc olmuşam. Baxmayaraq ki, həyatım özü şokolad kimi keçməyib, yəni qara olsa da, şirin olmayıb. Demək olar ki, elə  gənclik illərindən böyümüşəm. Çünki həyat böyüklər üçün nəzərdə tutulan yükünü artıq o illərdə mənə hədiyyə eləmişdi”.

Kübra xanım 1972-ci ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun mədəni-maarif fakültəsinin qiyabi şöbəsinə daxil olur və təhsilini 1977-ci ildə başa çatdırır. Sumqayıtda işlədiyi beş il ərzində Kübra Əliyeva bir-birindən maraqlı, ictimaiyyət tərəfindən yüksək qiymətləndirilən silsilə rollarla yaradıcılıq uğurları qazanır. Ş.Xusainovun Sumqayıt Dövlət Dram Teatrında səhnələşdirilən “Anam gəldi” əsərində Rasimə, G.Xuqayevin “Elbrus evlənir” tamaşasında Gülbadam, C.Cabbarlının “Solğun çiçəklər” faciəsində Gülnisə, Y.Məmmədovun “Ana məhəbbəti” əsərində Adilə, İ. Qasımov, H.Seyidbəylinin “Sən nə üçün yaşayırsan” tamaşasında Pəri xala və s. obrazları onun aktrisa kimi daha da püxtələşməsində mühüm yer tutub.

Daha sonra aktrisa Azərbaycan Dövlət Musiqili Komediya Teatrına gəlib. Burada işlədiyi illərdə o, yaradıcılığı üçün yeni olan istiqamətdə müxtəlif rollar yaradıb. Bunlardan Gövhər xala (“Gözün aydın”, M.Əlizadə), Balı (“Qızıl toy”, R.Heydər), Gülbadam (“Sevgilimin anası”, G.Xuqayev), Sənəm (“Məşədi İbad”, H.Hacıbəyov), Balaxanım (“Sonqulunun sərgüzəştləri”, R.Əhmədzadə) kimi müxtəlif obrazlar tamaşaçının yaddaşında və qəlbində illər keçməsinə baxmayaraq, yaşayır.

Aktyorluq özü özlüyündə onsuz da ağır, məşəqqətli peşədir. Həm psixoloji, həm də mənəvi yükü çoxdur. Cilddən-cildə girmək, obrazdan-obraza dəyişmək, öz xarakterini unudub canlandırdığın obrazın xarakterinə bürünmək heç də asan məsələ deyil. Hələ bunlar bu sənətin görünən tərəfləridir. Bir də onun görünməyən tərəfləri var ki, bəlkə də, yaradıcı insanı ən çox yoran, ən çox incidən məqamlar məhz orada - pərdə arxasında gizlənib. Xüsusən teatrda və kinoda aktrisa kimi çalışmaq çox çətindir. Ümumiyyətlə, yaradıcılıq sahəsində çalışmaq qadın üçün ikiqat, bəlkə də üçqat əziyyətlidir. Cəmiyyətdəki söz-söhbət, istedadını, zəhmətini etiraf etməyə ürəyi gəlməyənlərin gördüyün işə, qazandığın uğura min cür “don geyindirmək” cəhdləri iradəsi zəif hər kəsi yorur və “oyundan kənara atır”. Bundan başqa, aktrisa həm də sənətindən qaynaqlanan hər bir əziyyətə dözməlidir. O, həm öz ailəsinin qayğısına qalmalı, onu idarə etməli, eyni zamanda, teatrda müxtəlif obrazlar yaratmalı, tamaşaçılara obrazları çatdırmalıdır. Kübra Əliyeva da uzun illər həm ailəsində gözəl qadın, ana olmağı, həm də səhnədə öz sənətini layiqincə icra etməyi bacardı. Məhz bu zəhmətlərin bəhrəsidir ki, Kübra xanım yalnız sənəti ilə illərdir qazandığı tamaşaçı sevgisini qoruyub-saxlayır.

Kubra xanım Əliyeva 1991-ci ildən Akademik Milli Dram Teatrında aktrisa kimi fəaliyyət göstərməyə başladı. O, bu teatrın səhnəsində də bir-birindən dəyərli, maraqlı rollar ifa etdi. Ponsiya (“Dişi canavar”, F.Lorka), Nazilə (“Dəlilər və ağıllılar”, İ.Əfəndiyev), Hayqanuş (“Hökmdar və qızı”, İ.Əfəndiyev), Qaraqoyunlu ana (“Ağqounlular və Qaraqoyunlular”, Ə.Əmirli), Firəngiz (“Ah,Paris… Paris!..”, Elçin), Ana (“Eloğlu”, A.Şaiq)  kimi obrazlar onun adını bu teatrın da tarixinə qızıl hərflərlə yazdı.

Əvvəldə də qeyd etdiyimiz kimi, Kübra xanım teatrdan əlavə televiziya ekranlarında da dəyərli obrazlarla tamaşaçıların qarşısına çıxıb. Onun müxtəlif teletamaşalarda canlandırdığı obrazlar bu gün də televiziyamızın arxivində dəyərli sənət əsəri kimi qorunub saxlanır, zaman-zaman təkrarən nümayiş edilir. “Evləri köndələn yar”da Bazarkomun arvadı, “Analar”da Zərbuta, “İtkin gəlin”də Xədicə, “Sabiqlər”də nazirin arvadı, “Sonuncu məhəbbət”də Ümbülnisə kimi rollardır ki, balacadan böyüyə hər kəsin qəlbinə yol tapıb.

Kübra Əliyevanın canlandırdığı rollar içərisində ən yaddaqalanı “Şirbalanın məhəbbəti” filmindəki Ümbülnisə obrazıdır. Çoxuşaqlı ana olan Ümbülnisə həyat yoldaşı Şirbalanın məhəbbət sərgüzəştərində özünəməxsus xarakteri ilə fərqlənir. Özü etiraf etməsə də, ayrıldığı Şirbalanı sevən və qısqanan Ümbülnisə onu geri qaytarmaq üçün min cür bəhanələrə əl atır. O, əsl evinə, ailəsinə, övladlarına bağlı qadın kimi sonda həyat yoldaşının - Şirbalanın yenidən evlənməsinə də mane ola bilir. Ümbülnisə bəlkə də illərdən, əsrlərdən bəridir həyat yoldaşlarının xəyanəti ilə üzləşən qadınların haqq səsi idi. Ona görə də tamaşaçılar tərəfindən bu qədər sevildi və qəbul olundu.

Onun “Sabiqlər” teletamaşasında canlandırdığı nazirin arvadı obrazı isə Ümbülnisənin tamamilə əksidir. Pul düşkünü, vəzifədə olan ərinin hesabına rahat, qayğısız həyat yaşayan, heç kimi saymayan, maddi zənginliyi hesabına hər kəsə yuxarıdan aşağıya baxan qadının əri bircə günün içərisində işdən çıxarılır və onların həyatı bir andaca dəyişir. Bir teletamaşanın içərisində aktrisa iki ən müxtəlif situasiyanı canlandırmalı olur. Vəzifə, pul, var-dövlət hesabına xoş həyat keçirən qadın sonra pulsuz, cəmiyyətdə etibarı sarsılmış, özünü içkiylə övudan bir kişinin həyat yoldaşına çevrilir. Təbii ki, burada onun iç üzü daha yaxşı görünür. Tamaşaçı əvvəl ona necə ikrah hissi ilə yanaşırdısa, bir yerdən sonra hətta yazığı gəlməyə də başlayır. 

Kübra xanım Əliyevanın bu sənətə uzun illərdən bəri xidməti dövlətimiz tərəfindən də qiymətləndirilib. O, 2000-ci ildə respublikanın Əməkdar artisti fəxri adına layiq görülüb, 2006-cı ildən Prezident təqaüdçüsüdür.

Əfsuslar olsun ki, Kübra xanım uzun illərdir səhnədən, sənətdən uzaqlaşıb. Adətən sənətkar yaşa dolanda teatrı tərk edir. Amma Kübra xanımda bu belə olmadı. Hətta deyə bilərik ki, o, səhnələrin onun kimi sənətkara ən çox ehtiyacı olan zamanda sənəti tərk etmək qərarı aldı. Sənətkar müsahibələrinin birində bunu belə izah edir: “Mən həmişə deyirdim ki, 60 yaşım olanda səhnədən gedəcəyəm. Bunu bütün sənət yoldaşlarım da bilirdi. Elə də oldu. Mən vaxtilə teatrda korifey sənətkarlarla çiyin-çiyinə çalışmışam. O sənətkarlar ki, səhnəyə çıxanda yer titrəyirdi. Onların itkisi mənə çox pis təsir etdi. Sağıma baxdım gördüm ki, heç kim yoxdur, soluma baxdım gördüm ki, boşdur. Kiminlə oynayacaqdım? Ona görə də teatrı tərk etdim”.

İllərdən bəri çəkdiyi sıxıntılar, həyatın ona hazırladığı maneələr, ağır sənət, son illərdə ailəsindəki itkilər aktrisanın səhhətinə də təsirsiz ötüşmədi. Sənətkar bu dəfə də ağır xəstəliklə mübarizə aparmağa məcbur qaldı. Belə ki, səhnəni tərk etdikdən sonra sənətkar xərçəng xəstəliyinə tutulduğunu öyrəndi. Amma o, bunun da öhdəsindən gəlməyi bacardı. Onu yaralayan isə nə xəstəliyi idi, nə də gördüyü çətinliklər. Onu ən çox unudulmağı, yaddan çıxmağı narahat etdi. Bir neçə il öncə doğum günündə unudulması ilə bağlı sosial şəbəkədə giley, küskünlük dolu paylaşım etmişdi. Amma Kübra Əliyeva kimi sənətkarlar kimin yadından çıxsa da, tamaşaçısının, xalqının yadından heç zaman çıxmır, onların sənəti və yaratdığı rollar hər zaman yaddaşlarda, qəlblərdə yaşayır.

Sevimli aktrisamız Kübra xanım Əliyevanı yeni yaşı münasibətilə təbrik edir, ona cansağlığı arzulayırıq!

 





05.01.2019    çap et  çap et