525.Az

Daha bir manifest - Mir Cəlalın kitabına ön söz


 

Daha bir manifest - <b style="color:red">Mir Cəlalın kitabına ön söz </b>

Dekabrın 21-də Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında görkəmli yazıçı və böyük ədəbiyyatşünas alim Mir Cəlal Paşayevin “Ədəbi tənqid (1931-1974)” və “Publisistika (1926-1977)” kitablarının təqdimatı keçirilib. “Publisistika (1926-1977)” kitabının ön sözünü oxuculara təqdim edirik.

Uğurlu yazıçı ilə yaxşı oxucunu birləşdirən nədir? Səmimi ünsiyyət! Oxucu ilə yazıçının ünsiyyəti günlərlə, aylarla, illərlə davam edir. Yazıçı görüb-eşitdiklərindən, oxuduqlarından, təsəvvür etdiklərindən oxucuya danışır, onun dünyagörüşünə, savad və təcrübəsinə töhfə verir. Oxucu isə həvəslə ona həyatın min bir sirrini açan, gecə və gündüzünü yaradıcılığa həsr edən həmsöhbətindən - yazıçıdan yeni əhvalatlar gözləyir. O, həm də yazıçının həyatı, fəaliyyəti, yaşadığı mühit ilə maraqlanır. Belə məlumatlar isə ona oxuduqlarını daha yaxşı izah edir, yazıçı ilə ünsiyyəti daha da möhkəmlədir.

Mir Cəlalın oxucuları belə bir sevinc hissini məhz bu məqalələr toplusu ilə tanış olduqda yaşayacaqlar. Yazıçının xatirələri, ictimai-siyasi həyat barədə fikirləri, tarixi hadisələrə münasibəti, gənclərə tövsiyələri mətbuat səhifələrində - ədibin 1926-cı ildən 1977-ci ilə qədər dərc etdiyi məqalələrində əks olunub!

Görkəmli yazıçı, alim və pedaqoq Mir Cəlal 6 romanın, 300-ə yaxın hekayənin, çoxsaylı elmi əsərlərin müəllifi kimi böyük oxucu kütləsinin qəlbini fəth etmişdir. Ədibin məqalələri isə ilk dəfə toplu şəklində nəşr olunur. Buna görə də, bu kitab ədibin oxucuları üçün yeni təəssüratlar və xoş oxu saatları vəd edir.

Mir Cəlalın publisistik məqalələrini əhatə edən bu kitab XX əsr Azərbaycan ədəbiyyatının və tarixinin 50 ildən artıq bir dövrünü öyrənmək üçün əvəzsiz mənbədir.

***

Mir Cəlal publisistik fəaliyyətə 18 yaşında, 1926-cı ildə - Gəncə Darülmüəllimində təhsil alarkən başlamışdır. O illərdə, Gəncənin ədəbi mühiti Mir Cəlalın da yaradıcı fəaliyyətinə zəmin yaratmışdır.

Ədib 1929-cu ildə, Bakıya təhsil almaq üçün gəldikdən sonra 2 il “Kommunist”, 4 il “Gənc işçi”  qəzetində müxbir kimi fəaliyyət göstərmişdir. Bu illərdə o, Bakının ədəbi mühiti ilə yaxından tanış olmaq imkanı əldə etmişdir. Mir Cəlalın bir sıra görkəmli şair və yazıçılarla, o cümlədən, Mehdi Hüseyn, Hüseyn Cavid, Süleyman Sani Axundovla tanışlığı da məhz “Kommunist” və “Gənc işçi”dəki fəaliyyəti ilə bağlıdır. Ədibin xatirələrindən məlum olur ki, o, müxbirlik işini hər zaman yüksək dəyərləndirmiş, mətbuatı “gözəl tərbiyə məktəbi” adlandırmışdır (“Bakı görüşləri”, 1967). Eyni zamanda, belə ictimai əhəmiyyəti olan peşə Mir Cəlala xalqla ünsiyyətdə olmağa, onun qayğıları ilə yaxından tanış olmağa imkan yaratmışdır.

Mir Cəlalın publisistik fəaliyyətə başladığı dövr Azərbaycanda Sovet hakimiyyətinin təşəkkül tapdığı, sosialistcə yenidənqurmanın geniş vüsət aldığı illərə təsadüf edir. Buna görə də ədibin 1920-30-cu illərdə qələmə aldığı məqalələrinin bir çoxu məhz həmin dövr Azərbaycan cəmiyyətində mühüm yer tutan mövzulardan bəhs edir: dinə münasibət, sənayeləşmə, kollektiv təsərrüfatların yaradılması, mədəni quruculuq, pioner təşkilatlarının formalaşması, marksizm-leninizm ideyalarının təbliği və d.

Məlumdur ki, cəmiyyətdə təməl dəyişikliklərinin aparıldığı, siyasi-ictimai və mədəni həyatın sürətlə yeni xarakter aldığı bu dövrdə həm ziyalıları, həm də digər sıravi vətəndaşları düşündürən suallar olmuşdur. Məhz belə bir dövrdə Mir Cəlal bir ziyalı kimi yenilikləri uzaqgörənliklə təhlil etmiş, eyni zamanda, bu yeniliklərin xalqın həyatına gətirdiyi qayğıları da mətbuatda qətiyyətlə işıqlandırmışdır.

Mir Cəlalın ilk publisistik məqaləsi “Dinsizlər İttifaqı nasıl çalışmalıdır?” adlanır və 1926-cı ilin iyun ayında Tiflisdə çıxan “Yeni fikir” qəzetində dərc olunmuşdur. Bir ay sonra, eyni qəzetdə müəllifin “Məhərrəmlik mövhumatı kimin əsəridir?” adlı məqaləsi də işıq üzü görmüşdür. Mövhumatla mübarizə mövzusu ədibin publisistik fəaliyyətinin ilk illərində ən çox diqqət ayırdığı mövzulardan biri olmuşdur. Bu məqalələrdə Mir Cəlal, o dövrdə ölkədə mövhumat əleyhinə aparılan mübarizənin çatışmazlıqlarını üzə çıxarmış, məsul müəssisə və şəxsləri məhz xalqa nüfuz edib, kəndlilərin “Nasıl allah yokdur, bəs nə var? Yer, göyü, kim yaratmış?” kimi sadə suallarını cavablandırmağa səsləmişdir.

O da qeyd olunmalıdır ki, Mir Cəlal bu qəbildən olan məqalələrində təkcə mövhumat əleyhinə aparılan mübarizə prosesindən bəhs etməmiş, eyni zamanda, xalq arasında mövhumatın yayılmasının tarixini tədqiq edib, onu dini təfəkkürünün əsasları barədə ayıq-sayıq salmışdır.

Ədibin 1920-ci illərdə Türkmənistanın Aşqabad şəhərində çıxan “Zəhmət” qəzetində də bir neçə məqaləsi çap olunmuşdur. Yazıçının xatirələrindən məlum olur ki, onun böyük qardaşı bu illərdə Aşqabadda yaşayıb və yerli qəzetləri ona göndərirmiş.

Müəllifin “Zəhmət” qəzetində dərc olunmuş digər məqalələri Gəncəyə mühacirət etmiş iranlılar və onların məşəqqətli həyatları ilə bağlıdır. Məqalədə Gəncədə, bəhailiyin əsasən iranlı mühacirlər ətrafında təbliğ olunduğundan, avam kütlə arasında nüfuz qazandığından söhbət açılır.

Ədibin Gəncədə məskunlaşan iranlı mühacirlərlə bağlı yazdığı digər məqalələrdə də önəmli məqamlar çoxdur. Məsələn: mühacirlərin əksər hüquqlardan məhrum olması, təhsil alması yolundakı çətinliklər, mühacirlərin hətta “Şuralar İttifaqı”nda da İran konsullarının təqibinə məruz qalması və s. Müəllif “Azərbaycanda İran mühacirləri” (1927) məqaləsində isə bəzi mühacirlərin qeyd olunan əngəllərdən dolayı İrana qayıtmağa məcbur olmasına, bunun isə öz növbəsində onların həyatını tam alt-üst etdiyinə də diqqəti çəkir.

Mir Cəlalın 1930-cu illərdə yazdığı məqalələrin əhəmiyyətli hissəsi “mədəni inqilaba”, xüsusilə maarif işinə, pioner təşkilatlarına, müəllimlərə həsr olunub.  Müəllif bu məqalələrdə o dövr maarif işinin problemlərini böyük ustalıqla üzə çıxarır, eyni zamanda, məktəblərin “kommunizm tərbiyyəsi uğrunda” qarşısında duran vəzifələrini də qeyd edir: möhvumatla mübarizədə daha çox fəallıq və internasional tərbiyə uğrunda mübarizə. İkincini təhlil edən Mir Cəlal, internasionallığın təkcə millətlər arasında “qonaqlıq əlaqəsi”ndən - ildə iki dəfə keçirilən əlaqə gecələrindən ibarət olmadığını qeyd edir.

“Rekonstruksiya devrinin müəllimi” (1931) məqaləsində isə ədib müəllimin, xüsusi ilə kənd müəlliminin sosializm quruculuğu işində ən aparıcı qüvvələrdən biri olduğunu qeyd edir. Müəllimin fəaliyyəti ilə yanaşı, mühitin də məktəblinin inkişafında, “yeni insan”ın formalaşmasında böyük rol oynadığına diqqət çəkir. Ədibin bu fikri bu gün də müzakirə olunan interaktiv təhsil, dərsdənkənar ictimai fəaliyyət məsələləri ilə həmahəng səslənir.

Qeyd olunmalıdır ki, 1920-ci illərin sonlarında Mir Cəlal Gədəbəydə kənd məktəbində, sonra isə Gəncədə müəllim işləmişdir. Ədibin “Bakı görüşləri” (1967) məqaləsindən məlum olur ki, o, Gədəbəydə təhsil quruculuğu ilə məşğul olan ilk müəllimlərdən biri olmuşdur. Ədib “qalstuk, qatdama köynək, komsomal qayışı” geyinən “təzə müəllim”in yerli camaat tərəfindən heyrətlə qarşılandığını, eyni zamanda, onların isti münasibətini, nəsihətlərini xoş xatırlayır.

Mir Cəlalın həm müəllim, həm də publisist kimi dövrün maarif işinin təşkilinə öz layiqli töhfəsini vermişdir. Ədibin məqalələri maarif quruculuğunun çatışmazlıqlarına əhatəli şəkildə nüfuz edir: dərsliklərin natamam cəhətləri, müəllimlərin dövri tələblərə lazımınca cavab verməməyi, gənclərin mütaliəyə cəlb olunması məsələsi, müəllimlər və yerli idarə orqanları arasındakı yaranmış konfliktlər, infrastruktur problemləri, mövhumatın uşaqların məktəbə cəlb olunmasında yaratdığı maneələr və s.

Mir Cəlal bu illərdə bir sıra məqalələrdə dövrün digər ziyalıları ilə həmmüəlif olmuşdur. Məsələn, Mirzə İbrahimov, Həmid Araslı, Əbülhəsən, Mehdi Hüseyn və b.  Şübhəsiz, dövrün bir sıra problemləri ziyalıları ümumi mövqe bildirməyə təşviq etmişdir. Məsələn, ədibin Əbülhəsən və Mehdi Hüseynlə birgə yazdığı “Bədii ədəbiyyat nəşrini tələblərimiz səviyyəsinə” (1939) adlı məqalədə Azərbaycan Dövlət Nəşriyyatının (Azərnəşr) fəaliyyəti əsərlərin çapının ləngidilməsi ilə əlaqədar olaraq tənqid olunur. Məqalədən məlum olur ki, 1936-cı ildən bəri S.Vurğun, M.Rahim, R.Rza, N.Rəfibəyli, O.Sarıvəlli kimi şair və yazıçıların əsərləri, o cümlədən, Füzulinin külliyyatı Azərnəşrdə növbə gözləyir. Müəlliflər Yazıçılar İttifaqının məsələnin həllinə səy göstərməməsini isə “biyabırçılıq” adlandırır, “gecikdirilən əsərlərin tezliklə çap edilib oxuculara çatdırılmasını” tələb edirlər.

Böyük Vətən Müharibəsi başlayana qədər sosializm quruculuğu ilə bağlı mövzular Mir Cəlalın publisistikasında aparıcı mövqeyini qorumuşdur. O, mətbuatda nəinki ədəbiyyat və mədəniyyətlə bağlı, hətta iqtisadiyyat və sosial həyat barəsində də mülahizələrlə çıxış etmişdir.

Xüsusilə vurğulanmalıdır ki, müəllif bu məqalələrdə sosialistcəsinə yenidənqurmanın tərənnümündən daha çox, bu proses zamanı ortaya çıxan əngəllərə və çatışmazlıqlara yer ayırmışdır. Məsələn, ədib “Sözlər” (1933) sərlöhvəli məqaləsində Gəncənin ictimai yerlərində, küçələrində mövcud olan natəmizliyi sərt tənqid edir və səhiyyə işçilərini buna qarşı mübarizədə fəal mövqe tutmağa çağırır. Məqaləyə isə belə yekun vurulur: “Yorulmayın, sizi yeməkxanalara, ümumi yaşayış yerlərinə, xəstəxanalara aparmıram. Hələlik bu qədər”. Beləliklə, Mir Cəlal adı çəkilən yerlərdə vəziyyətin daha da pis olduğuna işarə edir. Ədibin bu dövrdə qələmə aldığı bütün məqalələrində tənqidi yanaşma ön plandadır.

Böyük Vətən Müharibəsi illərində Mir Cəlalın publisistik fəaliyyəti yeni məzmun və forma kəsb etmiş, daha da zənginləşmişdir. Ədib dahi şair Səməd Vurğunun təsvir etdiyi kimi qələmini süngüyə çevirmiş, bədii əsərləri ilə yanaşı, publisistik məqalələri ilə də xalqın döyüş ruhunu yüksəltmiş, mübarizə əzmini möhkəmləşdirmişdir.

Yazıçı “Xalqın ürək sözü” (1941) adlı məqaləsində oxuculara “Məlik Məmməd”, “Qara vəzirin nağılı” və “İbrahim” nağıllarından, xalq nağılları qəhrəmanlarımızın divlər, əjdahalar, yadellilər üzərində qələbəsindən danışır. Qələbəyə inamını yazıçı özünəməxsus şəkildə, böyük bir səmimiyyətlə ifadə edir: “Vətən müharibəsi döyüşçülərinin hər birinə aydındır ki, bu gün azadlığımızı, yurdumuzu, qələbəmizi qorumaq, düşməni məhv etmək uğrunda fədakarlıq, sənətə və əbədiyyata layiqdir. Düşmən əzildikdən, vətən təhlükədən qurtardıqdan sonra, bu fədakar oğulların, qızların hər birinin adına yeni-yeni dastanlar yaradılacaqdır. Vətən qəhrəmanları haqqında mahnılar isə həmişə xalqın ürək mahnıları olmuşdur”.

Mir Cəlal bu məqalədə xalq nağıllarına müraciət edərək həm orijinal bir məzmun yaradır, həm də döyüşçülərə “yeni-yeni dastanlar” “vəd edərək” onları ruhlandırır.

Ədib bu illərdə dərc etdiyi məqalələrdə tarixi bir hadisəyə xüsusi diqqət ayırıb. Bu 1933-cü il may ayının 10-da, faşistlərin hakimiyyətə gəldikdən sonra “german ruhuna yad olan” “20 milyon cild” kitabı yandırması hadisəsidir (“Faşizmə qarşı alovlu döyüşçülər”, 1942). Maraqlıdır ki, bu mövzu Mir Cəlalın diqqətini bir neçə dəfə cəlb etmiş, o, məqalələrində hadisəyə etirazını, təəssüf hissini ən kəskin şəkildə bildirmiş, bu “çirkin cinayət”i törədənləri günahlandırmışdır.

Bu illərin yazıları arasında, qələbə xəbərini müjdələyən məqalələr də nəzərə çarpır. Bu məqalələrlə  müəllif həm də bu böyük tarixi hadisədən doğan fərəh və sevinc hissini gələcək oxuculara ərmağan edir, onlara da bu bayram təntənəsindən pay ayırır. 1945-ci il may ayının 9-da “Kommunist” qəzetində dərc olunmuş “Unudulmaz gün” və bir gün sonra “Ədəbiyyat qəzeti”ndə çıxmış “Cəhənnəmin uçurulması” məqalələrində ədib, qələbəni “XX əsrin ən böyük tarixi hadisəsi, müharibə və mübarizə tarixində xalqımızın göstərdiyi polad əzmin, müstəsna qəhrəmanlığın zəfərli nəticəsi” adlandırır.

Mir Cəlal bu illərdə qələmi ilə həm yazıçı kimi, həm də publisist kimi ayağa qalxmış, döyüşçüləri ruhlandırmaqda, tarixin belə əlamətdar illərini mətbuat səhifələrində əbədiləşdirməkdə fəal iştirak etmişdir.

Ümumiyyətlə, Mir Cəlal Böyük Vətən Müharibəsindən əvvəl və sonra da tarixi əhəmiyyətli günlərdə, bayramlarda oxuculara müraciətlər ünvanlamış, xoş arzularını çatdırmışdır. Bu sırada, 1936-cı il SSRİ Konstitusiyasının qəbulu, 1 may günü, oktyabr inqlabının yubileyləri, partiya qurultayları münasibəti ilə yazılmış məqalələr qeyd olunmalıdır.

Eyni zamanda, Mir Cəlal dövrünün bir çox ədəbi görüşlərində və qurultaylarında iştirak etmiş, əhəmiyyətli tədbirlərlə bağlı təəssüratlarını oxucularla bölüşmüşdür. Ədibin 1940 və 1950-ci illərdə Moskvada keçirilmiş Azərbaycan ədəbiyyatı dekadaları və 1958-ci ildə Özbəkistanın paytaxtı Daşkənddə keçirilmiş Asiya və Afrika yazıçılarının konfransı ilə bağlı xatirələrini əks etdirən çoxsaylı məqaləsi dərc olunmuşdur.

Mir Cəlalın Sovet seçki orqanlarına keçirilən seçkilər və namizədlərlə bağlı məqalələri də maraq doğurur. Ədib 1948-ci il yanvarın 1-də “Ədəbiyyat qəzeti”ndə Bakı Sovetinə deputat seçilmək üçün namizəd olan Məmməd Arif Dadaşzadəyə dəstəyini ifadə edir. Seçiciləri “cəsarətlə öz səslərini layiqli namizədə” verməyə çağırır və Məmməd Arifi “onların etimadını doğrulda bilən, deputatlıq adını yüksəkdə tutan bir yoldaş” adlandırır. Mir Cəlal 1951-ci il 5 fevral tarixində, “Ədəbiyyat qəzeti”ndə dərc etdirdiyi digər bir məqalədə isə Cəfər Xəndan Hacıyevin Azərbaycan SSR Ali Sovetinə deputatlığa namizədliyini dəstəkləyir.

Mir Cəlalın məqalələri dövrün ictimai-mədəni tarixinin öyrənilməsi üçün əhəmiyyətli mənbə olmaqla yanaşı, öz həyatı, dövri hadisələrə münasibəti, xatirələri, yaradıcı fəaliyyəti ilə bağlı zəngin məlumatları da özündə ehtiva edir. Məsələn, “Bakı görüşləri” (1967) məqaləsi ədibin Bakıya təhsil almaq üçün gəldiyi illərdəki həyatını, yaradıcılıq yollarında ilk addımlarını, dövrün ziyalı şəxsləri ilə söhbətlərinə işıq salır.

“Bloqnot qeydləri” (1933) adlı məqaləsində ədib Mirzə Fətəli Axundovun yubileyi münasibəti ilə Şəkiyə səfərini, orada qarşılaşdığı bayram təntənəsini, Axundovun qardaşı Mirzə Ələsgərlə görüşünü qələmə alır.

“Qafqaza məktub” (1942) başlıqlı məqaləsində isə müəllif Uzaq Şərqdə, müharibə illərində ezamiyyətdə olduğu zaman azərbaycanlı döyüşçülərdən, onların müharibədən əvvəlki həyatlarından, igidiliklərindən və döyüşdəki fərasətlərindən bəhs edir. Məqalədə azərbaycanlı gənclərin Uzaq Şərqdə, müharibə şəraitində belə öz mədəniyyətlərinə bağlılığından söhbət açılır: “Onlar şeirsiz, mahnısız olmazlar. Çalıb-çağırmağa adət etmişlər. Bəlkə də bütün tarix boyu birinci dəfə olaraq Vladivostok şəhəri “çargah” eşidir”.

Mir Cəlal 1955-ci ildə qələmə aldığı “Tələbkar müəllim” adlı məqaləsində “Kommunist” qəzetində ilk müxbirlik təcrübələrini yada salır, onları “faydalı təcrübələr” adlandırır. Ədibin Səməd Vurğunla xatirələrinin əks olunduğu məqalələri isə çoxdur. Belə məqalələrdə ədib Vurğun yaradıcılığına olan rəğbətini də dilə gətirmişdir: “Səməd Vurğun adı qəlbləri fəth edən bir addır. Sabirdən sonra ədəbiyyatımızda Vurğun qədər xalq məhəbbətinə nail olan şair tapmaq çətindir (ADU-nun Elmi əsərləri, 1956).

Ədib xatirə məqalələrində yaradıcılıq planları barədə də məlumat verir. Belə məqalələr Mir Cəlal irsinin tədqiqatçıları üçün xüsusilə maraqlıdır. Məsələn, 1945-ci il 31 martda, “Ədəbiyyat qəzeti”ndə dərc edilən “Gələcək kitablar”, eyni ilin 15 aprel tarixində “Kommunist” qəzetində çap olunan “Yeni əsərim” adlı məqalələrində Mir Cəlal müharibə mövzusunda “Mənim respublikam” adlı roman üzərində işlədiyini yazır: “Bu kitabda mən vəzifə, mövqe, rütbə etibarı ilə kiçik, lakin daxilən, ruhən böyük olan adamlardan danışmağa çalışmışam”.

Məqalələrdən yazıçının bu əsəri çapa hazırladığı məlum olur. Lakin bu əsər hələ də işıq üzü görməmişdir. Əsərin əlyazması isə Dövlət Ədəbiyyat və İncəsənət Arxivində qorunur. Bu mənada, tədqiqatçılar Mir Cəlalın yaradıcılıq planları ilə bağlı məqalələrdən tədqiqat üçün faydalana bilərlər.

Ədibin gənclərə nəsihət, tövsiyə xarakterli məqalələri çoxdur. Bu məqalələrdə müəllif gəncləri məhsuldar əməyə, cəmiyyətə xidmətə çağırır, mübarizə və zəhmətin önəmini vurğulayır. Mir Cəlal eyni zamanda, gənclərə vaxtdan səmərəli istifadə etməyi, “gənclik baharı”nın bir də gəlməyəcəyini unutmamağı məsləhət görür (“Gənclərə sözüm”, 1958).

Mir Cəlalın 1958-ci ildə “Azərbaycan” qəzetində çap etdirdiyi “Ən qiymətli nədir?” adlı məqaləsi isə məqalənin çap olunduğu günlərdə qəzetdə müzakirə olunan “həyatda ən əziz, ən şirin şey nədir” sualına cavab olaraq yazılıb. Ədib digər publisistlərin cavablarına - Vətən, cansağlığı, ana, gənclik, dostluq, sülh, və s. məfhumlara nəzər yetirərək, öz cavabını daha geniş müstəvidə axtarır: “Həyat məfhumunun özü çox geniş və mürəkkəb bir məfhumdur. Onu yalnız bir nemətə, bir mətləbə bağlamaq kifayət deyil. Həyat üçün hansı daha qiymətlidir: sumu, havamı, yeməkmi, işıqmı?.. Kim bu məfhumların birini qəbul, digərini rədd edə bilər? Çünki həyat bunların birinə yox, hamısına bağlıdır”.

Ədib bu məqalədə həyati dəyərlərin bütövlüyündən, yalnız bir arada dərin məna kəsb etdiyindən bəhs edir, oxucuları böyük amalların arxasınca gəlməyə səsləyir, “həyatlarının əsl mənasını dar, məhdud şəxsi mənfəətdə yox, yüksək və müqəddəs ictimai ideyalara xidmətdə görən, böyük icadlar, ixtiralar, əsərlər, fikirlər qoyub gedən simalar bəşəriyyətin ən xoşbəxt adamlarıdır”- deyir.

Yazıçı, alim, pedaqoq, vətəndaş kimi böyük zirvələr fəth edən, xalqın sevgisini qazanan, bu gün dərin hörmət və məhəbbətlə xatırlanan Mir Cəlalın gənclərə, insanlara tövsiyələri oxucular tərəfindən əsl tapıntı - mənalı həyat yaşamaq üçün dəyərli məsləhətlər kimi qəbul olunacaqdır.

Mir Cəlal gənc oxucularla yanaşı, məktəblilərə ünvanlanan məqalələr də  yazmışdır. Məsələn, “Məktəb və məktəblilər günü” (1963) adlı məqalədə müəllif yeni dərs ilinin başlaması münasibəti ilə məktəbliləri təbrik etmiş, onlara ülvi arzularını, məhəbbətini ifadə etmişdir.

Mir Cəlalın publisistikasında gənclərlə, məktəblilərlə əlaqədar mövzulara xüsusi yer ayrılması həm də onun müəllim kimliyindən irəli gəlmişdir. Əvəllər Gədəbəydə kənd məktəbində, sonra isə uzun illər  Bakı Dövlət Universitetində müəllim işləyən Mir Cəlal yeni dövr ədəbiyyatşünasların yetişməsində, gənc kadrların inkişafında müstəsna rol oynamışdır.

Ədib müəllimlik sənətini həmişə uca tutmuş, bu sənətə olan dərin hörmətini məqalələrində də ifadə etmişdir: “Cavanlıqda mən kənd müəllimi olmuşam. Düzdür, indi mənim adıma, ədib, professor, alim deyirlər, amma mən müəllim adı ilə həmişə fəxr etmişəm və indi də edirəm. Mədəni cəmiyyətin, mədəni ailənin, mədəni vətəndaşın çox minnətdar olduğu zümrə müəllimlərdir” (“Azərbaycan müəllimi”, 1960).

Mir Cəlal publisistik fəaliyyətinin bütün dövrlərində cəmiyyətin təhsil həyatını narahat edən mövzularda məqalələr yazmış, müəllimlərin qurultaylarında çıxış etmiş və onların şəraitlərinin yaxşılaşdırılması təşəbbüsündə də olmuşdur.

Ədib, ona çox əziz olan Bakı Dövlət Universitetinin 50 illik yubileyi münasibəti ilə yazdığı məqalələrdə xalqın tərəqqisini məhz universitetin - təhsilin inkişafı ilə əlaqələndirmişdir.

Mir Cəlalın yazıçı şəxsiyyəti də publisistikasında həm mövzu seçimi, həm də bədii üslub baxımından diqqəti cəlb edir. Bəzi məqalələrin quruluşu publisistik yazıdan çox, elə kiçik bir hekayəni xatırladır. Eyni zamanda, Mir Cəlalın hekayələrinə xas olan yumor və novellaçılıq məqalələrinə də yol tapıb.

Ədibin 1959-cu il, 21 apreldə Mehdi Hüseynin anadan olmasının 50 illik yubileyi münasibəti ilə “Kommunist” qəzetində dərc etdirdiyi məqalə belə başlayır: “Bizim bədii nəsrimizin Mahmud Eyvazov qədər də yaşı yoxdur”. Mahmud Eyvazovun kimliyi ilə maraqlanan oxucuya aydın olur ki, o, Lerikdə yaşayan 151 yaşlı uzunömürlüdür.

Mir Cəlalın məqalələrinin dili də yazıçı peşəkarlığından, onun güclü təsvir qabiliyyətindən bəhrələnmişdir. Publisistika, bədii ədəbiyyatdan fərqli olaraq oxucuya daha tez - mətbuat səhifələrində gəlib çatır, gündəlik həyatın qaynar mövzularını müzakirəyə çıxarır. Bu mənada, Mir Cəlalın publisistik məqalələrinin yüksək bədii dil keyfiyyəti oxucu üçün çatdırılan mövzunu-xəbəri daha əhatəli təsvir edir, oxu prosesinə xüsusi zövq qatır: “Axşam vaxtı göydən təyyarə ilə, dənizdən gəmi ilə Bakıya yaxınlaşanlar yarımadanın sahillərində daş umuzları ilə göylərə yüksələn, qədəmləri ilə suyun dərinliklərində duran ecazkar bir nəhəngin qol-qanaq açdığını, onun arxasından isə yamaca minlər, yüz minlərlə ulduz səpildiyini görürlər. Göydən yerə nur ələnmişdir!” (“Əsrin əlamətdar illəri”, 1960).

Mir Cəlal onilliklər ərzində yazıçı və şairlərin, bəstəkarların, görkəmli mədəniyyət xadimlərinin yubileyləri, vəfatı, fəxri ad alması ilə bağlı təbriklər, ithaflar yazaraq həmin əlamətdar günləri xatirələrdə əbədiləşdirmişdir. Onun Cəlil Məmmədquluzadə, Mirzə Fətəli Axundov, Əbdürrəhim bəy Haqverdiyev, Maksim Qorki, Cəfər Cabbarlı, Həzi Aslanov, Məmməd Səid Ordubadi, Səməd Vurğun, Mehdi Hüseyn, Süleyman Rüstəm, Lev Tolstoy, Anton Çexov, Bülbül, Adil İsgəndərov və digər görkəmli şəxsiyyətlərə ithaf etdiyi məqalələr həm ədibin ölkənin mədəniyyət həyatındakı fəal iştirakından xəbər verir, həm də XX əsr Azərbaycan mədəniyyət tarixinə işıq salır.

Mir Cəlal 1948-ci ildə böyük bəstəkar Üzeyir Hacıbəylinin vəfatı ilə əlaqədar  “Ürəklər fatehi” adlı məqalə çap etdirmişdir. Bu məqalədə xalqın sevimli bəstəkarına olan məhəbbəti, Üzeyir Hacıbəyli sənətinin əzəməti, əbədiliyi böyük ustalıqla izhar edilmişdir: “7 yaşlı bir uşaq isə hər iki gözdən məhrum olan atasının əlindən tutub gətirmişdi. Kor kişi heç bir zaman böyük bəstəkarı görməmişdir və görməyəcəkdir. Ancaq Üzeyirin qəlbləri oxşayan və fəth edən qüdrətli musiqisini eşitmişdir və sevmişdir”.

***

Mir Cəlalın bədii yaradıcılığı, elmi əsərləri və mətbuat fəaliyyəti çox əhatəlidir. Ədibin romanlarında, hekayələrində Azərbaycan xalqının tarixi, düşüncə tərzi, adət-ənənəsi, gündəlik həyatı, məişəti dolğun şəkildə təsvir olunmuşdur. Mir Cəlalın elmi əsərləri isə zənginlik etibari ilə bir salnamə hesab oluna bilər. Burada dahi Füzulidən böyük Səməd Vurğuna qədər ədəbiyyat tarixinin müfəssəl təsvirini görmək mümkündür.

Belə çoxcəhətlilik Mir Cəlalın mətbuat fəaliyyətinə də aiddir. Ədibin məqalələri onun həyat və yaradıcılığı, eyni zamanda, XX əsr tariximizin 50 ildən artıq bir dövrü - ədəbi proses, siyasi-ictimai mühit, tarixi hadisələr, cəmiyyətin inkişaf yolu barədə geniş məlumatlar verir.

Təsvir olunan əhatəlilik anlayışı ilə yanaşı, Mir Cəlalın mətbuat fəaliyyətini onun yazıçı, alim, pedaqoq və vətəndaş şəxsiyyəti ilə birləşdirən digər bir cəhət də var: bütövlük.

Mir Cəlalın bədii əsərlərində də, elmi əsərlərində də, publisistik və ədəbi-təniqidi məqalələrində də eyni dəyərlər - sadəlik, xəlqilik, səmimiyyət, həqiqət, dürüstlük, əməksevərlilik  təbliğ olunur. Ailə, təhsil, humanizm ən ali məfhumlar kimi qəbul olunur. Ədib yaradıcılığının bütün istiqamətlərində, o cümlədən, məqalələrində Mirzə Fətəli Axundovu, Cəlil Məmmədquluzadəni, Əbdürrəhim bəy Haqverdiyevi, Mirzə Ələkbər Sabiri, Səməd Vurğunu oxuculara, şair və yazıçılara nümunəvi şəxsiyyətlər kimi təqdim edir.

Belə bir bütövlük Mir Cəlal irsinin pərəstişkarlarında qeyri-adi bir təəssürat yaradır: sanki sadalananlar Mir Cəlalın yaradıcılığı üçün aparıcı mövzu olmamış, əksinə Mir Cəlal bütün bu ali dəyərləri, görkəmli şəxsiyyətləri yaşatmaq, sevdirmək, xalqın yaddaşına həkk etmək, oxuculara həyatın dərin məna və məzmununu aşılamaq üçün yazıçı, alim və pedaqoq olmuşdur.

Bu mənada, Mir Cəlal yaradıcılığının hər bir nümunəsi, o cümlədən, ilk dəfə toplu şəklində oxucuların ixtiyarına verilən məqələləri onun öz yüksək həyat amalının manifesti deyilmi?!

Elnur İMANBƏYLİ

 





06.01.2019    çap et  çap et