525.Az

Azərbaycan nümayəndələri tarixçilərin İstanbul konfransında fəal iştirak ediblər


 

Azərbaycan nümayəndələri tarixçilərin İstanbul konfransında fəal iştirak ediblər<b style="color:red"></b>

Dünən Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Tarixçilər İctimai Birliyinin İstanbul şəhərində keçirilən Tarixçilərin III Regional Beynəlxalq konfransının yekunları ilə bağlı mətbuat konfransı olub. Türkiyədə keçirilən beynəlxalq səviyyəli konfransda Azərbaycan və erməni nümayəndələri  arasında konflikt yaranıb. Tədbirdə konfrans zamanı erməni nümayəndə heyəti ilə Azərbaycan nümayəndələrinin arasında baş verən qarşıdurma müzakirə olunub.

Azərbaycan Tarixçilər İctimai Birliyi (ATİB) İdarə Heyətinin sədri Namiq Rüstəmov açıqlamasında ermənilərin tarixi faktları saxtalaşdırdığını bildirib: “Avropa Birliyi Şərq Tərəfdaşlığı Proqramı çərçivəsində təşkil olunan ənənəvi konfransda beş üzv ölkənin tarixçiləri iştirak ediblər. Burada üzv ölkələrin tarixçiləri hər biri altı tədris  modulu hazırlayıb, Avropa Birliyinə təqdim etməlidir. Bu təqdimat mərasimi oldu və hər ölkə öz tədris modulunu təqdim etdi. Ermənilərin təqdim etdiyi tədris modulunda regionun tarixi ciddi təhrif olunaraq,  kifayət qədər qeyri-obyektiv və qərəzli  məlumatlar yer almışdı. Həmin modulda Ermənistanın Qafqazda ən qədim dövlət olması, digər xalqların onların mədəniyyətindən bəhrələnməsi, bu ərazilərdəki abidələrin onlara məxsus olması, Şaumyanın qəhrəman olması, erməni genosidi, qədim İpək Yolunun ancaq bu ölkənin ərazisindən keçməsi və sair məlumatlar öz əksini tapmışdı”.

Ermənilərin hazırladığı tədris modulunda tarixin təhrif olunmasını qeyd edən Namiq Rüstəmov Azərbaycan nümayəndə heyətinin buna etiraz etdiyini vurğulayıb: “Biz ermənilərin bu tədris moduluna ciddi etirazımızı bildirdik və  oradakı faktları bir-bir ifşa etdik. Bu regional inteqrasiya prosesinə və etimad mühitinin yaranmasına deyil, əksinə region ölkələri arasında etimadsızlıq mühitinin formalaşmasına xidmət edir. Bu da öz növbəsində layihəni icra edən Avropa Birliyinin missiyasına xidmət etmir və bu faktların çıxarılmasını tələb  etdik. Avropa Birliyinin təmsilçilərinə faktlar bəlli olduqdan sonra ermənilərin əsassız  faktlarının çıxarılmasını tələb etdi. İsrarlı təkiddən sonra ermənilər  tədris modullarından bu məlumatları çıxarmağa məcbur oldular. Onlar bu faktların salınmasını belə izah etdilər ki, biz elə bilirdik bu tədris modulu ancaq  hər bir ölkənin  daxili tədrisi üçün nəzərdə tutulub və daha hansısa digər regional ölkələr bununla tanış olmayacaq. Biz də bu məlumatları bura yerləşdirdik”.

N. Rüstəmov bildirib ki, ermənilər bu konfransda iştirakını davam etdirmək üçün bu faktları çıxarmalıdırlar. Çünki modullar elə hazırlanmalıdır ki, heç bir nümayəndə heyətinin narazı olduğu məqamlar olmamalıdır. ATİB sədri  ermənilərin saxta tarixi modulları qəbul olunarsa, Azərbaycan nümayəndə heyətinin bu konfransda iştirakını dayandıracağını deyib.

Tədbirdə Tarixçilərin III Regional Beynəlxalq konfransında təmsil olunan Azərbaycan nümayəndə heyətinin digər üzvləri də çıxış ediblər.

RAMİL

 





04.09.2013    çap et  çap et