525.Az

Nekroloq


 

Ələkbər Baba oğlu Salahzadə

Nekroloq<b style="color:red"></b>

Tanınmış jurnalist, şair, publisist, dəyərli ziyalı Ələkbər Salahzadə haqq dünyasına qovuşub. Ötən əsrin 60-cı illərindən başlayaraq özünü fəal ədəbi mühitdə təsdiqləmiş Ələkbər müəllimin vəfatı poeziyamız və jurnalistikamız üçün böyük itkidir.

Məmmədsalahlı (Salahzadə) Ələkbər Baba oğlu 1941-ci il mart ayının 15-də Quba rayonunun Cimi kəndində anadan olub. Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. İmzası dövri mətbuatda hələ erkən yaşlarından yer alıb.

Ədəbi fəaliyyətə orta məktəb illərindən başlamış Ə.Salahzadə müxtəlif vaxtlarda “Azərbaycan” jurnalının ədəbi işçisi, “Tərcürmə saatı” radio jurnalının ştatdankənar redaktoru olub. Azərbaycan Sovet Ensiklopediyasında dil, ədəbiyyat, incəsənət redaksiyasında elmi redaktor, “Gənclik” nəşriyyatında tərcüməçi, poeziya üzrə redaktor kimi çalışıb.

İstedadlı şair 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olub. Bir müddət “Ulduz” jurnalında poeziya şöbəsinin müdiri və redaktoru işləmiş Ə.Salahzadə 1969-cu ildən “Qobustan” jurnalında çalışıb. 2004-cü ildən jurnala rəhbərlik edib. “Qobustan” Ə.Salahzadənin sonuncu iş yeri olub.

Ə.Salahzadə rəhbərlik etdiyi nəşrdə Azərbaycan folklorunun, təsviri sənətinin, musiqisinin, teatrının və digər sənət sahələrinin ən parlaq nümunələrinin, mövcud istiqamətdəki tədqiqat işlərinin, sənətşünasların araşdırmalarının əks olunmasına böyük önəm verirdi. Jurnalın hər nömrəsində dünya incəsənəti nümunələrinə də yer ayırırdı.

Ə. Salahzadə 100-dən çox essenin, məqalənin müəllifidir. Radio-pyesləri, 20-dən artıq uşaq nağılı var. “Kölgədən qorxan”, “Yayın qış gecələri”, “Nağaraçı naxırçı” pyesləri uğurla tamaşaya qoyulub. Həm də istedadlı tərcüməçi kimi tanınmış Ələkbər Salahzadə Pyatras Svirkanın “Tülkünün kələyi”nin , A.Platonovun “Dörd hekayə”sinin, Lorens Sternin “Fransaya və İtaliyaya sentimental səyahət”inin, A.V.Safronovun “Vida poeması”nın və digər əsərlərin Azərbaycan oxucusuna ana dilimizdə çatdırılmasını böyük müvəffəqiyyətlə həyata keçirib.

Rəsul Rza adına mükafatın laureatı (2002), Əməkdar incəsənət xadimi (2005), həlim insan, bacarıqlı rəhbər, gözəl ailə başçısı Ələkbər Salahzadənin əziz xatirəsi daim ürəklərdə yaşayacaq.

Allah rəhmət eləsin!

Azərbaycan Mətbuat Şurası

 





04.09.2013    çap et  çap et