525.Az

Siseron - natiqliyin sinonimi - Telman Orucovdan yeni silsilə


 

Siseron - natiqliyin sinonimi - <b style="color:red">Telman Orucovdan yeni silsilə </b>

Həyatın irəli sürdüyü sınaqlar 

Siseron qədim Romanın dövlət xadimi, hüquqşünas alimi və yazıçısı kimi Romada respublika quruluşunun qorunub saxlanması üçün mübarizə aparmış, öz dövrünün ən istedadlı natiqi olmaqla, afinalı yunan Demosfen kimi bu intellekt fəaliyyəti sahəsini xeyli zənginləşdirərək, bəşəriyyət tarixində özünə şərəfli yer tutmuşdur. Siseronun nitqlərii bu gün də, b.e.ə. V əsrdəki böyük Afina strateqi Periklin Peloponnes müharibəsində həlak olan həmyerlilərinin dəfn mərasimində söylədiyi nitq kimi öz dəyərini qoruyub saxlayır, onun bəzi kəlamları zərb-məsəl kimi istifadə olunur.

Siseron böyük uğurları ilə yanaşı, uğursuzluğa da düçar olur, rəqiblərinin, əslində düşmənlərinin əhatəsində irəli çıxmaq, öz istedadını gur işıqlandırmağa cəhd etməklə birlikdə, onu məhv etməyə çalışanların səyi ilə az qala izqoya  çevrilirdi. Respublikanı nəticə etibarilə məhv edən vətəndaş müharibəsində o, beş əsrə qədər ömür sürən respublika prinsiplərini əbəs şəkildə müdafiə etmiş, hakimiyyəti ələ keçirənlərin qarşısında zəif mövqedə olduğundan, öz həyatını da itirməli olmuşdu.

Lakin quduz düşmənləri də onun böyük natiq şərəfini məhv etməyi bacarmadılar. O, hamıdan çox və daha yaxşı xatırlanan ən böyük Roma natiqi olmaqla, Siseron ritorikası kimi tanınan bir üslubun banisi idi.

Mark Tulli Siseron b.e.ə. 106-cı ildə Arpinumda (Arpino) yerli varlı bir ailədə anadan olmuşdu. Romada və Yunanıstanda əla təhsil almış, Qney Pompeyin atası Pompey Strabonun başçılığı altında 89-cu ildə hərbi xidmətdə olmuşdu və 81-ci ildə Kvintini müdafiə etmək üçün ilk dəfə məhkəmədə vəkil kimi çıxış etmişdi. Onun 80-ci və erkən 79-cu ildəki parlaq müdafiələrində (o vaxt o, Sikst Rossinini müdafiə etmişdi) zərbəni dəf etməklə məhkəmədə öz parlaq reputasiyasını qurmağa nail olmuşdu. 75-ci ildə Qərbi Siciliyada kvestor kimi ilk ictimai fəaliyyətə başlamışdı. Kvestor maliyyə icrası ilə əlaqədar vəzifə idi.

Onun vəkil kimi qabiliyyəti 70-ci ildə ortodoks olmayan qaydada Siciliyanın b.e.ə. 73-71-ci illərdə qubernatoru olmuş Qay Verresi rüşvətxorluqda ittiham etməsi vaxtı daha yaxşı şəkildə üzə çıxdı. O, qısa çıxışlar etməklə ittihamı möhkəmləndirmək üçün əsasən şahidlərin şəhadətlərinə geniş yer verirdi. Bu məhkəmədə Verresi çox sayda nüfuzlu aristokratlar - onların içərisində senatorlar da az deyildi, - müdafiə etsələr də, Siseron məhkəməni udmuş və Verres sürgünə yollanmışdı.

66-cı ildə mühüm vəzifə kimi böyük səlahiyyətlərə malik olan pretor işləmişdi. Bu vaxt o, özünün ilk mühüm siyasi çıxışını etmişdi. O, çıxışında Senatda Katulun və digər mühafizəkar elementlər olan optimatların əleyhinə, Pont çarı Mitridata qarşı yürüşə Pompeyin başçı təyin edilməsinin isə lehinə danışmışdı. Onun Mark Lütsi Krassa qarşı Pompeyin nifrətinə şərik olması, Pompeylə yaxın əlaqəsi əslində bundan yararlanmaq və öz siyasi karyerasını bu yolla irəliyə aparmaq məqsədini güdürdü.

63-cü ildə Siseronun konsul seçilməsi, onu həm də rəqibi Katilinanın inqilabı, əslində qiyama yol açan ideyalarından qorxan optimatlara yaxınlaşdırdı.

Konsulluq fəaliyyəti Siseronun taleyində həm müsbət, həm mənfi çalarları ilə mühüm rol oynadı. Konsul kimi ilk çıxışında o, Servili Rullun aqrar qanun layihəsinə zidd çıxdı, bu vaxt birinci növbədə o, Romada olmayan Pompeyin mənafeyini nəzərə alırdı. Lakin onun baş mövzusu Katilinanın şirnikləndirici niyyətlərinin üstünü açmaq və ictimaiyyətə onları göstərmək idi. O, Katilinanı 64-cü ildə konsul seçkilərində məğlub etmişdi. 63-cü il konsul seçkilərində onlar yenidən qarşılaşdılar. Siseron səsvermədə irəlidə olmaqla yanaşı, öz təhlükəsizliyi barədə ehtiyat etdiyinə görə toqasının altından zireh geyinmişdi. Katilina yenə də uduzdu. O, bu vaxt İtaliyada və Roma ətrafında silahlı üsyan qaldırmağı planlaşdırırdı.

Siseron artıq yaxınlaşan təhlükə barədə Senatı çətinliklə inandıra bildi, ancaq “sonuncu dekret” (“Sanatos consiilium ultimum”) bir qədər hərbi qanun proklamasiyasına bənzəməklə, 22 oktyabrda Senatdan keçdi. 8 noyabrda isə öz həyatına olan sui-qəsddən qaçıb qurtardıqdan sonra, o, Senatda Katilina əleyhinə ilk çıxışını etdi və təhlükə hiss edən Katilina gecə ikən Romadan qaçmaq istədi. Lakin 2-3 dekabr gecəsi o, Qall elçilərinin köməyi ilə Romanı tərk etdikdə həbs edildi və 5 dekabrda Senatdakı müzakirədən sonra - burada Kiçik Katon onun edam edilməsi zərurəti barədə danışmışdı, Sezar isə bunun əksinə çıxmışdı, - Katilina və ona kömək edənlər bilavasitə Siseronun məsuliyyəti altında edam edildilər.

Siseron kütləyə Katilinanın edam edilməsini elan edəndə “vixerunt” (“onlar ölmüşlər”) kimi sadə bir söz işlətdi. Bütün siniflərdən olanlar bu xəbəri alqışlarla qarşıladılar. Bu vəziyyət onu siyasətdə sonrakı addımı atmağa -  “concordia ordinium”-a - “siniflər arasında razılıq” yaranmasınl səsləməyə ilhamlandırdı. Katul onu “ölkənin atası” kimi salamladı. Bu, Siseronun siyasi karyerasının kulminasiya nöqtəsi idi.

Katilina qəsdi açılanda o, böyük ustalıqla hərəkət edirdi, hətta tənqidçiləri də onun fəaliyyəti ilə razılaşırdılar. Baxmayaraq ki, o, heç vaxt qəsdçilərin edamına görə peşman olmamışdı, ancaq həmin edamın qanuni olmasının özü şübhəli idi. Bu səlahiyyəti ona Senatdan keçən “son dekret” vermişdi, lakin onun inzibati fərmanı ilk dəfə b.e.ə. 121-ci ildə icra edilmişdi. Bu qayda edamdan əvvəl Roma vətəndaşlarının mühakimə edilməsi barədəki fundamental haqqını inkar edirdi. Bu, populyarlar tərəfindən heç vaxt bəyənilməmişdi, onlar isə hökumətə Senatın ağalıq etməsinin əleyhdarları idilər. 63-cü ilin yayında isə onlar Sezarın köməkliyi ilə qətl mühakiməsi vaxtı kənara çəkilmişdilər.

60-cı ilin sonunda Siseron Sezar, Krass və Pompey siyasi ittifaqına - Triumvirata qoşulmaq barədə Sezarın təklifini rədd etdi. O, bu üçlük ittifaqını Konstitusiyaya zidd hesab edirdi və həmçinin, Sezarın Qalliyadakı qərargahında vəzifə tutmaq barədəki onun təklifindən də imtina etdi.

Siseronun əleyhinə şəhadət verən Publi Klodi 58-ci ildə tribun vəzifəsinə gəldikdə, Siseron onun düşmənçiliyi hesabına artıq təhlükədə idi və mart ayında Pompeyin ona kömək göstərməkdən imtina etməsinə görə ondan narazı qalıb, Romadan qaçmağa məcbur oldu. Sabahısı günü Klodi Roma vətəndaşlarının məhkəməsiz edam edilməsinin bütünlüklə qadağan edilməsi barədə təklifi ifadə edən qanun layihəsini Senata təqdim etdi. Klodi sonra ikinci qanun layihəsini də Senatdan keçirdi. Leqallığı şübhəli olsa da, həmin qanun Siseronun sürgün olunmasını xeyli asanlaşdırdı. Klodi öz bandaları vasitəsi ilə Siseronun Palatindəki evini, o, bu evi 62-ci ildə almışdı, Tuskulandakı və Romadakı villalarını dağıtdı.

Siseron əvvəlcə Makedoniyadakı Fessalonikaya yollandı, sonra İllerikuma getdi. 57-ci ildə Pompeyin fəaliyyəti və xüsusən tribun Milonun hesabına o, 4 avqustda geri çağırıldı. Brunduziyada həmin gün sahilə çıxıb, Romaya qədər olan uzun yol boyu hərarətlə salamlandı. Bir ay sonra isə Romaya gəlib çıxdı. Onun Romadan getməsi, əvvəllər ona peşmançılıq kimi gəlsə də, indi romalılar üçün artıq altruist qəhrəmanlıq kimi görünürdü.

57-56-cı illərin qışında Siseron Pompeyi Sezardan uzaqlaşdırmaq üçün uğursuz cəhddə bulundu. Pompey Siseronun məsləhətinə məhəl qoymadı, 56-cı ilin aprelində Sezar Krass ilə əlaqəsini Lukada bərpa etdi. Pompeyin təzyiqi altında Siseron razılaşmalı oldu ki, hər iki siyasətçi ilə münasibətlərini düzəltməlidir. Onun De provinciis consularibus-u bu təzə ittifaqa girmək cəhdinin əlaməti idi. O, öz köhnə düşmənlərindən müdafiə olunmağa məcbur idi və 58-ci ildə ictimai həyatı tərk etməli oldu. Sonrakı bir neçə il ərzində “De oratore” və “De republica” əsərlərini tamamladı və 52-ci ildə isə “De Regibus” kitabını yazmağa başladı.

52-ci ildə Milon Appi yolunda baş verən sözləşmədə Klodini öldürəndə, Siseron öz quduz düşməninin sıradan çıxmasına çox sevindi. O, Milonun məhkəmədəki müdafiəsini öz üzərinə götürdü. Nitqlərinin çox təsirli olmasına baxmayaraq, Milonun müdafiəsində o, uğursuzluğa düçar oldu və məhkəmə Milonu təqsirkar kimi məhkum etdi.

51-ci ildə onu Kiçik Asiyadakı Kilikiya əyalətini bir illiyə idarə etmək üçün oraya yollanmağın vacibliyinə inandırdılar. O, özü ilə qardaşı da daxil olmaqla qərargahının üzvlərini də apardı. Bu əyalət parfiyalıların müdaxiləsini gözləyirdi, lakin həmin müdaxilə baş vermədi. Siseron da sakit dayanmırdı. Amanus dağında bir neçə quldur dəstəsini təslim etməyə müvəffəq oldu. Buna görə Senat ona minnətdarlığını bildirdi, lakin Siseron triumf keçirməyə ümid edirdi. Triumf Romaya qayıdanda şəhərə təntənə ilə girmək demək idi. Hamının həm də yekdil rəyi ondan ibarət idi ki, o, Kilikiyanı vicdanla idarə etmişdir.

Siseron Romaya qayıdan vaxt Pompey ilə Sezar arasında tam hakimiyyətə sahib olmaq üstündə mübarizə gedirdi. 49-cu ilin yanvarında Sezar Rubikonu keçib İtaliyaya müdaxilə edəndə, Siseron Romanın kənarında idi. Yanvarın 17-də Siseron Pompeylə Roma ərafında görüşdü və Kampaniya əyalətindən əsgərlər yığılmasına nəzarət etmək vəzifəsini öz üzərinə götürdü. Onun qətiyyətliliyi heç də inanılası deyildi, lakin Pompey strategiyasını tənqid etməsi də onun təcrübəsizliyindən xəbər verirdi.

Siseron 28 martda Sezarla söhbətində öz şərtlərini elan etməklə, əlbəttə ki, cəsarətini nümayiş etdirdi. O, Sezarın Pompeyə qarşı heç vaxt müharibəyə başlamayacağı barədə Senata təkliflə müraciət edəcəyini bildirdi, baxmayaraq ki, Sezar Pompeylə elə bir şəraitdə idi ki, o, bu təklifi heç cür qəbul edə bilməzdi.

7 iyulda o, Pompeyə birləşmək üçün Qetadan gəmi ilə yola düşdü. 48-ci ildə o, özünün xəstəliyinə görə Pompey düşərgəsini tərk edib, Dirraxiyaya yollandı. Farsalda Pompeyin məğlubiyyətindən sonra respublika qüvvələrinə komandanlıq etmək təklifindən imtina etdi və 48-ci ilin oktyabrında, öz təhlükəsizliyi barədə Sezardan təminat aldıqdan sonra İtaliyaya qayıtdı. O, Sezarın diktaturasını bəyənmirdi, həm də anlayırdı ki, 45-ci ilə qədər davam edən döyüşlərin uğurundan sonra, zəfərlərə ardıcıl olaraq imza atan Sezarın düşmənləri sırasındakı qurbanlarının birincisi yəqin ki, Siseronun özü olacaqdır. Bu, onun intensiv ədəbi məhsulları istehsalının qızğın ikinci dövrü idi. O dövrdəki əsərlərə 46-cı ildə yazılan “Brutus”, “Paradox”, “Orator”, 45-ci ildəki “De finibus” (“Ali”) və 44-cü ildə Sezarın qətlindən sonra başa çatdırılmış “Tusculanae disputationes” (“Tuskulan disputları”), “De natura deorum” (“Allahların təbiəti haqqında”) və “De officiis” (“Borc barədə”) əsərləri daxildir.

Siseron Sezarın 15 mart 44-cü ildə qətl qəsdinə cəlb edilməmişdi və o, öldürüləndə Siseron heç Senatda da olmamışdı. 17 martdakı Senatda isə ümumi amnistiyanın lehinə danışdı, lakin həmin vaxt özünün fəlsəfi əsərlərini yazmağa qayıtdı. Bu vaxt o, Afinada oxuyan oğlunun onun yanına gəlməsinə sevinirdi. Avqustun sonunda isə Romaya qayıtdı və onun 14 Filippika nitqləri (onlar Demosfenin Makedoniyalı II Filipp əleyhinə çıxışlarının - “filippikaların” təqlidi kimi belə adlanırdı) Mark Antoniyə qarşı idi. Onlardan birincisi 44-cü ilin 2 sentyabrında səslənmişdi, sonuncusunu isə 43-cü ilin 21 aprelində etmişdi. Bu, onun yenidən cəsarətlə siyasi səhnəyə qayıtmasının əlaməti idi. Onun bu dövrdəki siyasəti mümkün olan hər şeyi etmək idi ki, Sezarın götürmə oğlu Oktaviandan istifadə etsin. Onun kamil bacarığını o, ciddi surətdə qiymətləndirmirdi və Senatın kompromissə güclü meyl etməsinin əksinə, onun Antoniyə qarşı müharibə elan etməsinə çalışırdı. Antoni isə Sezarın ölümündən bilavasitə sonra hadisələrə nəzarət edirdi və bu vaxt Sizalpin Qalliyasında Sezarın qatillərindən birinin arxasına düşmüşdü.

(Ardı var)

 





07.01.2019    çap et  çap et