525.Az

"Şahdəniz"də qaz hasilatı 100 milyard kubmetrə çatıb


 

"Şahdəniz"də qaz hasilatı 100 milyard kubmetrə çatıb <b style="color:red"></b>

Bugünlərdə Şahdəniz yatağından ümumi qaz hasilatı 100 milyard kub metrə çatıb.

“BP-Azerbaijan” şirkətindən Trend-ə verilən məlumata görə, bu nailiyyət yataqdan ilk kommersiya qaz həcmlərinin hasilatına başlandığını və Cənubi Qafqaz Boru Kəmərinin işə düşdüyünü elan etdiyimiz vaxtdan tam 12 il sonra əldə edilib.

15 dekabr 2006-cı ildə elan edilmiş ilk hasilat yatağın işlənməsinin 1-ci mərhələsinin başlanğıcı idi və o vaxtdan bəri qaz həcmləri uğurla və etibarlı şəkildə Azərbaycan, Gürcüstan və Türkiyə bazarlarına çatdırılır.

2018-ci il isə Şahdəniz layihəsi üçün növbəti əlamətdar hadisə ilə yadda qalıb. Planlaşdırıldığı kimi, 30 iyun tarixində Şahdəniz 2 çərçivəsində Türkiyəyə kommersiya qaz həcmlərinin nəqlinə başlanıb və iyulun sonunda Şahdəniz Bravo platformasından ilk qaz əldə edilib.

2006-cı ildən bəri Şahdəniz yatağından ümumilikdə həmçinin 196 milyon bareldən artıq kondensat hasil edilib.

Hazırda Şahdəniz yatağından hasilat Alfa platformasında təqribən 10, Bravoda isə 6 quyudan əldə edilir.

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən Şahdəniz bu günədək BP-nin dünyada kəşf etdiyi ən böyük qaz yatağıdır. Bu nəhəng yataq təxminən 860 kv. km. ərazini əhatə edir. Yataq 1999-cu ildə aşkar edilib.

Bütün Şahdəniz yatağında hesablanmış ilkin geoloji qaz ehtiyatı təxminən 1 trilyon kubmetrdən artıq və kondensat ehtiyatı isə 2 milyard barel təşkil edir.

Şahdəniz 2 ilk dəfə olaraq Xəzər qazını Avropa bazarına çıxaracaq yeni Cənub Qaz Dəhlizinin başlanğıc nöqtəsidir. Sabit pik hasilat zamanı bu layihənin mövcud hasilat həcmlərinə ildə 16 milyard kubmetr qaz əlavə edəcəyi gözlənilir. Şahdəniz yatağının ümumi hasilat həcmi ildə 26 milyard kubmetr qaz və gündə 120 000 barel kondensat səviyyəsinə çatacaq.

Şahdəniz 2 çərçivəsində Xəzər dənizində ilk dəfə yatağın suyun altında işlənməsi reallaşdırılır və bu, BP şirkətinin bu vaxtadək dünyada operatoru olduğu ən iri dəniz infrastrukturudur.

 





07.01.2019    çap et  çap et