525.Az

İcma rəhbəri işğal olunmuş ərazilərdə film çəkilişinə etiraz edir


 

TURAL GƏNCƏLİYEV "CƏNNƏTƏ APARAN YOL" FİLMİNİN PRODÜSERLƏRİNİ İŞĞAL SİYASƏTİNİ, SEPARATİZMİ DƏSTƏKLƏMƏYİ VƏ TƏŞVİQ ETMƏYİ DAYANDIRMAĞA ÇAĞIRIR

İcma rəhbəri işğal olunmuş ərazilərdə film çəkilişinə etiraz edir<b style="color:red"></b>

Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması işğal olunmuş ərazilərdə çəkilən "Gate to Heaven" (Cənnətə aparan yol) adlı filmin prodüserlərinə etiraz məktubu ünvanlayıb.

İcma rəhbəri Tural Gəncəliyevin Kestutis Drazdauskas və Anqelika Şulerə göndərdiyi məktubda qeyd olunub ki, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində çəkilişləri həyata keçirilən filmi "Cəhənnəmə aparan yol" adlandırmaq daha doğru olardı: "Çünki çəkilişin aparıldığı ərazilər güc tətbiqi nəticəsində işğal edilmiş və tarixən orada yaşayan yüz minlərlə azərbaycanlı öz doğma torpaqlarından məcburi qovulub".

"Siz yəqin ki Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazilərinin, Dağlıq Qarabağ bölgəsi və ətraf yeddi ətraf rayonun işğal edilməsindən xəbərdarsınız. Ermənistanın işğal olunmuş ərazilərdə azərbaycanlı əhalinin etnik təmizləməsini həyata keçirməsi nəticəsində bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hazırda Dağlıq Qarabağın azərbaycanlı icmasının 80 mindən çox üzvü 30 ildən çox müddət ərzində Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün vəziyyətində yaşamağa məcbur olub. Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı adlanan kiçik bir şəhərin azərbaycanlı əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilən qanlı faciəni, oxşarı olmayan qırğını xatırlatmaq kifayətdir. Bir gecə ərzində - 1992-ci il fevralın 26-da 613 nəfər xüsusi qəddarlıqla öldürülüb. Onlaradan 106-ı qadın, 63-ü uşaq və 70-i yaşlılar idi. Bu faciə Xocalı soyqırımı kimi tanınıb və bu soyqırımı barədə ətraflı məlumatları müxtəlif veb-səhifələrdən, o cümlədən, "www.karabakh.az" saytında əldə etmək olar", - deyə məktubda bildirilib.

Vurğulanıb ki, BMT Təhlükəsizlik Şurasının qətnamələri Dağlıq Qarabağ bölgəsini Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi tanıyır və erməni qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən təcili və qeyd-şərtsiz çıxarılmasını tələb edir: "Bu tələb ATƏT, NATO, Qoşulmama Hərəkatı, Avropa Parlamenti, Avropa Şurası və digər beynəlxalq təşkilatların qətnamələri və qərarlarında təsdiqlənib".

Həmçinin qeyd olunub ki, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı icması işğal olunmuş torpaqlarda film çəkilməsi təşəbbüsü ilə bağlı dərin təəssüf hissi keçirir, bu addımın artıq erməni hərbi işğalı nəticəsində dağıdılan bölgədə separatizmi və irredentizmi dəstəkləyəcəyini düşünür: "Utandırıcı haldır ki, sizin iştirak etdiyiniz layihə Ermənistanın hərbi təcavüzü nəticəsində məcburən öz torpaqlarından qovulmuş minlərlə azərbaycanlının əsas insan hüquqlarının (öz vətənlərində yaşamaq hüququ, mülkiyyət hüququ və s.) kobud şəkildə pozulmasına məhəl qoymur. Əslində, qeyd olunan filmin çəkilişində iştirak etməklə, siz, Azərbaycan ərazilərinin işğalının möhkəmlənməsinə şüursuz şəkildə kömək etmiş olursunuz".

Bildirilib ki, Dağlıq Qarabağ bölgəsinin Azərbaycanlı İcması münaqişənin tezliklə sülh yolu ilə həll olunması və azərbaycanlıların Dağlıq Qarabağ bölgəsinə ən qısa zamanda qayıdışına inanır.

İcma rəhbəri film təşəbbüsünə qoşulan bütün şəxsləri Azərbaycan ərazilərinin işğalını, separatizmi dəstəkləməyi və təşviq etməyi dayandırmağa çağırır: "Sizi sülhü, ədaləti və inkişafı dəstəkləməyə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icmalarının əməkdaşlığı istiqamətində fəaliyyət aparmağa dəvət edirik".

Ceyhun ABASOV

 





08.01.2019    çap et  çap et