525.Az

Prezident: "Azərbaycan heç vaxt bu qədər güclü olmayıb"


 

"2003-CÜ İLDƏN BU VAXTADƏK OLAN MÜDDƏT AZƏRBAYCAN TARİXİNƏ HƏRTƏRƏFLİ VƏ SÜRƏTLİ İNKİŞAF DÖVRÜ KİMİ DÜŞÜB"

Prezident: "Azərbaycan heç vaxt bu qədər güclü olmayıb"<b style="color:red"></b>

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa təbrik-müraciəti ölkə ictimaiyyətinin böyük diqqət və marağı ilə qarşılanıb.
 
Dövlət başçısının 2018-ci ilin yekunlarına həsr olunmuş geniş çıxışında dövr ərzində ölkənin daxili və xarici siyasətində həyata keçirilən fəaliyyət, əldə olunan uğurlar geniş şərh olunub, daxil olduğumuz yeni ildə qarşıdakı hədəflər açıqlanıb, Azərbaycanın qətiyyət və böyük əzmlə öz məqsədlərinə doğru yaxınlaşdığı vurğulanıb: "Tam əminliklə demək olar ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olub. Ölkəmiz bütün istiqamətlər üzrə uğurla, sürətlə inkişaf edib. Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib. Bizim beynəlxalq mövqelərimiz daha da möhkəmlənib. Mən bu il 16 xarici səfər etmişəm. Ölkəmizə 16 dövlət və hökumət başçısı səfər edib və bu, ikitərəfli əlaqələrimizin nə qədər geniş olduğunu göstərir. Eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan uğurla fəaliyyət göstərib. Biz beynəlxalq aləmdə layiqli yerimizi tuta bilmişik".

Əlbəttə ki, dövlətimiz və xalqımızın üçün Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli prioritet vəzifə olaraq qalır. Prezident əhalinin sosial-iqtisadi vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində tədbirlərlə yanaşı, işğal olunmuş torpaqların qarşıdakı dövr ərzində azad edilməsi istiqamətində Azərbaycan dövlətinin siyasi iradəsini qeyd edib, məsələnin real həllini tapması üçün budan sonra da zəruri addımların atılacağını bildirib. 2019-cu ilin Dağlıq Qarabağ münaqişəsinin həllində dönüş ili ola biləcəyini öz nitqində ifadə edən ölkə başçısı bunun üçün Azərbaycan dövlətinin yürütdüyü diplomatiyanın, o cümlədən, düşmən ölkəni təcridetmə siyasətinin davam etdiriləcəyini, real nəticələr əldə edilməyənə qədər bu yoldan geri addım atılmayacağını vurğulayıb: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli işində biz prinsipial mövqeyimizdə qalırıq. Bizim mövqeyimiz haqq-ədalət mövqeyidir. Bizim mövqeyimiz beynəlxalq hüququn norma və prinsiplərinə tam uyğundur. Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır. Bütün dünya ölkəmizin ərazi bütövlüyünü tanıyır. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri tam icra edilməlidir, işğalçı qüvvələr qeyd-şərtsiz bizim torpaqlarımızdan çıxarılmalıdır".

Lakin rəsmi Bakının dəfələrlə bəyan etdiyi kimi, ATƏT-in Minsk qrupunun həmsədr dövlətlətinin vasitəçiliyi ilə aparılan Azərbaycan-Ermənistan danışıqları nəticə vermədiyi təqdirdə, Azərbaycan işğal olunmuş əraziləri hərbi yolla azad etmək hüququnu özündə saxlayır. 2016-cı ilin Aprel döyüşlərindən iki il sonra Naxçıvan istiqamətində həyata keçirilən Günnüt əməliyyatı nəticəsində daha 11 min hektar əraziyə nəzarəti ələ alan Silahlı Qüvvələrimiz növbəti genişmiqyaslı müharibənin yalnız Azərbaycanın qələbəsiylə nəticələnəcəyini dünya ictimaiyyətinə, o cümlədən, Ermənistan cəmiyyətinə əyani şəkildə sübut edib. Ona görə də zaman işğal siyasəti həyata keçirdiyi üçün Azərbaycanın təcridetmə siyasəti ilə üz-üzə qalan, bütün regional layihələrdən kənarda saxlanılan, iqtisadiyyatı zəifləyən, 4 qonşu ölkədən 2-si ili sərhədləri bağlı olan, blokada vəziyyətinə düşən Ermənistanın əleyhinə işləyir. Artıq postsovet məkanında da qəbul olunmayan, üzv olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı, Avrasiya İqtisadi İttifaqında təklənən düşmən ölkə gec-tez bu reallıqla barışmalı olacaq.

Prezidentin vurğuladığı kimi, Azərbaycanın güclü hərbi potensialı münaqişənin həlli üçün əsas amildir: "Biz son illər ərzində öz hərbi qüdrətimizi böyük dərəcədə artıra bilmişik. Bu gün Azərbaycan Ordusu dünya miqyasında güclü ordular sırasındadır. Bu il ölkəmizdə iki dəfə keçirilmiş hərbi parad bizim gücümüzü, bizim güclü ordumuzun potensialını göstərir. Ən müasir silahlarla, texnika ilə təchiz edilmiş Azərbaycan Ordusu çox yüksək döyüş qabiliyyətinə malikdir və biz bu il bunu bir daha təsdiq etdik. Azərbaycan Ordusu Azərbaycan-Ermənistan sərhədinin Naxçıvan istiqamətində uğurlu əməliyyat keçirərək 11 min hektar torpağa tam nəzarət edir. Strateji yüksəkliklərin əldə edilməsi bizə imkan verir ki, Ermənistan ərazisindən keçən önəmli kommunikasiyalara və yollara tam nəzarət edək".

Azərbaycan dövləti və xalqı üçün 2018-ci ilin ən əlamətdar hadisəsi - Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunması istiqamətində həyata keçirilən genişmiqyaslı tədbirlərdən bəhs edən ölkə rəhbəri bu xüsusda 2018-ci il "Azərbaycan Xalq Cümhuriyyəti İli" elan edilməsinin böyük məna kəsb etdiyini nitqində ifadə edib: "Biz Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyini həm ölkəmizdə, həm də bir çox xarici ölkələrdə böyük təntənə ilə qeyd etmişik. Bugünkü Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Azərbaycan heç vaxt tarixdə bu qədər güclü, bu qədər müstəqil, bu qədər azad olmayıb".

Mövzu ilə bağlı "525"ə fikirlərini bildirən Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı Musa Qasımlı qeyd edib ki, Prezident İlham Əliyevin Yeni il təbrikini diqqətlə dinləyib. O bildirib ki, çıxışda ötən ilə yekun vurulub və 2019-cu ildə görüləcək işlərin prinsipial əsasları səsləndirilib: "Ötən il dövlətimiz və millətimiz üçün yaxşı illərdən biri olub. Daxili siyasətdə bir sıra ilklərə imza atılıb. Prezident seçkiləri keçirilib, geniş tikinti-quruculuq işləri davam etdirilib,  infrastruktur yaradılıb,  yeni iş yerləri açılıb, Azərbaycan vətəndaşının rahatlığı üçün  çoxlu proqramlar yerinə yetirilib, islahatlar dərinləşdirilib. Hər bir ölkənin "ürək damarları" hesab edilən dəmir yolunun yenidən qurulması üçün işlərə uğurla başlanılıb. Xarici siyasət sahəsində böyük işlər görülüb. Dövlətimizin beynəlxalq nüfuzu və rolu artıb. Beynəlxalq layihələr həyata keçirilib".

Deputat vurğulayıb ki, Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dövlətimizin prinsipial mövqeyi bir daha bəyan edilib: "Ötən il də göstərib ki, ölkə prezidentinin başlıca məqsədi Azərbaycan dövlətinin güclü olması və Azərbaycan vətəndaşının rahat yaşaması üçün bərabər imkanlar yaratmaqdır".

M.Qasımlının sözlərinə görə, 2018-ci ildə görülən işlər əminlik yaradır ki, bu ildə ölkəmiz daha da inkişaf edəcək: "Yürüdülən siyasət davam etdirilməlidir".

Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov isə qeyd edib ki, 2018-ci il Azərbaycan tarixinə növbəti bir uğurlu il kimi daxil olub, həm iqtisadi, həm də siyasi sahədə böyük nailiyyətlər əldə edilib. O, "Trend"ə bildirib ki, ümumiyyətlə, Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi 2003-cü ildən bu vaxtadək olan müddət Azərbaycan tarixinə hərtərəfli və sürətli inkişaf dövrü kimi daxil olub: "Bu baxımdan geridə qoyduğumuz 2018-ci il də istisna olmayıb. Xüsusi vurğulamaq istərdim ki, Azərbaycanda demokratikləşmə və modernləşmə sahəsində keyfiyyətcə yeni mərhələnin əsasını qoymuş 2018-ci il 11 aprel seçkiləri ölkəmizin innovativ əsasda inkişafına ciddi zəmin yaradıb, islahatların elmi əsaslarla aparılacağı qənaətini daha da gücləndirib. Son seçkilərdən dərhal sonra dövlət başçısının siyasi iradəsi ilə hökumətin tərkibinin əsaslı şəkildə yenilənməsi, çevikliyi, müasirliyi, novatorluğu ilə fərqlənən, müasir innovasiyaları mənimsəyən gənclərin dövlət idarəetməsində irəli çəkilməsi islahatların səmərəliliyini təmin etmək, şəffaflığı artırmaq məqsədindən irəli gəlir".

Deputat deyib ki, ötən ildə həyata keçirilən sosial-iqtisadi islahatların, infrastruktur layihələrinin səmərəli nəticələr verməsi, hər bir fərdin maraq və mənafeyini özündə maksimum dərəcədə əks etdirməsi, dövlətin perspektiv inkişafına hesablanması dövlət başçısı İlham Əliyevin yüksək bilik və intellektə, çevik idarəçilik məharətinə, yüksək əzmə, qətiyyətə malik lider olduğunu bir daha təsdiqləyir.

Deputat vurğulayıb ki, Azərbaycanın qarşısında duran ən mürəkkəb problem heç şübhəsiz, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir: "Ötən il Azərbaycanın Ermənistana qarşı uğurla tətbiq etdiyi "iqtisadi izolyasiya" siyasəti nəticəsində bu ölkədə ciddi sosial-siyasi kataklizmlər baş verib, hakimiyyət dəyişikliyi olub. Paralel olaraq Azərbaycan Silahlı Qüvvələrinin döyüş potensialı daha da artıb, ordumuz dünyanın ən güclü orduları sırasında ön cərgələrə çıxıb".

S.Novruzov əlavə edib ki, başa vurduğumuz ilin əlamətdar hadisələrindən biri də daim milli-mənəvi dəyərlərimizə verilən yüksək qiymət çərçivəsində Azərbaycan Xalq Cumhuriyyətinin 100 illik yubileyinin dövlət səviyyəsində, ölkə miqyasında və diplomatik nümayəndəliklərimizin yer aldığı xarici ölkələrdə geniş və təntənəli şəkildə qeyd edilməsi olub.

Ceyhun ABASOV

 





08.01.2019    çap et  çap et