525.Az

Günəşə gedən qatar - Vüsal Nuru


 

Günəşə gedən qatar - <b style="color:red">Vüsal Nuru </b>

Buradan qatar yolu keçir. Göylərin hansısa qatından gəlir, yol üstə durub gözləyən ana kimi üfüqdən boylanan günəşə doğru gedir.

Bir yatağın başından, bir qəbrin ayağından, bir yolun ortasından, bir kəndin içindən, bir qadının gözündən, bir kişinin dodağından, bir sözün altından keçir o qatar yolu.

Qatar yolu varıymış
Sözdən yatağa kimi.
Bilet tapa bilmirəm -
Çatıb, yazmağa kimi.

Qatar yolu gələcək qatarın müşdəçisidir. Bir az yağış gətirəcək o qatar, bir az duman. Şüşələrində günəşin şəfəqlərini, üst-başında yolların yorğunluğunu gətirəcək. Yola salan darıxa-darıxa həsrətini göndərəcək.

Qatarın arxasınca darıxa-darıxa baxan adam öz təkliyini, tənhalığını uzaqda, hardasa yatağına girib gözləri tavanda sabahı gözləyən adama özündən bir parça pay göndərəcək. 

Heykələm, daşam, nəyəm;
Toxunub-dəyən yoxdu.
Şəhərin heç yerində
Məni gözləyən yoxdu
Darıxıram...

Qatarı gözləyənin ümidi nar çiçəklərinə dönəcək, qovuşacaq həsrətinə. Ürəyi  gələn qatarın dəmir çarxlarında döyünəcək.  

Sabaha arzular qatarı gedir,
Ağrısı içimdə polad relslərin.
Səsini tutmağa dalğa tapmadım
Dünənki qatara bilet gözlədim.

Qatar gəlir, vaqonları misra-misra, bənd-bənd. Dəmir çarxlarında qafiyələnir səsi. Qatar gəlir! Dolanıb dünyanın başına, bir qəbrin ayağından sükutla keçir. 

Səni də torpağın qurd ağzı uddu,
Eldə yerin qaldı, könüldə izin.
Bizi də taleyin qapazı tutdu,
Sevinci nazildi evlərimizin.

Qatar gəlir! Nə nizamı pozulur dolu-dolu vaqonlarının, nə də qafiyəsi qırılır polad dəmirlərin altında. Üzündə günəş gülən, yanağını yağış yuyan pəncərələrindən bir uşaq dabanını qaldırıb kəndinə boylanar. 

Hər gecə yuxumda kəndə dönürəm,
Yenə də aldanım şirin yalana.
Beş-altı uşağa qoşulub bu dəm,
Xəlvəti qaçırıq dəmiryoluna.

Qatar gəlir, bir axşam ilhamın şairə gətirdiyi şeir kimi.

Gecənin bağrına səs-səda düşər;
"Ay bala, hardasan, ay uşaq, harda?"
Bir azca əylənib dönərik evə,
Qalar xəyalımız gedən qatarda.

Qatar getdikcə pəncərədəki uşaq da ünvan-ünvan boy atar, əvvəl dabanı çatar yerə, sonra çənəsi pəncərədən qalxar. Kolların arasından ilan kimi sürünüb  keçən cığırlar gözünü aparır, cığırlar qıvrıldıqca, uzandıqca böyüyər, enlənər yollara qarışar. Yolların başında bir göz pəncərədən bir qadın əl sallayar.

Gözümdə həsrətin şaxtası yatır,
Qəlbin arzusuna bir dəfə gəldin.
Ömrümün yarısın yollar apardı,
Qalan yarısına bir dəfə gəldin.

Qatar o qadının əllərinə çatana qədər uşaq böyüyər. Şəhərdə ünvanın azmış qonaq kimi başında suallar təlaşla dolaşar:

Gecənin lal şəkili,
Gündüzün daş diliyəm.
Ötür dayanacaqlar,
Hansında düşməliyəm?

Kədərini, niskilini, ehtiyacını, azını, çoxunu bulud xurcununa doldurub yükü çiynində düşdü qatardan. Dünyanın ortasında dayandı.

Nə gələn var, nə gedən,
Tən ortada durmuşam.
Ürəyin boşluğuna
Bir yelkən qaldırmışam.
Darıxıram...

Dənizdən torunu çəkən balıqçı kimi o da dünyadan darıxa-darıxa gün çəkdi, güzaran çəkdi özünə.

Bir mən tərəfə də boylan,
Mənə də əl yetir, Allah!
Bəxtin "arxa" qapısından
Yaşamağa ötür, Allah!

Taleh ona qatar yollarını verdi. Bəxtinə qatar düşdü. Həmişə qarşıladı, həmişə ötürdü. Gah intizarla gözlədi, gah da sevinclə yola saldı.  Polad yollar kimi paralel uzandı sevinci də, kədəri də. O polad qollar kimi çox vaxt əli əlinə çatmadı.

Üzüldüm, üzdüm dünyanı,
Can deyildim, gəzdim canı,
Tərsinə sevdin Rizvanı,
Tilsim nə qədər çəkəcək?

Bəlkə də Rizvan o qatar yollarının tilsiminə düşüb. Ömrü boyu bir qatar yolu izləyir onu. Kənddə Nəsib kişinin balaca oğlundan ədəbiyyatda şair Rizvan Nəsiboğluna kimi, evdən işə, səhərdən axşama kimi, dodaqdan gözə, dostdan düşmənə kimi izləyir. Ədəbiyyata qatarla gəlib şair Rizvan Nəsiboğlu. Polad relslərə çevirdiyi sözlərinin üstündən keçən ruh qatarıyla, duyğular-hisslər vaqonunda bir mühacir kimi gəlib.

İsindiyi ocaq da, sərinlədiyi meh də, başının üstündə bulud da, ayağının altında çəmən də sözdü, poeziyadı.  Onun poeziyası zirzəmisi gün işığına tamarzı bir qala deyil, soyuq divarlı saray deyil, ürəyi boyda bir otaqdı, içində dünya fırlanır. Onun poeziyasında səslər çığırmır, bağırmır, pıçıldayır. Bu pıçıltı bütün səslərin içindən seçilir, qatar səsi kimi. Bilinir ki, bu, Rizvan Nəsiboğlunun hənirtisidi, pıçıltısıdı. Bu pıçıltılar dağı, daşı tərpədə bilməz təbii ki, amma o dağı ovcuna alacaq ürəyi titrədib yerindən oynada bilər.  O hənirti gecənin çarəsizliyində qalmış birinə qəfil qeybdən gəlmiş bir ümiddir, hayandır. 

Rizvan Nəsiboğlu seçdiyi ünvana qatardan düşdüyü  o gündən bu günə qədər qayəsi, məqsədi, amalı o hənirtini diri saxlamaqdır, o pıçıltını eşitdirməkdir. 

Sürətlə gedən qatarın qafiyəli taqqıltıları onun poeziyasının səsidir. Polad relslər gələcək qatarı həmişə xatırlatdığı kimi, misraları da öz şairini həmişə göstərəcək. İstəyir yollar duman olsun, istəyir buludlar pərdələnsin,  o qatar gələcək və üfüqdə gözləyən günəşə doğru gedəcək.   

 





08.01.2019    çap et  çap et