525.Az

Arzuların qanadlarında sınmış ümidlər (elegiya)


 

Arzuların qanadlarında sınmış ümidlər <b style="color:red">(elegiya)</b>

Aytən Aydınqızı
filologiya üzrə fəlsəfə doktoru

Dünyasını vaxtsız, faciəli şəkildə dəyişən İsgəndər və Ruslan (ata-oğul) Quliyevlərin əziz xatirəsinə ithaf olunur.

Bəzən arzuların çiçək tumurcuğu həyatın amansızlığına vaxtsız tuş gəlir. Bu arzuların qanadlarında sınmış ümidlər cənnətin isti qucağına üz tutanda ləçək-ləçək göz yaşlarına dönən talelər Tanrı dərgahına əl açır. Ancaq heyiflər olsun ki, Tanrı yaratdığı insana ayırdığı ömür payından əlavə heç nə pay vermir.

“Heç bir ümmət öz əcəlini qabaqlaya, nə də yubada bilər” (“Qurani-Kərim”dən). Qucağına sığındığımız qəribəliklərlə dolu həyat. Qalın bir meşəyə bənzəyir. Uzaqdan baxanda çox gözəl görünür. İçərisinə girəndə isə adama sıxıntı gətirir. Bu sıxıntılı həyatın qəribə qanunları var. Bəxtin ağlı-qaralı günləri onu naxışladıqca daha da nazlanır, xatirə lövhəsinə öz yazılmamış qanunlarını həkk edir. Hər dəfə bu lövhələri seyr etdikcə zərbə almaqdan gözü qorxmuş adam kimi bəzən hisslərimizin əzablarına qoşulur, onu qorumaq üçün əlimizdən gələni edirik. Lakin bəzən elə, elə çarəsiz qalırıq ki...

Kərim kişinin ürək  döyüntüləri...

Kərim kişinin ailəsi ilə ailəvi dostuq. Gediş-gəlişimiz, mehriban münasibətlərimiz sıx tellərlə, səmimi ailə dostluğuna çevrilmişdi. Zamanında ticarətdə ad qoymuş qətiyyətli insandı. Son illər isə din yoluna xidmət edir, namaz qılır, dini əsərlərlə maraqlanır... sakit həyatları var... Son zamanlar ürəyindən şikayətlənir, Tiflisə həkimə gedəcəyini söyləyirdi. Lakin o gün... o gün... Kərim kişi: “Ürəyim sözümə baxmır, sanki döyünmür”, – deyə təlaşla bizə zəng edib, atamın ürək həkiminin qəbul günləri ilə maraqlandı. Səsi boğuq idi. Ümumiyyətlə dağ adamıdı, sağlam insandı.

Lakin 15 il əvvəl (1998) gənc qardaşı – ARDNŞ-nin məsul vəzifələrində çalışan – Sahilin vaxtsız dünyadan köçməsi Kərim kişinin ürəyində öz izini qoymuşdu. Hələ qardaş dağı soyumamış illərlə nalə çəkən anası Pürüz ananın (2007) dünyadan köçməsi artıq son nöqtəyə çatdırdı...Nə biləydi ki... Bu nəslin daha böyük faciələri hələ qabaqdadı...

Kərim kişiyə səhər zəng edib həkimə getdiyini xəbər alanda telefonda səsi əsirdi və tutulmuş halda: “Həkimə getmək nədi... Belimiz sındı”, – dedi, susdu. “Eterinin (bacısı Natella xanımın) oğlu Ruslan evimizi yıxdı, gecə qəzada dünyasını dəyişib”...

Qəfil, gözlənilməz ölüm... ay aman... Dünyada daha dəhşətli nə var. Eşitdiyim xəbər məni sarsıtdı... Nə qulaqlarıma, nədə xəbərin həqiqiliyinə inanmaq istəmədim.

Axı, bu dərd mənə tanışdı. Dünyasını vaxtsız dəyişən gənc hüquqşünas qardaşım, həyatımın mənası, toy paltarı ilə kəfəni dəyişik düşən Rüfətimi (1998) elə bil ki, yenicə itirdim. Sümüklərim yandı sanki. İçimdə olan qardaş sevgisindən başqa onun ölümünü ürəyimə yaxınlaşdıra bilmədiyimdən, göz yaşlarım hər açılan gün qana dönüb içimə axır... Ruslanın yeganə bacısı, əzizi Könül xanımın nələr çəkdiyi necə də mənə doğmadır... dözülməzdir...”Ruslan dünyasını dəyişdi” dedilər.

Öpdü baxışlarım yolunu qardaş!

Xəbərin ox kimi keçdi sinəmdən

Son ümid üzüldü gözümdə qardaş!

Könül xanım..... dərdinizə..... yanan ürəyinizə qurban... Mən isə bilirəm ki, yolun o başında sevimli qardaşım – Rüfətim məni gözləyir... Hələ ki, bu dünyada öz missiyamı həyata keçirirəm... Sonra görüşəcəyik... ölümü də mənim üçün adiləşdirən, hər zaman dayağım, başımın tacı Rüfət qardaşımla.              

Hönkürür misralar vərəqlər üstə,

Əzrayıl şığıdı qəfil can üstə,

Sən yoxsan deməyə dilim gəlməyir,

Bu dərdi yazmağa əlim gəlməyir.

(Ş.Kərimbəyli)

Sükutdan sonra... Kərim kişi davam etdi: “Allah keçənlərinizə rəhmət, Allah verdiyi öz əmanətini apardı. Ancaq bizə dua etmək qalır.” Kərim kişinin çox səbirli və dözümlü olduğunu bir daha başa düşdüm. Belə bir faciəvi anda Allaha qarşı üsyan etmir, Allaha olan inamını, sevgini sarsıtmadı...Qibtə etmək olar.... Kaş belə olsaydıq. Dar məqamda özümüzü itirməsəydik.

“Allah (Ona) iman gətirənlərin dostudur, onları zülmətdən çıxarıb işığa tərəf yönəldər. ( “Qurani- Kərim” dən). Allahı həqiqi mənada dost bilmək, Onu razı etmək üçün mühim insanların həyatındakı ən vacib, ən mühim və ən ilkin hədəf olmalıdır. Tam dözülməz, çıxılmaz saydığmız anda belə,...heç vaxt qəlbimizdən Allah eşqi əksik olmasın.

   

Və İsgəndər müəllimin alovlu həyat fəlsəfəsi...

“Dilədiyinin qədər yaşa, mütləq öləcəksən, istədiyin kimsəni sev, mütləq ondan ayrılacaqsan”

(“Qurani-Kərim”dən)

İsgəndər müəllim el-obada hörmətlə sayılan, cəmiyyətdə yeri və sözü olan, dəyərli əhatəsi, səviyyəli dostları ilə seçilən və sevilən işgüzar gözəl insan idi. Uzun müddət Bakı şəhəri üzrə  Dövlət Yol Polisi, polkovnik rütbəsində, məsul vəzifələrə qədər ucalmışdı. Həmkarları arasında da böyük nüfuza malik idi. Xülasə, bizdə deyərlər ki, “zəmanəsinin sayılan kişilərindən biriydi”. Hər zaman gümrah, deyib-gülən, şən olan İskəndər müəllim son zamanlar amansız – çarəsiz xəstəliyə tuş gəlmişdi. Ona dostları, əzizləri tez-tez baş çəkirdilər. Sevdiyi, hörmət etdiyi insanları gördükdə dərhal xəstəliyini unutmağa çalışırdı. Çoxdan, bəlkə də hər an, hər saniyə ölümünü qürurla gözləyən bu insanı fikirləşəndə, ondakı bu kişiliyə, bu mərdliyə az qala qibtə edirdim. Yaxşı və xeyirxah insan olduğuna görə onu tanıyanlar bu cür ölümü ona qıymırdılar. Ailəsinə, övladlarına çox bağlı idi. Həyatda iki övladı var idi – başının tacı, davamçısı Ruslan oğlu, namus qalası, gözünün nuru Könül qızı. Əsasən nəvələri ilə vaxt keçirməyi özünün dediyi kimi: “Nəvələrim yanımda olanda həyatdan ilham alıram”. Yaxınları bilirdi ki, hər şey bir yana yeganə Ruslan oğluna böyük məhəbbəti var idi. Aralarında sevgi ata-oğul məhəbbətindən daha böyük idi. Nə ürəyinə, nə həyatına, nədə dünyasına sığmırdı. Yurdunun barı, arxası, dayağı yeganə nübarı Ruslan. Onun üçün nələr etməmişdi. Övladını sevən istəkli atalar kimi... gözəl təhsil, düzgün tərbiyə, hər cür şərait, gözəl məkan... oğluna qarşı olan sevgisi, məhəbbəti gözlərində, nəfəsində əks olunurdu. Ruslan həyatın ona bəxş etdiyi sevgi payı idi. Lakin nə biləydi ki, Ruslan bu dünyanı ondan öncə tərk edəcəkdi. Və qəfil faciə... oğul faciəsi, oğul itkisi... 4 iyul tarixində bəndəniz – İsgəndər müəllimin yaşadığı dəhşətli və qəfil faciədən bu şəhərdə az-az adam tapılar ki, xəbərsiz olsun.....

Gözünün işığı getdi gözündən,

Dizinin taqəti bitdi dizindən,

“Ruslanın köçdüyünü” eşidən andan

Atanın qırıldı şah damarları.

Yas mərasimində. İsgəndər müəllim əlləri ilə başına döyür: “mən ölməliydim, oğul, axı mənim kəfənimi niyə əlimdən aldın?”, – deyib yana-yana göz yaşlarını leysan kimi axıdırdı. Bu İsgəndər müəllimin həyatının alovlu fəlsəfəsi idi. Sən dünyanın işinə bax. Oğul onu axirət dünyasına yola salmaq əvəzinə, xəstə ata oğlunu məzar yoluna göndərdi... Hər gün oğul görüşünə qəbir üstünə tələsən İsgəndər müəllim çox dözümlü, möhkəm adam idi. Lakin fələk onun ən kövrək, ən incə damarını, həyat sevgisini qopartdı. Çox keçmədi ki, (25 gün sonra) onunla – oğul ilə cənnət məkanda görüşdülər. Ata-oğul iki sevən könüllər, iki sevən ruhlar. Bu məkanda ata-oğul məhəbbətinin cənnət qucağında özlərinə əbədi məskən qurdular.

Ata məhəbbətinin qırılmaz telləri Ruslanı atasından əvvəl özünün əbədiliyin qucağına atdı. Ruslan hər yerdə birinci olduğu kimi, ölümə də birinci qucaq açdı. Dik baxdı Əzrailin gözünə. Bilirdi ki, atası o məkanın tezliklə qonağı olacaq. Bu dünyada özünə bəlkə də yer tapa bilməyəcəyi təqdirdə ondan tez tələsdi. Tələsdi ki, atası onun qucağına baş qoyub rahat uyusun.

Və uzaqdan ..... lap uzaqdan .... göylərə bir nalə səsi eşidilir. Bu nalə, bəli ... bu sanki Tanrıdan əzizlərini – atasını , qardaşını soraqlaşan, həsrətdən, dərddən qıvrılıb yanan Könül xanımın naləsidir. O, incə vücudu ilə böyük dərdlərin çiynində çəkə bilməməsi , alışıb yanmasıdır.... Allah səbrinizi versin!

Yeriniz Cənnət, Ruhunuz şad, dünyanız işıqlı olsun İsgəndər ata, Ruslan qardaşım!

   

Dağılmış talehin cənnət qucağı və ya “Ruslan əfsanəsi”

Gözlərimi bağla Tanrım ,

Adəm olan bağlamasın.

Ağla mənə, ağla Tanrım ,

Məni bəndə ağlamasın.

(Z. Fəxri)

1981-ci il təvəllüdlü, mehriban, dostcanlı, hüquqşünas... daha nələr... Tam həyat dolu bir insan. İş yerində – Fövqəladə Hallar Nazirliyinin Təhlükəsizlik şöbəsində – məsul vəzifədə çalışırdı. Həm də elmi yaradıcılığı ilə məşğul olurdu. Gənc olmasına baxmayaraq, elmə öz dəyərli imzasını qoyub getdi. Hüquq üzrə fəlsəfə doktoru... Neçə-neçə Beynəlxalq elmi konfransların məruzəçisi, diplomantı... Mehriban oğul, sevimli qardaş, qayğıkeş həyat yoldaşı, əziz ata... daha neçə-neçə... çox təəssüf...

Sevimli xanımı Güneli bir an belə qayğısız, diqqətsiz qoymazdı. Ancaq amansız fələk Ruslanın ailə səadətinə son qoyub, onun öz əli ilə əziz Günelinə qara örpəyi pay göndərdi.

Yolumuz üstünə çıxarsan qəfil,

Evləri uçurub yıxarsan qəfil,

Sən dərd karvanını çəkərsən qəfil,

Yoxdur səadətlə heç aran, fələk,

Doğmanı doğmadan ayıran fələk.

(Ş.Kərimbəyli)

Ruslan atasının xəstə olmağı ilə barışmırdı. Xarici ölkələrdə müəlicəyə qədər əl atırdı. Ailəsini tam bir arada görmək istəyirdi... Yaxşı deyiblər sən yazdığını yaz, görək fələk nə yazır. Amma nə yaxşı ki, min dəfə şükürlər olsun ki, “Ruslan əfsanəsi”dən bizə qalan iki dünya payımız – 6 yaşlı Kənan oğlu, 2 yaşlı Aydan qızı – kitabəmiz var. Bu Talehin hökmü ilə var olan “ Ruslan əfsanəsi” nin Kənan və Aydan qoxulu iki qönçələri.... Heç şübhəsiz ki, inşallah, zaman- zaman nəsillərə örnək olası, böyük nüfuza malik, incə qəlbli, xeyirxah, gözəl insanların – Ruslan atasının , İsgəndər babasının layiqli davamçıları kimi fəxr edəcəyik. Ancaq hələki, dua edək ki, Tanrı öz zülfünü, öz nurunu , öz mərhəmətini bu cüt qönçədən əksik etməsin.....

Və ana... Natella xanım...

Dərdimi deməyə daş axtarıram,

Desəm parçalanar daş quma dönər...

Taleh 15 il əvvəl axı qardaş dağı çəkmişdi Natella xanıma, fələk necə qıydı. Hər il 16 dekabr (ad günü), 6 may (anım günü) tarixlərində dünyadan vaxtsız köçən Sahilin fəryadını edərdi. Daha sonra ana itkisini də gördü. Bəs deyildimi! Bu nə qismət, bu nə taleh!

Bəzən belə dərdləri yaşadıqca, əlimdəki qələm titrəyir, dilimdəki sözlər burulğana dönür.

Ömür boyu Sizə arxa olan ömür-gün yoldaşınızın və oğlunuzun faciəsi bir-birinə elə qarışdı ki, inanın ana olan hər kəs, bu hadisəni bilən hər kəs, sizi tanıyıb-tanımayanlar belə bu faciəyə acıdı, ağladı...

Natella ana, dözə bilsən,

Döz bu dərdə, sən əsilsən.

Sən ağlama, desəm də mən,

Özüm gedib ağlayırdım,

Gedənə yas saxlayırdım.

Natella xanım ata-övlad məhəbbətinin sonunda faciəli bir ölümü qəbul edə bilmədiyi bir ayrılıq içinizdəki qəzəblə üz-üzə durur. Bu qəzəbi göz yaşlarına çevirincə, siz də öz dünyanızı sanki dəyişir, onların yatan məkana dəfələrlə üz tutmalı olursunuz. Həyat belədir... Hər saniyə ölümlə üzbəüz. Ağrı və əzabla dolu yol. Bu çınqıllı, daşlı-kəsəkli, dünyanın ən ağır yolunu getməyə məcbursan. Gedirsən, çiynində dərd yükü, ürəyində ölümüylə barışa bilmədiyin əzizlərinin ölüm kabusu. Natella xanım bu talehi anadanmı aldınız? Yox... axı oda sizə bu faciələri heç rəva bilməzdi. Bu qədər xeyirxah Natella xanım... Qohum- əqrabanın hər zaman işinə əl atan, əl tutan, gözəl insan.... İsgəndər  müəllim ilə sanki xeyirxahlıqda “ yarışa” girmişdiniz. Eldən- elə adınızı deyib qohumlar gəlirdilər..... Əhatənizin həmişə ümid nöqtəsi idiniz “İnsanlıq məlhəbi” adlandıra bilərik. Amandı, həyatın bu böyük, faciəli sınağı sizi çaşdırmasın,... küsdürməsin... El –obanız yaxşı bilir ki, siz özünüz də gözəl xeyirxah ailənin övladı, davamçısı kimi əhatənizdə seçilmisiniz. Natella xanım, nə qədər acınacaqlı, nə qədər əzablı olsa da, özünüzdə təpər tapıb yaşamalısınız ki, geridə qalan nəsliniz, gözləri sizdə olan əzizləriniz bu həyatı yaşaya bilsin.

Hamıdan uca Allah buyurur ki: “Kim ki, ölümlə barışmaq istəmir, əziz adamının ölümünə görə özünü döyür, o kəs “əlinə nizə alıb mənimlə savaşa girir”.

Allah rəhmət eləsin, Ruhları şad, yerləri Cənnət olsun!

Taleh yüklü Rəşad qardaş...

Çox göynətdi bu dərd məni

Allah deyib nalə çəkdim

Sirkələmə fələk məni,

Çiynimdəki dərdlər düşər....

Bəli, zamanında sizləri daha yaxından tanımayanlar:  “İsgəndər müəllimin oğludu, yoxsa kürəkəni?”,- deyə soruşardılar. İsgəndər müəllimə isə çoxları:  “qızı bizə vermədiniz, dostunuzun oğluna verdiniz ”,-  deyənlər də, gileylənənlər də az deyildi.....İsgəndər müəllimin qohum seçimi tam düz olduğu zaman sübut etdi. Hər zaman məclislərdə : “ Döyünən ürəyim Ruslandır, baxan gözüm Rəşad” deyirdi. Bu igidlərini bir-birindən ayırmazdı. “Sənətimin davamçısı , Rəşad oğlum” da deyirdi. Böyük- kiçik hörməti, böyük pərdə vardı aralarında ... Bəli Rəşad- Bakı şəhəri üzrə Dövlət Yol Polisində məsul vəzifədə çalışır, qaynatası İsgəndər müəllim həmişə onunla fəxr edirdi. Zamanında Türkiyə bölünəndə Atatürk “Vətən dardadır”,- deyə el-obaya səslənir....Ölkəsini xilas edir.

Rəşad qardaş ... Sizin çiyninizdə olan dərd, qarşınızdakı məsuliyyət bu cavan yaşda sizi tez ağsaqqal etdi. Hamıdan uca Allah buyurur ki, “Sənə möhtac olanlar, mənim əmanətimdir. Mənəvi qayğı, diqqət yükünü düzgün bölüşdürəcək, həmişəki kimi Allahın ən istəkli bəndələrindən biri olacağınıza heç şübhəmiz yoxdur. Qara örpəkli Natella anaya, qəlbi küskün, gözü yaşlı əzizin Könül xanıma, gözündə dünya işığı mənasızlaşan Günel xanıma, hələ “ata qayğısının ümmət , məlhəb dadını daha heç vaxt duymayacaq  o cüt qönçəyə – Kənan və Aydan balalarımıza.... Onları sizə.... sizi Allaha əmanət edirik.

Və yas mərasimi... Başını atasının sinəsinə qoyan Ata-Oğul portreti...

Yas mərasimində iştirak edən yüzlərlə insanın xəyalında son günədək yaşayacaq bu Ata-Oğul portreti. Bu nədir, tarix təkrarlanırmı? Tarixən də əzizlərini itirən, böyük məhəbbətlər yaşayan insanlar müxtəlif üsullarla bu məhəbbətin nişanəsini qoymağa çalışmışlar...

Azərbaycan milyonçusu Musa Nağıyevin yeganə oğlu İsmayılın gənc yaşda dünyasını dəyişməsi... onun şərəfinə “İsmaliyyə” (İstiqlaliyyət küçəsində) tikilisini yadigar qoydu. Hindistanda tikilən İstanbullu türk memarlarının yaratdığı Tac Mahal... Dünyanın ən gözəl, ən möhtəşəm türbəsini hökmdar Cahan şah sevimli həyat yoldaşı Ərcümənd banunun (Mümtaz Mahal da deyilirdi) vaxtsız vəfatının şərəfinə inşa etdirmişdi. Hökmdar 8 gün mənzildən çıxmamış, sonra bütün saçların ağ-appaq olduğu, xeyli qocaldığını görürlər. Bu böyük məhəbbətin, sonsuz sevginin tərənnümüdür.

Tac Mahal bir sənət əsəridirmi? Yoxsa divarlarındakı daş-qaşların tərənnümü kimi bir xəzinədir.? Xeyr. Tac Mahal bu gün insanlığı sevdirən, bu “müvəqqəti dünyamızda” yaşayan qarşılıqlı, əbədi məhəbbətin gözəl tərənnümüdür.

Ölüm var ki, həyat qədər dəyərli

Həyat var ki, ölümdən də zəhərli.

( H. Cavid)

“Ata-Oğul”- İsgəndər müəllim, Ruslan müəllim..... Onların xeyirxah əməlləri haqqında dostları, həmkarları, əzizləri o qədər ürək dolusu, yana-yana danışırdılar ki.... Hətta bu xatirələrdən böyük bir kitab bağlamaq olar..... Talehin hökmünə bir bax.... iki dövlət məmurunun, məsul vəzifə sahiblərində, bu insanlıq , bu əxlaq , bu dünyəvi keyfiyyətlər necə və haradan ilhamlanıb? Bu suala cavab tapmaq istəyənlər o qədər oldu ki.... Deyəsən, qismət mənə –onların əziz xatirələrinə elegiya bağlayana düşdü.... Sonsuzluqla yaşadığımız bu həyat...Hər şeyin sonu olduğu kimi, hər sonun bir başlanğıcı var. Bu başlanğıc “ Ruslan əfsanəsi” oldu. Əməlləri ilə insanlıq var olduqca yaşayacaq, itib batmayacaq, zaman- zaman ehtiramla anılacaq, nəsillərə nümunə olacaq....

Bu ağır günlərdə hüzürdə iştirak edən yaxın və uzaq ellərdən axın- axın gəlmiş, dərdimizə şərik çıxmış, dərdimizi paylaşan yüzlərlə insanın hər birinə bu nəslin adından “Dostlar sağ olsun” deyirik. Əzizimiz İsgəndər müəllim! Sinən üstə baş qoyub yatan, nakam ömürlü, əziz-xələf oğlun Ruslanı səndən ayırmaq qeyri-mümkün oldu. Bu itki hər birimizin – sizi sevənlərin ürəyində qaysaq tutmaz, sağalmaz yaraya dönüb.  Bu yaralar bizim, eləcə də bizim kimi yüzlərlə sizi sevənlərin əbədi dərdidir!

Rahat yatın, əzizlərim! Qoy əbədi məkanınız cənnət olsun!

 





04.09.2013    çap et  çap et