525.Az

“Aramızda yer tapmırdı, qəsdən itdi...”


 

“Aramızda yer tapmırdı, qəsdən itdi...”<b style="color:red"></b>

Aydın TAĞIYEV

Dünən zəngləşib telefonda səsini eşitdiyim əziz bir dost haqqında, elə həmin günün səhəri sənə telefon açan başqa bir dostdan eşitdiyin xəbər necə də ağır olarmış.

Şənbə günü telefonla danışdığım şair Ələkbər Salahzadənin ertəsi günü ölüm xəbərini eşitdim. İstər yaradıcılığında, istərsə də şəxsi həyatında kənək qoz kimi möhkəm, bərk olsa da çox ürəyiyumşaq, yuxa, nazik adam idi. Çoxuna xırda görünsə də bəzən adi bir sözü də ürəyinə salıb inciməyi vardı. Ancaq öz incikliyini, umküsüsünü heç vaxt üzə vurmazdı. Yalnız yaxın dostlar arasında müxtəsərcə giley-güzar edərdi. Lakin nə yazıqlar ki, “dostlar”dan biri haqlı-haqqsız, aşkar-örtülü öz şəxsi incikliyi ucbatından mətbuatda ara-sıra onu sancmaqdan belə çəkinməzdi.

Ələkbər Salahzadəni altan-altdan sancan, belə yazılarında öz ürək ağrılarından söz açan, onunla yaşıd “dostumuz” qoy bilsin ki, əsl ürək sahiblərinin qəlbi beləcə qəfil dayana bilir...

Ölümün atı çaparaq olar, deyirlər. Eşitdiyim xəbərə inanmayıb Ələkbər müəllimlə bir binada yaşayan tənqidçi dostumuz Vaqif Yusifliyə telefon açdım. Telefonda səsimi eşidən Vaqif müəllimin səsi titrədi: – Bu gecə Ələkbər müəllimi itirdik,-  dedi.

Bəli, Vaqif Yusifli sevimli qonşusunu, mən isə ən əziz dostlarımdan birini, Azərbaycan oxucusu isə... Sevimli şairimiz Ramiz Rövşən televiziya ilə çıxışlarının birində açıq bəyan etmişdi ki, Azərbaycan oxucusu Ələkbər Salahzadəni tanımır. Bu şairin yox, xalqın faciəsidir.

Bəli, Ələkbər Salahzadə heç vaxt tanınmaq istəmirdi. O, yalnız dostlarının arasında, qəlbən özünə bağlı yaxın adamların arasında poeziyasından çox dostluğa etibarı, səxavəti, əli açıqlığı, səmimiyyəti ilə tanınmaq istəyirdi.

62 illik ömrümün 40 ilindən çoxunun xatirələri onunla bağlıdır. Yaşca məndən böyük olsa da, bəzən mənə cavan qardaş olub. Xeyir-şər məclislərində məndən qabağa düşüb. O qədər ciddi, ağır batman insan sevincimə qoşularaq ilk nəvəm dünyaya gələndə ona şeir də qoşub:

 

Lamiyə, ay Lamiyə

Salam olsun hamıya...

 

Qardaş, yeni ünvanında tanıyanların hamısından sənə də salamlar olsun.

Şair və yazıçı dostlarla bizim Şabranda hər görüşdən mənmunluq duyan, özü də əhli qələm, hörmətli İcra Başçımız Novruz Novruzov onu dəfələrlə rayona ədəbi görüşlərə, dəvət etmişdi. Keçən il avqust ayının son günlərində 60 yaşımın tamamında səhhəti ilə bağlı ad günümdə iştirak edə bilməmişdi. Lakin aradan heç bir ay keçməmişdi ki, anam dünyasını dəyişəndə səhhəti ayaq üstə durmağa imkan verməsə də kədərimə şərik olmaq üçün durub Bakıdan Şabrana hüzrə gəlmişdi.

Kimlərə isə şeir ithaf eləməkdən uzaq olan, yan qaçan Ələkbər Salahzadə baş sağlığından sonra özünə xas utancaqlıqla mənə bir parça kağız verdi. “Ad gününə yazdığım şeirdir, – dedi, – o vaxt ad günüdə iştirak etsəydim zaldakılara oxuyacaqdım.” Mən indi o əlyazmanı əziz şairimizin bir yadigarı kimi “525-ci qəzet”in oxucularına təqdim edirəm:


Adı Aydın                
özü aydın
Sözü bəlli,                                                                                      
izi bəlli.                                                    
Ürəyi gen,                                               
əliaçıq,                                                
yola çıxsan                                         
arxayın çıx.                                                 
Bir bölgənin                               
sinonimi.                                             
Gülər üzü                                              
qəm qənimi.                                           
Öz qisməti,
 bəxti, yarı.
Şəhriyarı,
Bəxtiyarı.
Hər məclisə.
Yar-yaraşıq,
 Başına  çox yığışmışıq...
Əyrisi yox,
düzü aydın
 Ayrısı yox
On illəri
 yarıb gəlib.
 yolda-rizdə
hərdən az-az,
vurub gəlib!...
Qoy bir gün də
sözü bəlli,
özü aydın
pyedestal tək
dizi altda
qoyub qalxsın
yüzü Aydın!...
 
Təbii ki, sağlığında istər Özünə, istərsə də Sözünə layiqli qiymətini vermədiyimiz, yubiley günlərini keçirmədiyimiz digər görkəmli sənətkarlarımız kimi Ələkbər Salahzadənin də Özü, həm də Sözü bundan sonra ədəbi ictimaiyyətin diqqətində olacaq. Oxucular nə qədər böyük bir söz ustasının aramızdan qəfil getməyinin fərqinə varacaqlar.

Elə bil Ələkbər Salahzadə bu misralarını neçə il bundan qabaq sanki bu gün üçün yazıbmış:

Elə getdi –
Yolu ötdü,
Getdi, getdi,
Gözdən itdi!
Düşündülər:
“Aramızda yer tapmırdı,
qəsdən itdi...”

 





04.09.2013    çap et  çap et