525.Az

İctimaiyyət nümayəndələri Memarlıq və İnşaat Universitetində imtahanları izləyiblər


 

İctimaiyyət nümayəndələri Memarlıq və İnşaat Universitetində imtahanları izləyiblər<b style="color:red"></b>

Dekabrın 9-da Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetində (AzMİU) 2018/2019-cu tədris ilinin payız semestri imtahanlarının gedişini müşahidə etmək üçün ənənəvi mediatur təşkil olunub.

Əvvəlcə universitet rəhbərliyi ilə ictimaiyyət nümayəndələri – Milli Məclisin deputatları, QHT, o cümlədən, gənclər təşkilatlarının rəhbərləri və media nümayəndələri arasında görüş keçirilib.

Tədbirdə universitetin rektoru, memarlıq doktoru, professor, əməkdar memar Gülçöhrə Məmmədova çıxış edərək rəhbərlik etdiyi ali təhsil müəssisəsi haqda məlumat verib, ali məktəbdə təhsilin səviyyəsinin daha da qaldırılması istiqamətində görülən işlərdən, beynəlxalq əməkdaşlıq çərçivəsində həyata keçirilən müəllim-tələbə mübadilələri barədə danışıb.

Rektor qeyd edib ki, əsas vəzifələri müasir Azərbaycana müasir düşüncəli gənclər verməkdir.

G.Məmmədova həyata keçirilən son islahatlar nəticəsində AzMİU-da ixtisasların məzmununun dəyişdiyini, keçirilmə qaydasınin müasirləşdirildiyini bildirib: “Bolonya prosesinə qoşulduğumuz üçün təhsilin strukturu, fəlsəfəsi də dəyişib. Əvvəllər tələbələrin həftəlik dərs yükü 40 saat idisə, indi Avropa standartlarına uyğun olaraq 24 saat təşkil edir”.

Rektor qeyd edib ki, təhsilin keyfiyyətinin artmasında aparılan islahatlarla yanaşı tələblərin də üzərinə böyük məsuliyyət düşür: “Hansı tələbə öz üzərində işləyirsə, savadlı mütəxəssis olur”.

Son illər universitetin beynəlxalq əlaqələrinin daha da genişləndiyini deyən G.Məmmədova bildirib ki, xarici universitetlərlə birgə təhsil proqramları həyata keçirilir:
 
“Müəllim və tələbələr arasında təcrübə mübadilələri aparılır. Universitetdə oxuyan xarici tələbələrin sayında da artım özünü göstərir. Bu gün əcnəbi təlbələrin sayı 700-ə çatıb. Təhsil proqramları çərçivəsində yerli tələbələr təhsillərini bir müddət xarici universitetlərin birində davam etdirdikdə iki diplom almaq imkanına malik olurlar”.

Universitetdə imtahanların keçirilmə qaydalarından danışan rektoru deyib ki, bütün universitetlərdə olduğunu kimi, AzMİU-da da şəffaflıq, obyektivlik prinsiplərinə riayət olunur:

“İmtahan sessiyasının mərkəzləşdirilmiş qaydada həyata keçirilməsi buna imkan verir. İmtahanların 45 faizi test üsulu, 50 faizi yazılı, 5 faizi isə yaradıcılıq üzrə keçirilir. İmtahanı verən tələbə aldığı qiymətdən narazı qaldıqda apellyasiyaya nüraciət edə bilər. Bu şikayətlərə imtahanın keçirildiyi həftənin şənbə günü baxılır. Həmçinin, üzürlü səbəblərdən imtahanda iştirak edə bilməyən tələbələr müvafiq formada rəhbərliyə müraciət edərək şənbə günü imtahan verə bilirlər”.

Görüş müzakirə formasında davam edib.

Bildirilib ki, Sovet dövründə AzMİU-da ümumi tələbələrin 15 faizini qızlar təşkil edirdisə, bu göstərici hər il artmaqdadır:

“Hazırda tələbələrin 30 faizini qızlar təşkil edir.

Qeyd olunub ki, universitetin müəllimləri xarici elmi jurnallarda çap olunur. Daha çox riyaziyyat, mexanika və İKT üzrə ixtisaslaşmış müəllimlərin yazıları yüksək indeksli nəşrlərdə çıxır. Memarlıq sahəsi üzrə elmi jurnalın az olması bu sahənin müəllimlərinin çap olunma imkanlarını məhdudlaşdırır.

Universitet rəhbərliyi elmi jurnallarda məqaləsi dərc olunan müəllimləri pul vəsaiti ilə mükafatlandırır. Elmi nəşrin nüfuzundan asılı olaraq, müəllimlərə 200 manatdan 700 manatadək mükafat ayrılır.

Tədbirdə Milli Məclisin deputatları - Fazil Mustafa, Aydın Mirzəzadə, Hikmət Babaoğlu, həmçinin, “Trend” İnformasiya Agentliyinin baş redaktorunun müavini Arzu Nağıyev və digərləri çıxış ediblər.

Daha sonra imtahan zallarına baxış keçirilib.

İctimaiyyət nümayəndələri AzMİU-nun Memarlıq fakültəsində layihələndirmə dərslərinin qiymətləndirilməsi otağına da baş çəkib, tələbələrin işləri ilə tanış olublar.

Ceyhun ABASOV



 





09.01.2019    çap et  çap et