525.Az

Azərbaycan tənqidi realizmi yeni araşdırmalar müstəvisində


 

Azərbaycan tənqidi realizmi yeni araşdırmalar müstəvisində<b style="color:red"></b>

Tənqidi realizmin estetikasına dair dünya ədəbiyyatşünaslığında kifayət qədər dəyərli tədqiqatlar aparıldığı məlumdur.

Azərbaycan ədəbiyyatşünaslığında da milli realizmin tipologiyası və mərhələləri məsələsi son 60-70 ildə aktuallıq qazanmış, bu istiqamətdə xüsusən professor Y.Qarayevin tədqiqatları ciddi maraq doğurmuşdur. Lakin keçmiş SSRİ məkanında aparılan tədqiqatlar ideoloji təmayüldən qaynaqlandığına görə tənqidi realizmin estetikasının müəyyənləşməsində bir çox baxışlar bədii mətnlərin həqiqi mahiyyətini tam şəkildə ehtiva edə bilməmişdir.

Milli müstəqillik dövrünün ədəbiyyatşünaslıq düşüncəsi həm ədəbiyyatımızın tarixi inkişaf yoluna, həm də onun nəzəri problemlərinə obyekltiv elmi baxışı gündəmə gətirir. Prof. T.Salamoğlunun "Azərbaycan tənqidi realizminin estetikası (C.Məmmədquluzadə və M.Ə.Sabir yaradıcılığı əsasında)" adlı monoqrafiyası məhz bu baxımdan qədərincə elmi və aktual təsir bağışlayır. Monoqrafiyada məsələlərin qoyuluşu və onlara verilən elmi təhlil müəllifin nəzərdə tutduğu məqsədi gerçəkləşdirmək iqtidarını aydın göstərir.   

Məlumdur ki, C.Məmmədquluzadə və M.Ə.Sabir Azərbaycan tənqidi realizminin iki böyük simasıdır. Azərbaycan tənqidi realizminin ideya-estetik xüsusiyyətlərinin müəyyənləşməsində ədəbiyyatşünaslığımız tədqiqatın ağırlığı məlum olduğu kimi, bir qayda olaraq, bu iki sənətkarın yaradıcılığı üzərinə düşmüşdür. Lakin yuxarıda da qeyd edildiyi kimi, sovet rejiminin ideoloji basqıları bu sənətkarların yaradıcılığını obyektiv şəkildə və bədii mətn həqiqətlərinə tam uyğun olaraq mənalandırmağa və milli tənqidi realizmin estetikasının obyektiv mənzərəsini ortaya çıxarmağa imkan verməmişdir. Milli ədəbiyyatşünaslıq daha çox tənqidi realizm əsasında formalaşdığı üçün hazır estetik qəliblərdən istifadə məcburiyyətində qaldığına görə, bu da nəticə etibarı ilə milli tənqidi realizmin həqiqi məzmunu və estetik xüsusiyyətlərini hərtərəfli aşkarlanmasına mane olmuşdur.

Prof. T.Salamoğlu sözügedən tədqiqatda ilk dəfə konseptual düşüncə müstəvisində bədii mətn həqiqətlərindən çıxış edir və milli tənqidi realizmin estetikasını bu həqiqətlər əsasında müəyyənləşdirməyi başlıca məqsəd kimi qarşıya qoyur və öz təhlilləri ilə elmi konsepsiyasını gerçəkləşdirə bilir.

Məlum olduğu kimi, bu dəyərli kitabın elmi redaktoru akademik İsa Həbibbəylidir. İsa müəllim eyni zamanda, monoqrafiyaya "Tənqidi realizmin estetikasına realist elmi baxış" adlı son dərəcə məzmunlu bir "Ön söz" yazmışdır. Görkəmli alimin çox böyük həssaslıq və elmi duyumla ümumiləşdirdiyi aşağıdakı mülahizələrdə monoqrafiyanın qarşısında duran məqsədin elmi əsaslarla səciyyələndirməsi aydın görünür. İsa müəllim yazır: "Professor Təyyar Salamoğlu böyük demokrat yazıçı Cəlil Məmmədquluzadənin və görkəmli satirik şair Mirzə Ələkbər Sabirin simasında tənqidi realizm estetikası və ədəbiyyat məsələlərini yenidən tədqiq edib, ümumiləşdirilmiş şəkildə təqdim etmişdir. Bu məqsədlə hər iki qüdrətli sənətkarın yaradıcılığı yeni elmi təfəkkür işığında təhlildən keçirilərək dəyərləndirilmişdir". Görkəmli akademikin axırıncı tezisi - "hər iki qüdrətli sənətkarın yaradıcılığı yeni elmi təfəkkür işığında təhlildən keçirilərək dəyərləndirilmişdir" mülahizəsi monoqrafiyanın XX əsr Azərbaycan ədəbiyyatı tarixi istiqamətindəki  elmi təhlillərini simvolizasiya edir. Həmin sitatda "tənqidi realizm estetikası və ədəbiyyat məsələləri"nin yenidən tədqiq edilib, ümumiləşdirilməsinə dair fikirlər tənqidi realizmin nəzəriyyəsi istiqamətindəki araşdrmalar üçün yeni baxış bucağı təlqin edir.

Yuxarıda deyilənlərdən aydın görünür ki, araşdırmada bədii material həm ədəbiyyat tarixi istiqamətində, həm də nəzəri aspektdə təhlilə önəm verilmişdir.   

Kitabın təxminən iyirmi səhifəlik "Giriş"ində alim tənqidi realizmin estetikası problemini ədəbiyyatşünaslıq müstəvisinə çıxarır, xüsusən rus və Azərbaycan ədəbiyyatşünaslığında problemə elmi yanaşmalardakı tipoloji özünəməxsusluqları, mövqelərdəki birləşən və ayrılan cəhətləri üzə çıxarmaqla bərabər, öz baxış bucağını da ortaya qoyur.

O da məlumdur ki, bir zamanlar milli ədəbiyyatşünaslıqda maarifçi realizmlə tənqidi realizm arasındakı əsas tipoloji fərqlər və tənqidi realizmin estetikasını müəyyənləşdirən əsas xüsusiyyətlər "qəti inkar və rədd" məzmun daşıyıcılığına görə önə çəkilmişdir.

Milli ədəbiyyatşünaslığımızda yer alan bu tendensiya T.Salamoğlunun ortaya qoyduğu tənqidi realizm konsepsiyasında birmənalı şəkildə qəbul edilmir. Tədqiqatçı tənqidi realizmdə həm inkar, həm də təsdiq pafosunun önəm kəsb etdiyini vurğulayır və məhz onların paralelizminin bu realizmi tənqidi realizm kimi şərtləndirməsi məsələsini elmi dövriyyəyə təqdim edir. Kitabda sözügedən konsepsiyanın elmi əsaslara malik olduğunu sübut etmək üçün tədqiqatçı məsələyə mövqeləri təhlil müstəvisinə çəkməklə bərabər, milli realizmin nəhəngləri olan C.Məmmədquluzadə və Sabirin yaradıcılığında bu tendensiyanı təsdiq edən zəngin materialı əhatəli təhlil edir.

T.Salamoğlu rus ədəbiyyatşünaslığında dünya tənqidi realizminin böyük nümayəndələrindən olan Balzak, Dikkens, Tekkerey və digərlərinin yaradıcılığına verilən təhlilləri ümumiləşdirərək belə qənaətə gəlir ki, "...nə Balzakda, nə Dikkensdə, nə də Tekkereydə burjua ictimai mühitini bütövlükdə inkar tendensiyası yoxdur". Məsələyə obyektiv baxışları tədqiq-təhlil süzgəcindən keçirilir, dünya tənqidi realizminin böyük əksəriyyətinin yaradıcılığında yumoristik tənqidin əsaslı dəyər kəsb etməsinə aydınlıq gətirilir, böyük realistlərin "tənqidin tərbiyəedicilik funksiyasına inandıqları"na dair rus ədəbiyyatşünaslığında səslənən fikirlərə diqqət çəkilir. Mövqeyində israrlı olan T.Salamoğlu yazır: "Ədəbiyyatşünaslıq etiraf edir ki, "Dikkens dünya ədəbiyyatının ən böyük yumoristik yazıçılarından biridir... Dikkensin gülüşü onun nikbinliyinin və pisliklərin, bəlaların islah edilə bilməsinə inamının təzahürüdür".

T.Salamoğlu milli ədəbiyyatşünaslıqda  vaxtı ilə tənqidi realizmdə təsdiq pafosunun əsas səciyyəvi cəhətlərdən biri olduğuna dair elmi mövqeyin mövcudluğundan bəhs açır, A.Əfəndiyevin 1971-ci ildə çap etdirdiyi "Azərbaycan ədəbiyyatında sosialist realizminin ərəfəsi və təşəkkülü" adlı monoqrafiyasında (rus dilində) tənqidi realizmin təsdiq pafosu ilə bağlı gətirdiyi arqumentləri təhlil süzgəcindən keçirir, bədii mətnlərlə bağlı mülahizələrini ətraflı şərh edərək alimin ümumiləşmiş qənaətini təqdim edir: "Məsələ onunla yekunlaşır ki, Sabir təkcə tənqidçi-satirik deyildi, sözün geniş mənasında, həqiqi realist idi. Kim bunu başa düşmür, yaxud lazımınca dərk etmir, deməli, o, böyük sənətkarın yaradıcılığının mahiyyətini başa düşmür.

Tənqidilik - bu, ancaq onun realizminin bir tərkib hissəsi, bir elementidir. Onun realizminin digər vacib keyfiyyəti isə müsbət tendensiyaların, hələ ki, ruşeym halında, yeni doğulmaqda olan və gələcəyimizi ifadə edən hadisələrin doğru-dürüst təsviridir".


T.Salamoğlunun araşdırmalarında tənqidi realizmin təsdiq pafosuna çox böyük əhəmiyyət verməsi heç də təsadüfi deyildir. Tədqiqatçı hesab edir ki, tənqidi realizmin "qəti inkar və rədd" pafosuna müncər edilməsi sovet ideologiyasının milli keçmişlərə inkarçı münasibəti ilə birbaşa bağlıdır. Bu inkarçı münasibət ədəbiyyatşünaslığın sovet rejimindən əvvəlki milli varlığı tənqidi realizmin, guya "qaranlıq dünya" kimi təqdim etməsinə dair mövqeyində öz əksini tapır.

Monoqrafiyanın birinci fəslində "Qaranlıq dünya" problemi və Mirzə Cəlilin nəsr qəhrəmanları", ikinci fəslində isə "Mirzə Ələkbər Sabirin milli intibah idealı" məsələləri müstəviyə çıxarılır və hər iki istiqamətə tənqidi realizmin inkar və təsdiq pafosları kontekstində elmi təhlil verilir.

Birinci fəslin birinci yarımfəslində "Qaranlıq dünya" - "zülmət səltənəti ideyası və onun fəlsəfi-ideoloji əsasları" araşdırılır, ikinci yarımfəsildə isə İ.Həbibbəylinin "Cəlil Məmmədquluzadə: mühiti və müasirləri" monoqrafiyasında "Qaranlıq dünya" probleminə verilən elmi şərhin əsas tezisləri bir araya gətirilir. Tədqiqatçı düşünür ki, monoqrafiyada problemlə bağlı qoyulan "konsepsiyanı istinad mənbəyi kimi alaraq sovet ədəbiyyatşünaslığının XIX əsrin sonu, XX əsrin əvvəlləri Azərbaycan ədəbiyyatına ideoloji-sosioloji baxış konsepsiyasını dəyərdən salmaq"la tənqidi realizmin estetikasına və nümayəndələrinin yaradıcılığına yeni baxış bucağı formalaşdırmaq mümkündür.

Məxsusi vurğulanmalıdır ki, araşdırmada yer alan "Novruzəli və Məhəmmədhəsən əmi obrazları bədii mətn həqiqətləri kontekstində", "Novruzəli - Vəli xan, Məhəmmədhəsən əmi - Xudayar bəy münasibətlərinin tarixi və estetik mahiyyəti", "Ədəbiyyatşünaslığın "Usta Zeynal" məntiqi", "Sabir realizminə elmi-nəzəri və metodoloji yanaşmanın bəzi aspektləri", "Sabir satirasında "ictimai yuxarılar", "Sabir satirasının dialoji-polifonik məzmunu: inkar və təsdiq pafosu" və s. məsələlər öz qoyuluşu və elmi həlli baxımından tamamilə yenidir. Tədqiqatçı belə qənaətdədir ki, "tənqidi realistlərin yaradıcılığında xarakterin yaradılmasında ümumiləşdirmə və fərdiləşdirmə tip yaratmanın elmi-nəzəri əsası kimi qəbul edilsə də, obrazın fərdi xarakterinə münasibət bədii mətn diktələrindən kənarlaşdırılır və daha çox onun mənsub olduğu təbəqəyə aid edilmiş ümumi nəzəri postulatlar əsasında dəyərləndirilir". T.Salamoğlu, ilk dəfə olaraq, Mirzə Cəlilin nəsr qəhrəmanlarını - Məhəmmədhəsən əmi, Novruzəli, Usta Zeynal, Vəli xan, Xudayar bəy və digərlərini stereotip qiymətləndirmədən - ümumi nəzəri postulatlar müstəvisində dəyərləndirmədən kənara çıxarır. Bu obrazların hər birini mənsub olduğu təbəqədən qaynaqlanan xüsusiyyətlərlə deyil, fərdi xarakterlərinin bədii mətndə əks olunan səciyyəvi cəhətlər əsasında qiymətləndirilir. Nəticədə, T.Salamoğlunun araşdırmalarında Məhəmmədhəsən əmi və Novruzəli heç bir sosial düşüncəyə malik olmayan "yatan qəhrəman" qəlibindən çıxarılıb həyatın gəlişini-gedişini başa düşən, özünəməxsus məntiqə və mühakiməyə, sosial düşüncəyə malik normal həyat adamları kimi təfsir olunur.

Müəllif Xudayar bəy və Vəli xan obrazlarına fərdi xarakter müstəvisində son dərəcə orijinal təhlil verməyə, "Novruzəli - Vəli xan, Məhəmmədhəsən əmi - Xudayar bəy münasibətlərinin tarixi və estetik mahiyyəti"ni konkret faktlar əsasında yetərincə nail olur.

"M.Ə.Sabirin milli intibah idealı" məsələsinin tənqidi realizmin estetikasını açmaq imkanı nə dərəcədədir - sualına aydınlıq gətirən T.Salamoğlu kontekstdə Azərbaycan tənqidi realizminin estetikası ilə "M.Ə.Sabirin milli intibah idealı" arasındakı məntiqi əlaqəni, bir-birini tamamlayan cəhətləri bir araya gətirməklə araşdırmasında düşündüklərini elmi şəkildə gerçəkləşdirmək bacarığını nümayiş etdirir.

Tədqiqatda, ilk növbədə, "Sabir satirasında xalq və millət" problemi sənətkarın milli intibah idealının "ictimai yuxarılara" münasibət kontekstində şərhi nöqteyi-nəzərindən diqqətimizi çəkdiyini qeyd etməliyik. T.Salamoğlu "millət" sözünü Sabir satirasının "əzəl mübtədası" hesab edərək, ədəbiyyatşünaslıqda bu sözün "xalq" anlayışı ilə əvəz edilməsini sənətkarın milli intibah idealının ifadəsi baxımından qüsurlu və kifayət qədər ideoloji əsaslı hesab edir. Xəlqilik və millilik bir-birini tamamlayan anlayışlar kimi, Sabir satirasına münasibətdə "xalq" anlayışı "ictimai aşağılar"a aid edildiyinə görə əlbəttə ki, bir mənada onun milli intibah idealının məqsədini gerçəkləşdirmək gücündə deyil. Professor Təyyar Salamoğlunun əsaslandırılmış qənaətlərinə görə, Sabirin milli intibah uğrunda mübarizəsi ancaq "ictimai aşağılar"ı, başqa sözlə, "xalq"a münasibəti deyil, "ictimai aşağılar"la "ictimai yuxarılar"ın birliyini ehtiva edən "millət" uğrunda mübarizə anlamı kontekstində daha inandırıcı təsir bağışlayır.

 Müəllif Sabir satirasında "ictimai yuxarılar"a kəskin tənqidi münasibəti qəbul etmir, "ictimai şüur yoxsulluğuna qarşı mübarizədə həm "ictimai aşağıların və yuxarılar"ın eyni dərəcədə hədəfə alındığını önə çəkir ki, tədqiqatçının aşağıdakı qənaəti ilə tam razılaşmaq olar: "Ümumiyyətlə, Sabirin estetik düşüncəsində ölümə məhkum olan milli-sosial təbəqə yoxdur. Sabir yenicə yaranmaqda olan burjua münasibətləri zəminində meydana çıxan sosial-təbəqə və zümrələri milli birlik uğrunda mübarizəyə səsləyir".

T.Salamoğlu qəti fikirdədi ki, Sabir milli birlik uğrunda mübarizədə ictimai şüur yoxsulluğuna kəskin tənqidi münasibət ifadə etməklə bərabər, cəmiyyətdə gedən mütərəqqi prosesləri də riyazi dəqiqliklə əks etdirib. Tədqiqatda "Sabir satirasının dialoji-polifonik məzmunu: inkar və təsdiq pafosu" yarımfəslində Sabir satirasının məna polifonizmini açan cəhətlərə diqqət çəkilir, sosial tiplərin monoloq və dialoqlarında onların özlərinə məxsus düşüncə və mövqeləri ilə bərabər, əks mövqe və düşüncələrin ifadəsinə önəm verilir və kontekstdə mövqe və düşüncələrdə cəmiyyətdə gedən mütərrəqqi proseslərin, ictimai tərəqqinin danılmaz faktlarının əks olunmasına dair əsaslı fikirlər yer alır. Məhz həmin fikir və mövqelər Sabir satirasının nikbin pafosunu müəyyənləşdirir, tənqidi realizmdə inkar pafosu ilə yanaşı, təsdiq pafosunun da aparıcı mövqedə dayandığını isbat edir.

Təyyar Salamoğlunun "Azərbaycan tənqidi realizminin estetikası (C.Məmmədquluzadə və M.Ə.Sabir yaradıcılığı əsasında)" adlı monoqrafiyasında məsələlərə sırf elmi-nəzəri kontekstdə yanaşıldığı aydın görünür və müasir ədəbiyyatşünaslıq düşüncəsi axarında yazılan bu əsər həm çap olunmağa, həm də müasir ədəbi-elmi prosesin hadisəsi kimi qəbul olunmağa layiqdir. Düşünürük ki, bu tədqiqat milli ədəbi-tarixi prosesə, xüsusən Azərbaycan tənqidi realizminə yeni elmi baxış ənənəsinin formalaşmasına əsaslı təkan verəcəkdir.

 





09.01.2019    çap et  çap et