525.Az

UNEC-də növbəti mediatur


 

UNEC-də növbəti mediatur<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasının gedişini müşahidə etmək məqsədi ilə mediatur təşkil edilib.
 
Mediaturda KİV nümayəndələri ilə yanaşı, UNEC İctimai Nəzarət Şurasının üzvləri də iştirak edib. Onlar UNEC-də qış imtahan sessiyasının mövcud qaydalara uyğun təşkilini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

"SABAH" qruplarında aparılan yazılı imtahanda 160-dan çox tələbə iştirak edib. İmtahan zamanı tələbələrə 5 sual təqdim olunub. Sualları cavablandırmaq üçün onlara 100 dəqiqə vaxt verilib. İmtahan zamanı tələbələrə biliklərini nümayiş etdirmək üçün bütün şərait yaradılıb. Onlar da bu şəraitdən yararlanaraq çox sərbəst və rahat şəkildə sualları cavablandırırlar. Stress və həyəcan keçirmədən.

İmtahan prosesində nizam-intizam, şəffaflıq özünü biruzə verib. Tələbələrə, ümumilikdə imtahan prosesinə kənar müdaxilə olmayıb. Yəni imtahanda iştirak edən nəzarətçi və məsul şəxslər yalnız öz vəzifələrini yerinə yetirib. İmtahan prosesi zamanı heç bir neqativ halla qarşılaşılmayıb.

Tələbələrin biliyinin qiymətləndirilməsi zamanı da obyektivlik təmin edilir. Belə ki, təqdim olunan suallara düzgün cavab verən tələbənin biliyi düzgün qiymətləndirilir. Şəffaflıq təmin edilir. Tələbə imtahanda göstərdiyi nəticəyə görə qiymətləndirilir.

"XXI Əsr" Təhsil Mərkəzi İB-nin rəhbəri Etibar Əliyev bildirib ki, yazılı imtahanlar biliyin təkminləşməsi üçün mühüm rol oynayır: "Test imtahanları zamanı tələbələr yalnız variant seçməklə düzgün cavabları qeyd etdikləri halda yazılı imtahanlar zamanı əvvəlcə düşünüb sonra isə yazacaqları yazını qarşı tərəfə necə düzgün izah edəcəyi barəsində düşündüyü zaman çox bilik əldə edirlər. İmtahanda verilən vaxt kifayət edir ki, bütün suallar cavablandırılsın. UNEC-də yaradılan şərait digər universitetlərdən çox fərqlənir. Tələbələrin xeyrinə maksimum şərait yaradılır ki, imtahanları uğurlu şəkildə versinlər. UNEC-də tələbələrin biliyinin qiymətləndirilməsində innovativ və obyektiv yanaşmaların tətbiqinə hər zaman olduğu kimi bu sessiya müddətində də həssas yanaşılıb".

E.Əliyevin sözlərinə görə, tələbələrin əksəriyyəti testdə qoyulan sualların mahiyyətini başa düşməyə çətinlik çəkirlər. Yazılı imtahanlar isə tələbələri verilən materialları, dərslikləri və əlavə məlumatları oxuyub öyrənməyə məcbur edir. Onların dünya görüşünü artırırır. Tələbə imtahanın yazılı keçəcəyini biləndə, fənnə daha diqqətlə qulaq asır.

"Trend" İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyev vurğulayıb ki, hər il olduğu kimi, bu il də UNEC-də imtahan sessiyası yüksək səviyyədə təşkil olunub, tələbələrin imtahan zamanı biliklərini rahat, sərbəst şəkildə nümayiş etdirmələri üçün lazımi şərait yaradılıb. A.Nağıyev tələbələrin imtahan suallarını sərbəst cavablandırmalarını, imtahan sessiyasının gedişində nizam-intizam qaydalarına ciddi əməl olunduğunu, eləcə də baş verə biləcək bütün mənfi halların qarşısının alınması üçün lazımi tədbirlərin görüldüyünü müşahidə etdiyini vurğulayıb.

Təhsil eksperti Məlahət Mürşüdlü qeyd edib ki, bu gün müşahidəçi qismində imtahanların gedişatını izləyib: "Tələbələrin biliklərini tam nümayiş etdirməsi üçün çox gözəl mühit yaradılıb. Mühit amili əsas kriteriyalardan biridir. Tələbələrlə söhbətlərdən məlum oldu ki, onlar yekdilliklə imtahanların yazılı formada keçirilməsini bəyənirlər. İmtahan tələbələrin biliklərinin təsdiqi prosedurudur. Bu prosedur UNEC-də şəffaf, obyektiv keçirilir. Prosesin obyektiv keçirilməsi tələbələrdə ruh yüksəkliyi yaradır".

Qeyd edək ki, yanvarın 3-dən UNEC 2018-2019-cu tədris ilinin qış imtahan sessiyasına start verilib. Sessiyada ümumilikdə 12234 əyani bakalavr və 3274 magistr iştirak edəcək. 2018-2019-cu qış imtahan sessiyasında iqtisadiyyat və idarəetmə ixtisasları, həmçinin, texniki-texnoloji ixtisaslar üzrə yazılı imtahanlar təşkil olunacaq.

Şəffaflığı və obyektivliyin daha da effektiv təmin edilməsi məqsədi ilə sessiya dövründə UNEC-in "Qaynar xətt"i 1846 müraciət və sorğuları operativ qəbul edir. Hər il olduğu kimi, bu il də UNEC-in "Qaynar xətt" xidməti QHT, KİV və ictimaiyyət nümayəndələrinə həvalə edilib. Xidmətə daxil olan müraciət və şikayətləri, eyni zamanda, onların araşdırılmasına da yalnız onlar nəzarət edir. "Qaynar xətt"ə daxil olan bütün müraciətlər QHT, KİV və ictimaiyyət nümayəndələri tərəfindən dinlənilir, araşdırılır. 

Hər sessiya dövründə olduğu kimi, bu dəfə də imtahan prosesində tələbələri narahat edən hər hansı məsələnin operativ araşdırılması məqsədilə UNEC-də "Qərargah" yaradılıb. "Qərargah" bir ay boyunca UNEC-in bütün tədris binalarında fəaliyyət göstərəcək. İş günləri saat 09:00-dan 18:00-dək fəaliyyət göstərən "Qərargah"lar daxil olan bütün müraciətləri dinləyərək, problemləri operativ araşdıraraq, cavablandıracaq. Bundan başqa, tələbələrin imtahanlara daha rahat hazırlaşması üçün hər tədris binasında internet ilə təchiz edilən xüsusi auditoriyalar və əşyalarını yerləşdirmək üçün saxlanc otaqları ayrılıb.

İmtahanlara hazırlaşan tələbələrə 24 saat fəaliyyət göstərən UNEC 24/7 Kitabxanası xidmət göstərir. Tələbələr həmçinin, tədris korpuslarında imtahan sessiyası ilə əlaqədar gücləndirilmiş rejimdə 22.00-dək fəaliyyət göstərən Oxu zallarından istifadə edə bilərlər.

S.QARAYEVA

 





09.01.2019    çap et  çap et