525.Az

"Mehmandan qəhrəman düzəltməyə çalışanlar müstəqil siyasətimizdən qıcıqlananlardır"


 

DEPUTAT SAHİB ƏLİYEV: "İNSANLARIMIZ MÜXALİFƏTÇİLİKLƏ DÜŞMƏNÇİLİYİ, SEVGİ VƏ TƏƏSSÜBDƏN DOĞAN TƏNQİDLƏ QRANT İYİ VERƏN BOŞBOĞAZLIQLARI BİR-BİRİNDƏN YAXŞI AYIRIR"

"Mehmandan qəhrəman düzəltməyə çalışanlar müstəqil siyasətimizdən qıcıqlananlardır"<b style="color:red"></b>

Milli Məclisin deputatları son günlər Mehman Hüseynovun adı ətrafında söhbətlərə münasibət bildiriblər.

Millət vəkili Sahib Alıyev deyib ki, Mehman kimilərdən qəhrəman düzəltməyə çalışanlar Azərbaycanın müstəqil siyasətindən qıcıqlananlardır.

S.Alıyev bildirib ki, jurnalistikanı nəzəri və praktiki baxımdan bilən bir adam kimi, Mehman Hüseynovu, eyni zamanda, konkret maddələrlə həbs olunan, lakin Qərbdəki bəzi dairələrin jurnalist adlandırdığı digərlərini jurnalist hesab etmir: "Onların yazdıqları, paylaşdıqları materiallar jurnalistikanın tələblərinə qətiyyən cavab vermir. Ümumiyyətlə, hazırda sosial şəbəkələrdə Mehman Hüseynov kimi oyunbazlıqlara gedərək diqqət çəkmək istəyənlərin, yazdıqlarının və dediklərinin məsuliyyətini dərk etməyənlərin sayı minlərlədir. Sadəcə Mehman Hüseynovun onlardan fərqi budur ki, onun Qərbdəki bəlli çevrələrlə müəyyən bağlantıları var".

Millət vəkilinin sözlərinə görə, hər bir cəmiyyətdə, elə Qərbin özündə də ictimai rəy yaradan liderlər adətən o adamlar olur ki, onların zəngin həyat təcrübələri, yüksək intellektləri var, güclü xarakter sahibləridir, millət və vətən qarşısında müəyyən xidmət göstəriblər: "Amma bəlli çevrələr bizdə ümumiyyətlə dediyi sözün məsuliyyətini daşımayan və elementar mədəniyyəti olmayan, aşağı intellektli adamlardan ictimai rəy liderləri yaratmağa, onları qəhrəmanlara çevirməyə çalışırlar. Bu, alınmayacaq, çünki xalqımız indiyə qədər ictimai lider gözündə əsl ziyalılarımızı, vətən qarşısında xidməti olanları görüblər. Yəni bütün bu məsələlərdə mənə təəccüblü görünən heç nə yoxdur. O səbəbdən yoxdur ki, bizdə guya söz azadlığının təhlükədə olduğunu deyən, guya jurnalistlərin nahaq yerə həbs olduğunu qabardan həmin çevrələr başqa məsələlərdə də oxşar yanaşma sərgiləyirlər. Özlərinə gələndə separatizmi, terrorizmi lənətləyir, amma digər yerlərdə terrorçulardan, separatçılardan öz məkrli niyyətləri üçün faydalanırlar. Məsələn, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin "başçısı" da daxil olmaqla, orada əlləri azərbaycanlıların qanına batmış terrorçu və separatçıları ölkələrinə dəvət edir, onlara maliyyə yardımı göstərirlər. Yəni onların bizə yanaşmaları budur və bundan təəccüblənməyə dəyməz. Biz doğru yoldayıq və nə qədər cəhdlər edilsə də, çox şükürlər ki, kimsə bizi bu yoldan sapdıra bilməyib".

S.Alıyev vurğulayıb ki, Azərbaycan regionda yeganə dövlətdir ki, müstəqil siyasət yürüdür: "Mehman kimilərdən süni ictimai rəy lideri, qəhrəmanlar düzəltməyə çalışanlar da bu siyasətdən qıcıqlananlar, özlərinə vassal axtaranlardır. Onlardan maliyyə və sair asılacağımız olmadığı üçün başqa təzyiq metodlarını işə salmağa çalışırlar ki, bunlardan da biri öz içimizdəkiləri özümüzə qarşı çevirməkdir. Amma alınmayacaq, çünki insanlarımız müxalifətçiliklə düşmənçiliyi, sevgi və təəssübdən doğan tənqidlə qrant iyi verən boşboğazlıqları bir-birindən yaxşı ayırır. Bunun ən gözəl örnəyini biz "Milli Şura" deyilən nəsnənin keçirdiyi mitinq və digər tədbirləri xalqın necə boykot etməsində də açıq-aydın görürük. Başda liderləri olmaqla, bu adamlar hamısı siyasətdə mehman, yəni qonaqdırlar. Sadəcə bəziləri sözün hər anlamında çoxüzlü qonaqdır, çoxdan siyasəti tərk etməli olduqları halda hələ də qalırlar".

Deputat Hikmət Babaoğlu isə deyib ki, son günlər antiazərbaycan mərkəzlər yenidən Azərbaycanda süni gündəm yaratmağa və barəsində məhkəmə hökmü olan Mehman Hüseynov adlı şəxsi bu məqsədlə həmin süni gündəmə alət etməyə çalışırlar. Deputat bildirib ki, əslində, bu hay-küyün M.Hüseynovla heç bir əlaqəsi yoxdur: "O, Azərbaycan vətəndaşı olaraq qanunun tələblərini pozub və hakimiyyətin üç müstəqil qolundan biri olan məhkəmə hakimiyyətinin qərarı ilə məsuliyyətə cəlb edilib. İndi isə onu bu vəziyyətə düşməyə təhrik edənlər bir daha onu növbəti qanun pozuntusuna cəlb etməklə vəziyyətdən sui-istifadə edirlər. Bu, yolverilməzdir və heç bir beynəlxalq istismarçı şəbəkənin bunu etməyə haqqı yoxdur. Təəssüf ki, bəzən Mehman kimi qurbanları öz toruna salmağı bacaran antiazərbaycan şəbəkələr belə gəncləri axıra qədər istismar etməklə onları öz milli maraqlarına qarşı qoyurlar. Hazırda baş verənlər də növbəti belə oyunun bir halqasıdır".

H.Babaoğlu vurğulayıb ki, Azərbaycana qarşı cəbhə açan belə şəbəkələri nə Mehmanın taleyi, nə də Azərbaycanın mənafeyi maraqlandırır: "Tam əksinə, onlar hüquq və demokratiya müdafiəçiləri kimi görünməklə əslində, Azərbaycana qarşı düşmənçilik edir, onun beynəlxalq nüfuzuna kölgə salmağa çalışır, ölkəmizin dünya ictimai rəyində antidemokratik obrazını yaratmağa cəhd edirlər. Nəticədə belə mərkəzlər üçün elə Mehman Hüseynov da bir azərbaycanlıdır və onun həbs edilməsi də elə həmin mərkəzlər üçün bir qənimətdir. Çünki hazırkı mürəkkəb beynəlxalq şəraitdə söhbət xalqların qlobal müstəvidə mübarizəsindən gedir. Bu mübarizənin qalibləri öz təhlükəsizliklərini təmin edib yaşayacaq, məğlublar isə milli dövlətçiliklərini itirəcəklər. Ona görə də Azərbaycanın əldə etdiyi heç bir uğur imperialist mərkəzlər tərəfindən həzm edilmir. Onlar güclü, təhlükəsiz, özünü müdafiə etməyi bacaran, Lələtəpə, Günnüt əməliyyatları keçirməyə qadir olan, qlobal meqalayihələri həyata keçirən və nəhayət, bir gün öz ərazi bütövlüyünü təmin edə biləcək Azərbaycanı istəmirlər. Məsələnin qısa mahiyyəti bundan ibarətdir. Ona görə də vaxtaşırı bu tipli manipulyasiyalarla üzləşirik. Ancaq məsələ ondadır ki, artıq anti-Azərbaycan mərkəzlərin belə ssenarilərinə qarşı Azərbaycanda ictimai immunitet yaranıb və bənzər metodlarla ölkəmizə təzyiq göstərmək mümkün deyil".

"Ümumiyyətlə, Mehman Hüseynov heç vaxt jurnalist fəaliyyəti göstərməyib, onun kimilərinin məqsədi yalnız Azərbaycan haqqında mənfi rəy yaratmaq olub". Bunu isə Yeni Azərbaycan Partiyasının İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib. O qeyd edib ki, M.Hüseynov insanların şəxsi əmlakını çəkərək cəmiyyətə təqdim etməyə çalışır və bu yolla da onların mülkiyyət hüquqlarını pozurdu: "Onun qardaşı Emin Hüseynov da bir müddət İsveçrənin Bakıdakı səfirliyində yaşadı, sonra İsveçrəyə getdi. Yəni bu adamların məqsədi dövlətə, xalqa xidmət deyil, ölkəmiz, dövlətçiliyimiz, xalqımızı haqqında mənfi informasiya yaymaqdır".

S.Novruzov bildirib ki, kim hansı əməli törədibsə, cəzasını almalıdır: "Mehman Hüseynov da cinayət törədib, eyni zamanda, vəzifəsini yerinə yetirən zabitə qarşı zor tətbiq edib. Kim olursa-olsun, cinayət törədibsə, mütləq cəzasını almalıdır. Hər kəs qanun qarşısında birdir və törətdiyi cinayətə görə cəzasını almalıdır".

YAP İcra katibinin müavini vurğulayıb ki, antimilli qruplar və onların xaricdəki havadarları bu hadisəni Azərbaycanın əleyhinə növbəti kampaniyaya başlamaq üçün fürsət kimi istifadə edirlər: "Bu kampaniyanın arxasında kimlərin durduğu, əslində, məqsədin Azərbaycan dövlətinə təzyiq göstərmək cəhdi olduğu bəllidir. Təsadüfi deyil ki, Viktoriya Nulandın "uşaqları"nın çirkab kampaniyası ermənipərəst senator Marko Rubionun Azərbaycana qarşı açıqlaması və bu cəbhədə xüsusi yer tutan "The Washington Post" qəzetinin redaksiya məqaləsi ilə tamamlandı. Eyni şəbəkənin xaricdəki və Azərbaycandakı izləri çox aydın göründü".

Millət vəkilinin sözlərinə görə, antimilli şəbəkə və onların xaricdəki havadarları unutsalar da, dəfələrlə sübut olunub ki, Azərbaycan dövləti ilə təzyiq dilində danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil.

 





10.01.2019    çap et  çap et