525.Az

Antimilli qüvvələrin "Mehman Hüseynov planı" necə iflasa uğradı?


 

Antimilli qüvvələrin "Mehman Hüseynov planı" necə iflasa uğradı? <b style="color:red"></b>

Azərbaycanın əleyhinə qarayaxma, şər-böhtan kampaniyası aparan xaricdəki "mühacir şəbəkəsi" və onların havadarları istənilən fürsətdən "faydalanaraq" öz çirkin əməllərini davam etdirməyə çalışırlar. Onların həm xaricdəki, həm də ölkəmizdəki havadarları isə bu kampaniyada həmişə olduğu kimi, "fəal" iştirak edirlər. Bu cür antimilli qüvvələr sanki pusqu quraraq, öz ovlarını gözləyirlər.

Təbii ki, belə olan halda, Mehman Hüseynov məsələsini də onlar üçün göydəndüşmə oldu. Başqa sözlə, Mehman onlar üçün çox gözəl və faydalı fürsət idi. Ən azı sifarişlərin yerinə yetirdikləri xarici dairələri razı salmaq üçün var gücləri ilə "çalışmalı", Mehman olayından maksimum dərəcədə istifadə edərək ölkəmiz əleyhinə yeni çirkli kampaniyaya start verməli idilər. Belə də oldu. Məlumdur ki, həmin qüvvələri Mehman Hüseynovun vəziyyəti narahat etmirdi. Heç Mehmanın səhhəti onlar üçün sonuncu yerdədə deyildir. Əsas məsələ qeyd etdiyimiz kimi sponsorlarını heç olmasa bu dəfə razı salmaq idi. Əks halda, qrantları kəsilə bilərdi. Nə qədər çox söysələr, təhqir etsələr, şər-böhtan yağdırsalar, beynəlxalq mətbuata, beynəlxalq təşkilatlara çıxa bilsələr, bir sözlə, ölkəmiz barəsində nə dərəcədə mənfi rəy yarada bilsələr,  o qədər çox da qrant alacaqlar.  Öndə isə həmişəki xüsusi komandadır: 5-ci kolonun fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı, Həbib Müntəzir, Məhəmməd Mirzəli, Nahid Cəfərov, Sevinc Osmanqızı və digərləri. 

Artıq hər kəsə məlumdur ki, demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürləri demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar düşündürür. Əgər həqiqətən onları insan haqları, demokratiya maraqlandırsaydı, onda yaşadıqları Avropa ölkələrində baş verənləri də görüb, bir canlı yayımı həmin hadisələr barəsində edərdilər.

Məgər bütün dünyanın gördüklərini onlar görmürlər?! Avropada, elə Avropanın mərkəzi Fransanın özündə mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının kobud şəkildə pozulması faktlarına necə göz yummaq mümkündür?  Ötən ilin axırlarından başlayaraq, Avropada enerji vasitələrinə tətbiq edilən qiymət artımları, vergilərlə bağlı yaşanan etirazlar xüsusilə Fransa, Belçikada "sarı jiletlilər" adı altında aksiyalara səbəb oldu. 2018-ci il noyabrın 17-də başlayan "sarı jiletlilər" aksiyalarında indiyədək 5 min 600 nəfər saxlanılıb, mindən çox insan həbs edilib, o cümlədən, 10 nəfər həlak olub.

Maraqlı olan həm də bu ölkələrdə belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT nin əlaqədar qurumlarının səslərini çıxarmamalarıdır.  Amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə antidemokratiyada ittiham olunur. Əgər söhbət həqiqətən demokratik dəyərlərdən, insan haqlarından gedirsə, onda ikili standartlar kənara qoyulmalı, hər bir ölkəyə oxşar məsələlərdə yanaşma eyni olmalıdır. "Avropaya olar, Azərbaycana, digər müsəlman ölkələrinə olmaz" prinsipinin davam etdirilməsi  o dəyərlərin ilk növbədə Avropanın özü tərəfindən tapdanmasının bariz göstəricisidir.

Yuxarıda qeyd etdiyimiz kimi, mühacir şəbəkəsi və onların ölkəmizdəki, eləcə də xaricdəki havadarları hər fürsətdə Azərbaycanı qaralamağa imkan axtarırlar. Belə olmasaydı, heç bir əsas olmadan Mehmah Hüseynov məsələsini bu dərəcədə şişirtməzdilər.

Mehman Hüseynovun aclıq aksiyası keçirməsi, onun vəziyyətinin kritik olduğunu yazaraq, böyük yalan danışmaqdan belə çəkinmədilər. Hətta rəsmi məlumatları, Penitensiar Xidmətin, Ombudsman Aparatının deyilənlərin həqiqətə uyğun olmadığına, Mehman Hüseynovun aclıq aksiyası keçirmədiyinə, səhhətinin isə yaxşı olduğuna dair açıqlamalarını təkzib edərək, heç bir əsasa, fakta söykənmədən bu qurumları "yalan" danışmaqda ittiham etdilər. Onlar Mehman Hüseynovun ölüm ayağında olduğunu tirajladılar. İnsan haqlarına hörmət tələb edən bu ünsürlər Mehman Hüseynovla insidentdə zərər çəkən, xəsarət alan orqan əməkdaşını mənəvi terrora məruz qoyurlar.

Ancaq Mehman Hüseynovun doğma qardaşı Emin Hüseynov da daxil olmaqla, bu şər-böhtan şəbəkəsi növbəti dəfə ifşa edildi. Belə ki, yanvarın 7-də Ədliyyə Nazirliyi yanında İctimai Komitənin üzvləri, hüquq müdafiəçiləri - Sahib Məmmədov, Əliməmməd Nuriyev, Rauf Zeyni, Səadət Bənənyarlı dünən Bakı İstintaq Təcridxanasında həbsdə olan bloqqer Mehman Hüseynovla görüşüblər. Hüquq müdafiəçiləri M.Hüseynovla bir saatdan çox söhbət ediblər, onun səhhəti, saxlanma şəraiti ilə maraqlanıblar. Məlum olub ki, Mehman Hüseynov aclıq aksiyası keçirmir, səhhəti normaldır, yeganə istəyi sə azadlığa çıxmasıdır. Hüquq müdafiəçisi Sahib Məmmədov "525"ə mövzu ilə bağlı bunları deyib: "Mehmanın vəziyyəti normaldır, ona qarşı heç bir pis rəftar olmayıb. Biz onun saxlandığı kameraya da baxdıq. 4 nəfərlik yerdə iki kamera yoldaşı var idi, pəncərəni açıb içərini havalandırırdılar, kamera istiliklə tam təmin olunub, su, sanuzel sistemi öz qaydasındadır,  televizor var, 18 kanalı tutur və gecə saat 4-də kimi baxmaq imkanı var, yəni demək olar ki, səhərə qədər. Mehman özü dedi ki, yaganə problemi azadlığa çıxmasıdır". Hüquq müdafiəçisi deyib ki, orda olanda Mehman kamerada yox idi, başqa bir korpusada Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK)  üzvləri ilə görüşə getmişdi: "Ondan əvvəl isə atası ilə görüşüb, xeyli söhbət edib. Saat yarımdan çox bizimlə görüşdə oldu.  Çay süfrəsi arxasında oturub söhbət etdik".

S.Məmmədov təəssüflə bildirib ki, dünəndən Mehmanın qardaşı Emin Hüseynov onları söyməyə başlayıb: "Emin Hüseynov internet TV-lərin birində deyir ki, aclığın növləri var, qismən yeməkdan imtina etmək və s.  Bəli, Mehman müəyyən yeməkləri qəbul etmir, bu isə aclıq aksiyasına görə deyil, pəhrizdir. Mədəsindəki problemə görə. Qardaşı isə yalandan manipulyasiya ilə məşğuldur.  Mən Mehmanın sözlərini deyirəm, bunları sübut etmək imkanımız da var. Orda digər hüquq müdafiəçiləri də olub". Hüquq müdafiəçisi Mehman məsələsində iki qrupun ortada olduğunu düşünür: "Bir qrup doğurdan bu məsələ ilə maraqlanır. Neçə adam dünəndən zəng edib, mənə təşəkkür bildirib, mesaj qutuma yazıb. Bir qrup isə bu aksiyadan faydalanmağa çalışır. Biz Mehmanla görüşüb özünün istəyi ilə şəkil çəkdirdik. Ona daha əvvəl Konstitusiyanın maddəsini izah etdik ki, icazəsi olmadan adından heç nə, o cümlədən, şəkilləri yayıla bilməz. Hamısını izah etdik, dedi ki, əksinə, bunları istəyirəm, yaysanız minnətdar olaram. Biz də onu yaymışıq, amma görünür ki, qardaşı, o cümlədən, bir çox başqa qüvvələr üçün bu, maraqlı deyil. Kanal 13 internet TV-nin əməkdaşı Əziz Orucuov cəzaçəkmə müəssisəsində olanda onunla bağlı hər hansı aksiya edən zaman Avropada yaşayan qardaşı Anar bizə hər zaman minnətdarlıq bildirirdi, mesaj qutusuna yazırdı, onun doğurdan da qardaşına canı yanırdı. Əsas məqsədi qardaşının azadlığa çıxması idi. Kim də o istiqamətdə nə yazırdı, nə edirdi, ona minnətdarlıq bildirirdi. Emin Hüseynov isə söyür. Ən azı susa bilərdi. Başqaları bundan istifadə edirsə, anlamaq olar, amma söhbət öz doğma qardaşından gedir axı. Emin deyir ki, ona görə qardaşını tutublar, amma yalan danışır. Məsələ ondadır ki, bunlar üç qardaşdırlar, ortancıl qardaşı hüquq mühafizə orqanlarında çalışır, zabitdir, 20 il iş stajı var. Mehman özü də bunu dedi, vurğuladı ki, Eminin ona dəxli olmamalıdır. Yəni bunları ailəvi təqib edirlər və s. boş söhbətlərdir".

Mətbuat Şurası İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət isə deyib ki, Mehman Hüseynovla bağlı antimilli şəbəkə və onun xaricdəki havadarları unudurlar ki, Azərbaycan dövləti ilə təzyiq vasitəsilə danışmaq, qarayaxma kampaniyası vasitəsilə onu güzəştə məcbur etmək mümkün deyil: "Çünki Azərbaycan özünə hörmət edən bir dövlətdir. Azərbaycan prezidenti məhz Azərbaycan xalqının iradəsi ilə hesablaşır. Xaricdən heç bir iradə, qüvvə Azərbaycan prezidentinin, xalqının və dövlətinin maraq və mənafelərinə zidd addımlar atmağa məcbur edə bilməz. Bu, tarixən dəfələrlə sübut olunub. Ölkə başçısı bunu dəfələrlə özü də sərt şəkildə sübut edib və göstərib. Təbiidir ki, o qüvvələr də bunu bilirlər. Sadəcə niyə bu cür addımlarını davam etdirirlər?

Məsələ ondadır ki, Mehman Hüseynov məsələsi bu adamlar üçün bir bəhanədir. Bəhanədir ki, Azərbaycana qarşı kampaniya aparsınlar, Azərbaycanda insan hüquqlarının pozuntusu görüntüsünü yaratsınlar və dünyaya göstərsinlər ki, Azərbaycan belə bir ölkədir və o ölkəyə bu və ya digər şəkildə yardım etmək lazımdır. Yəni insan hüquqları ilə bağlı və s. Təbii ki, o yardımı da xaricdə oturub Azərbaycanı söyməklə məşğul olan qüvvələr, şəxslər, mərkəzlər edə bilər. O adamlar bunun hesabına özlərinə əlavə gəlir mənbəyi (əlavə qrantlar almaq) əldə etmək istəyirlər. Guya ölkədə dözülməz vəziyyət var. Onların məqsədi əslində, o bloqqerin azadlığa çıxması deyil. Ümumiyyətlə, onlar həmin bloqqerin taleyi ilə maraqlanmırlar. Sadəcə olaraq adam həbsdə olduğuna görə ondan özlərinin çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Beləcə, qrant alsınlar və maliyyə imkanlarını genişləndirsinlər".

AZAD

 





10.01.2019    çap et  çap et