525.Az

Sarı simin pıçıltısı və bir stəkan çay...


 

DƏYƏRLİ QƏLƏM SAHİBİ RAFİQ HACIYEVİN PORTRET CİZGİLƏRİ

Sarı simin pıçıltısı və bir stəkan çay...<b style="color:red"></b>

(Əvvəli ötən sayımızda) 

Rafiq Hacıyevin əvəzsiz tarzən Əhsən Dadaşov haqqında yazdığı "Ürəyi alovlu Əhsənlə ərköyün Qədirin sənət möcüzəsi" və istedadlı digər tar ustası Həmid Vəkilova həsr etdiyi "Novator" adlı analtik məqalələrini oxuyandan sonra belə bir kiçicik haşiyəyə çıxdım.

Hər iki yazıda Rafiq bəy orijinal üslubla tarzənlərin xarakter cizgilərini, yaşadıqları hisslərini, nə üçün məhz bu ecazkar sənəti seçdiklərini vermişdir (daha yox ki, "verməyə çalışmışdır"). Zahirə gəldikdə müəllif elə maraqlı sərlövhə seçmiş ki, oxucu yan keçə bilməz, mənim kimi.  

Məşhur, xüsusən, xalq arasında sevilən, ictimaiyyətin tanıdığı sənətkar haqqında yazmaq çətindir, bu fikri istedadlı yazıçı və musiqi bilicisi Mustafa Çəmənli ilə söhbətimdə ondan bir daha eşitmişdim. Həqiqətdir, bu, səbəbsiz deyil. Rafiq bəy ilk təhkiyəsində Əhsən Dadaşovun beş sənət möcüzəsini fabula kimi "avans" verir: "Əhsən Dadaşov... Dinləyicini tez ələ almağı, onun diqqətini özünə cəlb etməyi bacaran, tarının yumşaq, qəlb oxşayan, cazibədar səsi ilə insanı həyəcanlandıran, sevindirən tarzən" və "beşliyin" sonuncusu: "Əhsən Dadaşovun yaradıcılığı XX əsr musiqi mədəniyyəti tariximizin ən parlaq səhifələrindən birini təşkil edir".

Mən özümün yanaşma zövqümlə "beş"ini seçdim, onun üçün ki, geniş həcmli məqalə zənnimcə, tarın sarı siminin pıçıltısı ilə yazılmışdır, başqa necə mümkündür? Müəllif xanəndə, yaxud tar çalan olsa idi qənaətimdə yanılmış olardım, axı o, jurnalistdir, enerjisi bu fiziki mənbədən gəlir ürəyinin duyumu vasitəsilə.

Rafiq bəy Əhsən Dadaşovun sənətkar portretini oxuculara çatdırmaq üçün son dərəcə gözlənilməz üsul işlətmişdir! Əhsənin ilahi ecazkarlığını möcüzəli səsli Qədir vasitəsilə çatdıra bilər (bu cür yozumla bəlkə də ifrata varmışam). Dahi Niyazi dirijor çubuğu olmasa da. məharətini itirməzdi, lakin sehrkarlığı əyani görürdü əlindəki çubuqda, onu ehtirasa gətirirdi. Bəli, hissiyyat elmi mövcuddur yaradıcılıqda, bu prosesdə hisslə təfəkkür birləşir, münasibət yaradır, mən deyərdim bu amil Əhsən Dadaşovda (eləcə də Həmid Vəkilovda) özünü göstərirdi, tarın səsini obrazlı təfəkkürlə ifadə edirdi, bu isə şeiriyyət aləmilə tərbiyə olunur, necə ki, Rafiq Hacıyev bu nüansı tutmuşdur. Və son dərəcə zərif eyhamla hiss etdirir (mən duydum): böyük çalğıçıların, oxuyanların, bəstəkarların erkən stress, hissiyyat, coşqunluq keçirməsidir ki, elə də uzun ömürlü olmurlar - Əhsən Dadaşov kimi. Yaxşı, Əhsən qarşısındakı əli qavallı gənc Qədir Rüstəmovun bütün vücudundan süzülüb gələn və bal arısı kimi sarı simdən şirə qoparan səsində və sözlərində nə etməlidir?    

Su atdım hara dəydi,
Sona bülbüllər.
Əlim divara dəydi,
Saçı sünbüllər.
Dilim, ağzım qurusun,
Sona bülbüllər.
Nə dedim, yara dəydi?
Saçı sünbüllər.
Elə "yar, yar" deyirlər,
Heç məni demirlər,
Ay sona bülbüllər.      

Mən bu misraları yazanda xəyalən 1968-ci ilə qayıtdım. Bakıda aspiranturaya imtahan verəcəkdim. "Azneft"də düşüb Zülfü rəhmətliyin məşhur çayxanasına gəldim, çay gətirdilər. Elə bu vaxt qulağıma səs gəldi. Tanımadığım bir qeyri-adi səsdi, "Sona bülbüllər"ini haraylayırdı. "Segah" guşəsinə çatanda armudu stəkan əlimdən düşdü, çay dağıldı, pis oldum. Çayçı cavan oğlan gülümsündü. Vəssalam. Çox sonra anladım: demək istəyirmiş ki, təkcə sən deyilsən "Sona bülbüllər"i eşidəndə stəkanı əlindən salan...

Rafiq Hacıyev də belə hala düşübmüş, yazır: "Sona bülbüllər" qanadlandıqca yazda budaqlar çiçəklədiyi kimi, Qədirin də səsində "kədər, fəryad çiçəkləyirdi".

Bu fəlsəfi mahnı  və çalğı xoşbəxtlik gətirərmi? Axı hər iki sənətkarımızda şiddətli arzu, həvəs, ehtiras yaşanırdı. Axı fəlsəfə bədbəxtliyə də səbəbdir. Mən belə düşünürəm ki, yaradıcılıqsız xoşbəxtlik yoxdur. Amma Əhsənlə Qədirin musiqisində, öncə, qəlb əməkdaşlığında bir azadlıq simvolu olmuşdur, çünki hər iki dahi bu cür böyümüşdülər, eyni mühitdə tərbiyə almışdılar, onlar son nəfəslərinəcən azadlıq refleksini yaşamışdılar. Unutmayaq ki, insan azadlığı əhatəsində olanların azadlığa və maneələri dəf etməyə can atması ilə ölçülür.  Hər iki sənətkarda (Həmid Vəkilovu da istisna etməzdim) xarakter "üçlüyü" vardır: irsiyyət, sosial mühit və özünütərbiyə. Axı xarakter - xasiyyət bitkin şəklə düşmüş iradədir.

Rafiq Hacıyev hər iki şəxsiyyəti çox yaxından tanıdığı üçün məqaləsində (deyərdim, sarı simdə qələmə almışdır) onları göründükləri simasında təqdim etmişdir; onlar bir-birinə əbədilik qazandırmışdı; oxuyuruq: "Əhsən də Qədiri ucaldırdı, onun ömürünün üstünə yeni ömür, əbədi və ölməz ömür qoyurdu. Çünki milli musiqimizin özünəməxsus səhifəsi olan Qədirin ecazkar səsini, nadir orijinal ifaçılıq sənətini ilk dəfə bu böyük şəxsiyyət görmüşdü və həmin şanlı səhifənin ilk oxucusu Əhsən Dadaşov idi!" - bu qənaəti hər bir yazar ortaya qoya bilməz, çünki gərək ünsiyyət bağlayasan, onların ifalarının fəlsəfi çalarlarını başa düşəsən və özün isə hissiyyata qapılmayasan, hisslərinə qapılasan. Belə bir yanaşmada Rafiq Hacıyev müştərək müəlliflərin ortaya qoyduqları mənəvi-maddi dəyərin özünə əbədilik qazandırmışdır...   

Rafiq Hacıyev bu silsilədən Həmid Vəkilov barəsində də sözünü demişdir. "Novator" adlı bu tədqiqat səciyyəli məqalənin özünü mən "novator" üslublu araşdırma ilə müqayisə edərdim və yanılmazdım. Rafiq bəy fərqli qələm adamı olaraq faktlar xaosuna yol almamışdır (indi belə yazanlar çoxalırlar günbəgün, sədh heyif!), öz yaradıcı məntiqilə mühakiməsini məşhur tarçı Həmid Vəkilova istiqamətləndirmişdir. Onu rənglərin fəlsəfəsində təhlil etmişdir. Görünür, Rafiq bəy böyük şairimiz Rəsul Rzanın poeziyasına vurğunluqdan, xüsusilə, "Rənglər" fəlsəfi-sosial yüklü şeirlərinin təhlilindən uzaqlaşmaq istəməmişdir. Və düzgün seçimdir. Vaxtilə Rəsul Rzanın şeirindən aşağıdakı misraları yaddaşımda saxlamışdım bir tələbəmin sualına cavabımda:

Damla dənizdə yaxşıdır,
Damlasız dəniz olmaz.
Damla dənizdən ayrılsa,
Qumlarda pünhan olar. 

Əgər tarını Həmid Vəkilovdan alsaq, o, adiləşər, sadələşər və itmiş olar. Rafiq bəy bu məqalə - traktatında qəhrəmanın (bəlkə "obraz" deyək?) xarakter cizgilərini, ustad barmaqlarını, bu alətin Almaniyada, Əfqanıstanda, Fransada, Əlcəzairdə, Türkiyədə, Tunisdə, Yuqoslaviyada və digər sivil ölkələrdə layiqincə təbliğinə işıq salmışdır. Müəllif bir faktı açıqlayır: "... Konsertlərin birində - Ankarada Türkiyə Cümhurbaşqanlığı simfonik orkestrinin müşayiəti ilə Hacı Xanməmmədovun "Tar ilə orkestr üçün 2 nömrəli konserti"ni Həmid ifa etdikdən sonra orkestrin dirijoru, görkəmli rumın musiqiçisi İonesku Qalatin heyrətini gizlədə bilməyib və "bravo, heyran qaldım" deyə tarzəni bağrına basıb".

Bu sətirləri oxuyanda qürurlandım. İncəsənət adamı öz vətənpərvərlik borcunu məhz sənətində təcəssüm etdirəndə necə də rahatlanır, özünü Vətəndə görür. Həmid Vəkilov uzun illərdir qardaş Türkiyədə yaşayıb-yaratsa da, özü və qəlbi Yurdumuzdadır. Mən ustad sənətkarlarımızın xarici ölkələrdə yaşayıb çalışmasını, yaxud oxumasını alqışlayıram, üstəgəl, pedaqoqluğunu...                   

Ustad H.Vəkilov Azərbaycan Milli Konservatoriyası "Xalq çalğı alətləri" kafedrasının professorudur, Əməkdar artistdir, Beynəlxalq müsabiqə laureatıdır və ilaxır adlar. Bunları o, gənc yaşlarından qazanmışdır.

Rafiq Hacıyev yazı manerasına sadiq qalaraq xəyali fantom yaradır: "Həmid Vəkilov zil qara saçları həmişə səliqə ilə daranmış, baxışlarında qətiyyət hiss olunan, o balaca oğlana çoxmu borcludur? 

- Təbii ki, çox!

 Sual verə bilərsiniz: 

- Yaxşı, onda o Həmiddən bu Həmidə nə qalıb?

Cavab şübhəsiz ki, birmənalı şəkildə belədir:

- Hər böyük yaradıcı insan üçün əvəzsiz bir vergi; Sənətkar sadəliyi! Həm yetkinlik dövründə, həm də kamillik və müdriklik yaşında da dünyaya uşaq kimi baxmaq bacarığı!.."

Rafiq Hacıyev iki böyük tarzən haqqında günlərin qayğılı və amansız çağlarında araşdırma motivli geniş məqalələrini çap etdirməklə, özünün istedadını, dərin müşahidəsini, məntiqi təfəkkürünü və seçim zövqünü büruzə vermiş oldu (özü həmişə bu "üçlük"dən qaçmışdır, təvazökarlığı imkan verməmişdir). O, eyni zamanda, zəngin ədəbi-nəzəri biliyə, informasiyaya malik olduğunu da göstərdi.

Belə ki, Xalq şairi Rəsul Rzanın poeziyasına bir ekskursiya etdi: şairin "Rənglər" şeirlər silsiləsini seçdi, özü də çox orijinal stildə: Rənglər melodiyasında sözlərin rəngi və rənglərin musiqisi barədə düşüncələrini XXI əsrdə oxucularla bölüşdürdü. Mən bu geniş məqaləni oxuyanda ötən əsrin 60-cı illərinin əvvəllərinə qayıtdım. "Rənglər" "Azərbaycan" jurnalında nəşr edildi və böyük rezonans yaratdı.

O dövrün üzdə olan şairləri də, tənqidçiləri də Rəsul Rzaya ədəbi hücuma keçdilər və sağdan, soldan "vurdular". Şair özünə xas ləyaqəti və təmkini ilə susurdu, bilirdi bu şeirlər XXI-XXII əsrlər üçün də hesablanmışdır, proqnozlaşdırılmışdır. Ümumiyyətlə, Rəsul Rza poeziyası müdrik zəkanın, qabaqlayıcı hissiyyatın, poetik tələbatın məhsuludur, özünütəsdiq və özünüifadə mühüm amillərdəndir. 

Şairdəki poetik mühakimə ("Rənglər"i nəzərdə tuturam) oxucuların qəlbini təzələyən, əxlaqını saflaşdıran fəlsəfəyə söykənir. Bəzi tənqidçilər şairlərdə səmimilik, bəziləri məişətçilik, bəziləri də poetik həqiqəti hiss edirdi, demək, ən optimal anlam o olardı, şairin obrazlarını mənadan ayırmasınlar, yaxud xalis məfhumlara üstünlük verməsinlər. Böyük ədib M.Qorki yazırdı ki, elimlə bədii ədəbiyyat arasında xeyli ümumilik var: həm orda, həm də burda müşahidə, öyrənmə əsas rol oynayır, necə ki, alimin, eləcə də ədibin güclü təxəyyülü olmalıdır...

Mən bu fərdi mülahizələrimin qaynağını keçmiş müşahidəmdən və Rafiq Hacıyevin təhlilindən aldım. O, ilk dəfə olaraq "Rənglər"dəki musiqililiyi sözlərin rənglərindən duymuş, pıçıldamış və məxsusi yanaşmışdır. Gətirdiyi nümunələr yerindədir. Məsələn:

Rənglərin də musiqi kimi ahəngi var.
Ağrının, sevincin, ümidin də
rəngi var.
Düşündükcə açılır
əlvan səhifələri rənglərin.
Canlanır gözümüzdə rəngi
ömrün, mübarizənin,
qəlbin, nifrətin,
gecənin, səhərin
və insan taleyinin. 

Rafiq Hacıyev Rəsul Rza poeziyasını başa düşən, alt qatlarındakı məna çalarlarını tutan və şairin yaradıcılığına məhəbbəti olan yazıçı, jurnalist və oxucudur. Musiqiyə bələdliliyinin nəticəsidir ki, bu şeirlərin ruhunda melodikliyi üzə çıxarmışdır, yazır: "Rənglər"dəki şeirlərin fikir naxışlarında, ahəngdar misralarında, mövzu diapazonunun genişliyində, poetik dünyagörüşünün zərgər incəliyində, deyimində duyumönü xəyalımla könül-könül gəzirəm "insanda daha artıq bir insan" oyadan neçə-neçə gözəl musiqi aləmini, oktava içində nəfəs alıb rayihələnən nəğmələr, melodiyalar gülxanəsini". Məncə, bu konkret yanaşmada xeyli mətləbləri görmək çətinlik yaratmaz.

Rafiq Hacıyevin ədəbi-nəzəri və yazıçı-publisist yaradıcılığına müraciət etməklə (cüzi) xeyli özümə qapıldım, düşündüm, olmuşları xatırladım, o qənaətimi durultdum ki, bu illərdə, hansı ki, Rafiq bəyin rəngarəng tematikasında: mövzu seçimində, onun həlli janrlarında, hansı üslubda qələmə almasında məxsusiliyinə elə də diqqət yetirməmişəm - etirafdan qaçmıram - daha yaxından ünsiyyət bağlaya bilərdim baxmayaraq ki, yaş fərqimiz xeylidir. Lakin gec də olsa bir neçə nəsnədə daha "görünməyən" tərəflərinə bələdliyimdə yanılmadım: O, çətinliklərlə həmişə qarşılaşmışdır - cəmiyyətin labüd diktəsidir. Mən başa düşdüm ki, insan ciddi gərginlik içində yaşayar, gizli imkanlardan xali olar. Mən anladım ki, insanın qadirliyi çox hallarda çəpərlənər, qiymətini almaz və problemlər yaradar. Mən idrak etdim ki, insan hər şeyi bacarar. Bir həqiqətdir ki, Rafiq bəydə çətinlikləri aradan qaldırmaq qabiliyyəti vardır! Axı bu həyat, bu cəmiyyət, bu fantom hər bir şəxs, o cümlədən, qələm adamı önündə həmişə sədlər çəksə də, maneələr ortaya atsa da, O, bütün enerjisini, əqli və hissi imkanlarını səfərbər edib varlığını ortaya qoyur. R.Taqor deməmişmi ki, "mənim mövcudluğum mənimçün bir möcüzədir".      

Yaradıcı insanın potensialına tükənməz mənbə kimi də yanaşmaq düzgün olmazdı, nə vaxtsa - yaşın hansısa nöqtəsindəsə dayanır, təkrar ritmlərdən asılı qalır. Dahi alman bəstəkarı L.Bethoven yazmışdır:  "İnsanı fərqləndirən ən ali cəhət onu maneələri dəf etməkdə inadkarlığıdır". İstedadlı, hərtərəfli dünyagörüşlü, iradəli həmkarım Rafiq Hacıyevi istisna etməzdim...

Əlbəttə, insan taleyinin istənilən zərbəsi qəfil ələ keçmiş sərvət kimi, qiymətsiz  bəxşiş kimi o şəxsin xeyrinə olur, bu da bir faktdır, baxmayaraq ki, əzabsız yetişməklikdir. Unutmayaq ki, əzab çəkməmək də zərərli ola bilər.

Rafiq Hacıyevlə söhbətimdə yaradıcılığı ilə maraqlanmağıma cavab kimi xeyli planı, layihəsi, yozumu olduğunu açıqladı. Maraqlı dedektiv əsərlər üzərində işlədiyini, yazı masası üstündə "qaytanı açılmayan" qovluqların hələ açılmadığını söylədi.

- Çox yubanmayacağam, - dedi. - Yazmağa borcluyam. Təbii ki, yaş öz işini görür.

- Yaş üçün tələsmə, - pıçıldadım. - Hələ cavansan, enerjilisən. Rafiq bəy, bir Klark qanunu var, onun bir tərəfini götür: "Yaşa dolduqca məlumat, bilik artır..." - Susdum, soyumamış çaydan içdim.

O, stəkanı stolun üstünə qoydu.

- Bəs ikinci tərəfi? - Gülümsündü.

Stəkanı ovcumda fırlatdım.

- "...Yaradıcılıq qabiliyyəti isə azalır". - dedim.

- Məni hansı birinə şamil edirsiz, Allahverdi müəllim? - Çayını yarısına qədər içdi və işıqlı baxışlarını mənə dikdi.

- Birinciyə. - Nikbinliklə, əminliklə dilləndim.

O, qətiyyətimə gülümsəməklə cavab verdi... 

23.08.2018.
Bakı

 





10.01.2019    çap et  çap et