525.Az

Avropanın Mehman Hüseynov üzərində qurduğu demokratiya şousu


 

Avropanın Mehman Hüseynov üzərində qurduğu demokratiya şousu<b style="color:red"></b>

Ötən il Azərbaycan üçün inkişaf, sabitlik, yüksəliş ili olsa da, bir sıra Avropa ölkələri üçün heç də asan il olmadı.

Avropa ölkələri etiraz aksiyaları ilə çalxalandı, insanlar küçələrə çıxaraq qiymət bahalaşmasına, vergilərin artımına etiraz etdilər, sosial hüquqlarının təmin edilməsi tələblərini irəli sürdülər. Niderland, Belçika, indi də aksiyaların davam etdiyi Fransanı və digər Avropa ölkələrini nümunə göstərmək olar. Təəccüblü olanı isə budur ki, özlərini demokratiyanın beşiyi, insan haqlarının, söz azadlığının tam təmin olunduğu ölkə hesab edən adıçəkilən dövlətlər aksiya iştirakçılarına qarşı ən kobud üsullardan, işgəncələrdən istifadə etdilər. Polis tərəfindən aksiyaçılara xəsarətlər yetirildi, xeyli insan həbs edildi, hətta ölənlər də oldu. Fransada "sarı jiletlilər" aksiyası hələ də davam etməkdədir. Ötən ilin noyabrından başlayan "sarı jiletlilər" aksiyalarında indiyədək 5 minə yaxın insan saxlanılıb, mindən çox insan həbs edilib, 10 nəfərdən çoxu həlak olub. Yeri gəlmişkən, artıq Fransada icazəsiz mitinq keçirənlər müxtəlif vasitələrlə, o cümlədən, sosial şəbəkələr və media vasitəsilə çağırış edənlər sərt şəkildə cəzalandırılacaqlar. Bəli, söhbət hansısa geridə qalmış, inkişaf etməyən bir ölkədən deyil, illərdir dünya demokratiyasının nümunəsi sayılan dövlətlərdən biri kimi təqdim edilən Fransadan gedir.

Avropanın mərkəzi demokratiya nümunəsi olan digər ölkələrdən biri Niderlandda qısa müddət əvvəl keçirilən aksiyalar zamanı da eyni hal müşahidə olundu. Təkcə bu sadaladıqlarımız onu deməyə əsas verir ki, artıq bu ölkələr üçün demokratiyanın təkcə adı qalıb. Bir də onlar üçün demokratiya başqa ölkələrə qarşı təzyiq vasitəsinə çevrilib.

Təəccüblü olan həm də baş verən bütün bu insan haqları pozuntularına, etirazçıların fiziki zorakılığa məruz qalmalarına, hətta öldürülmələrinə beynəlxalq qurumların səssiz qalmalarıdır. Sanki heç nə baş verməmiş kimi susmaqda davam edirlər. Öz ayıblarını görməyənlər başqa ölkələrdə nə baş verdiyini "çox yaxşı bilirlər". Təkcə bilmirlər, həm də dil uzadırlar, tələb edirlər, düşünürlər ki, buna haqları çatır. Məsələn, elə götürək haqqında danışdığımız Fransanı.

Bloqqer Mehman Hüseynovla bağlı məsələ gündəmə gələndən ən çox "canfəşanlıq" edənlərdən biri də məhz elə Fransadır. Sanki bizə demokratiya dərsi keçməyə, nəyi necə etməyə haqqı çatırmış kimi, Fransanın xarici işlər nazirliyi, ardınca ATƏT-in media azadlığı üzrə nümayəndəsi olan Fransa vətəndaşı Harlem Desir Mehman Hüseynovla bağlı bəyanatlar verirlər, çağırışlar edirlər.

Xatırlatmaq yerinə düşər ki, bu həmin Harlem Desirdir ki, Fransanın Avropa məsələləri üzrə dövlət naziri olan zaman Bakıya səfər edib keçirdiyi mətbuat konfransında Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş şəhərləri ilə Fransa şəhərləri arasında "qardaşlıq, əməkdaşlıq razılaşmalaının" imzalanmasına haqq qazandırmışdır.

İndi beləsindən, yaxud ermənilərə, Qarabağdakı separatçılara qucaq açan bir ölkədən başqa hansı yanaşmanı gözləmək olar?!

Qeyd edək ki, M.Hüseynov 2017-ci il yanvarın 9-da Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanıb. O, İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsi ilə təqsirli bilinərək, Nəsimi rayon məhkəməsinin qərarı ilə 200 manat cərimə olunub və sərbəst buraxılıb. M.Hüseynov məhkəmədən azad edildikdən sonra jurnalistlərə açıqlamasında yalan danışaraq bildirib ki, saxlanılarkən guya polislər ona işgəncə veriblər. Daxili İşlər Nazirliyi onun bu açıqlamasını təkzib edib və M.Hüseynovun böhtan atdığı barədə açıqlama yayıb. Açıqlamada həmçinin bildirilib ki, M.Hüseynovun polisi ağır cinayətdə ittiham etməklə böhtan atması əməlinə hüquqi qiymət verilməsi üçün DİN tərəfindən Respublika Baş Prokurorluğu qarşısında vəsatət qaldırılıb. Bundan sonra isə Nəsimi rayon polis idarəsinin rəisi Musa Musayev xüsusi ittiham qaydasında məhkəməyə müraciət edib. Polis rəisi M.Hüseynovun CM-nin 147.2-ci (ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə məsuliyyətə cəlb olunub, cəzalandırılmasını istəyib. Şikayət məhkəmə baxışına qəbul edilib, M.Hüseynov barəsində başqa yerə getməmək haqda iltizam tədbiri seçilib.

Ötən il mart ayının 3-də Suraxanı Rayon Məhkəməsində şikayət üzrə məhkəmə prosesi keçirilib. Dövlət ittihamçısı M.Hüseynovun 3 il müddətinə həbs edilməsini tələb edib. Məhkəmə onun 2 il müddətinə azadlıqdan məhrum edilməsinə qərar verib. 2018-ci il dekabrın 26-da isə Penitensiar Xidmət açıqlama yayaraq bəyan edib ki, 14 saylı cəzaçəkmə müəssisəsində plan üzrə aparılan növbəti ümumi axtarış-baxış tədbirləri zamanı məhkum Hüseynov Mehman Rafiq oğlu müəssisənin Rejim-nəzarət şöbəsinin böyük inspektoru, ədliyyə leytenantı Abdalov Əli Ələddin oğlunun qanuni tələblərinə tabe olmayaraq ona qarşı zor tətbiq edib, fiziki müqavimət göstərərək sonuncuya bədən xəsarəti yetirib, xidməti otaqda olan əşyaları dağıdaraq sındırıb. Bu faktla bağlı cinayət işi başlanıb.

Yəni göründüyü kimi, Mehmana qarşı anti-milli qüvvələrin iddia etdikləri kimi hər hansı qərəzli yanaşma mövcud deyil. M.Hüseynov hansısa jurnalist fəaliyyətinə, siyasi əqidəsinə görə deyil, məhz polisin qanuni əmrinə tabe olmamaq, böhtan atmaq, hakimiyyət nümayəndəsinə zor tətbiq etmək kimi cinayət əməlinə yol verib. Kimliyindən asılı olmayaraq bütün vətəndaşlar qanun qarşısında bərabərdirlər. Azərbaycan qanunu kimisə bir başqasından üstün tutmur. İkinci tərəfdən, cinayət işinin açılması axı hər şey demək deyil. İstintaq aparılacaq, daha sonra məhkəmə işə baxacaq. Yəni yekun qərarı məhkəmələr verir. Ona görə də bəzi xarici və daxili qüvvələrin canfəşanlığına heç bir əsas yoxdur. Daxildəki məlum qüvvələr və xaricdəki mühacir şəbəkəsi Mehman olayından istifadə edib qrant almq niyyətini güdürlər. Fransa, bəzi beynəlxalq qurumlar isə əllərinə düşən bu "fürsəti" qaçırmaq istəmirlər. Çünki hər zaman Azərbaycana qərəzli yanaşıblar.

Azərbaycan Xarici İşlər Nazirliyi də məsələyə münasibət bildirib. XİN-in mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib ki, rəsmi Paris Mehman Hüseynov məsələsinə münasibət bildirməkdənsə, Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin. L.Abdullayeva qeyd edib ki, Fransa tərəfinin hazırda ölkəni "sarı jiletli"lər aksiyası bürüdüyü bir vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi gülməlidir: "Ölkədə nümayişçilərə qarşı su şırnaqları, dəyənəklər və digər qeyri-proporsional şiddət növlərindən istifadə olunur, 4500-dən çox nümayişçi saxlanıb. Biz ümid edirik ki, Fransada saxlanılan nümayişçilərə qarşı ittihamlar aradan qaldırılacaq və onlar qısa zamanda azadlığa buraxılacaqlar". Onun sözlərinə görə, ümumiyyətlə, Fransa çoxdandır ki, ermənipərəst mövqe tutur və bu, əslində, Azərbaycana qarşı təzyiq kimi qəbul oluna bilər: "Məhz Fransa vətəndaşı olan Harlem Desir Fransa Xarici işlər Nazirliyinin dövlət katibi vəzifəsində çalışdığı müddətdə Ermənistan-Azərbaycan münaqişəsinə də təhkim olunaraq Azərbaycanda qatı ermənipərəst şəxs kimi tanınırdı. Görünür, o, qərəzsizlik prinsipini unudaraq vətəndaşı olduğu ölkənin mövqeyindən çıxış etməyi üstün tutub. Ona da məsləhət görürük ki, ölkəsində nümayişçilərə qarşı istifadə olunan zorakılığı dəyərləndirsin. Fransada nə baş verdiyini bütün dünya görür. Bütün bunlar Azərbaycana qarşı tətbiq olunan ikili standartın növbəti təzahürüdür".

Nəhayət, Fransa, digər Avropa ölkələri, dövlətimizə qarşı qərəzli mövqe tutan istənilən xarici qüvvə anlamalıdır ki, heç nəyə nail ola bilməyəcəklər. Heç bu hay-küyləri, süni ajiotajları, bəyanatları ilə ölkəmizin mövqeyinə də hər hansı zərər  gətirə bilməzlər. Azərbaycan dünyada kifayət qədər nüfuza malik etibarlı, güvənli tərəfdaş kimi tanınır. Öz gözündə tiri görməyənlərə isə yalnız bir məsləhət vermək olar: gözlərini geniş açın, güzgüyə çox diqqətlə baxın, bəlkə bütün dünyanın gördüyünü siz də görə biləsiniz.

AZAD

 





11.01.2019    çap et  çap et