525.Az

"Qıyıqgözlü Dali" - Haruki Murakami 70 yaşında


 

"Qıyıqgözlü Dali" - <b style="color:red">Haruki Murakami 70 yaşında</b>

Dünyagörüşü Şərq və Qərb düşüncə sistemi əsasında formalaşan Haruki Murakami çağdaş yapon ədəbiyyatının ən görkəmli nümayəndəsidir.

Zəngin iqtisadi gücü ilə bərabər, bənzərsiz mədəniyyətə sahib Yaponiyanın ədəbiyyatı da bütün dünyada daim böyük maraq doğurmuşdur. Haruki Murakami yapon bədii yaradıcılığı ilə yanaşı, dünya ədəbiyyatında da postmodern ədəbiyyatın kultuna çevrilmişdir. Əsərləri əllidən çox dilə tərcümə olunan yazıçının böyük rəğbətlə qarşılanmasına səbəb ədəbi dünyagörüşünün yapon düşüncə tərzindən başqa, Qərb fəlsəfi fikri ilə də zənginləşməsi olmuşdur. Haruki Murakaminin yaradıcılığının formalaşdığı dövr Yaponiyanın Qərb, xüsusilə də Amerika təsirlərinə məruz qaldığı mərhələyə təsadüf edir ki, həyatının uşaqlıq və yeniyetməlik illərini Kobe kimi liman şəhərində keçirən yazıçı yeni mədəniyyətləri böyük həvəslə qarşılamışdır. Amerika mədəniyyəti və Yaponiyadakı 1960-cı illərin tələbə hərəkatları Haruki Murakaminin yaradıcılığına böyük təsir göstərmişdir.

Kobenin liman şəhəri kimi ticarətdə mühüm rol oynaması Haruki Murakaminin Qərb dünyası ilə tanışlığına geniş imkanlar açmışdır.

Haruki Murakami 12 yanvar 1949-cu ildə Yaponiyanın qədim paytaxtı Kyoto (794-1868) şəhərində ziyalı ailəsində dünyaya gəlmişdir. Yazıçının iki yaşı olan zaman ailəsi qonşu Kobe şəhərinə köçmüşdür. H.Murakami həyatının erkən yaşlarını qədim mədəni, siyasi, ticari ənənələrə malik Kansay (Kyoto-Osaka-Kobe) ərazisində keçirmişdir.

H.Murakaminin avtobioqrafik cizgilərlə zəngin əsərlərindən biri "Sərhəddən cənubda, Günəşdən qərbdə" romanı yazıçı həyatı və qəhrəman konsepsiyası baxımından diqqətəlayiqdir.

O, tez-tez süfrə ətrafında valideynlərinin VIII əsr və orta əsrlər yapon poeziyası ilə bağlı müzakirə və mübahisələrinə şahid olurdu. Gələcək yazıçı yapon analitik psixoloqu Kavay Hayao ilə söhbətində deyirdi ki, baxmayaraq, mən yeniyetmə idim, yapon ədəbiyyatına və müəllimlərə nifrət etməyə başlamışdım. Hər iki valideyini yapon ədəbiyyatı mütəxəssisi olan Haruki Murakamidə yapon ədəbiyyatına, xüsusi ilə klassik yapon ədəbiyyatına qarşı kəskin aqressiya var idi. Çiaki hər bazar günü səhərləri yapon dilini təkmilləşdirməkdə oğluna kömək edərək onu yapon klassiklərinə maraq yaratmağa təşviq edəcəyinə ümid edirdi. Lakin gənc Haruki Stendal, Tolstoy, Dostoyevski kimi Qərbin dühalarına üstünlük verirdi. Artıq Haruki on iki yaşı olanda yaşadıqları ərazidəki iki dünya ədəbiyyatı kitabxanasına abunə olmuş və yeniyetməlik illərini hər ay yeni gələn kitabları oxumaqla keçirmişdir. Aşiya şəhər Seydo bələdiyyə orta məktəbini tamamladıqdan sonra, 1964-cü ildə Kobe gimnaziyasına daxil olmuşdur. Amerikan akademiki və tərcüməçi Jay Rubin Harukinin gimnaziya günlərini təsvir edərkən yazırdı ki, o, bütün günü mahjong oyunu oynayırdı, ətrafı daim qızlarla dolu olurdu, vaxtını caz klublarda və kinoteatrlarda keçirirdi, siqaret çəkirdi, məktəbdən qaçırdı, dərs vaxtı romanlar oxuyurdu və digər məşğuliyyətlər edirdi, ancaq qiymətləri heç vaxt dəhşətli olmayıb. Məktəb qəzeti üçün yazdığı "Kobe Gimnaziyasında" Haruki Murakaminin mütaliəsi Ros Makdonald, Ed Makbeyn, Raymond Şendli, sonradan Truman Kapote, Scot Fitscerald və Kurt Vonnequt kimi dedektiv romançılara qədər şaxələnmişdi.

Haruki Murakami 1968-ci ildə Tokioda Vaseda Universitetinin Ədəbiyyat fakültəsinə daxil olmuş və dramaturgiya bölməsində oxumuşdur. Bu hadisə yazıçının debüt əsəri olan "Norveç meşəsi" romanının baş qəhrəmanı Toru Vatanabeni xatırladır: " - Əslində, hara qəbul olunmağın mənimçün elə bir fərqi yox idi. Lap etnoqrafiya da olsaydı, lap Asiya ölkələrinin tarixi də olsaydı, fərqi yox idi. Amma nəsə dramaturgiyanı seçdim, vəssalam".

1960-cı illərin sonlarına doğru Yaponiyada tələbə hərəkatları başlayırdı. Universitet illəri (1968-1972) bu dövrə təsadüf edən H.Murakami tələbə hərəkatlarının alovlandığı və ən yüksək zirvəyə çatdığı dönəmlərdə hadisələrə olduqca biganə yanaşmış və sadəcə seyirci olaraq izləmişdir. Yazıçının tələbəlik illərini ən yaxşı xarakterizə edən məhz "Norveç meşəsi" romanıdır. "Norveç meşəsi"ndə də T.Vatanabenin tələbəlik dövrü həmin illəri əhatə edir, hadisələr eyni şəkildə cərəyan edir və Toru bütün bunlara laqeyd yanaşır: "May ayının axırında tələbə nümayişi başladı. Tələbələr universiteti dağıtmaq barədə nəsə qışqır-bağır salırdılar. "Nə edək, lazımdırsa, dağıdın" deyə öz-özümə düşünürdüm. Dağıdın, parça-parça eləyin, külünü göyə sovurun. Mən heç gözümü də qırpmaram". Ali məktəblərin dörd bir yanına barrikadalar quran tələbələr idarəçilik sisteminin dəyişməyini istəyirdilər. Lakin hərbi qüvvələrin köməyi ilə tələbə qiyamları məğlubiyyətə uğradılmışdır. Bu məğlubiyyət gənc Murakamini qətiyyən məyus etməmişdi, əksinə olaraq həmin nümayişlərdə çıxış edən tələbə yoldaşlarına qarşı ikrah oyatmışdır.

Tələbəlik illərində də təklik xarakterinə sadiq qalan H.Murakami bu dövrdə ancaq iki nəfərlə dostluq etmişdir. Özü həmin cəhəti belə ifadə edirdi ki, mənim çox dostum yox idi, ancaq iki nəfər. Biri indi mənim həyat yoldaşımdır. Digəri də qız idi. Mənim dostlarım ancaq qızlar olub. Universitetdə oxuduğu illərdə gələcək həyat yoldaşı Youko Takahaşi ilə tanış olmuş və onlar 1971-ci ildə - hər ikisi 22 yaşında olan zaman ailə həyatı qurmuşdular. Lakin bu nikahda gənc Harukinin valideynləri iştirak etməmişdilər və bu hadisənin bir neçə səbəbləri var idi. İlk olaraq onlar Harukinin Kansay ərazisindən kənardan bir qızla ailə həyatı qurmağına razı deyildilər. Və ən əsası Harukinin valideynləri övladlarının universiteti bitirmədən, özünə normal bir karyera qurmadan evlənməyini istəmirdilər.

H.Murakami 1972-ci ildə universiteti bitirdikdən sonra ilk işi olaraq səsyazma studiyasında çalışmışdır. 1974-cü ildə həyat yoldaşı Youko ilə birlikdə Tokio şəhərində "Peter Cat" adlı caz klub-bar açmış və birlikdə yedii il bu fəaliyyətlə məşğul olmuşdular. 1992-ci ildə H.Murakami Amerikanın Berkli Koliforniya Universitetinin auditoriyasındakı mühazirəsində "universiteti bitirdikdən sonra əməkhaqqı alaraq bir şirkət üçün işçi olmaq istəmədiyindən borc alaraq caz klub açdığını" söyləmişdir. Haruki Murakaminin romanlarını rus dilinə tərcümə edən məşhur rusiyalı tərcüməçi Dmitriy Kovalenin yazıçının uğurlarında yeddi illik bar fəaliyyətinin xüsusi rolunun olduğunu qeyd edərək bildirirdi ki, bu illər ərzində Murakami yaxşı dinləyici olmuşdur. İndi isə daxilinə topladıqlarını sadəcə olaraq dünyaya ixrac edir.

H.Murakaminin esselərində, müsahibələrində və ən əsası isə bədii əsərlərində onun uşaqlıq, yeniyetməlik illərindəki xatirələrindən qaçması, daim tanınmadığı bir mühitə üstünlük verməsi açıq-aydın görünür. Yazıçının "Sərhəddən cənubda, Günəşdən qərbdə" romanının baş qəhrəmanı Hacime də valideynlərindən uzaqda yeni bir həyata başlamaq üçün Tokioda universitet seçmişdir: "Məktəbi bitirəndən sonra universitet üçün Tokioya getməyə qərar vermişdim. Valideynlərimdən uzaqda öz həyatımı yaşamaq üçün bu qəsəbədən ayrılmağın vacib olduğunu düşünürdüm".

H.Murakami onu Kobedən uzaqlaşmağa vadar edən xatirələrini dəqiqliklə anlatmasa da, ədəbiyyatdakı mövqeyini həmin hadisələrə bağlı olduğunu etiraf edirdi: "İnsanın ürəyini yumşaldan belə bir musiqini (The Lovin' Spoonfull musiqisindən söhbət gedir) dinlədikcə 1960-cı illərin ortalarında başıma gələnlərə aid xatirələrim yavaş-yavaş canlanır. Əslində, o qədər də əhəmiyyətli şeylər deyil. Lakin mənim üçün hər biri özlüyündə məna daşıyan, həyatıma təsir edən xatirələrdir. Hər biri ağlıma gəldikcə bəzən fərqinə varmadan gülümsədiyim, bəzən də kədərləndiyim anlar olur. Lakin nə olursa olsun, mən belə sıradan hadisələr nəticəsində buradayam".

H.Murakami ailə həyatı qurduqdan sonra zamanla sosiallaşmağa başlamışdır. Bu işdə yazıçıya ailə həyatı ilə yanaşı, 1974-1981-ci illər ərzində həyat yoldaşı ilə birlikdə işlətdikləri caz klubu böyük kömək göstərmişdir. Bununla bağlı yazıçının "Qaçışdan danışdığım zaman nə danışıram" adlı kitabında bu sətirlər diqqətəlayiqdir: "Gənc yaşda (22 yaşındaydım) evləndikdən sonra birlikdə yaşamağa yavaş-yavaş alışdım. Universitetdən sonra bar işlədərkən başqalarıyla ünsiyyət qurmağın önəmini qavradım. Tək yaşamağın mümkün olmadığını, yəqin ki, hər kəs bunu təsdiqləyəcəkdir, öz təcrübələrimlə öyrəndim. Bunun nəticəsində bir az qəribə də olsa, sosiallaşma deyə biləcəyimiz bir xüsusiyyəti gündən-günə inkişaf etdirdim. İndi düşünürəm ki, iyirmi yaşlarımdakı on il boyunca mənim dünyagörüşüm böyük ölçüdə dəyişdi və insan olaraq müəyyən mənada inkişaf etdim".

Haruki Murakami yaradıcılığa 29 yaşında başlamışdır. İlk romanı olan "Küləyin nəğməsini dinlə" 1979-cu ildə işıq üzü görmüşdür. 29 yaşına kimi həyat yoldaşı ilə birlikdə "Peter cat" adlı caz klub işlədən H.Murakami birdən yazmağa qərar vermişdir. 1978-ci ilin 1 aprel tarixində Cinqu stadionunda beyzbol yarışı izləyərkən "bəli, mən roman yazım" deyə düşünən H.Murakami həmin gündən yaradıcılığa qədəm qoymuşdur. Bütün günü caz klubun idarəçiliyi ilə məşğul olan yazıçı ilk romanını gecə yarısı yazmağa başlayaraq onu on ay müddətində tamamlaya bilmişdir. Sadəcə bir nüsxə olan əlyazmasını "Bungei" ədəbiyyat jurnalının gənc yazıçılar müsabiqəsinə göndərmiş və qalib olaraq, "Gunzo" mükafatına layiq görülmüşdür. Bundan sonra 1980-ci ildə yazıçının ikinci romanı olan "Pinbol 1973" yapon oxucularına təqdim olunmuşdur.

 "İlk iki "Küləyin nəğməsini dinlə" və "Pinbol 1973" romanları yazmaqdan keyf almaq üçün yazdığım əsərlərdi. Ortaya çıxan nəticələri bəzi nöqteyi-nəzərdən çox da qənaətbəxş hesab etmirdim" deyən Haruki Murakami daha təsirli bir əsər ortaya çıxarmaq üçün 1981-ci ildə klub işlətməyi buraxaraq, tamamilə yaradıcılıqla məşğul olmağa başlamışdır. 1982-ci ildə zaman məhdudiyyəti olmadan ilk iki əsərindən həcmcə daha uzun, əhatə dairəsi geniş, mövzu dərinliyi ilə seçilən "Qoyun ətrafında macəra" romanı ilə Haruki Murakami peşəkar roman yazarı olaraq həyatını davam etdirmişdir.

Bu günə kimi yazıçının on dörd romanı və onlarla qısa hekayəsi nəşr olunmuşdur. Haruki Murakami uşaq vaxtlarından yapon mədəniyyətindən xilas olmaq üçün Qərb mədəniyyətinə, caz musiqisinə yönəlmişdir. 1960-cı illər Yaponiyasında arzu olunan zaman ölkə xaricinə getməyin mümkün olmadığı bir zamanda, H.Murakami Dostoyevski, Frans Kafka, Ros Makdonald, Ed Makbeyn, Raymond Şendli, sonradan Truman Kapote, Scot Fitscerald və Kurt Vonnequt kimi yazıçıların romanları ilə öz fantastik dünyasında Qərb aləminə səyahət etmişdir. Haruki Murakami əsərlərinin qəhrəmanları yaponlardır, məkan olaraq da Yaponiyadır, lakin bu qəhrəmanlar Qərb musiqisini dinləyir, Qərb ədəbiyyatını oxuyur, Qərb markalarından istifadə edirdilər. H.Murakaminin dili çox sadədir, bununla da yazıçı oxucuların dünyagörüşünə yaxın əsərlər yazmağı bacarmışdır.

Haruki Murakaminin dünyagörüşünün formalaşmasında Qərb musiqisinin rolu əvəzedilməzdir. Bütün romanlarında qəhrəmanlar kitab oxumağı və musiqini həyatda mövcudluğun ayrılmaz hissəsi kimi qəbul edirdilər. Heç təsadüfi deyildir ki, yazıçının "Norveç meşəsi", "Rəqs, rəqs, rəqs" və "Sərhəddən cənubda, Günəşdən qərbdə" romanlarının və bir çox hekayələrinin adları musiqi adlarından götürülmüşdür. Con Reylə müsahibəsində "Caz yaradıcılığınıza necə təsir göstərir?" sualına yazıçının cavabı belə olmuşdur: "On üç-on dörd yaşımdan caz dinləyirəm. Musiqi böyük qüvvədir; akkordlar, melodiya, ritm kimi təsirlər mənim yaradıcılığıma böyük təsir göstərir. Mən musiqiçi olmağı istəyirdim, lakin alətlərdə ifanı bacarmırdım və yazıçı oldum. Kitab yazmaq da musiqi ifa etmək kimidir. Əvvəl mövzunu çalırsan, sonra improvizə edirsən və nəticə mükəmməldir". Yeniyetməlik illərindən radioda Amerika musiqisini - Elvis Presley, Rick Nelson, The Beach Boys kimi simaları dinləyən Haruki 1964-cü ildə 15 yaşında "Art Blakey and The Jazz Messengers" canlı konsertini dinləmişdir. Bu hadisədən sonra gənc Harukidə caza maraq xüsusilə artmışdır. Caz klubu işlətdiyi illər ərzində H.Nurakaminin musiqiyə, xüsusi ilə də caza olan marağı daha da güclənmişdir. Yazıçının caza olan dərin sevgisi heç vaxt arxa plana keçməmiş, hətta bir çox mənbələrdə onun qırx mindən çox caz kolleksiyası olduğu göstərilmişdir.

H.Murakaminin həyatından danışılan zaman bəhs edilməli olan ən vacib məsələlərdən biri də yazıçının gənc yaşlarından idmana olan marağı və bunu bütün həyatı boyunca davam etdirməsidir. Musiqi kimi idman mövzusu da yazıçının bütün əsərlərində daim diqqət mərkəzində olmuşdur. Yazıçılıqdan əlavə, Haruki Murakami uzaq məsafələrə marafon yürüşlərinin iştirakçısıdır. Yazıçının "Qaçışdan danışdığım zaman nə danışıram" əsəri Murakaminin marafon həyatını tam təfsilatı ilə ifadə edir. Niyə məhz qaçmaq sualına gəlincə isə Murakami belə izah edir ki, qaçmağın çox böyük üstünlükləri vardır. Hər şeydən əvvəl oyun yoldaşınız və ya qarşınızda birinin olmasına ehtiyyac yoxdur. Xüsusi vəsaitlər, avadanlıqlar lazım deyil. Durub da müəyyən bir yerə getmək də gərəkməz. Qaçmağa uyğun ayaqqabılarınız və doğru düzgün bir yol olduqdan sonra istədiyiniz vaxt könlünüzcə qaça bilərsiniz.

Göründüyü kimi, Haruki Murakaminin əsas dünyagörüşünün formalaşdığı dövr Yaponiyanın çiçəklənmə dövrünə təsadüf etmişdir. Yazıçının düşüncə tərzinin formalaşmasında Qərbin, xüsusilə də Amerika mədəniyyətinin böyük rolu olmuşdur. Haruki Murakami zəngin və özünəməxsus həyat yolu keçmiş, həyatındakı müxtəlif faktlar ayrı-ayrı əsərlərində öz əksini tapmışdır.

Gülnar YUNUSOVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, "Azərbaycan-Asiya ədəbi əlaqələri şöbəsi"

 





11.01.2019    çap et  çap et