525.Az

Qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektləri cərimələnəcək


 

Qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektləri cərimələnəcək<b style="color:red"></b>

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi qeydiyyatından keçməyən sahibkarlıq subyektlərinə qarşı inzibati tədbirlərə başlayıb.

AQTA-dan verilən məlumata görə, qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin dövlət qeydiyyatına alınması üçün verilən müddət 2018-ci ilin dekabrın 31-də bitib. Bu müddət ərzində AQTA sahibkarlıq subyektlərinin dövlət qeydiyyatı ilə bağlı dəfələrlə sahibkarlara rəsmi müraciətlər edib, mütəmadi maarifləndirmə tədbirləri həyata keçirib və KİV-də sahibkarlıq subyektlərinə çoxsaylı xəbərdarlıqlar ünvanlayıb. Qeydiyyat üçün kifayət qədər uzun bir müddətin ayrılmasına və prosedurun kifayət qədər asan olmasına baxmayaraq, qida məhsulları sahəsində fəaliyyət göstərən bir çox sahibkarlıq subyektləri qeydiyyatla bağlı müəyyən olunmuş vaxt çərçivəsində müraciət etməyiblər.

Bununla bağlı, qanunvericiliyin tələblərinə uyğun olaraq AQTA indiyədək qida təhlükəsizliyi qeydiyyatından keçmək üçün müraciət etməyən sahibkarlıq subyektləri barədə inzibati tədbirlərin həyata keçirilməsinə, cərimələrin tətbiq olunmasına başlayıb.

Qeyd edək ki, Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə qeydiyyata alınmış sahibkarlıq subyektləri dövlət reyestrinə daxil edilir və həmin subyektlərə reyestrdən çıxarış verilir. "Yeyinti məhsulları haqqında" Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən, qida təhlükəsizliyi üzrə qeydiyyata alınmamış qida sahəsində fəaliyyət göstərən subyektlərin fəaliyyəti qadağandır.

AQTA bir daha qida sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərini dövlət qeydiyyatından keçməyə və öz fəaliyyətlərini qanunvericiliyin tələbləri çərçivəsində həyata keçirməyə çağırır. Bildirilir ki, həyata keçirilən monitorinqlər zamanı qida təhlükəsizliyi qeydiyyatından keçməyən hər hansı sahibkarlıq subyeki aşkar olunarsa, dərhal həmin subyektlə bağlı qanunvericilik çərçivəsində inzibati qaydada cərimələr tətbiq olunacaq.

CEYHUN

 





11.01.2019    çap et  çap et