525.Az

Rusiyada Azərbaycan diaspor irsinin fəal tədqiqatçısı


 

Rusiyada Azərbaycan diaspor irsinin fəal tədqiqatçısı<b style="color:red"></b>

Onun adı və imzası oxuculara çoxdan tanışdır. Mən də bir qələm sahibi olaraq bu maraqlı həmkarımı, qələmdaşımın yaradıcılığını mərkəzi və yerli qəzetlərin səhifələrində işıqlandırmışam.

Elə "Qəbələ"nin də 8 və 19 avqust 2014-cü il tarixli nömrələrində Ramin Məmmədovun geniş axtarışlarına həsr olunmuş "Azərbaycan həqiqətlərinin yorulmaz təbliğatçısı" sərlövhəli irihəcmli məqaləm dərc olunmuşdur.

Qeyd etmək yerinə düşər ki, yazıçı-publisist Ramin Məmmədov hələ ötən əsrin sonuncu onilliyində "Qəbələ: insanlar, talelər, ziyalılar" adlı üç kitab, 2005-ci ildə isə 452 səhifəlik "Qəbələ ziyalıları" toplusunu nəşr etdirmişdi. Necə deyərlər, doğulub boya-başa çatdığı diyara qismən də olsa borcunu qaytardıqdan sonra o, hələ 1976-cı ildən bağlı olduğu Rusiya Federasiyası kimi nəhəng ölkədə axtarışlarını genişləndirməyə qərar vermişdi. Nəticə isə göz qabağındadır. Onilliklər boyu sayı bilinməyən qədər səfərlər edib, uğurlu axtarışları nəticəsində yazdığı 20-dən çox kitabları sistemləşdirərək, son illərdə rusca "Odlar Yurdunun övladları Rusiya tarixində" adlı ensiklopedik məqalələr toplusunun da üç nəşrini şimal qonşumuz olan ölkdəki soydaşlarımızın salnaməsi qismində ictimaiyyətin sərəncamına vermişdir. Nəşri salnamə adlandırmağımız da mübaliğəli görünməsin deyə nüfuzlu mənbəyə müraciət etməyimiz fikrimizin doğruluğuna aydınlıq gətirər. Daha dəqiq desək, mühacirət mətbuatı üzrə tanınmış mütəxəssis, filologiya elmləri doktoru Abid Tahirli "Məktəb: tariximiz, taleyimiz" (Bakı-2013) adlı monoqrafiyasında yazır: "Ramin qəlbinin səsi ilə, könüllü şəkildə bu missiyanı-taleyin hökmü ilə qərib diyarlara səpələnmiş azərbaycanlılar barədə yazmağı öz üzərinə götürmüş və əslində, bir böyük təşkilatın görə biləcəyi və yaxud görməyə borclu olduğu işin, vəzifənin öhdəsindən təkbaşına gəlmişdir..." Mən də onu nəzərə çatdırmaq istəyirəm ki, bir adamın yaratdığı salnamə - kitabda qonşu ölkədə çalışan və keçmişdə burda işləmiş yüzlərlə alimlər, deputatlar, digər qabaqcıl həmvətənlərimiz, dövlət və hərbi xadimlər, dünyasını dəyişən bir çox xadimlərin məzarlarının yerləşdiyi şəhərlər, fəxri xiyabanlar, 100 şəhərdə fəaliyyət göstərən diaspor təşkilatlarının fəalları və əməyi barədə müfəssəl məlumatlar əldə etmək mümkündür.

Rusiyadakı yazıçı, şair soydaşlarımıza və digər marağımızda olan məsələlərə dair elmi məqalələrin müəllifi Ramin Məmmədovun 2018-ci ildə 440 səhifəlik "Rusiyada Azərbaycan mühacirət mətbuatı" adlı monoqrafiyası çapdan çıxmışdır. Bu həmin mətbuat haqqındadır ki, Dövlətimizin başçısı möhtərəm İlham Əliyevin apardığı məqsədyönlü, balanslaşdırılmış siyasəti, Azərbaycan-Qarabağ həqiqətlərini, zəngin milli maddi-mənəvi irsimizi, məşhur və hələ az tanınmış adamlarımızı, dostluq əlaqələrimizi, müstəqilliyimizi Rusiya Federasiyasında geniş təbliğ edir. Onu da bilmək vacibdir və təəccüblüdür ki, kitabda təmsil olunan 57 adda qəzet və jurnallar heç bir kitabxanada, eləcə də Milli Kitabxanamızda, arxivlərdə cəmləşdirilməyib, saxlanılmayıb. Onların hamısını, müəllif iyirmi il ərzində, səfərləri zamanı özü bircə-bircə toplayıb.

Əsərin elmi redaktorlarından biri, professor Vaqif Sultanlı kitaba yazdığı "Ön söz" başlıqlı qeydlərində diqqətə çatdırır ki, "Rusiya və keçmiş Sovetlər Birliyi respublikalarında mövcud olan mühacirət irsi ilə bağlı araşdırmalar yox dərəcəsindədir. Bu isə təbii ki, Azərbaycan mühacirətinin fəaliyyətinin bütöv şəkildə canlandırılması işində müəyyən çatışmazlıqlara və naqisliklərə səbəb olmaqdadır. Yazıçı-publisist Ramin Məmmədovun oxucuların mühakiməsinə verilən "Rusiyada Azərbaycan mühacirət mətbuatı" adlı monoqrafiyası bu sahədə ilk addımlardan biri kimi diqqəti çəkir".

Əsəri yüksək qiymətləndirən V.Sultanlı daha sonra qeyd edir: "İnanırıq ki, Ramin Məmmədovun "Rusiyada Azərbaycan mühacirət mətbuatı" kitabı elmi və milli dəyərinə görə geniş oxucu kütləsinin diqqət və marağını çəkəcək, ədəbi tənqid tərəfindən dəyərləndiriləcəkdir". Sevindirici haldır ki, mütəxəssislər bu kitab haqqında bir-birindən maraqlı fikir söyləyirlər. Belə ki, monoqrafiyanın digər elmi redaktoru, filologiya üzrə fəlsəfə doktoru Samirə Məmmədli, əsərin əvvəlində getmiş "Mühacirət mətbuatı milli-tarixi gerçəklik kontekstində" adlı geniş məqaləsində yazır: "Müəllif sonuncu fəsildə "Rusiyada Azərbaycan mühacirət qəzet və jurnalları"nı xüsusi təsnifə tabe edərək konseptual formada təqdim edir. Qeyd edək ki, bu təsnifat müfəssəl informativ məzmuna malikdir. Bu hissədə Rusiyanın müxtəlif bölgələrində mövcud olan çoxsaylı qəzet və jurnallar məzmun, ideya, fəaliyyət çərçivəsində tədqiq olunur. Deməliyik ki, müəllif burada hətta olduqca lokal xarakter daşıyan və ixtisaslaşa bilməyən mətbu örnəklərini də diqqətdən kənarda qoymamış, onların fəaliyyət və təsir dairəsindən məmnunluqla söz açmışdır. "Vmeste", "Ulu torpaq" (1999, Sankt-Peterburq), "Media-forum" (jurnal) (1999, Moskva), "Azəri" (informasiya və reklam qəzeti) (1999, Moskva), "Dostluq-Drujba" (1999, Nijni-Novqorod), "Azerbaydjan" (1999, Vladivostok), "Azərros" (2000, Moskva), "Azəri" (2000, Sankt-Peterburq), "Azerbaydjan XXI vek" (2000, Moskva), "Araz" (2000, Kurqan), "Asudə vaxt" və "Millətin qəzeti" (2001, Moskva), "Azerbaydjan-media" (2001, İvanovo), "Strana Oqney" (2001, Novqorod), "Azerbaydjanskiy Konqress", "Son variant" və "Azerbaydjanskiy Konqress" (məlumat bülleteni) (2002, Moskva) kimi qəzet və jurnallar bu böyük siyahının kiçik hissəsidir. Müəllif adı çəkilən publisistik faktlar fonunda Azərbaycanda Qarabağ müharibəsi və ona münasibət, Vətəndə baş verən ictimai-siyasi, sosial-mədəni hadisələrə Rusiyadakı həmyerlilərin reaksiyası, skinxedlərin həmvətənlərimizə vurduğu zərər, haqq səsimizin dünyaya çatdırılması və digər məsələləri öyrənir. Lakin təəssüflə qeyd edək ki, bəzi hallarda mövcud qəzet və jurnallar diaspor birliklərinin divar kağızı mahiyyətindən informasiya orqanı olmaq vəzifəsinin sərhədlərini ötüb keçə bilmir. Amma bütün hallarda, çox sayda və adda olan mətbu orqanları məhz Ramin Məmmədov ilk dəfə olaraq bir yerə toplayaraq onları eyni məntiqə tabe edərək təhlil və şərh edir. Zənnimizcə, bu, birbaşa olaraq onun vətəndaş mövqeyi ilə əlaqəlidir. Müəllifin buradakı təhkiyə ritmini elmi-analitik üslub müəyyənləşdirir".

Xatırlatmağımız yerinə düşər ki, kitabda "Azərbaycan milli mətbuatının tarixinə bir nəzər" sərlövhəli materialda milli mətbuatımızın keçdiyi keşməkeşli və şərəfli yol nüfuzlu mənbələrə istinadən layiqincə təhlil olunur. Əsərin "Azərbaycan mühacirət mətbuatı tarixinə bir baxış" adlı fəslində R.Məmmədov adı çəkilən problemə dair doqquz səhifəlik açıqlama verib. Bundan sonrakı "Ruasiyada Azərbaycan mühacirət mətbuatının təşəkkülü" fəslində müəllif adı çəkilən işdə əməyi olan "Dərbənd" (1920, Dərbənd), "Odlar Yurdu" (1960, Bakı), "Panorama Azerbaydjana" (1991, Moskva), "Yurddaş" (1991, Bakı), "Sooteçestvennik" ("Çrezvıçaynoye proisşestviye" qəzetinə əlavə) (1999, Moskva) və bu kimi dərgilərin də xidmətlərini araşdırıb ortaya qoymuşdur. "Nəticə", sonra isə rus və ingilis dillərində "Xülasə" başlıqlı yazı nəşrin sonunda verilmişdir.

"Foto arxivi"ndəki şəkillərdə müəllif səfərlər etdiyi Rusiya kimi böyük ölkənin ayrı-ayrı bölgələrində, xüsusilə də Moskvada həmvətənlərimizə ucaldılmış abidələri, orada dəfn olunmuş soydaşlarımızın məzarlarını ziyarət etdiyini, görkəmli adamlarımızla, qəzet redaktorlarıyla, digər ziyalılarla görüşdüyünü görürük. Eləcə də, nəşrdə istifadə olunmuş 318 adda qəzet, jurnal, kitab, arxiv materialları kimi müxtəlif nümunələr "Ədəbiyyat siyahısı" başlığı altında təqdim olunmuşdur.

Hazırda Ramin Məmmədov "Rusiyada Azərbaycan mühacirət ədəbiyyatı" əsəri və başqa kitablar üzərində işləyir. Biz də ona bu çətin və şərəfli yolda yaradıcılıq uğurları diləyirik.

Əlihüseyn ŞÜKÜROV
Azərbaycan Jurnalistlər Birliyinin və Rusiya Federasiyası Jurnalistlər İttifaqının üzvü

 





11.01.2019    çap et  çap et