525.Az

Prezident 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi


 

“BU, ÖLKƏ PREZİDENTİNİN, AZƏRBAYCAN DÖVLƏTİNİN SÖZƏ, YARADICILIĞA, ƏDƏBİYYATA, AZƏRBAYCAN MƏDƏNİYYƏTİNƏ VERDİYİ DƏYƏRİN NÖVBƏTİ GÖSTƏRİCİSİDİR”

Prezident 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan etdi<b style="color:red"></b>

Prezident İlham Əliyev 2019-cu ili Azərbaycanda “Nəsimi İli” elan edib.

“Azərtac” xəbər verir ki, dövlətimizin başçısı bunu Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bildirib.

Prezident İlham Əliyev böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyini nəzərə alaraq bu ili ölkəmizdə “Nəsimi İli” elan etdiyini deyib.

“Ölkə prezidenti İlham Əliyev tərəfindən 2019-cu ilin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin şərəfinə və əziz xatirəsinə ehtiram əlaməti olaraq, “Nəsimi İli” elan edilməsi çox müsbət və təqdirəlayiq addımdır. Hər bir kəs, bütün Azərbaycan xalqı bu addımı çox yüksək dəyərləndirir. Bu, ölkə prezidentinin, Azərbaycan dövlətinin sözə, yaradıcılığa, ədəbiyyata, Azərbaycan mədəniyyətinə verdiyi dəyərin növbəti göstəricisi və nümunəsidir”.

Bunu “525”ə açıqlamasında filologiya elmləri doktoru, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədr müavini Jalə Əliyeva deyib. O qeyd edib ki, 2019-cu ilin “Nəsimi İli” elan edilməsi təsadüfi deyil: “Bu il böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin anadan olmasının 650 illiyi tamam olur”. Komitə sədrinin müavini Nəsimin 650 illik yubileyinin yüksək səviyyədə qeyd olunması ilə bağlı ölkə prezidentinin hələ 15 noyabr 2018-ci il tarixində sərəncam imzaladığını da xatırladıb. Bununla yanaşı, bildirib ki,  ötən ilin noyabr ayının 19-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) Nəsiminin büstünün təntənəli açılış mərasimi olub. Bu isə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə Moskvada keçirilən “Nəsimi - poeziya, incəsənət və mənəviyyat festivalı” çərçivəsində baş tutub: “Ümumiyyətlə, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalıb və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirib. Mütəfəkkir şairin dərin poetik fikirlərlə fəlsəfi görüşlərin vəhdətində olub, dövrün elmi-fəlsəfi düşüncəsinin aydın ifadəçisinə çevrilmiş müstəsna əhəmiyyətli ədəbi irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik Azərbaycan ədəbiyyatı tarixində xüsusi mərhələ təşkil edir. Nəsimi dünya poeziyasının ən kamil nümunələri sırasında diqqətəlayiq yer tutan əsərlərində daim insanın əzəmətini, insani məhəbbəti və şəxsiyyətin azadlığını tərənnüm edib. Anadilli şeirin humanist ideyalarla, yeni məzmun, deyim tərzi və bədii lövhələrlə daha da zənginləşməsində unudulmaz şairin misilsiz xidmətləri vardır. Nəsiminin mənbəyini xalq ruhundan almış parlaq üslubu orta əsrlər Azərbaycan dilinin məna imkanlarını bütün dolğunluğu və rəngarəngliyi ilə əks etdirir. Sənətkarın yaradıcılığı bir sıra xalqların bədii-ictimai fikrinin inkişafına qüvvətli təsir göstərib. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutması ötən əsrin 70-ci illərində öz geniş fəaliyyəti sayəsində tarixi-mədəni dəyərlərimizə münasibətdə əsaslı dönüş yaratmış Ümummilli lider Heydər Əliyevin adı ilə bilavasitə bağlıdır”.

J.Əliyevanın dediyinə görə, məhz H.Əliyevin təşəbbüsü ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən ilk dəfə Nəsiminin 600 illik yubileyi YUNESKO-nun tədbirləri siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub: “Həmin dövrdən etibarən Nəsimi irsinin və bütövlükdə klassik Azərbaycan mədəniyyətinin daha əhatəli araşdırılması istiqamətində mühüm addımlar atılıb. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir. Azərbaycan ədəbiyyatı və incəsənətində Nəsiminin yaddaqalan obrazı yaradılıb, eyniadlı gözəl bədii film çəkilib,  həmçinin, Bakının mərkəzində şairin əzəmətli heykəli ucaldılıb, Bakının ən böyük və  mərkəzi rayonlarından biri uzun illərdir onun adını daşıyır. Bununla belə,  Azərbaycan Milli Elmlər Akademiyasının Dilçilik İnstitutu da Nəsiminin adınadır. Bütün bunlar onu bir daha sübut edir ki, Nəsimi yaradıcılığı, Nəsimi şəxsiyyəti hər zaman diqqətdə olub və bu gün elan edilən “Nəsimi İli” də bu diqqətin məntiqi davamıdır. Buna görə bir daha cənab prezidentə dərin minnətdarlığımızı ifadə edirik”.

Kamil HƏMZƏOĞLU

 





12.01.2019    çap et  çap et