525.Az

Gənc Ədiblərin 4-cü dalğası başlandı - Reportaj


 

Gənc Ədiblərin 4-cü dalğası başlandı - <b style="color:red">Reportaj </b>

Qəribə aurası var Yazıçılar Birliyinin. Hələ gedib çıxmadan, qapısından içəri girmədən insanı öz təsirinə ala bilir. Ona doğru gedərkən sanki tarixin müxtəlif zamanlarına səyahətə çıxırsan.

Hələ düşünəndə ki, sənin qalxdığın bu pilləkənlərdə uşaqlığından sevərək, bəyənərək oxuduğun, əlçatmaz hesab etdiyin Azərbaycan ədəbiyyatının ən mötəbər nümayəndələrinin ayaq izləri, bu divarlarda onların nəfəsləri var, ürəyin sevinc və qürur hissi ilə dolur. Bunu indi yox, altı il öncədən- ilk dəfə oraya ayaq basarkən hiss eləmişdim. Sonralar da bu hiss heç dəyişmədi.

Qulaqlıqda səsinin ən zil tonundan “İki yabancı” deyib nalə çəkən Teomanla Şəbnəm Fərahı dinləyə-dinləyə Sahil bağı ilə üzü Yazıçılar Birliyinə tərəf irəliləyirəm. Mahnıda bir-birinin həyatında var olan, əslində isə olmayan iki yad adamdan danışılır. Həzin sevgi nəğməsi həmin an mənimçün qeyri-adi dərəcədə fəlsəfi görünür. Bağda oturan, gəzişən, harasa tələsən insanlara baxıram. Gündə gözümüzün qabağından, həyatımızdan nə qədər insan keçir. Onların cəmi bir faizi bizə yad deyil. Bəzən isə yadlar doğmalaşır, doğmalar yadlaşır...

Fikirlərim mahnının bitişi ilə dağılır. Saata baxıram, düz 12:00-u göstərir. Ən çoxu iki -üç dəqiqə gecikəcəm, amma yenə də narahatam. Yolun qarşı tərəfindən birliyin binasına girən Nicat Həşimzadəni görürəm. O ki çoxdanın yazarıdır, yəni o da Gənc Ədiblər Məktəbi üçün gəlib? İllərdir yazır, imzasını da az-çox tanıtmağı bacarıb. “Yəqin Birlikdə başqa işi var” - düşünüb yolu keçmişdim ki, Nicatın da məni gördüyünü və qapıda gözlədiyini anlayıb gülümsəyirəm. Salam-kəlamdan sonra öyrənirəm ki, o da Gənc Ədiblər Məktəbi üçün gəlibmiş.

Hə, unutdum axı sizə deyəm, həmin gün AYB-də IV Gənc Ədiblər Məktəbinin ilk toplantısı keçirilirdi. Biz də elə ona tələsirdik. II Gənc Ədiblər Məktəbinin məzunu, III Gənc Ədiblərin isə jurnalist kimi iştirakçısı olduğumdan Rəşad Məcid məzunlar sırasında məni də dəvət etmişdi tədbirə. Dördüncüyə toplanan gənclər elə mənimçün də maraqlı idi. Görək bu dəfə ədəbiyyatımıza kimlər və necə gəlmək fikrindədirlər?

İkimiz də qaçaraq “Natəvan” klubuna qalxırıq. Elə pilləkəndəcə Rəşad Məcidin səsini eşidirəm, qapıdan boş stulları görüb “müəllim uşaqların azlığından narazıdır”- düşünürəm. Yanılmamışam. O boyda zalda cəmi 10-12 nəfər gözə dəyir, onların da bir neçəsi əvvəlki Gənc Ədiblərin məzunları və xüsusi qonaqlardır. Birinci Gənc Ədiblər Məktəbinin məzunu, təkcə yazıları, qalmaqallı müsahibələri ilə deyil, həm də atmacaları ilə tanınan Kəramət Böyükçölün yanında yerimi tutub tələsik çantamdan “silah-sursatımı” çıxarıram. Jurnalistin, yazıçının “silah-sursatı” isə dəftər-qələmdən o tərəf keçməz ki. Zala göz gəzdirəndə gələrkən dinlədiyim mahnı və düşüncələrimi bir də xatırlayıram. Mənə tanış olmayan üzlər var burda. Elə bir-birlərinə də yaddırlar. Amma kim bilir, bir neçə tədbirdən sonra kimlər doğmalaşacaq, kimlər yad qalacaq...

Məndən sağda gənc yazar Orxan Saffari, onun da sağında III Gənc Ədiblər Məktəbinin məzunu Rəvan Cavid var. Boşluqdan istifadə edib hal-əhval tuturduq ki, I Gənc Ədiblərin məzunu, yazıçı və ədəbiyyatşünas Pərvin xanım zala daxil oldu. Onun gəlişi ilə sanki bir canlanma yarandı. Bayaqdan oğlanların arasında tək xanım idim, indi isə güclü bir dəstək gəlib. Elə gələn kimi də birləşib, yarızarafat tərzdə, xanımların üstünlüyünü göstəririk. Biz söhbətdəykən boşluqdan sıxılan insanlar ora-bura gedib-gəlirlər. Rəşad Məcid isə çox üzə vurmasa da, hər halda, məyusdur: “Axı özünüz istədiniz ki, biz bunu təzədən yaradaq. Amma normal yığışa bilməmisiz. Hanı bu Ümid Oruc?”

IV Gənc Ədiblərə müvəqqəti koordinator təyin olunan oğlanı soruşur Rəşad müəllim. Yerdən kimlərsə “metrodadı”, “gəlir”, “çatır” deyirlər. Rəşad müəllim isə vaxtdan xeyli keçdiyini görüb onları gözləmədən toplantını açır. 2008-ci ildən yaranan və artıq üç dəfə məzunlar yola salan məktəb haqqında ətraflı danışır, bayaqkı gərginliyi aradan qaldırmaq üçün “hələ ilk toplantıdır, inanıram ki, gələcəkdə sayınız daha da artacaq” deyib sözünü yekunlaşdırır. İki daşın arasında beynimdən ildırım sürətilə bir fikir keçir: insanların, xüsusən gənclərin könlünü almağı bəlkə də onun qədər bacaran ikinci adam yoxdur.

Ondan sonra söz keçmiş Gənc Ədiblərin məzunlarına, yəni bizə verilir.

Kəramətin israrı ilə ilk sözü Pərvin xanım alır. O, öz təcrübələrindən, 2008-2010-cu illərdə iştirakçısı olduğu Gənc Ədiblər Məktəbindən və orada öyrəndiklərindən böyük həvəslə danışır. Deyir ki, mənim uşaqlıq arzum sadəcə universitetdə dərs demək idi, ədəbiyyatda qazandığım digər bütün uğurlarımı Azərbaycan Yazıçılar Birliyinə, Gənc Ədiblər Məktəbinə və “525-ci qəzet”ə borcluyam... Bu səmimi etiraf sanki öz səsimmiş kimi mənim də içimdə təsdiqini tapır.

Daha sonra Pərvin xanım bir pedaqoq kimi çıxış edir, uğur qazanmağın şərtlərindən danışır: içindəki tənbəlliyə, yəni özünə qalib gəlməyi bacarmaq! Anar müəllimin sözləriylə fikrini daha da qüvvətləndirir: “Yazmaq soyuq suya girmək, ya da yuxudan durmaq kimidir”.

Onun çıxışının sonunda Rəşad Məcid Gənc Tamaşaçılar Teatrını xatırladır. Axı Pərvin xanım həm də teatrın mətbuat katibidir. O da gəncləri teatra dəvət edir, onlar üçün istədikləri tamaşaya baxmaq şəraiti yaradacağına söz verir. Bundan gözəl fürsət?!

Sonra söz Kəramətə verilir. Onun çıxışının mərkəzində isə istedad məsələsi var. Gənclərin mühitinin ədəbiyyat üçün daha zəngin material verdiyinə inandığını deyən Kəramət istedadlı yazıçının qatlaşmalı olduğu sıxıntıları bir-bir sadalayır. Sonda da gənclərə: “İstedadınız yoxdursa, geri qayıdın” məsləhətini verir və o an Rəşad Məcid müdaxilə edir: “Hələ bir gəlsinlər, sonra qayıdarlar da...”

II Gənc Ədibləri mən, III-nü isə Rəvan Cavid təmsil edirik. Rəvanın da çıxışı maraq doğurur. O, Gənc Ədiblər Məktəbinin ona qazandırdıqlarından danışır, ən çox yadında qalan görüşlərdən söz açır, öz tövsiyələrini də gənc dostlarımızdan əsirgəmir.

Elə bu arada bütün gənclərin sevimlisi, heç kimi diqqətdən kənarda saxlamayan dəyərli tənqidçi Vaqif Yusifli zala daxil olur. Bayaqdan hamını sakit qarşılayan bizlər Vaqif müəllimi alqışlarımızla salamlayırıq. O da öz yerini tutandan sonra bayaqdan maraqla hamımızı müşahidə edən və əminəm ki, zehnində nə qədər atmacaları yığılıb qalan “Ulduz” jurnalının baş redaktoru Qulu Ağsəs, nəhayət, onları söyləmək imkanı tapır. Qulu müəllim gənc ədiblərin ən yaxın dostlarından biridir. Çünki hər dəfə “Ulduz”un bir və ya bir neçə nömrəsini tamamilə gənclərin ixtiyarına verir: “Burada dörd fəsil kimi dörd nəslin nümayəndələri iştirak edir. İndiki dövrdə gənclərin ədəbiyyata gəlməyi çox böyük nemətdir. Çünki əvvəllər gənclər Yazıçılar Birliyinə üzv olmaq, onun mətbu orqanlarından çıxış etmək, karyera qurmaq, ev almaq, Birliyin verə biləcəyi güzəştlərdən yararlanmaq üçün gəlirdilərsə, indi ədəbiyyat böyük bir sosial rifah vəd etmir. Buna baxmayaraq, ədəbiyyatı sevən və onunla məşğul olmaq istəyən gənclər var”.

Bu arada IV Gənc Ədiblər Məktəbinin koordinatoru Ümid Oruc başda olmaqla bir neçə gənc də özünü çatdırır. Rəşad Məcid onlara iradlarını yenə də özünəməxsus zarafatyana tərzilə bildirir.

Çıxışlardan sonra söz toplantının əvvəlindən bizi maraqla dinləyən gənclərə verilir. Bakı Dövlət Universitetinin tələbəsi olan Fərid Kərimov televiziyada yayımlanan bir müsabiqəyə qoşulmasından, ondan sonra tanış olduğu insanlardan danışır. Onun çıxışı əsnasında AYB-nin sədri, Xalq yazıçısı Anar zala daxil olur. Anar müəllimi görən kimi gənclərin gözlərində parlayan sevinc qığılcımı məni də sevindirir. Sanki hər kəs indi daha ürəklidir. Xalq yazıçısının onlara xeyir-dua vermək üçün tədbirlərinə qatılması hamısını qürurlandırıb. Fərid indi daha həvəslə danışır. Rəşad Məcidin təklifi ilə gənclər öz şeirlərini oxuyurlar ki, Anar müəllim də onları yaxından tanısın. Şeirlərdən sonra hamımız diqqətlə Anar müəllimə baxırıq, o gülümsəyir: “Oxuduqlarınız şeirdir, amma elə bil hamısını eyni adam yazıb. Sevgi, pessimizim, ümidsizlik, həsrət... Həyatda eşqdən başqa da problemlər var. Çalışın zənginləşdirin mövzularınızı, yaradıcılıq üfüqlərinizi genişləndirin. Burada bir-birinizin şeirlərini dinləməyiniz də yaxşıdır ki, gələcəkdə bir-birinizi təkrarlamayasınız”.

Sonra isə Gənc Ədiblər Məktəbi haqqında xoş düşüncələrini söyləyib, gənclərə məsləhətlərini də əsirgəmir.

Toplantının axırına yaxın gəlib çıxan II Gənc Ədiblər Məktəbinin məzunlarından Ümid Abbas Nihaninin oxuduğu şeir də hər kəsin marağına səbəb olur.

Toplantının ikinci hissəsində, ənənəvi olaraq, şeirlərin müzakirəsi keçirilir.

Xatırladım ki, IV Gənc Ədiblər Məktəbi hələ təzəcə fəaliyyətə başlayıb. Yəni əgər bu yazını oxuyur və bundan təzə xəbər tutursunuzsa, hələ üstəlik ədəbiyyata meyillisinizsə, “gecikdim” deyib gizli-gizli köks ötürməyin. “525-ci qəzet”i izləyin ki, gənclərimizin növbəti toplantılarından öncədən xəbər tutub iştirak edə  biləsiniz. Yox, əgər sadəcə oxucusunuzsa və gənclərimizin keçirəcəyi görüşlər sizə maraqlıdırsa, yenə də əlinizdə tutduğunuz bu qəzeti izləməkdə davam edin. Yəqin ki, hələ bir müddət - elə mənim imzamda - onların çıxdıqları bu maraqlı və məsuliyyətli yolda yaşadıqlarından xəbər tutacaqsınız. İnanıram ki, IV Gənc Ədiblər Məktəbində gələcək görüşlər hamımız üçün maraqlı olacaq!

 





12.01.2019    çap et  çap et