525.Az

Müəmmalı qətl və üç versiya... - Fotolar


 

Müəmmalı qətl və üç versiya... - <b style="color:red">Fotolar </b>

Qadının günahları və günahkarlığı Həvvadan başlanır, deyəsən. Şeytanla əlbirlik də tarixi hadisədir. Buğda (ya da alma, nə fərqi) yeyib cənnətdən çıxmaq qədər böyük qəbahət olarmı?!

Müxtəlif tipli günahları dinin, ya da insanlığın tarixi zərif məxluqun ayağına yazıb. Hələ bəzi səhvlərin qarşısını almaq üçün qadağalar da düşünüb, yasaqlar da qoyub. Bütün tarixi şəraitlərdə qadına bu münasibət davam edib, orta əsrlərdə tonqalda yandırılan, meydanda asılan qadınların sayı və günahının mahiyyəti bilinmir. İndi sivil dünyada yaşasaq da, yenə qadın daha çox şərin, sirrin, müəmmanın simvoludu. Hollivud filmlərinin “heppi-end”li yüngül filmlərindən tutmuş, ciddi əsərlərə, sosial sorğulara kimi hər yerdə, hamı “qadın nə istəyir?” sualının cavabını axtarır guya və şübhəsiz ki, tapa bilmir. Əslində, hər şey göründüyü qədər qəliz və kinoya, kitaba sığacaq qədər sadə deyil. Soyuq bazar axşamında YUĞ Teatrı səhnəsində “Müəmmalı qətlin üç versiyası” tamaşasına baxdıqca bunları götür-qoy edirdim. Və birdən qəribə ardıcıllıq hiss etdim. Mehriban Ələkbərzadənin müəllifi olduğu bütün işlərdə bu ideya var, hadisələrə, yaxud böyük bir HADİSƏyə müxtəlif yönlərdən, baxış bucaqlarından baxmağa cəhd edilir. Görünür, R.Akutaqavanın bu əsərini, “Cəngəllikdə” hekayəsini seçməyə, səhnələşdirib quruluş verməyə səbəb də elə söylədiyim ideyadır. Ortada bir zorlanma və bir ölüm hadisəsi var və bu hadisə şahidlərin gözündə bir cür, iştirakçıların hər birinin şərhində ayrı cür səslənir, göstərilir. Bir az detektivvari, bir az müəmmalı süjet tamaşaçının beynini sualla doldurur. Mehriban xanım isə “mərhumu kim öldürüb?” sualına cavab tapmaqdan daha çox Gülzar Qurbanovanın canlandırdığı qadını göstərməyə, anlatmağa çalışır. Və elə bunun özü də bir az əvvəl dediyim ardıcıllıq “qanununu” təsdiqləyir.

Məsələ burasındadır ki, Mehriban Ələkbərzadə yaradıcılığı mənim nəslimdən olan bir çoxlarının yeniyetməlik “dərsliyidir”, yaxud o dövrün dəbdə olan ifadəsiylə desək, “əyani vəsaiti”dir. Məktəbdə tarix dərslərində öyrəndiklərimizi efirdə Mehriban Ələkbərzadənin “13 dəqiqə” layihəsində eşitdiklərimizlə möhkəmləndirirdik. Tarixi verilişləri, filmləri üstünlük təşkil edirdi, amma bundan başqa “Persona”sında həmsöhbət olduğu bir çox sənətkarları tamam başqa tərəfdən öyrənə bilirdik. Qaçqın şəhərciklərində, vaqonlarında götürdüyü müsahibələr, Azərbaycanın başına gələnlərin tarixi köklərini araşdırması o dövrün uşaqları üçün tam yeni idi. Hər hadisəyə bir az ayrı cür yanaşmaq, mövzuları başqa tərəfdən göstərmək əsas idi bütün bu işlərdə. Misal üçün, elə o illərdən unutmadığım kadrlar var. Mehriban Ələkbərzadə vaqonların arasında gəzir, Qarabağ köçkünlərindən müsahibə alır və bığıburma bir kişi üsyankar tonda - torpağımızı bizə qaytarsınlar - deyəndə təmkinini pozmadan sakitcə cavab verir - amma mən istəyərdim ki, o torpağı həm də sən qaytarasan. Az qala, 20 ildən çox zaman keçdiyi üçün ifadəni yaddaşımda qaldığı kimi gətirirəm və az-çox təhrif edə bilərəm, amma mahiyyət məhz bu idi və o cür təzadlı dövrdə bir qadının belə söz deməsi, elə indinin özündə də inanılmaz görünür. Yaxud Mir Cəfər Bağırova həsr olunmuş “Qırmızı terror və ya Mircəfər Bağırov” filminin bir neçə seriyasında repressiyalardan, törədilən cinayətlərdən, tökülən qanlardan danışır, amma sonuncu “Rəsmi portretin görünməyən cizgiləri” bölümündə Bağırovun müsbət işlərini də sadalayırdı, həm də bunu müxtəlif tarixçilərin, o dövrdə yaşamış şahidlərin sözləriylə çatdırırdı. Bir sözlə, “mütləq həqiqət yoxdur” ideyasını, insanları birmənalı müsbətə, mənfiyə bölməyə etirazı Mehriban Ələkbərzadənin müəllifi olduğu bütün işlərdə görmək, hiss etmək olurdu və elə bunun özü də istər tarixə, istər sənətə bir az ayrı cür baxmağa sövq edirdi tamaşaçını. Bu mənada “Müəmmalı qətlin üç versiyası” ardıcıllığı pozmur, davam etdirir. Amma bu tamaşa başqa bir ardıcıllıq haqqında da düşündürür. Axı Mehriban Ələkbərzadənin bədii yaradıcılığında da bir silsilə ayırd etmək olar. “Məhkumlar” bədii filmi, “Qatarın altına atılan qadın”, “Herostratı unudun”, “Qatil”, “Cəza” tamaşaları, hər birində qadını anlamaq, yaxud anlatmaq cəhdi var. “Məhkumlar”da cüzama yoluxmuş qadınların taleyi, hissləri, ağrısı, “Qatarın altına atılan qadın”da ömrünü sənətə həsr etmiş və sonda da uduzmuş, unudulmuş, “öz əlindən düşüb sınmış” qadın, “Qatil”də ömrü boyu tək yaşayan və sevgiyə möhtac qadın, “Cəza”da hər şeyi olub, əslində, heç nəyi olmayan, hisslərinin arxasınca gedən və əbədi bir qəlb iflasına uğrayan qadın... Beləliklə, sadaladığım əsərlərin hər birində qadın taleyi, qadın problemi, qadın ağrısı, hətta ənənəvi Sovet termini ilə desək, qadın hüquqsuzluğu məsələsi önə çəkilib. Elə isə, “Herostratı unudun” tamaşası bu siyahıya necə daxil olur? Məsələ burasındadır ki, Artemida məbədini yandırmaqla tarixə düşən, əslində, sadəcə hakimiyyət arzusuyla alışıb yanan Herostrat ölkənin, şəhərin hakiminin qadınını öz yanına gətirdə bilir və tamaşada heyrətamiz məqam məhz bu qadının halı, murdar bir Herostrat qarşısında düşdüyü vəziyyət idi. Necə olur ki, şah balası kimi, əl üstündə yaşayan qadını adi bir küçədən keçən, hətta çox aşağı, hətta çox alçaq birisi təsirləndirə, düşündürə bilir?! Bax bu suala cavab yoxdur. Dostoyevskinin söylədiyi “insan çox “geniş”dir” fikri öz təsdiqini tapır.

“Müəmmalı qətlin üç versiyası” tamaşasını müxtəlif yönlərdən, fərqli ideyaları əsas tutaraq təhlil etmək olar. Quldur (Oqtay Mehdiyev) aşiq olduğu, bəyəndiyi qadını əldə etmək üçün ənənəvi metoda əl atıb. Axı qaçaq-quldur üçün istədiyini ələ keçirməyin yalnız bir yolu var, yağmalamaq, oğurlamaq, soymaq, əlindən almaq. Tamaşanın sosial mesajı məhz onun dilindən verilir: “Bu, sizə çox qorxulu gəlir? Boş şeydir, kişini öldürmək sadə məsələdi. Qadını əldə etmək istəyəndə kişini həmişə öldürürlər. Amma mən qılıncla öldürürəm, kəmərimin altında həmişə qılınc var, amma siz heç də hər zaman qılınca əl atmırsız, hakimiyyətlə, pulla, hərdən də tərifli sözlərlə öldürürsüz. Düzdü, belə olanda qan tökülmür, kişi sağ-salamat qalır, amma nə fərqi siz onu öldürürsüz hər halda. Və dərin düşünəndə kimin günahı daha ağırdı, sizin ya mənim?! Kim bilir...” Bəli, insan arzuladığını əldə etmək yolunda qansızdı, qəddardı, acımasızdı və tamaşada Oqtay Mehdiyevin oyunu bu qəddarlığı ən yüngül, ən ironik formada göstərir.

Həyatda “cəngəllik qanunları” deyə bir məhfum var. Yəni kim güclüdürsə, o da qalibdir. Güc isə nisbi məsələdir və tamaşadan çıxardığım nəticə budur ki, güclü olan qadındır əslində. Çünki zorlanan, aşağılanan qadın necəsə yaşamağa, kiminləsə qalmağa, kiməsə aid olmağa, davam etməyə çalışır. Amma kimin versiyasına görə? Quldurun, ərin, ya xanımın özünün? Ərinin (Əbdülqəni Əliyev) gözü qarşısında zorlanan qadın bu cür aşağılanmağa dözə bilməz və mənə görə əsərin əsas açarı məhz bu məqamdadı. Hər üç versiya müxtəlifdir, hadisəni quldur bir cür, qadın ayrı cür, ər isə bunlarının ikisindən də fərqli danışır. Amma hər üç şərhi birləşdirən bir detal var, hər üç şərhdə qadın ərinin öldürülməsini istəyir. Görünür, Akutaqavanın böyüklüyü məhz qadın psixologiyasının bu tərəfini göstərə bilməsindədir. Və Gülzar Qurbanovanın təkrarsız oyunu bu ovqatı dəqiq hiss etməyə kömək olur. Qadın ərinin gözünün qarşısında zorlanıb, onun aşağılandığını yalnız əri görüb və belədirsə, bu biabırçılıqla yaşamaq olmaz, ona görə də ər ölməlidi və öldürülür də... “Siz mənim rüsvayçılığımı görmüsünüz, bundan sonra sizi sağ buraxa bilmərəm...”

...Nə qədər düşündürücüdü, deyilmi? Qadın ona aid yaxşıları, xoşları, üstünləri görən, bilən adamı sevə, hətta baş tacı edə bilər, amma kimsə utancın, murdarçılığın, rüsvayçılığın şahididirsə, nifrətə layiqdir.

Tamaşanın quruluşçu rəssamı Vüsal Rəhimin xəzan olmuş yarpaqlarla yaratdığı cəngəlliyin, qara və qırmızı rəngin harmoniyası ilə, işıq effektləri ilə çatdırdığı təzadların sayəsində bütün bu ağır ovqatda əsər birnəfəsə baxılır. Hələ üstəgəl, musiqi tərtibatçısı Vüqar Camalzadənin seçdiyi melodiyalar, musiqi parçaları da ayrıca gərginlik yaradır səhnədə. Həm də Mehriban xanımın epik teatr üslubunda qurduğu, dördüncü divarsız və əslində, ümumiyyətlə, sərhədsiz, çərçivəsiz, divarsız səhnə əsəri elə tamaşaçının özünü də iştirakçıya çevirir. Tamaşanın qəliz plastik həlli, hərəkət, dinamika da öz sözünü deyir. Gülzar Qurbanova gənc aktrisaların belə öhdəsindən gələ bilməyəcəyi “fiziki oyun”u psixoloji vəziyyətlə vəhdətdə göstərir, həm də bir az günahkar, bir az əzilmiş, bir az aşağılanmış olsa da QADINı nümayiş etdirir. Qadın bütün məqamlarda qadındı. Hətta kütləni, çoxluğu ifadə edən aktyorlar Vüqar Hacıyevin (İttihamçı), Amid Qasımovun (I Şahid), Elşən Əsgərovun (II Şahid) canlandırdığı qəhrəmanlar “günahkarsan” desələr də, yenə qadındı, həm də qətlə fərman verən də odu.

Tamaşanın ötürdüyü sosial mesajlardan danışanda bu məqamı da xüsusi qeyd etmək istərdim. Son vaxtlarda internetdə, sosial şəbəkədə qəribə bir mənzərə var, qadına qarşı zorakılıq, qətl hadisələri, qadınlarla törədilmiş cinayətlərdə insanların, daha doğrusu, kütlənin izahsız bir məntiqi üzə çıxır, günah qadında - yəni öldürüləndə, zorlananda, soyulanda, döyüləndədir. Və “Müəmmalı qətlin üç versiyası” hər kəsin öz həqiqəti ideyasından başqa, həm də bu haqda düşünməyə çağırır. Qadını bir də anlamağa, günahı boynuna yıxmaq üçün başqa obyekt axtarmağa dəvət edir... 

 





12.01.2019    çap et  çap et