525.Az

İlham Əliyev: "Vətəndaşlardan gələn hər bir təklifə baxılır"


 

"İMKAN DAXİLİNDƏ TƏKLİFLƏR TƏMİN EDİLİR, YERİNƏ YETİRİLİR"

İlham Əliyev: "Vətəndaşlardan gələn hər bir təklifə baxılır" <b style="color:red"></b>

Azərbaycanda həyata keçirilən sosialyönümlü dövlət siyasətinə uyğun olaraq, səhiyyə sisteminin də inkişafı istiqamətində ciddi addımlar atılır, infrastruktur tədbirləri həyata keçirilir.

Dövlət büdcəsindən bu istiqamətdə fəaliyyət üçün ayrılan vəsait hesabına xəstəxanalar inşa olunur, köhnələri əsaslı təmir edilir, yenidən qurulur, ölkəyə müasir tibbi avadanlıqlar gətirilir. Nəticədə həm həkimlər, həm də xəstələrin rahatlığı təmin edilir, vətəndaşlara daha kefiyyətli müalicə xidmətlərinin göstərilməsi üçün arada heç bir maneə qalmır.

Bu istiqamətdə ardıcıl fəaliyyətin davam olaraq Bakının Qaradağ rayonunun Qobustan qəsəbəsində Səhiyyə Nazirliyinin yeni inşa olunan 17 saylı birləşmiş şəhər xəstəxanasının yenidən qurularaq istifadəyə verilməsini qeyd etmək olar. Dövrün ən müasir tələblərinə cavab verməklə vətəndaşların yüksək səviyyədə müalicə olunmasına, tibb işçilərinin müasir şəraitdə, ən yeni avadınlarla fəaliyyətlərini davam etdirmələrinə imkan verən bu tibb müəssisəsində ümumi qəbul, funksional diaqnostika, pediatriya, mama-ginekologiya, travmatologiya, cərrahiyyə və doğum şöbələri, rentgen, terapevt, EKQ, otorinolarinqoloq, oftalmoloq, stomatoloq kabinetləri, əczaxana yaradılıb.

Xəstəxanada, eyni zamanda, ümumi terapiya, reanimasiya şöbələri, böyüklər və uşaqlar üçün palatalar, laboratoriyalar var. Müəssisənin hemodializ və fizioterapiya şöbələrində müasir avadanlıq quraşdırılıb, bütün şöbələr və bölmələr arasında birbaşa əlaqələr mövcuddur. Xəstəxana binasında istirahət və gözləmə guşələri də yaradılıb. Tibb müəssisəsinin müşavirə zalı və yeməkxanası da var. Xəstəxana binası yüksək zövq və keyfiyyətlə inşa olunub.

Tibbi heyət köhnə xəstəxana binasında gün ərzində 80-90 xəstəyə xidmət göstərə bilirdisə, yeni binada gün ərzində 200-300 xəstəyə tibbi xidmət göstərmək mümkündür. Yeni xəstəxana binasının istifadəyə verilməsindən sonra burada 200-250 həkim, orta və kiçik tibb heyəti və yardımçı işçilərin işlə təmin olunması nəzərdə tutulur.

Xəstəxanın açılışında iştirak edən Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb, geniş nitq ilə çıxış edib.

Dövlət başçısı binada yaradılan şəraitlə tanış olduğunu, yenidənqurma işlərini yüksək qiymətləndirdiyini deyib: "Əminəm ki, burada xəstələrə ən yüksək tibbi xidmət göstəriləcək". Açılış mərasiminə gələrkən girişdə xəstəxananın əvvəlki şəkilləri, görüntüləri ilə tanış olduğunu deyən prezident qeyd edib ki, əvvəlki xəstəxananın vəziyyəti çox ağır, bərbad idi: "Bu, təbiidir, çünki xəstəxana 50-ci illərin əvvəllərində fəaliyyətə başlamışdı və uzun müddət təmirsiz qalmışdı". Bir neçə il bundan əvvəl Qobustan qəsəbəsində olarkən ona xəstəxananın baş həkiminin yeni xəstəxananın inşa olunması üçün müraciət etdiyini xatırladan İlham Əliyev bununla bağlı dərhal göstəriş verdiyini, vəsait ayırdığını diqqətə çatdırıb.  Həmin zaman bir neçə xahişin də irəli sürüldüyünü deyən prezident onların arasında mədəniyyət evinin, məktəbin, poliklinikanın tikilməsi təkliflərinin olduğunu bildirib. Bütün bu təkliflərin müsbət dəyərləndirildiyini, artıq icra edildiyini xatırladan ölkə rəhbəri qeyd edib ki, qəsəbənin və rayonun sakinlərinin xahişləri ən yüksək səviyyədə yerinə yetirilib: "İnsan sağlamlığı bizim üçün ən başlıca məsələlərdən biridir... Yerlərdən, vətəndaşlardan gələn hər bir təklifə baxılır və imkan daxilində bu təkliflər təmin edilir, onlar yerinə yetirilir. Bu canlı təmas hesab edirəm ki, bizim uğurlarımızın təməlində dayanan ən vacib amillərdən biridir və mənim vətəndaşlarla müntəzəm görüşlərim, rayonlara səfərlərim, - təkcə keçən il 24 rayona səfər etmişəm, - Bakı qəsəbələrinin problemlərinin həlli ilə bağlı atılan addımlar və yerlərdən gələn təkliflərə müsbət yanaşılması bizim uğurlu inkişafımızı təmin edir. Əgər o vaxt mənim qarşımda bu məsələ qaldırılmasaydı, bəlkə də indi bu xəstəxana da tikilməyəcəkdi. Ona görə, mən həmişə deyirəm ki, insanları narahat edən, həlli vacib olan məsələlər daim məruzə edilsin, məlumat verilsin ki, biz bu məsələləri həll edək".

Prezident vurğulayıb ki, Qobustan xəstəxanasının timsalında inkişafda olan ölkəmizin dinamik addımları görünür: "Bu gün Azərbaycan dünya miqyasında seçilən ölkələrdəndir ki, burada həm iqtisadi, həm sosial və bütün başqa məsələlər uğurla öz həllini tapır. Sosial məsələlərin arasında, əlbəttə ki, səhiyyə sisteminin inkişafı xüsusi yer tutur. Çünki bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşıdır və hər bir insan üçün onun sağlamlığı, onun yaxınlarının sağlamlığı xüsusi əhəmiyyət daşıyır. Biz çalışırıq və çalışacağıq ki, bu sahədə bütün lazımi tədbirləri görək. Onu da bildirməliyəm ki, təkcə son 15 il ərzində ölkəmizdə 600-dən çox xəstəxana, tibb müəssisəsi ya yenidən tikilib, ya da əsaslı şəkildə təmir edilib. Ölkəmizin hər bir şəhərində və ya onların mütləq əksəriyyətində müasir xəstəxanalar artıq tikilib və bir neçə şəhərdə tikinti işləri davam edir. Yaxın gələcəkdə Azərbaycanda elə bir şəhər olmayacaq ki, orada ən müasir tibbi mərkəz olmasın".

Ölkə rəhbəri qeyd edib ki, bütün bu fəaliyyət Azərbaycan vətəndaşlarının daha yaxşı yaşaması üçün həyata keçirilir: "Əlbəttə ki, buna nail olmaq üçün güclü iqtisadiyyat olmalıdır və biz bu iqtisadiyyatı qururuq. Keçən ilin nəticələri, - bir neçə gün bundan əvvəl bu barədə mən xalqa hesabat verdim, - çox müsbətdir. Bu, onu göstərir ki, biz düzgün yoldayıq, biz uğurla inkişaf edirik".

C.ABASOV

 





15.01.2019    çap et  çap et