525.Az

Prezident bəzi beynəlxalq təşkilatları sərt tənqid etdi


 

"SARKİSYAN REJİMİNƏ DƏSTƏK VERƏN, GÖZ YUMAN BEYNƏLXALQ TƏŞKİLATLARIN DA ONUN TÖRƏTDİYİ CİNAYƏTLƏRDƏ PAYI VAR"

<b style="color:red">Prezident bəzi beynəlxalq təşkilatları sərt tənqid etdi</b>

Məlum olduğu kimi, yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

Müşavirədə çıxış edən dövlət başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini, Ermənistan istisna olmaqla, digər dünya dövlətləri ilə mövcud bərabərhüquqlu əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.

Dövlət başçısı çıxışında ötən ilin uğurları ilə yanaşı, qarşıda duran ən əsas məsələ - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, bu istiqamətdə aparılan danışıqlara, düşmən ölkənin yürütdüyü işğal siyasəti nəticəsində düşdüyü ağır vəziyyətə geniş yer verib, bəzi beynəlxalq təşkilatların BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun mövqe sərgiləmək əvəzinə, ölkəmizə qarşı ikili standartlar tətbiq etməsindən, düşmən ölkədə baş verən mənfi proseslərə göz yummasından danışıb.

Prezident birmənalı olaraq vurğulayıb ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq: "Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıb. Danışıqların davam etdirilməsi prosesi başlayıb. Baxmayaraq ki, ilkin mərhələdə Ermənistanın yeni rəhbərliyi danışıqlardan boyun qaçırmaq istəyirdi. Hətta belə bir fikirlər səslənirdi ki, Azərbaycan qondarma "Dağlıq Qarabağ respublikası" ilə danışıqlar aparmalıdır. Biz dərhal belə cəhdləri rədd etdik. Əlbəttə ki, münaqişənin həlli ilə məşğul olan vasitəçilər də belə anlaşılmaz yanaşmanı heç cür dəstəkləyə bilməzdilər və öz fikirlərini bildiriblər. Nəticə etibarilə danışıqlar prosesi bərpa edildi. Xarici işlər nazirləri artıq bir neçə dəfə görüşmüşlər və danışıqlar Ermənistan ilə Azərbaycan arasında aparılır. Danışıqlar prosesi üçün yalnız bu format məqbuldur".

Keçən il Ermənistanda böyük dəyişikliklərin baş verdiyini xatırladan prezident vurğulayıb ki, 20 il hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş kriminal xunta rejimi süqut edib: "Bu da təbiidir və bu, kriminal rejimin məntiqi acı sonudur. Bu məsələdə əlbəttə ki, Ermənistanın işğalçılıq siyasəti mühüm rol oynayır. Çünki məhz bu siyasətə görə Ermənistan biz tərəfdən bütün regional layihələrdən təcrid edilib. Bu işğalçılıq siyasətinə görə Ermənistan iqtisadiyyatı demək olar ki, çöküb. Ermənistan çox dərin demoqrafik böhran içindədir və depopulyasiya, yəni əhalinin azalması prosesi geniş vüsət alıb. Azərbaycan dünyaya sübut edib ki, onun apardığı siyasət düzgün siyasətdir. Mən bu siyasəti heç vaxt gizlətməmişəm və müxtəlif kürsülərdən açıq bəyan etmişəm ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu siyasət öz nəticəsini verib, kriminal rejim çöküb və Ermənistanda yeni vəziyyət yaranıb".

"Biz dəfələrlə demişdik ki, Ermənistanda 20 il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub" , - deyə İlham Əliyev qeyd edib.

Prezidentin sözlərinə görə, heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb: "Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi. Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə 20 il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu olmasa, demək heç nə dəyişilmir. Əgər bu olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar 20 il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var".

Prezidentin müşavirədə səsləndirdiyi fikirləri şərh edən "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edib ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli və işğalçı ölkənin hazırkı vəziyyətinə dair məsələləri diqqətə çatdıran Prezident İlham Əliyev bu məsələdə beynəlxalq təşkilatların fəaliyyətini haqlı olaraq tənqid etib. Bildirib ki, Ermənistanda 20 il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürüb: "Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?!" Bu fikirlər adıçəkilən təşkilatların yarıtmaz fəaliyyətinə verilən qiymət olmaqla həm də əslində onların, heç olmasa, bundan sonra ədalətli və obyektiv mövqe tutmaları üçün bir çağırışdır.

Azərbaycanın bundan sonra da prinsipial mövqeyində qalacağını bildirən ali baş komandan, Prezident İlham Əliyev qeyd edib ki, biz Ermənistanı təcrid etmək üçün bütün vasitələrdən istifadə edirik və edəcəyik. O vaxta qədər ki, torpaqlarımız azad olunsun. Bu sözlər işğalçı Ermənistana və onun havadarlarına verilən sərt ismarıc olmaqla Ermənistanın yalnız Azərbaycan torpaqlarını işğaldan azad etməsindən sonra inkişaf edə biləcəyi gerçəyinin ifadəsidir".

Deputat deyib ki, ümumilikdə 2018-ci ildə Azərbaycanın beynəlxalq nüfuzunun artması, işğalçı ölkə istisna olmaqla bütün qonşu ölkələrlə olduqca mühüm əməkdaşlıq sazişlərinin imzalanması, Avropa İttifaqı, NATO və digər nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlıqda yeni bərabərhüquqlu tərəfdaşlıq imkanlarının yaradılması məsələlərini Prezident İlham Əliyev xarici siyasətimizin uğurları kimi dəyərləndirib: "Ölkəmizin həyata keçirdiyi qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin reallığa çevrilməsini və artıq milli iqtisadiyyatımıza real gəlirlər gətirdiyini yüksək qiymətləndirən Azərbaycan prezidenti bu sırada Cənub Qaz Dəhlizi, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərini və onların iqtisadi perspektivlərini xüsusi vurğulayaraq 2019-cu ildə daha böyük uğurlar əldə edəcəyimizi bildirib".

Ceyhun ABASOV

 





15.01.2019    çap et  çap et