525.Az

Ermənistanın "konyak diplomatiyası"


 

"ƏVVƏLKİ İLLƏRDƏ ERMƏNİSTANIN XARİCİ SİYASƏTİNDƏ RÜŞVƏT AMİLİ BİRİNCİ YERDƏ OLUB"

Ermənistanın "konyak diplomatiyası"<b style="color:red"></b>

İşğalçı Ermənistanın illərdir Avropa qurumlarını, siyasətçilərini müxtəlif vasitələrlə ələ almaları heç kimə sirr deyil. Bu vasitələrdən biri də "konyak diplomatiyası"dır. Onların şirnikləndirmə, satın alma üsulları sırasında qədim peşənin sahibləri vasitəsilə ayrı-ayrı ölkələrin diplomatlarının ələ alınması presidenti də var. O da sirr deyil ki, Ermənistanı himayə edən ölkələrin nümayəndələrinə qarşı vaxtilə bu presidentdən istifadə edilib.

Bu gün xarici siyasəti tamamilə iflasa uğramış, sosial-iqtisadi durumu ağır olan, heç bir resursa malik olmayan Ermənistan məhz bu cür vasitələrdən istifadə edərək  ayrı-ayrı dairələri, siyasətçiləri ölkəmizin əleyhinə yönəltməyə çalışır. Ancaq hansı çirkin üsullara baş vurmalarından asılı olmayaraq, iflasa uğradıqlarının fərqindədirlər. Başqa sözlə, sosial, iqtisadi, siyasi, hərbi, yəni bütün istiqamətlərdə fiaskoya uğramış, uçurumun astanasında olan bir dövləti "konyak diplomatiyası"nın xilas edəcəyi inandırıcı deyil. Bununla belə, təəssüflər olsun ki, Avropada demokratiyadan, dəyərlərdən dəm vuran bəzi siyasətçilər, elə beynəlxalq qurumların özləri hələ də Ermənistanın çirkabına bulaşaraq, müdafiə etməli olduqları dəyərləri tapdamaqla məşğuldurlar. Ermənistanda baş verənlərə, seçkilərdəki açıq saxtakarlıqlara göz yuman dairələr bu cür ikili standartlarla əslində, təmsil etdikləri qurumları gözdən salmaq, onlara inamı azaltmaqla  məşğuldurlar. Belə cür yanaşmanın nəticəsidir ki, artıq dünyada ATƏT DTİHB-nin, AŞPA-nın, digər qurumların seçkilərə verdikləri qiymət heç də birmənalı olaraq obyektiv rəy kimi qəbul edilmir. Çünki belə rəylərin hazırlanmasında həmin qurumların rəhbərliyinin, seçkiləri müşahidə edən siyasətçilərin şəxsi münasibətləri, ölkələrə yanaşmaları, "konyak diplomatiyası", digər şirnikləndirmə metodları əsas götürülür. Biz buna uzağa getmədən, ötən il dekabrın 9-da Ermənistanda keçirilmiş erkən parlament seçkiləri zamanı şahidlik etdik. 

Ermənistanın xarici siyasətində rüşvət amilinin ön yerdə olduğu məlumdur. Buna göz yumanlar, rüşvət, korrupsiya, "konyak diplomatiyası"nın təşviqinə, bir parçasına çevrilənlər isə qeyd etdiyimiz kimi müdafiə etməli olduqları dəyərlərə ən böyük zərbəni vurmuş olurlar.

Yanvarın 11-də Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı tərəfindən bu məsələlərə toxunulub və işğalçı ölkədəki vəziyyət tam dəqiqliklə ifadə olunub.

Ölkə rəhbəri vurğulayıb ki, Ermənistanın beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın aldığı heç kimə sirr deyil: "Biz dəfələrlə demişdik ki, Ermənistanda iyirmi il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürür. Ancaq əfsuslar olsun ki, bəzi beynəlxalq təşkilatlar buna göz yumurlar. İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərdi ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməmişdir?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Birmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub. Heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb".

Dövlət başçısı əlavə edib ki, əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi: "Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə iyirmi il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu olmasa, demək heç nə dəyişilmir. Əgər bu olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar iyirmi il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var".

Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev də Ermənistan tərəfindən açıq şəkildə "konyak diplomatiyası"nın həyata keçirildiyini vurğulayıb. Onun sözlərinə görə, bu yolla Avropa Parlamenti və Avropa Şurası Parlament Assambleyası, həmçinin, bəzi Qərb ölkələrinin qanunverici orqanlarındakı korrupsioner siyasətçilər ələ alınır və həmin şəxslər tərəfindən də Azərbaycana qarşı iyrənc şəkildə şər-böhtan və saxta məlumatlar əsasında təxribat həyata keçirilir.

O bildirib ki, Ermənistanın "konyak diplomatiyası"nın maliyyə mənbəyini kriminal pullar təşkil edir: "Burada kriminal fəaliyyətlə siyasi lobbizm bir-birini tamamlayacaq şəkildə inkişaf edir".

Maraqlı bir faktı da xatırlatmaq yerinə düşər. AŞPA-nın 2017-ci ildə keçirilmiş qış sessiyası zamanı Ermənistan nümayəndə heyətinin üzvləri Ukrayna nümayəndə heyətinin rəhbəri Vladimir Aryevə təzyiq göstərərək Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanımamasına çağırmışdılar. Aryev bununla bağlı öz "Facebook" səhifəsində yazmışdır ki, erməni nümayəndələri onu konyakla ələ almağa çalışıblar.

Belə faktları çox göstərmək olar. Görünən odur ki, ermənilər bütün çirkin oyunlara gedərək, nəyin bahasına olursa-olsun məqsədlərinə çatmağa çalışırlar. Çünki sivil qaydada mübarizə aparmaq, fakt və dəlillərə əsaslanaraq diplomatik yolla mübarizə onların xislətinə yaddır.

Mövzu ilə bağlı fikirlərini bildirən deputat Musa Qasımlı deyib ki, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısının vurğuladığı kimi, Ermənistanda illərdir ki, kriminal rejim hakimiyyətdədir, nəticədə ölkədə sosial-iqtisadi sahədə, eləcə də xalqla iqtidar böyük uçurum var. Onun sözlərinə görə, dünyaya demokratiya dərsi keçən bir sıra beynəlxalq təşkilatların bu məsələyə heç bir reaksiya verməməsi təsadüfi deyil. Belə ki, Ermənistanın xarici siyasətində rüşvət amili həmişə birinci yerdə olub. Onun sözlərinə görə, Ermənistanın xarici siyasətində məqsədə nail olmaq üçün ənənəvi yollardan biri məhz rüşvətlə ələ almaqdır: "Rüşvət və korrupsiya Ermənistan hakimiyyəti ilə eyniyyət təşkil edir. Ermənistan hakimiyyəti dedikdə, ilk növbədə, rüşvət və korrupsiya göz önünə gəlir. Bu gün Ermənistanda prezidentin də qeyd etdiyi kimi, "konyak diplomatiyası" var. Ermənistana seçkiləri müşahidə etməyə gələnləri hakimiyyət satın alır. Bəzi beynəlxalq təşkilatların Ermənistanla bağlı sərgilədiyi mövqe bir daha sübut edir ki, bu qurumların diktə etdiyi dəyərlər subyektiv xarakter daşıyır və ikili standartlara əsaslanır. Bununla da özlərini gülünc duruma salmış olurlar".

Millət vəkili qeyd edib ki, onlar qısa müddətdə keçirilən seçkilərdə əvvəllər böyük üstünlüklə qələbə qazanan qüvvənin parlamentdə nə üçün yer tuta bilməməsinin üstündən sükutla keçirlər: "Bu, bir tərəfdən dünyada mövcud olan ikili standartlarla, digər tərəfdən isə Ermənistanın ənənəvi "konyak diplomatiyası" ilə bağlıdır. Burada seçki keçirilməzdən əvvəl hansı xarici ölkədən kimlərin müşahidəçi kimi gələcəyi, hansı rəylər yazacağı bəlli olur".

Deputat hesab edir ki, satın alınmış və Ermənistana hazır hesabatlarla gələn həmin şəxslər əslində, özlərini rüsvay edirlər, seçki müddətində erməni konyakının təsiri altında olurlar.

Politoloq Qabil Hüseynli isə vurğulayıb ki, bu gün Ermənistan özünün hiyləgər siyasəti ilə müxtəlif lobbiçi qruplaşmaları ələ almağı bacarır. Bura həm yunan, həm də erməni lobbiçiləri daxildir. Onlar dünya miqyasında birlikdə hərəkət edirlər. Bunlara bir növ yaxından köməklik göstərilir. Əvəzində isə Ermənistan özünün konyakı və buna bənzər müxtəlif spirtli içkilərini həmin lobbiçilərə verməyini artıq bir adət halına salıb.

Politoloqun sözlərinə görə, cənab Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında haqlı olaraq bildirdi ki, Ermənistan beynəlxalq arenada "konyak diplomatiyası"nı işə salıb və bir çox siyasətçiləri satın alıb: "Həqiqətən də Ermənistanın bu siyasətini pul və "konyak diplomatiyası" adlandırmaq olar. Çünki onlar işğalçı ölkə haqqında təsəvvür yaradarkən ilk dəfə olaraq məşəqqətlər çəkmiş, əzab içində "dövlət" qurmağa nail olmuş Ermənistan, erməni xalqı haqqında danışırlar. Hətta dünyada guya ilk şərabı ermənilərin çəkdiyini iddia edərək həmin lobbiçi qruplaşmalara şərab məhsullarından, başda da konyak olmaqla onları təşviq edirlər. Çox təəssüflər olsun ki, gözünə bir qədər də xristian təəssübkeşliyi qatdıqları bu diplomatiya bəzən baş tutur. Ona görə də hesab edirəm ki, bunu konyak, şərab diplomatiyası da adlandırmaq olar. Bir sözlə, ermənilər dünyanı aldatmağın müxtəlif yollarını düşünüb tapıblar. Təbii ki, onların içərisində başda gələni "konyak diplomatiyası"dır".

PƏRVANƏ

 





15.01.2019    çap et  çap et