525.Az

Suriya böhranı: kim haqlıdır, o güclüdür?


 

Suriya böhranı: kim haqlıdır, o güclüdür?<b style="color:red"></b>

ABŞ, İngiltərə və Fransanın Suriyaya BMT-nin razılığı olmadan hərbi müdaxilə edə biləcəkləri haqqında informasiyanın yayılması qlobal miqyasda müxtəlif reaksiyalara səbəb oldu. Yaranmış vəziyyətə fərqli münasibət ortaya çıxdı. Əksər dövlətlər bu cür hərəkəti yolverilməz hesab edirlər. Əslində, Qərbin böyük dövlətlərinin hərəkətlərində ziddiyyətli məqamlar çoxdur.

BMT: qalsın, qalmasın?

Suriya məsələsi dünya geosiyasətinin əsas mövzusuna çevrilib. Açıq demək lazımdır ki, faktiki olaraq, söhbət beynəlxalq münasibətlərin sonrakı taleyindən gedir. Çünki müəyyən mənada Suriya artıq dünya siyasətində müxtəlif görünən və görünməyən tərəflər arasında sınaq mərhələsinə çevrilib – ya yaranmış ziddiyyətli vəziyyətdən ədalətli çıxış yolu tapılacaq, ya da qlobal miqyasda müşahidə edilən gərginlik daha da güclənəcək. Lakin düşündürücüdür ki, XXI əsrin ikinci onilliyində planetin yüksək inkişaf etdiyi dövrdə beynəlxalq münasibətlərdə baş verən proseslərdə bir qəribəlik vardır. Elm və texnikanın inkişaf etdiyi tarixi mərhələdə beynəlxalq hüquqa saymazlıq təəssüf doğurur.

Düşünmək olardı ki, böyük dövlətlər Suriya ilə bağlı əsaslandırılmış mövqe nümayiş etdirəcəklər. Bu, çox vacibdir. Lakin təəssüf. Müşahidələr göstərir ki, bu, heç də belə deyilmiş. Buna nümunə kimi bir neçə gün əvvəl ABŞ, Fransa, İngiltərə rəhbərlərinin BMT-nin icazəsi olmadan Suriyaya hərbi müdaxilə edə biləcəkləri haqqında verdikləri bəyanatı göstərmək olar. Yəni belə bir qərar verildi ki, Suriya hökuməti kimyəvi silahdan istifadə etdiyinə görə ona hərbi zərbələr endirmək lazımdır. İndi müxtəlif planların hazırlandığından danışılır.

Amma bir-iki gün keçdikdən sonra məlum oldu ki, ortaya qoyulan qərar hərtərəfli əsaslandırılmayıb. Əvvəla, gözləmək olardı ki, dünyanın ən qüdrətli bu üç ölkəsi həmin qərar üçün sübut nümayiş etdirsinlər. Təkcə söz hələlik sübut demək deyil. İkincisi, bu dövlətlərin demokratik ölkələr olduqlarını nəzərə alsaq, onların öz ölkələrinin əhalisinin fikrini nəzərə alması məntiqəuyğun olardı. Aparılan sosioloji sorğular da göstərir ki, vətəndaşlar NATO-nun Suriyaya hərbi zərbə endirməsini istəmirlər. "Forsa" sosioloji tədqiqatlar institutunun "Stern" jurnalının sifarişi ilə keçirdiyi sorğuya əsasən, rəyi soruşulan almanların 69%-i Qərb ölkələrinin Suriyaya hərbi müdaxiləsinin əleyhinədir (bax: Европейские политики предостерегают от военной операции в Сирии без мандата ООН // "Deutsche Welle", 27 avqust 2013).

Bundan başqa, İngiltərə parlamenti də hərbi müdaxiləyə "yox" deyib. Orada keçirilən səsvermədə 285 deputat bu qərarın əleyhinə çıxıb. Onu 272 millət vəkili müdafiə edib. Nəticədə, baş nazir D.Kameron ölkənin Suriyaya qarşı hərbi əməliyyatlarda iştirak edib-etməyəcəyi haqqında qəti qərar vermədiklərini bildirib (bax: İngiltere Suriye'ye müdahaleye 'Hayır' dedi! // "Milliyet", 30 avqust 2013).

Xatırladaq ki, cəmi bir neçə gün əvvəl Böyük Britaniyanın xarici işlər naziri V.Heyq bəyan etmişdi ki, Suriyaya BMT TŞ-nin qərarı olmadan da müdaxilə edə bilərik. ABŞ prezidenti Barak Obama isə birmənalı şəkildə Suriyaya qarşı hərbi əməliyyat həyata keçirəcəklərini bildirmişdi (bax: Барак Обама решил нанести военный удар по Сирии // www.itar-tass.com, 31 avqust 2013). Amerikanın dövlət başçısı "diktatora dərs vermək lazım gəldiyini" vurğulayıb. Lakin Vaşinqton genişmiqyaslı hərbi əməliyyatların aparılmasına ehtiyac görmür. Hətta Suriya ərazisinə amerikan əsgərlərinin daxil olmasını da istəmir. Əsas olaraq havadan bombalamaqla B.Əsədin ordusunu zəiflətmək məqsədi güdülür.

Maraqlıdır ki, ABŞ cəmiyyəti B.Obamanın bu qərarına birmənalı yanaşmır. Bəzi qruplar etiraz aksiyaları keçirir. Bundan başqa, Amerika Konqresində səsvermə də olmalıdır. Bütün hallarda ABŞ-ın Suriyaya hərbi zərbə endirəcəyi proqnozlaşdırılır. Buna başqa dövlətlərin reaksiyası fərqlidir. Rusiya prezidenti V.Putin B.Əsədin kimyəvi silah işlətməsi haqqında danışmağı "səfeh sayıqlama" adlandırıb (bax: Putin'den Obama'ya mesaj // www.sabah.com.tr, 31 avqust 2013). Fransa isə Vaşinqtonun atdığı addımları dəstəkləyir. Buna B.Obama dərhal reaksiya verərək, dövlət başçısı F.Hollanda təşəkkür edib.

Belə çıxır ki, həmişə demokratiyadan, beynəlxalq hüquqdan, insan haqlarından danışan həmin ölkələrin rəhbərləri beynəlxalq hüquq mexanizmini özlərinin formalaşdırdıqlarını tamam unudublar. Onlar sanki BMT-ni tarixin arxivinə atmağa çalışırlar. Lakin öz ölkələrinin insanları və parlamentarilər buna qarşı çıxış edirlər. Bu, Qərb kimi inkişaf etmiş məkan üçün anormal və düşündürücü haldır. Əslində, məsələ qlobal miqyasda daha dərində gedən proseslərlə bağlıdır. İlk növbədə, beynəlxalq hüquq sahəsində müşahidə edilən bir sıra məsələlər çoxlu suallar doğurur. Təəssüf ki, hələlik böyük dövlətlər bu istiqamətdə təsirli addımlar atmaq fikrində deyillər. Əksinə, hiss olunur ki, onlar öz maraqlarını təmin etmək naminə beynəlxalq hüquq qaydalarını pozmaqdan çəkinmirlər.

Əlbəttə, hərbi müdaxilənin hansı mümkün nəticələri ola biləcəyi proqnozlaşdırılmalı idi. O cümlədən, Rusiya, Çin və İranın baş verənlərə hansı reaksiyaları verəcəkləri əvvəlcədən nəzərə alınmalı idi. Məsələn, BMT TŞ-nin son qapalı iclasında Moskva və Pekin Londonun hazırladığı hərbi müdaxilə planını rədd ediblər (bax: Дарья Цилюрик. Барак Обама спешит покарать Сирию // "Независимая газета", 30 avqust 2013). Bu aspektdə ABŞ, Fransa və İngiltərə "Böyük iyirmiliyin" (G20) qarşıdakı Peterburq sammitini də nəzərə almalı idilər. İndi həmin tədbirdə Suriya məsələsinin müzakirəsinin müsbət nəticə verə biləcəyinə böyük şübhələr vardır.

Nəhayət, BMT-nin baş katibinin mövqeyini nəzərə almağa ehtiyac duyulmur. Beynəlxalq münasibətlərin indiki mürəkkəb dövründə onun mövqeyini nəzərə almamaq mümkün deyil. O isə deyir: bu qurumu siz yaratmısınız, siz formalaşdırmısınız, heç olmasa ona, beynəlxalq hüquqa azacıq hörmət edin.

Suriyaya müdaxilə ssenariləri: təhlükəli məqamlar

Bütün bunlar Suriya məsələsini əməlli-başlı dolaşığa salıb. İndi Qərb siyasətçilərinin öz aralarında belə yekdil mövqe yoxdur. İngiltərənin ardından başqa Avropa dövlətləri də hərbi müdaxilə məsələsində qərarlı olmadığını bildirib. Məsələn, Almaniya hərbi müdaxilədə iştirak etməyəcəyini bəyan edib.

Maraqlıdır ki, Avropa İttifaqının əksər ölkələri və NATO-ya üzv olan 12 dövlət də ABŞ-İngiltərə-Fransa "üçlüyü"nün planları ilə tam razılaşmırlar. Avropa Parlamentinin sədri Martin Şults böyük dövlətləri Suriyaya hərbi müdaxilədən çəkinməyə çağırıb. O, "Neue Osnabrücker Zeitung" qəzetinə verdiyi müsahibədə deyib ki, "biz həm regiona müfəttiş göndərə, həm də onun nəticəsini gözləmədən qərar qəbul edə bilmərik" (bax: Европейские политики предостерегают от военной операции в Сирии без мандата ООН // "Deutsche Welle", 27 avqust 2013). Almaniyanın xarici işlər naziri G.Vestervelle bu məsələdə əsas rolu BMT-nin oynamalı olduğunu vurğulayıb. Sosial-demokrat partiyasından kansler vəzifəsinə namizəd olan P.Ştaynbrük yalnız diplomatik yollarla problemi həll etməyi doğru saydığını bildirib.

Suriya ilə bağlı yaranmış vəziyyətə Z.Bjezinskinin münasibəti bütün bunların fonunda diqqəti cəlb edir. O, "Deutsche Welle" elektron nəşrinə verdiyi müsahibədə açıq bildirib ki, "Suriya probleminin həlli yalnız hərbi gücə arxalana bilməz və təkcə Qərb dövlətlərindən asılı olmamalıdır" (bax: Бжезинский: Урегулирование потрясений на Ближнем Востоке не может быть основано на военной силе // "Regnum", 28 avqust 2013). Şübhə yoxdur ki, təcrübəli diplomat və tanınmış analitik bu fikri söyləmək üçün ciddi əsaslara malikdir. O, problemə bütövlükdə Yaxın Şərq kontekstində baxır. Z.Bjezinski regionun böyük dövlətlərindən olan Türkiyəni də problemin həllinə ciddi surətdə cəlb etməyin faydası olacağını deyir. Eyni zamanda, İsrail faktorunun ehtiyatla nəzərə alınmasını tövsiyə edir. Həmin bağlılıqda da o, hərbi müdaxilə ssenarilərinin heç birinin tam uğur gətirməyəcəyinə əmindir.

KİV-də yayılan informasiyalara görə, Suriyaya hərbi müdaxilə üç ssenari üzrə baş verə bilər. Birincisi, ölkənin hava sahəsinin uçuşlara qapalı elan edilməsi. İkincisi, dəqiq raket zərbələrinin endirilməsi. Üçüncüsü, üsyançılara silahların verilməsi. (bax: Михаэль Хартлеп, Михаил Бушуев. Сценарии вероятного военного вмешательства Запада в конфликт в Сирии // "Deutsche Welle", 27 avqust 2013). Britaniyanın "Oxford Research Group" institutunun təhlükəsizlik üzrə eksperti Pol Rocers bu ssenarilərin heç birinin gözlənilən nəticəni verməyəcəyi fikrindədir. Əsas səbəb isə Rusiya və Çinin B.Əsəd rejiminə ciddi hərbi yardım göstərməsindən ibarətdir.

Birinci ssenari faktiki olaraq B.Əsəd ordusunu hava uçuşlarından məhrum edir. Lakin real surətdə bunu həyata keçirmək çox çətindir. Çünki Rusiya rəsmi Dəməşqi hava hücumundan müdafiə qurğuları ilə də silahlandırıb. Mütəxəssislər hesab edirlər ki, rəsmi Vaşinqton Suriyanın hava sahəsinin uçuşlara qapalı elan edilməsi variantına getməyəcək.

İkinci ssenari dəqiq raket zərbələrini nəzərdə tutur ki, burada müəyyən nəticə almaq mümkündür. Ancaq həmin üsul da problemi tam həll etmir. B.Əsəd artıq bəyan edib ki, onun lazımi səviyyədə müdafiə olunmaq imkanları vardır. Ekspertlərin qənaətinə görə isə, Suriya prezidentinin güclü ABŞ raketlərinə qarşı durması çox çətin olacaq. Dəqiq raket zərbələri orduya ciddi zərər verər. Əsas isə odur ki, həmin üsulla kimyəvi silah anbarlarını məhv edə bilərlər. Burada yeni problemlər yaranar. Onlar haqqında "Startfor"un qurucusu Corc Fridman yazıb (bax: George Friedman. Obama's Bluff // www.stratfor.com, 27 avqust 2013). Onun fikrincə, Amerika üçün kimya silahlarının yerləşdiyi məkanları müəyyənləşdirmək çətin olacaq.

Üçüncü ssenari üsyançıların silahlandırılmasından ibarətdir. Bunu Qərb üçün daha təhlükəsiz variant hesab edirlər. Lakin onun effektivlik dərəcəsi şübhə doğurur. Çünki B.Əsədə "Hizbullah" və İranın elitar hərbçiləri yaxından kömək edirlər. Əslində, İran faktorunu Vaşinqtonun ciddi surətdə nəzərə alması gərəkdir. Bütövlükdə Suriya məsələsinə Yaxın Şərq problemindən kənarda baxmaq doğru olmazdı.

Bunlardan belə qənaət əldə edilir ki, Suriya probleminin sırf hərbi yolla həlli mümkün deyildir. Bu səbəbdən BMT-nin razılığı olmadan ora hərbi müdaxilə etmək yaranmış vəziyyəti daha da gərginləşdirə bilər. Hər şeydən əvvəl beynəlxalq hüquq zərər görər. Ədalət naminə problemin başqa tərəfinə də nəzər salmaq lazımdır.

Məsələ ondan ibarətdir ki, Vaşinqton kimyəvi silahdan istifadəni bütövlükdə dünya üçün çox təhlükəli simptom hesab edir. Əgər B.Əsəd bu hərəkətinə görə cavab almasa, İran və Şimali Koreya kimi ölkələr analoji addım ata bilərlər. Digər tərəfdən, ABŞ-ın dünya qarşısında verdiyi sözə əməl edə bilmədiyi təəssüratı yaranar (bax: Bachir El Khoury. Syrie: quels sont les vrais motifs du revirement américain? // "Slate.fr", 29 avqust 2013). Burada, təbii ki, məntiq vardır. Lakin problem ondadır ki, B.Əsədin qəbuledilməz hərəkətlərinə eyni qaydada cavab vermək dünya miqyasında hüquqi qeyri-müəyyənlik yaradar. Bundan bütün ölkələr daha böyük zərər görə bilər. Məhz bu səbəbdən böyük dövlətlər hər bir addımı əsaslandırmalı, BMT-də müzakirə etməli və beynəlxalq hüquq çərçivəsindən kənara çıxmamalıdırlar. Məsələnin çox mühüm aspekti Yaxın Şərq regionunda aparılan geosiyasi oyunlarla bağlıdır.

Yaxın Şərq: maraqların toqquşduğu həssas region

Ekspertlər hesab edirlər ki, həmin regionda cərəyan edən hadisələrin kökündə böyük geosiyasi güclərin maraqları durur. Suriya burada fraqmentar rol oynayır. Əsas məqsəd müsəlman dövlətlərini zəiflətməkdən ibarətdir. Bu prosesdə Qərb, İsrail, Rusiya və Çin ciddi rol oynayırlar. ABŞ və Avropa İttifaqı ölkələrinin regionda konkret geosiyasi maraqları mövcuddur. Həlledici təsirə isə Amerikanın dünya lideri qismində qlobal geosiyasi mənzərəyə nəzarət etmək istəyi malikdir. Suriyaya hərbi zərbə endirməkdə B.Obamanın israrlı davranması arxasında məhz bu səbəbin dayandığını demək mümkündür. Vaşinqton hesab edir ki, Bəşər Əsəd kütləvi qırğın silahı işlətdiyinə görə cəzalanmasa, Şimali Koreya və İran rəhbərliyi daha qabağa gedəcəklər. Onlar cəzasızlıq şəraitinin olduğunu düşünəcəklər. Bunlar isə ABŞ-ın dünya qarşısında götürdüyü öhdəliyə tam əməl etməməsi təəssüratı yarada bilər.

İsrailin həmin aspektdə öz maraqları vardır. Onun üçün ən yaxşı variant ərəb ölkələrinin zəifləməsidir. Bunun yollarından biri onlar arasında ixtilafların yaradılması və müharibələrin olmasıdır. Bu səbəbdəndir ki, "Ərəb baharı" adlanan prosesin arxasında hansı faktorların dayandığını dəqiq müəyyənləşdirmək çətindir. Məsələn, Z.Bjezinski bu haqda yazır ki, "ərəb baharı" mürəkkəb hadisədir. Burada Təl-Əvivin maraqlarının təmin edilməsi təhlükəli nəticələr verə bilər. Eyni zamanda, Qərb ekspertlərinin fikrinə görə, Vaşinqtonun Suriyaya qarşı sərt mövqe tutmasında məhz İsrail faktoru ciddi rol oynayır. Konkret olaraq, B.Obama Yaxın Şərqdə ən yaxın müttəfiqinin təhlükəsizliyini təmin etməyə çalışır.

Onu deyək ki, Ağ ev İordaniya və Türkiyəyə ola biləcək təhlükələrdən də danışır. Vaşinqton hər iki müttəfiqinə qarşı B.Əsədin kimyəvi silah tətbiq edə bilməsini nəzərə alır. Ankara bu ehtiyatlılığı qəbul edir. Eyni zamanda, Suriya rejiminin dəyişdirilməsi zərurətini həmişə vurğulayır. Belə təəssürat yaranır ki, ABŞ bəri başdan regionun bir çox dövlətinin Suriya probleminin həllində iştirak etməsinə çalışır. Bunun regional miqyasda müharibəyə aparıb çıxaracağını təxmin etmək olar. Məsələyə İraqın bölgədəki fəaliyyəti prizmasından baxanda həmin tezisin əsaslı olduğunu görmək mümkündür.

İran rəsmi Dəməşqə hərbi yardım göstərdiyini gizlətmir. O, eyni zamanda, Ankaranı regionun maraqlarına uyğun gəlməyən mövqe tutmaqda ittiham edir. Son zamanlar isə Tehran Türkiyə rəhbərliyinə Yaxın Şərqdəki geosiyasi problemləri həll etməkdə əməkdaşlıq təklif edib. İran rəsmiləri bir tərəfdən, ABŞ-ı hədələyərək, "əgər Suriyaya gəlsəniz, özünüzlə tabutlarınızı da gətirin" mesajını verir, digər tərəfdən isə, Ankarayla birgə hərəkət etmək təklifini ortaya atır. Buradan məlum olur ki, Tehran regionda anti-Qərb koalisiyası yaratmağa çalışır. Bununla o, Suriya problemini xristian-müsəlman qarşıdurması müstəvisinə atmağa cəhd edir.

Rəsmi Tehranın nəyə görə sərt davrandığının səbəbi aydındır. İranda bilirlər ki, Suriyadan sonra hədəfə bu ölkə çevrilə bilər. Prosesin qarşısını Dəməşqdə almaq bütün aspektlərdə İrana sərf edir. Nəzərə alaq ki, Yaxın Şərqdə məzhəblər arasında ixtilafın dərinləşməsində təkcə Qərb maraqlı deyil. Müəyyən aspektlərdə Tehran da həmin faktordan yararlanır. Bununla yanaşı, "əl-Qaidə" məsələsində hətta İranla ABŞ-ın maraqları uzlaşır. Bütün bunlar son nəticədə Tehranın manevr imkanlarını genişləndirir. Onun üçün əsas məsələ Qərbin başını Suriyada daha uzun müddətə qatmaqdan ibarətdir.

Nəhayət, Moskvanın Yaxın Şərqdəki maraqlarını nəzərə almamaq mümkün deyildir. Vaşinqton Suriyada öz sözünü qəti deyə bilsə, Misir və İran məsələsində daha kəskin mövqe tutmaq imkanı əldə edir. Rusiya isə regionda geosiyasi nüfuzunu xeyli itirmiş olur. Bunlara görə V.Putinin Amerikanın Suriya planını qəbul etməməsi tamamilə başadüşüləndir. ABŞ Dövlət Departamentinin nümayəndəsi Mari Harf diplomatik cəhdlərin boşa çıxmasının günahkarının Rusiya olduğunu bildirib (Запад торопится атаковать Асада – Путин не спешит ему на помощь // www. inopressa.ru, 29 avqust 2013). Hesab etmək olar ki, bu iki böyük dövlətin Yaxın Şərq uğrunda geosiyasi mübarizəsinin çox mühüm mərhələsi başlayır. Buradan kimi qalib çıxacağından dünyanın gələcək taleyi xeyli dərəcədə asılı olacaqdır.

Həmin kontekstdə Çin faktorunu yaddan çıxarmaq doğru olmazdı. Düzdür, Pekin hələlik açıq surətdə Suriya məsələsinə qarışmır. Lakin o, Moskva və Tehranın mövqeyini həmişə müdafiə edir. Çin Qərbin dünya hegemonluğunu qəbul etmədiyini açıq bildirir. Bu səbəblərdən sonrakı proseslərdə Pekinin mövqeyini daha qəti ifadə edəcəyini proqnozlaşdırmaq olar.

Narahatedici faktor budur ki, beynəlxalq aləmdə yaranan gərginliyin aradan qaldırılması üçün mövcud mexanizm kimi hətta "Böyük səkkizlik" (G8) və "Böyük iyirmilik" (G20) çərçivəsində də göstərilən səylər nəticə vermir.

Bütün bunlar onu göstərir ki, Suriya ətrafında baş verən geosiyasi proseslərin təhlükəli aspektləri çoxdur. Dünyanın böyük gücləri öz maraqları naminə Yaxın Şərq regionunda vəziyyəti gərginləşdirməkdən çəkinmirlər. Təəssüf ki, hələlik bu prosesin qarşısını almaq mümkün olmur. Əslində, Qərb özü də ikili standarta əsaslanan siyasətinin girovuna çevrilib. 1648-ci il Vestfal sülh sazişindən bu yana formalaşmış beynəlxalq münasibətlər sistemini Qərbin özü böyük təhlükə qarşısına atıb. Üstəlik, İkinci Dünya müharibəsindən sonra müqavilə və sazişlər əsasında formalaşmış müasir beynəlxalq hüquq sistemi artıq öz ömrünü başa vurmuş kimi görünür. Həmin sistem öz həyatiliyini nümayiş etdirə bilmir. Bu tezisi dünyada gedən son prosesləri hüquqi və diplomatik müstəvidə dərindən və ətraflı təhlil edərək irəli sürmək mümkündür. Müşahidələr göstərir ki, bu proses SSRİ və Varşava müqaviləsi təşkilatı dağıldıqdan dərhal sonra başlayaraq getdikcə güclənib.

Bəs nə etməli? Belə bir hüquqi müstəvidə beynəlxalq münasibətlər uzun müddət özünün yaşarılığını təmin edə bilər, ya yox? Əgər edə bilməzsə, yeni beynəlxalq hüquq mexanizminin hazırlanması üçün nə etmək lazımdır? Bu kimi suallar Suriya ətrafında yaranmış vəziyyət müstəvisində daha böyük kəskinliklə qarşıya çıxır. Qərbin böyük dövlətləri BMT-nin uyğun qərarı olmadan belə müstəqil dövlətlərə qarşı hərbi əməliyyat keçirməyə çalışırlarsa, doğrudan da, beynəlxalq hüquq sistemində ciddi böhran vəziyyəti yaranıb. Təəssüf ki, hələlik buradan çıxış yolu tapılmayıb. Dünya siyasətində söz sahibi olan ölkələrin həmin istiqamətdə təsirli addım atdığı da müşahidə edilmir. Bu aspektdə Suriya böhranı müəyyən mənada qlobal geosiyasətin və beynəlxalq hüququn sınağıdır.

Eyni zamanda, yaranmış geosiyasi və hüquqi böhranın dünya müharibəsinə aparıb çıxarmayacağına təminat vermək olduqca çətindir. Tarixi təcrübə göstərir ki, analoji situasiyalarda böyük savaşlar meydana çıxır. Birinci və ikinci dünya müharibələrini yada salmaq kifayətdir. Hətta demək olar ki, indiki ziddiyyətlər daha kəskin vəziyyət yaradıb. ABŞ, Rusiya və Çin kimi beynəlxalq siyasətdə söz sahibi olan dövlətlərlə yanaşı, regional miqyasda ciddi nüfuza malik olan bir neçə ölkə mövcuddur ki, qlobal səviyyədə gərginlik yarada bilsin. Bunlar insanları bir daha dərindən düşünməyə vadar edir: bəşəriyyət böyük təhlükənin astanasında deyil ki? Təəssüf ki, son illərdə və Suriya ilə bağlı beynəlxalq aləmdə gedən proseslər bu suallara cavab tapmağı çətinləşdirir.

Newtimes.az

 





05.09.2013    çap et  çap et