525.Az

Struktur islahatları daha çevik və səmərəli idarəetməni təmin edəcək


 

Struktur islahatları daha çevik və səmərəli idarəetməni təmin edəcək<b style="color:red"></b>

Azərbaycanın dinamik inkişafı, iqtisadi və sosial sferada əsaslı pozitiv dəyişikliklərin aparılması, cəmiyyət həyatının bütün sahələrində yeniləşmə dövlət idarəçiliyi sistemininin təkmilləşdirilməsini, səmərəliliyin yüksəldilməsini, çevik və məqsədyönlü fəaliyyət göstərən yeni idarəetmə strukturunun formalaşdırılmasını zərurətə çevirib.

Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycan prezidenti ölkədə struktur islahatı gözləndiyini vurğulayaraq, bunun idarəetmədə strukturun köhnəldiyi zərurətindən irəli gəldiyini vurğulayıb.

Prezident deyib: "Yeni idarəetmə strukturu olmalıdır - daha çevik, daha yığcam, daha məqsədyönlü".

Bir neçə gün sonra isə, daha dəqiqi yanvarın 14-də Prezident İlham Əliyev Azərbaycanda dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzaladı. Fərmanına əsasən, Azərbaycan Respublikasında dövlət idarəçiliyini daha da təkmilləşdirmək, dövlət orqanlarının və qurumlarının fəaliyyətini optimallaşdırmaq və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin etmək məqsədi ilə Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkil ediləcək.

Eyni zamanda, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu və Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi ləğv edilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu, habelə Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının Katibliyi də ləğv edilib. Onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Dövlət başçısının digər fərmanı ilə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında olan Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi yaradılıb.

Bundan başqa, ölkə prezidenti müdafiə sənayesinin inkişafının dayanıqlılığını təmin etmək, bu sahədə idarəetmə mexanizmlərini daha təkmilləşdirmək, habelə sənayeləşmənin yeni mərhələsində mövcud potensialdan səmərəli istifadə etməklə Azərbaycanın regionda silah istehsal edən əsas sənaye mərkəzlərindən birinə çevrilməsinə nail olmaq məqsədi ilə Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyətinin yaradılması ilə bağlı da fərman imzalayıb.

Qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan kompleks islahatlar ölkəmizə "dünyada ən islahatçı" ölkə imici qazandırmaqla, həm də davamlı və tarazlaşdırılmış iqtisadi inkişafı təmin edib. Cənab prezidentin rəhbərliyi ilə aparılan struktur islahatların əsas məqsədi idarəetmədə çevikliyi və səmərəliliyi artırmaq, cəmiyyətdə formalaşan yeni çağırışlara və iqtisadiyyatda baş verən struktur dəyişikliklərinə adekvat uyğunlaşmanı təmin etməkdir.

Dövlət başçısının apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi - səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə, maksimum nəticə əldə edə bilər. Struktur islahatlar institusional və tənzimləyici çərçivəni iqtisadiyyatın tarazlı inkişafına yönəldir.

Struktur islahatların gətirəcəyi faydalardan biri də ölkədə biznes mühitinin daha da təkmilləşdirilməsi və rəqabətin gücləndirilməsindən ibarətdir. Çünki yığcam və məqsədyönlü dövlət aparatı özəl sektorun fəaliyyətinə müdaxiləni minimuma endirməklə daha çox bazar tənzimlənməsinə şərait yaradır. Beləliklə, dövlət və bazar tənzimlənməsinin optimal nisbəti müəyyənləşir ki, bu da özəl sektorun lokomotiv olduğu iqtisadi inkişafı təmin edir.

Struktur islahatları, xüsusilə, "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti və Aqrar Xidmətlər Agentliyi ölkədə aparılan diversifikasiya siyasətinə xidmət göstərməklə, iqtisadiyyatın rəqabət qabiliyyətinin artırılması, qeyri-neft ixracının genişlənməsi, idxalın əvəzlənməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi və ordunun hərbi-texniki təchizatında kəmiyyət və keyfiyyət göstəricilərinin daxili istehsal hesabına yüksəldilməsini təmin edəcəkdir.

Dövlət aparatının optimallaşması, paralel strukturların aradan qaldırılması və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət deməkdir. Dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir. Struktur islahatları nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaqdır. Bir pəncərə və rəqəmsallaşma kimi prinsiplər struktur islahatları boyunca keçən əsas xəttidir. Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi diqqətdə saxlanılıb. Müvafiq qurumlar və Dövlət İmtahan Mərkəzi bu sahədə prezidentdən xüsusi tapşırıqlar alıblar. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları maksimum təmin edilir.

Struktur islahatları "yaxşı idarəetmə" və "açıq hökümət" prinsiplərinə uyğun olmaqla dövlət idarəetməsinin dünya standartlarında həyata keçirilməsini təmin edir. Davos İqtisadi Forumunun "Qlobal Rəqabətlilik 2019" hesabatına əsasən, Azərbaycan 140 ölkə arasında "Dövlət tənzimlənməsinin yükü" alt-indikatoru üzrə əvvəlki illə müqayisədə 3 pillə irəliləyərək 12-ci yerdə qərarlaşıb və Avstriya, Belçika, Danimarka kimi ölkələri geridə qoyub. Təkcə bu fakt onu gösərir ki, Prezident İlham Əliyevin rəhbərliyi altında ölkədə effektiv dövlət idarəetmə aparatı formalaşıb. Struktur islahatları nəticə etibarı ilə məhsuldarlığın artırılması, ölkəyə daha çox investisiya cəlbi və yeni iş yerlərinin yaradılması deməkdir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət biznes mühitinin təkmilləşməsini, infrastruktur və insan kapitalının inkişafını, Azərbaycanın dünya iqtisadiyyatında mövqelərinin güclənməsini və beləliklə, ölkənin dinamik və tarazlı inkişafını təmin edir.

Mövzunu şərh edən millət vəkili Aydın Hüseynov "525"ə bildirib ki, prezidentin imzaladığı məlum fərman mühüm əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, Azərbaycan iqtisadiyyatı bu gün artıq özünün daha böyük bir inkişaf, eyni zamanda, yeni mərhələsinə qədəm qoyub. İqtisadiyyatın bu yeni mərhələsi isə çeviklik, paralel strukturların aradan qaldırılmasını, effektivlik tələb edir. Millət vəkili vurğulayıb ki, bu sənədin ən böyük əhəmiyyəti ilk növbədə biznes mühitinin yaxşılaşdırılması, digər tərəfdən qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi, rəqabətqabiliyyətli, ixracyönümlü məhsulların istehsal olunması, valyuta gətirən mənbələrin daha da təkminləşməsindən ibarətdir. Bu kimi çağırışlar artıq yeni strukturlara yeni baxış tələb edir. Eyni zamanda, atılan bütün addımlar vətəndaşların maraqlarına, onların sosial rifah halının daha da yüksəldilməsinı xidmət edir.

A.Hüseynov əlavə edib ki, buna görə də yeni struktur islahatlarına, bir-birini təkrarlayan və hətta bəzən bir-birinə mane olan bəzi strukturların ləğv edilməsi vacib idi: "Bu islahatlar rəqabətqabiliyyətliliyi artırır, bazar mühitini daha da formalaşdırır. Bugünün çağırışları, həmçinin, iqtisadi çağırışlar, hədəflər cənab prezidentin belə struktur islahatları aparmasını vacib edən amillərdəndir".

Millət vəkili deyib ki, sözügedən islahatlar düşünülmüş şəkildə həyata keçirilir  və iqtisadi strategiyamızın inkişafı ilə əlaqədar olaraq struktur islahatlarının düşünülmüş şəkildə gələcəkdə də aparılması istisna deyil.

İqtisadçı ekspert Vüqar Bayramov isə bildirib ki, dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman müasir dövrün yeni çağırışlarına uyğun idarəetmə sistemində çevikliyin artırılması baxımdan mühim əhəmiyyət daşıyır. İqtisadçının sözlərinə görə, Azərbaycanda həyata keçirilən islahatlar, o cümlədən, strukturun təkmilləşdirilməsini və qərarların qəbulunun çevikliyini də özündə ehtiva edir.

V.Bayramova görə, fərmanın ən böyük üstünlüyü müasir standartlara uyğun idarəetmə strukturları yaradılması ilə bağlıdır: "Aydındır ki, dərinləşmiş islahatlar yeni struktur islahatlarinı daha aktuallaşdırıb. Dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı imzalanan son fərman da məhz iqtisadi islahatların səmərəliyinin daha da artırılması üçün bir baza formalaşdırmaqdır. 2019-cu ildə həm dövlət başçısnın tapşırıq və tövsiyələrinə, həm də Strateji Yol xəritələrinə uyğun olaraq islahatların daha da dərinləşdirilməsi nəzərdə tutulur. Deməli, dərinləşmiş islahatlar bu il qeyri-neft sektorunun artım tempinə də müsbət təsir göstərəcək. Bu isə iqtisadiyyatın şaxələndirilməsi, neftdən asılılığın aradan qaldırılması kimi hədəflərə daha tez nail olmasına şərait yaratmaqdadır.  Nəticə etibarilə, son illər idarəetmə aparatının səmərəliliyinin artırılması istiqamətində addımların atılmasını və Azərbaycanda qeyri-neft sektorunun inkişafına hədəflənən islahatların struktur islahatları ilə müşayiət olunması xüsusi ilə qeyd olunmalıdır".

O deyib ki, bir sıra dövlət qurumlarının ləğv edilməsi və ya birləşdirilməsi qərarların qəbul edilməsi prosedurunu da xeyli sadələşdirəcək. Bu da nəticə etibarilə idarəetmə sisteminin optimallaşmasına şərait yaradacaq: "Müasir çağırışlar bir daha təsdiq edir ki, idarəetmədə proseduraların sayının azaldılması islahatların səmərəliliyinə birbaşa təsir göstərir. Bu baxımdan da, yeni stuktur islahatları nəticə etibarı ilə biznes mühitinin daha da yaxşılaşdırılmasına da birbaşa müsbət təsir göstərəcək. Bu kontekstdən, son islahat Azərbaycanda həyata keçirilən və birbaşa qeyri-neft sektorunun inkişafına, eləcə də investisiya mühitinin yaxşılaşdırılmasına, idarəetmə aparatının çevikliyinin artırılmasına, idarəetmədə səmərəliliyin təşkilinə hesablanan islahatların tərkib hissəsidir. Digər tərəfdən, bu fərman əsasında həyata keçiriləcək islahatlar dövlət bücəsində vəsaitlərin qənaət edilməsi və vəsaitlərin səmərəli xərclənməsi baxımından da vacibdir".

V.Bayramov vurğulayıb ki, son fərmanı bir daha təsdiq edir ki, Azərbaycanda iqtisadi islahatlar həm struktur, həm institusional olaraq davam etdirilir. Məqsəd mövcud postneft dövrünün prioritetlərinə uyğun olaraq, iqtisadiyyatın şaxələndirilməsini hədəfləmiş islahatları həm də struktur islahatları ilə dəstəklənməsinə nail olmaqdan ibarətdir. Nəticədə bu, idarəetmədə bir çeviklik formalaşdırır, proseslərə idarəetmə orqanlarının daha çevik, daha qısa zamanda səmərəli reaksiya verməsini təmin edir. Bütövlükdə bu, yalnız iqtisadi inkişaf deyil, həm də cəmiyyətin inkişafı və ölkənin daha müasir və çevik idarəetmə sisteminə transformasiyası baxımından olduqca vacibdir".

PƏRVANƏ

 





16.01.2019    çap et  çap et