525.Az

Prezident bəzi beynəlxalq təşkilatları fakt qarşısında qoydu


 

"ERMƏNİSTAN BEYNƏLXALQ ARENADA KONYAK DİPLOMATİYASINI İŞƏ SALIB VƏ BİR ÇOX SİYASƏTÇİLƏRİ SATIN ALIB"

Prezident bəzi beynəlxalq təşkilatları fakt qarşısında qoydu<b style="color:red"></b>

Yanvarın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən hökumət müşavirəsində ötən ilin sosial-iqtisadi yekunlarının qiymətləndirilməsi, qarşıda duran vəzifələrin müəyyənləşdirilməsi ilə yanaşı beynəlxalq ictimaiyyətə, o cümlədən, Ermənistan cəmiyyətinə verilən bir sıra mesajlarla yadda qalıb.

Dövlət başçısı 2018-ci ilin ölkəmiz üçün uğurlu olduğunu, dünyada və bölgədə gedən mənfi proseslərə baxmayaraq, Azərbaycanın hərtərəfli və dinamik inkişaf etdiyini, Ermənistan istisna olmaqla, digər dünya dövlətləri ilə mövcud bərabərhüquqlu əməkdaşlıq əlaqələrini daha da möhkəmləndirdiyini bildirib.

Prezident çıxışında qarşıda duran ən əsas məsələ kimi, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə, bu istiqamətdə aparılan danışıqlara, düşmən ölkənin yürütdüyü işğal siyasəti nəticəsində düşdüyü ağır vəziyyətə geniş yer verib, bəzi beynəlxalq təşkilatların BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə uyğun mövqe sərgiləmək əvəzinə ölkəmizə qarşı ikili standartlar tətbiq etməsindən, düşmən ölkədə baş verən mənfi proseslərə göz yummasından danışıb.

İkili standartlar siyasəti həyata keçirən beynəlxalq təşkilatları sərt tənqdi edən ölkə rəhbəri bildirib ki, Ermənistanda 20 il ərzində kriminal, qaniçən xunta rejimi hökm sürsə də, bəzi beynəlxalq təşkilatlar buna göz yumublar: "İndi sual olunur, necə ola bilər ki, son illərdə Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə beynəlxalq təşkilatlar müsbət rəy verirlər. Axı, son parlament seçkiləri göstərib ki, hakimiyyəti qanunsuz şəkildə zəbt etmiş dəstə 5 faiz də səs yığa bilməyib. Bunu hər kəs etiraf edir. Ancaq əvvəlki illərdə özlərinə 50 faizdən çox səs yazdıran kriminal rejimin fəaliyyəti niyə qınaq obyektinə çevrilməyib?! Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir? Çox yaxşı bilirdilər, amma göz yumurdular. Nəyə görə? İkili standartlara görə. Nəyə görə? Çox güman ki, burada hansısa təmənna ilə bağlı başqa məsələlər olub".

Prezidentin sözlərinə görə, heç kimə sirr deyil ki, Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb: "Əvvəlki illərdə Ermənistanın xarici siyasətində rüşvət amili birinci yerdə idi. Ona görə mən hesab edirəm ki, bu məsələ müvafiq beynəlxalq orqanlar tərəfindən çox ciddi araşdırılmalıdır və kriminal rejimə 20 il ərzində dəstək verən, onun cinayətlərinə göz yuman, onun əlindən orden, medal alan dırnaqarası siyasətçilər məsuliyyətə cəlb olunmalıdırlar. Bizim tələbimiz bundan ibarətdir. Əgər bu, olmasa, demək heç nə dəyişilmir. Əgər bu, olmasa, onda bu gün bəzi beynəlxalq təşkilatlar tərəfindən səslənən ədalət, insan haqları haqqında cəfəng bəyanatlar elə cəfəng bəyanatlar kimi qalacaq. Sarkisyan rejiminə, onun əməllərinə dəstək verən, göz yuman beynəlxalq təşkilatlar əgər öz günahını yumaq istəyirlərsə, qoy, etiraf etsinlər ki, onlar 20 il ərzində cinayətkarlarla əlbir olublar və beləliklə, bu cinayətlərdə onların da əli, onların da payı var".

Prezidentin müşavirədə səsləndirdiyi fikirləri şərh edən "İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, regionun, ümumilikdə, dünyanın inkişaf dinamikasına müsbət təsir edən, mühüm töhfələr verən Azərbaycan beynəlxalq aləmdə humanist addımların, qlobal iqtisadi layihələrin müəllifi kimi tanınır. O, "Azərtac"a bildirib ki, bu layihələr sülh və təhlükəsizliyə xidmət etməklə yanaşı, region ölkələrinin iqtisadi baxımdan inkişafında əvəzedilməz amil kimi çıxış edir: "Qardaş Türkiyə, Gürcüstan, İran və digər dövlətlərlə mövcud iki və çoxtərəfli əməkdaşlıqlar gələcəkdə böyük perspektivlər vəd edir. Təbii ki, işğalçı Ermənistan isə bütün bu layihələrdən kənarda çöküş dövrünü yaşayır. Bu gün işğalçı ölkədə siyasi gərginlik mövcuddur, iqtisadiyyat iflas həddindədir, əhali xaricə axın etməkdə davam edir. Qeyd etdiyimiz kimi, səbəb isə birdir: işğalçılıq siyasəti, Azərbaycan və digər ölkələrə qarşı əsassız ərazi iddiaları, terrorist siyasi rejim. Bu günlərdə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında çıxışı zamanı dövlət başçısı xüsusi olaraq bu məsələyə toxunub və 20 il hakimiyyəti qanunsuz zəbt etmiş kriminal xunta rejiminin süqutundan danışıb. Prezident bəyan edib ki, bu, kriminal rejimin məntiqi acı sonudur".

V.Rəhimzadə qeyd edib ki, 20 il ərzində Ermənistandakı kriminal rejimin işğalçılıq siyasətinə biganə qalan beynəlxalq təşkilatlar yenə də ikili standartlardan əl çəkmək istəmir, baş verənlərə obyektiv qiymət verməkdən boyun qaçırırlar: "Prezident İlham Əliyev nitqində haqlı olaraq vurğulayıb ki, bəzi beynəlxalq təşkilatlar Ermənistanda böyük miqyasda saxtakarlıqla keçirilmiş prezident və parlament seçkilərinə müsbət rəy verirlər. Son parlament seçkilərində gördük ki, hakimiyyəti qanunsuz zəbt edən kriminal rejim heç beş faiz də səs toplaya bilmədi. "Avropa Şurası, Avropa Parlamenti və demokratiyadan, ədalətdən dəm vuran digər beynəlxalq təşkilatlar o biabırçı mənzərəyə niyə göz yumurdular?! Məgər onlar bilmirdilər ki, Ermənistanda bütün seçkilər saxtalaşdırılıb? Bilmirdilər ki, erməni xalqı kriminal rejimə nifrət edir?", - deyən dövlətimizin başçısı bəzi beynəlxalq təşkilatları fakt qarşısında qoyub. Hesab edirəm ki, Prezident İlham Əliyevin "Ermənistan beynəlxalq arenada konyak diplomatiyasını işə salıb və bir çox siyasətçiləri satın alıb" fikri bəzi beynəlxalq təşkilatlar üçün dərs olmalı, hadisələrə bundan sonrakı yanaşmalarında əsaslı dönüş yaratmalıdır".

Baş redaktor əlavə edib ki, demokratiyadan, insan haqlarından danışan bəzi beynəlxalq təşkilatlar Ermənistanda baş verən hadisələrə göz yummamalıdır: "Söhbət demokratiyadan gedirsə, bu amil Ermənistan üçün də keçərli olmalıdır. Başqa ölkələrə "insan haqları" adı altında təzyiq göstərən bəzi beynəlxalq təşkilatlar Ermənistan adı gələndə niyə susurlar? Bu susqunluq nə vaxta kimi davam edəcək? Əgər işğalçı ölkədə 20 ildə baş verən qanunsuzluqlar öz ədalətli qiymətini almayacaqsa, bəzi beynəlxalq təşkilatların demokratiya, insan haqları ilə bağlı bəyanatları boş və mənasız söz yığını olaraq qalacaq".

Ceyhun ABASOV

 





16.01.2019    çap et  çap et