525.Az

Azərbaycan Texniki Universitetində mediatur


 

Azərbaycan Texniki Universitetində mediatur <b style="color:red"></b>

Dünən Azərbaycan Texniki Universitetində (AzTU) qış imtahan sessiyasının gedişini müşahidə etmək üçün mediatur təşkil olunub.

Mediaturda universitetin İctimai Şurasının üzvləri, KİV-lərin nümayəndələri, ekspertlər və valideynlər auditoriyalarda imtahanların gedişini izləyib və cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər.

Universitetin rektor əvəzi, professor Xaliq Yahudov bildirib ki, imtahanlar həm test üsulu ilə, həm də yazılı formada keçirilir. Rektorun sözlərinə görə, universitetdə əvvəllər yalnız "Xüsusi texnika və texnologiya" fakültəsinin SABAH qruplarının tələbələri və magistrlar yazılı imtahan verirdi. Hazırda isə 1, 2 və 3-cü kursda oxuyan tələbələrdən də ixtisas fənlərinin imtahanları yazılı şəkildə götürülür.

X.Yahudov vurğulayıb ki, universitetdə bütün məsələlər "Elektron Universitet Portalı" vasitəsilə nəzarətə götürülür, istər yazılı, istərsə də test imtahanlarının nəticələri dərhal həmin sistemdə qeydə alınır. Tələbə test imtahanlarının nəticələrini cavabları təsdiq edildikdən sonra dərhal kompüterin ekranından görür. Yazılı imtahanlar da test imtahanları kimi ciddi nəzarətə götürülüb, yazılar şifrələnir, sonra yoxlanılır. Həmin gün qiymətlər tələbələrə elan edilir. Hər günün sonunda istər yazılı, istərsə də test imtahanlarının nəticələri universitetin Elektron Portalında yerləşdirilir.

X.Yahudovun dediyinə görə, universitetdə imtahanların gedişinə nəzarət etmək məqsədilə Qərargah və Apellyasiya Komissiyası təşkil olunub. Qiymətləndirmədən narazı qalan tələbələrin Apellyasiya Komissiyasına ərizə ilə müraciət etmələri üçün lazımi şərait yaradılıb. Burada mübahisə doğuran məsələlər komissiya tərəfindən tələbələrin iştirakı ilə araşdırılır, qiymətləndirmədə şəffaflıq və opreativlik təmin edilir.

X.Yahudov qeyd edib ki, qış imtahan sessiyasında 8 min 519 tələbə iştirak edir. İmtahanların keçirilməsində şəffaflığın təmin olunması üçün universitetin tədris-köməkçi heyətindən təşkil edilmiş 105 nəfər kordinator sessiyaya səfərbər edilib.

Sonra təhsil ekspertləri, media nümayəndələri universitetin bir neçə auditoriyasına baş çəkib, imtahanların gedişini izləyib, cavabların yoxlanılması prosesi haqqında məlumat əldə ediblər. Universitetin İctimai Nəzarət Şuranın sədri, professor Şahlar Əsgərov, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz, Parlament Jurnalistləri Birliyinin sədri, "Modern" Media Qrupunun baş direktoru Elşad Eyvazlı və başqaları universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər. İmtahan prosesinin gedişi ilə bağlı fikirlərini bölüşən müşahidəçilər universitetdə imtahanların yüksək səviyyədə təşkil olunduğunu, lazımi şəraitin yaradıldığını bildiriblər. Valideynlər qış imtahan sessiyasının mövcud qaydalara uyğun keçirildiyini, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin təmin olunduğunu müşahidə ediblər.

S.QARAYEVA

 





16.01.2019    çap et  çap et