525.Az

Cəfər Cəfərov: "ADPU-da ciddi islahatlar həyata keçirilir"


 

Cəfər Cəfərov: "ADPU-da ciddi islahatlar həyata keçirilir"<b style="color:red"></b>

Dünən Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2018-2019-cu tədris ilinin payız semestrinin imtahan sessiyasının monitorinqi keçirilib.

Monitorinqdə universitetdə yeni tərkibdə fəaliyyətə başlayan İctimai Şuranın üzvləri, təhsil ekspertləri, qeyri-hökumət təşkilatlarının təmsilçiləri, media nümayəndələri imtahan keçirilən zal və auditoriyalarda olaraq imtahan prosesini, həmçinin, imtahan yazı işlərinin kodlaşdırıldığı otaqlarda olaraq imtahan yazı işlərinin yoxlanılmasını, Apellyasiya Komissiyasının və İmtahan Qərargahının fəaliyyətini müşahidə ediblər.

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov monitorinq iştirakçılarına imtahan sessiyasının təşkili və gedişi, imtahan qaydaları, imtahan prosesində şəffaflığın və obyektivliyin təmin edilməsi üçün həyata keçirilən məqsədyönlü tədbirlər haqqında ətraflı məlumat verib. Qeyd edib ki, yanvarın 4-dən yanvarın 11-dək 84 fəndən keçirilən imtahanlarda təxminən 15895 nəfər tələbə iştirak edib.

Bu müddətdə 81 nəfər tələbə İmtahan Qərargahına müraciət edib. Bu müraciətlərin 76-sı yazılı qaydada verilən imtahanlardan, 5-i isə test üsulu ilə verilən imtahanlardan olub. Müraciətlər çevik şəkildə və diqqətlə araşdırılıb. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 76 müraciətin 73-ü tələbələrin xeyrinə həll edilib, 3 nəfər isə müvafiq məlumatlandırmadan sonra müraciətindən imtina edib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 5 müraciət tələbələrin xeyrinə həll edilib. 18 nəfər tələbə imtahan qaydalarını pozduqlarına görə protoklaşdırılıb, onların imtahan nəticələri ləğv edilib və bu barədə müvafiq fakültə dekanlarına məlumat verilib.

Apellyasiya Komissiyasına isə yazılı qaydada verilən imtahanlarla bağlı 422 müraciət daxil olub. Yazılı qaydada verilən imtahanlarla bağlı edilən 422 müraciətdən 216-ı araşdırılıb. 63 müraciət tələbələrin xeyrinə həll edilib. Test üsulu ilə verilən imtahanlarla bağlı edilən 6 müraciətdən 4-ü araşdırılıb. 2 müraciət tələbələrin xeyrinə həll edilib. ADPU-nun filialları və ADPU-nun nəzdində Azərbaycan Dövlət Pedaqoji Kolleci (ADPK) imtahan sessiyasının gedişi haqqında mütəmadi olaraq Tədris Departamentinə və rektorluğa məlumat verirlər.

Monitorinq iştirakçıları ilə söhbət zamanı tələbələr şəffaf və obyektiv imtahan mühitinin yaradılmasından razı qaldıqlarını bildiriblər.

ADPU-nun rektoru, professor Cəfər Cəfərov İctimai Şuranın üzvlərinə monitorinqdə iştirak etdiklərinə görə təşəkkür edib. Rektor qeyd edib ki, Azərbaycan dünyanın ümumi inkişaf prosesinə qoşulub: "Təhsil ümummilli, ümumxalq məsələsidir. Təhsil sahəsində dəyərlər, bilik və bacarıqlar önə keçməlidir. Ölkə rəhbərliyi bizim qarşımızda mühüm vəzifələr qoyub. Bizim əsas vəzifəmiz yüksək səviyyəli pedaqoji kadrlar hazırlamaqdır. ADPU-da sağlam və ədalətli rəqabət mühitinin yaradılması, infrastrukturun yenilənməsi, insan resurslarının inkişaf etdirilməsi istiqamətində ciddi islahatlar həyata keçirilir. Bu islahatların əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsidir. ADPU-da fəaliyyət göstərən İctimai Şuranın üzvləri cəmiyyətin düşüncəsinə və ictimai rəyə təsir edə bilən şəxslərdir. Müasir dünyada ictimai rəy xüsusi önəm kəsb edən amildir. Biz sizinlə təhsil sahəsi ilə bağlı səmərəli müzakirələr aparmaq və daha geniş miqyasda əməkdaşlıq etmək niyyətindəyik".

S.QARAYEVA

 





16.01.2019    çap et  çap et