525.Az

Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı rəsmi xəbərdarlıq


 

PROQNOZLAŞDIRILAN İFRAT TƏHLÜKƏLİ HAVA ŞƏRAİTİ İLƏ ƏLAQƏDAR QƏRARGAH VƏ SIĞINACAQLAR YARADILDI

Təhlükəli hidrometeoroloji hadisə ilə bağlı rəsmi xəbərdarlıq<b style="color:red"></b>

Ölkə ərazisinə Aralıq dənizi siklonlarının yaxınlaşması ilə əlaqədar yanvarın 16-dan 17-nə keçən gecədən başlayaraq hava şəraitinin kəskin dəyişəcəyi gözlənilir. Xüsusilə, Xəzər dənizi akvatoriyasında şiddətli küləyin əsəcəyi proqnozlaşdırılıb.

Yanvarın 18-i, gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) aparatında və Milli Hidrometeorologiya Departamentində qərargahlar yaradılıb. Həmçinin, nazirliyin bütün qurumları səfərbər edilərək gücləndirilmiş iş rejiminə keçib. Bu barədə adıçəkilən nazirlikdən verilən məlumatda bildirilib.

Qeyd olunub ki, ötən günlərlə müqayisədə havanın temperaturu 10 dərəcə enəcək. Yanvarın 17-si gecədən başlayaraq hava şəraitinin dəyişməsi ilkin olaraq Naxçıvan Muxtar Respublikasında, Dağlıq Qarabağda, Gəncə-Qazax bölgəsində müşahidə olunacaq. Respublikanın əksər rayonlarında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı, bəzi yerlərdə intensiv olacağı proqnozlaşdırılır. Yanvarın 17-dən 18-nə keçən gecə respublikanın rayonlarında yolların buz bağlamaq ehtimalı var. Belə hava şəraitinin yanvarın 18-i gündüzədək davam edəcəyi gözlənilir.

Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva kütləvi informasiya vasitələrinin nümayəndələrinə verdiyi açıqlamada bildirib ki, havanın dəyişməsi ilə əlaqədar bütün təşkilat və qurumlara xəbərdarlıqlar göndərilib.

"Azərtac"ın xəbərinə görə, U.Tağıyeva qeyd edib ki, proqnozlaşdırılan hadisə ilə bağlı əlaqədar təşkilatlara məlumat verilib: "Xəzər dənizi akvatoriyasında küləyin maksimal sürətinin saniyədə 30-35 metr olacağı, açıq dənizdə saniyədə 38-40 metrədək güclənəcəyi gözlənilir. Güclü küləklə əlaqədar dalğalar yaranacaq. Dalğanın maksimal hündürlüyünün 6-8 metr və daha çox olma ehtimalı var".

Nazirliyin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə bildirib ki, nazirliyin aparatında yaradılan qərargahdan dövlət qurumları və nazirliyin regional idarələri arasında koordinasiyanın daha da gücləndirilməsi məqsədilə operativ faktiki hava məlumatları təqdim olunacaq.

Milli Hidrometeorologiya Departamentində yaradılan qərargahdan isə müşahidə olunan proseslə bağlı ətraflı məlumatların (yağıntılar, küləyin sürəti, istiqaməti, dənizdə dalğanın hündürlüyü) hər üç saatdan bir aidiyyəti dövlət orqanlarına ötürülməsi təmin ediləcək. Məlumatlar ictimaiyyətə KİV vasitəsilə canlı və yazılı şəkildə çatdırılacaq.

Hava şəraitinin kəskinləşməsi ilə əlaqədar 2500-dək neftçi təxliyyə edilib.

SOCAR-dan  bildirilib ki, yanvarın 16-sı saat 18:00-a olan məlumata görə, şirkət yanvarın 17-də hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Bütün sahələrdə növbətçilik təşkil olunub, yalnız istehsalat qəzalarının baş verməməsi məqsədilə növbətçilər sahələrdə saxlanılıb.

Gözlənilən qasırğa ilə bağlı bütün sahələrdə maarifləndirmə işləri aparılıb, açıq hava şəraitində işlər maksimum dərəcədə məhdudlaşdırılıb, tikililərin və qurğuların təhlükəsiz vəziyyətə gətirilməsi haqqında bütün sahələrə göstərişlər verilib.

Mümkün fövqəladə vəziyyətlə əlaqədar digər təşkilat və qurumlarla mütəmadi əlaqələr saxlanılır, mövcud vəziyyət daimi nəzarət altındadır. Dənizdəki bütün neft-qaz yataqlarında növbətçi gəmilər və Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə gəmiləri tərəfindən növbətçilik həyata keçirilir.

Gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə ilə əlaqədar baş nazir Novruz Məmmədov yanvarın 17-si və 18-i tarixlərində respublika ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması barədə sərəncam imzalayıb. Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmri ilə qərar qüvvəyə minib. Həmçinin, baxçalar, uşaq evlərində qeyri-iş günləri tətbiq olunub, universitetlərdə imtahanlar təxirə salınıb.

Bundan başqa, ölkə üzrə aidiyyatı dövlət qurumları gücləndirilmiş iş rejiminə keçiblər.

Səhiyyə naziri Oqtay Şirəliyev respublika əhəmiyyətli iri tibb müəssisələrinin rəhbərləri ilə şəxsən görüşərək onlara Ekologiya və Təbii Sərvətlər Nazirliyinin hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xəbərdarlığını nəzərə alıb, gücləndirilmiş iş rejiminə keçmələri barədə tapşırıqlar verib.

"Modern.az"ın məlumatına görə, digər tibb müəssisələrinin rəhbərlərinə isə telefonoqramlar göndərilib. Ona görə də tibb müəssisələri tam hazır vəziyyətə gətirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sosial sığınacaqları da gücləndirilmiş iş rejimində işləyəcək.

Nazirlikdən bildirilib ki, kəskin hava şəraiti ilə əlaqədar sığınacağa ehtiyacı olanlar dərhal yaş səviyyələrinə uyğun olaraq Yaşayış yeri olmayan 18 yaşdan yuxarı şəxslər üçün Sosial Sığınacağda və ya Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsində yerləşdiriləcəklər.

Bu məqsədlə müvafiq qərargah da yaradılıb. Vətəndaşlardan gözlənilən təhlükəli hava şəraitində sosial sığınacağa ehtiyac duyan şəxslər, onların hazırda olduqları yer barədə (050) 669 33 66, (070) 669 33 66 əlaqə nömrələrinə zəng vuraraq, habelə nazirliyin 142 - Çağrı mərkəzi ilə əlaqə saxlayaraq məlumat vermələri xahiş olunur. Sığınacaqlara yerləşdiriləcək şəxslər yataq, yemək və ilkin tibbi yardımla təmin olunacaqlar.

Nazirlik yanında Dövlət Əmək Müfəttişliyi Xidməti isə sahibkarlara müraciət ünvanlayıb. Dövlət xidməti işəgötürənləri işçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görməyə çağırır.

Qeyd olunub ki, Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilməli və ya iş dayandırılmalıdır.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə proqnozlaşdırılan hava şəraiti ilə əlaqədar nazirliyin tabeliyindəki qurumların rəhbərləri ilə görüş keçirib.

Nazirlikdən verilən məlumata görə, R.Quluzadənin rəhbərliyi ilə operativ qərargah yaradılıb. Əhalinin nəqliyyat, telekommunikasiya, poçt, o cümlədən, internet, mobil rabitə xidmətləri, radio-televiziya yayımı ilə fasiləsiz şəkildə təmin edilməsinə dair müəssisə rəhbərlərinə tapşırıqlar verilib.

Nəqliyyat və rabitə obyektlərinin mühafizəsinin və yanğın təhlükəsizliyinin, eləcə də açıq havada işləyən işçilərin təhlükəsizliyinin təmin edilməsi üzrə müvafiq tədbirlər görülməsi barədə göstəriş verilib. Qəza xidmət briqadaları hazırlıq vəziyyətinə gətirilib və növbətçi hissələr təşkil edilib.

Mədəniyyət Nazirliyi yanvarın 17-18-də ölkə ərazisində hava şəraitinin kəskin pisləşəcəyi ilə bağlı aidiyyəti qurumların rəsmi xəbərdarlığı və Nazirlər Kabinetinin 2019-cu il yanvarın 16-da imzaladığı müvafiq sərəncamının icrasını təmin etmək məqsədilə zəruri tədbirlər görəcək.

Bildirilib ki, bununla əlaqədar olaraq qurumun tabeliyində olan təhsil müəssisələrində təlim-tərbiyə prosesinin dayandırılması və ehtiyat tədbirlərinin görülməsi barədə qərar qəbul olunub.

"Azərişıq" ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib ki, istehlakçıların fasiləsiz və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar qurum qabaqlayıcı tədbirlər görüb: "Baş verə biləcək qəzaların dərhal aradan qaldırılmasını həyata keçirmək üçün "Azərişıq" ASC-nin rəhbərliyi müvafiq əmr imzalayıb. Əmrə əsasən, məsul şəxslərlərdən ibarət növbətçilik təşkil edilib, eyni zamanda, sistem əhəmiyyətli yarımstansiyalara birbaşa məsul şəxslər təyin ediliblər. Paylayıcı elektrik veriliş xətlərinin təkrar yoxlanılması və nəzarətdə saxlanılması təmin edilib. Gücləndirilmiş iş günlərində Texniki Direktorluğa tabe olan xidmət sahələrində və Avtonəqliyyat İdarəsində  zəruri olan mal-materialların, ehtiyatı yaradılb,maşın-mexanizmlər hazırlığı görülüb. 199-Çağrı mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək". 

SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Kərbalayev isə qeyd edib ki, qarşıdakı günlərdə qəza halları istisna olmaqla ölkənin qaz təsərrüfatında qaz təchizatının məhdudlaşdırılması istiqamətində hər hansı tədbirin həyata keçirilməsi nəzərdə tutulmur: "Bunun üçün "Azəriqaz"ın təmir-tikinti idarəsinin işçi heyəti lazımi maşın, mexanizm, alət-avadanlıqlarla tam təmin edilib. Həmçinin, 104 və 185 nömrəli "Çağrı Mərkəz"lərinin fəaliyyəti gücləndirilib".

Qaza olan tələbatın artmasını nəzərə alaraq "Azəriqaz" İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.

"Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı isə bildirib ki, qurumun rayon sukanal idarələrinin rəhbərlərinin iştirakı ilə geniş iclas keçirilib: "İclasda qeyd olunub ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xəbərdarlığına əsasən, küləkli günlərdə yerli sukanal idarələri gücləndirilmiş rejimdə çalışacaqlar. Həmçinin, növbətçilik təmin olunacaq. Ümumiyyətlə çalışacağıq ki, əhali əvvəlki günlərdə olduğu kimi dayanıqlı, keyfiyyətli içməli su ilə təmin olunsun".

A.Cəbrayıllının sözlərinə görə, "Azərsu" əməkdaşları 2 gün ərzində yarana biləcək problemi qısa müddətdə aradan qaldırmağa çalışacaqlar.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti (ASCO) Xəzər dənizi akvatoriyasında və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişəcəyi ilə əlaqədar bir sıra qabaqlayıcı təhlükəsizlik tədbiri həyata keçirib.

Qurumdan verilən məlumata görə, ASCO-nun tabeliyində olan gəmilərə hava şəraitinin kəskin dəyişəcəyi və görülməli olan tədbirlər barədə yazılı məlumat göndərilib, müvafiq tapşırıqlar verilib. Bütün gəmilərin kapitanlarına tapşırılıb ki, hava şəraitinin kəskin dəyişməsi ilə əlaqədar görülməli olan təhlükəsizlik tədbirləri barədə verilmiş tapşırıqlara ciddi əməl etsinlər.

Dövlət Turizm Agentliyi xüsusi təhlükəli hidrometeoroloji hadisə ilə bağlı xəbərdarlığı əsas götürərək respublika ərazisində 17 və 18 yanvarda hava şəraitinin kəskin pisləşəcəyi ilə əlaqədar turizm fəaliyyəti ilə məşğul olan bütün fiziki şəxslər və şirkətlərə müraciət edib.

Bildirilib ki, açıq sahələrdə turistlərə xidmət göstərən turizm agentliklərinə, hotellərə, bələdçilərə, dağ, eko, macəra və digər ekstremal turizm növləri ilə məşğul olan şəxslərə və şirkətlərə əməkdaşlarının və turistlərin təhlükəsizliyini nəzərə alaraq fəaliyyətlərini qeyd olunan tarixlərdə məhdudlaşdırmağı, zəruri hallarda tamamilə dayandırmağı tövsiyə edir.

Həmçinin, şiddətli külək, temperaturun anomal gedişi və yolların buz bağlama ehtimalı nəzərə alınaraq ölkədaxili turistik səfərlərin təxirə salınması tövsiyə olunur.

Hava şəraitinin kəskin dəyişəcəyi ilə bağlı xüsusi xəbərdarlığa uyğun olaraq, müdafiə naziri Zakir Həsənovun müvafiq göstərişi tabeçilikdə olan birlik və birləşmələrə çatdırılıb. Müdafiə Nazirliyindən verilən məlumata görə, göstərişə əsasən, Azərbaycan Ordusunun şəxsi heyətinin sağlamlığının, eləcə də döyüş texnikası və hərbi obyektlərin qorunması məqsədilə bütün hərbi hissələrdə təxirəsalınmaz təhlükəsizlik tədbirləri həyata keçirilib.

Bakı Şəhər İcra Hakimiyyəti də güclü küləklə bağlı paytaxt sakinlərinə, xüsusilə sürücülərə xəbərdarlıq edib.

İcra hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Trend"ə bildirib ki, güclü küləklə əlaqədar Bakı şəhər İcra Hakimiyyəti tərəfindən qərargah yaradılıb. Qərargah yanvarın 17-də və 18-də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək.

O.Məmmədov qeyd edib ki, yanvarın 17 və 18-də güclü külək müşahidə olunacağından vətəndaşların, eləcə də sürücülərin diqqətli olmaları tövsiyə edilir: "Bir çox hallarda sürücülər avtomobilləri məhz ağacların altında saxlayırlar ki, bu da küləkli havada çox təhlükəlidir. Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin, sakinlərdən ehtiyatlı olmaları xahiş olunur, küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçməmələri tövsiyə olunur".

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov isə "Report"a bildirib ki, hava şəraiti ilə əlaqədar şəxsi avtomobillərdən imtina edilməldir. Yalnız ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük verilməlidir: "Hava şəraitindən aslı olaraq sürücülər avtomobillərini etibarlı yerlərdə park etməlidir. Yollarda sürüşmə ehtimalı arta bilər. Mümkün qədər yol hərəkəti qaydalarına əməl etmək, nizam-intizamlı olmaq lazımdır".

V.Əsədov piyadalara da müraciət edərək qeyd edib ki, onlar xüsusi olaraq piyadalar üçün ayrılan zolaqla hərəkət etməlidirlər: "Piyadalar bütün təhlükəsizlik qaydalara riayət etməlidirlər".

Qeyd olunub ki, yol polisi gücləndirilmiş iş rejimində çalışacaq: "Enişli, yoxuşlu, sərt döngələr tərəfimizdən nəzarətə götürüləcək. Yol birləşmələrində hərəkəti nizamlamaq üçün əməkdaşlarımız nizamlayıcı qismində olacaq. Ona görə sürücülər nizamlayıcının hərəkətlərinə diqqət yetirməlidirlər".

Bakı Nəqliyyat Agentliyi də dayanma və durma, parklanma qaydaları ilə bağlı sürücülərə müraciət edib.

Bildirilib ki, dayanma və durma, parklanma qaydalarına nəzarətin icrası, bu sahədə nizam-intizamın yaradılması istiqamətində dövlət başçısının müvafiq fərmanından irəli gələn məsələlərin həlli davam etdirilir.

Bakı Nəqliyyat Agentliyi paytaxtın müxtəlif ərazilərində müşahidə kamerları dayanma və durma, parklanma qaydlarını pozan sürücülərin qeydə alınması prosesini fasiləsiz rejimdə həyata keçirir. Aparılan təhlillərə əsasən, artıq bəzi küçə və prospektlərdə bu sahədə müəyyən müsbət nəticələr əldə edilib. Lakin səlahiyyətlərin icrası zamanı bəzi nəqliyyat vasitələrinin sahibləri tərəfindən məsuliyyətdən yayınmaq məqsədilə müxtəlif qanun pozuntularına yol verildiyini müşahidə etmək olar. Bu hallara yol verən sürücülər qeydə alınaraq barələrində müvafiq tədbirlərin görülməsi üçün Bakı Nəqliyyat Agentliyi tərəfindən aidiyyəti üzrə müraciət olunacaq.

Qeyd olunub ki, bu tədbirlərin həyata keçirilməsində məqsəd paytaxtın küçə və prospektlərində nizam-intizamın yaradılması, rahat və təhlükəsiz hərəkətin, həmçinin, ictimai nəqliyyatın fasiləsiz hərəkətinin təmin olunmasıdır.

C.ABASOV

 





17.01.2019    çap et  çap et