525.Az

Daha çevik və səmərəli idarəçilik formasına keçid


 

"STRUKTUR İSLAHATLARI DÖVLƏT İDARƏÇİLİYİNİN DAHA DA TƏKMİLLƏŞDİRİLMƏSİNİ, DÖVLƏT ORQANLARININ FƏALİYYƏTİNİN OPTİMALLAŞDIRILMASINI VƏ BÜDCƏ VƏSAİTİNDƏN SƏMƏRƏLİ İSTİFADƏNİ TƏMİN EDƏCƏK"

Daha çevik və səmərəli idarəçilik formasına keçid<b style="color:red"></b>

Prezident İlham Əliyevin müvafiq fərmanları ilə dövlət idarəçiliyində bir sıra struktur dəyişikliklərinin həyata keçirilməsi ölkə ictimaiyyətinin diqqət mərkəzindədir.
 
Dövlət başçısı Müdafiə Sənayesi Nazirliyinin əsasında "Azərsilah" Açıq Səhmdar Cəmiyyəti, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Xidmətinin, Dövlət Baytarlıq Xidmətinin, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin və Baş Dövlət Texniki Nəzarət Xidmətinin əsasında Aqrar Xidmətlər Agentliyinin yaradılmasına, Prezident yanında Elmin İnkişafı Fondunun və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətləri özünümaliyyələşdirmə prinsipi əsasında həyata keçirilməklə yenidən təşkilinə dair qərar qəbul edib. Bundan başqa, Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi, Bilik Fondu, Strateji Araşdırmalar Mərkəzi ləğv edilib. Həmçinin, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyi, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu, habelə Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi Qrupu və Tarif Şurasının Katibliyi ixtisara düşən qurumlar arasındadır. Lakin onların fəaliyyəti ictimai əsaslarla həyata keçirilməklə yenidən təşkil ediləcək.

Ümumilikdə, hesab edilir ki, Prezident İlham Əliyevin müvafiq fərmanları ilə həyata keçirilən struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini, çevik, yığcam və məqsədyönlü fəaliyyət göstərən yeni strukturun formalaşdırılmasını, dövlət xidmətlərinin optimallaşdırılması və səmərəliliyinin artırılmasını nəzərdə tutur.

Bildirilir ki, struktur islahatları dövlət idarəetməsini iqtisadi inkişafın yeni mərhələsinə uyğunlaşdırır. İdarəetmə və iqtisadi inkişaf arasında tarazlıq, qarşılıqlı əlaqə və bir-birini tamamlama kimi prinsiplər qorunur. Prezidentin apardığı struktur islahatları iqtisadiyyatın əsas məsələsi - səmərəliliyin daha da artırılmasına xidmət edir. Məhz səmərəli dövlət idarəetmə aparatı prezidentin tapşırıqlarına uyğun olaraq məhdud resurslardan istifadə etməklə maksimum nəticə əldə edə bilər.

Həmçinin, hesab edilir ki, dövlətin apardığı struktur islahatları həm biznesə, həm də ictimaiyyətə idarəetmənin səmərəliliyinin artırılması ilə bağlı yaxşı bir nümunədir. Struktur islahatları nəticəsində vətəndaşlara şəffaf, operativ və resurslara qənaət etməklə xidmət göstəriləcək, dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq.

Struktur islahatları zamanı iş yerləri ilə təminat məsələsi də diqqətdə saxlanılıb. Müvafiq qurumlar, o cümlədən, Dövlət İmtahan Mərkəzi bu sahədə prezidentdən xüsusi tapşırıqlar alıb. Bu isə o deməkdir ki, fəaliyyəti dayandırılmış strukturların əməkdaşları üçün yenidən işlə təmin olunmaq imkanları yaradılacaq.

Həyata keçirilən islahatlar bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Çingiz Qənizadə qeyd edib ki, Azərbaycanda cəmiyyətin bütün sahələrində yeniləşmə, təkmilləşmə prosesi gedir. O, "Azərtac"a bildirib ki, bu da öz növbəsində, dövlət idarəçilik sisteminin köhnə formasından imtina etməyi və yeni, təkmilləşdirilmiş idarəçilik formasına keçidi zəruri edir: "Azərbaycanda dövlət idarəetmə orqanlarında ciddi struktur islahatlarının gözlənildiyini Prezident İlham Əliyev Nazirlər Kabinetinin yanvarın 11-də keçirilən iclasında bildirmişdi. Dövlətimizin başçısı daha çevik idarəetmə strukturunun yaradılması ilə bağlı işlərə başlanılacağını qeyd etmişdi. İclasdan üç gün sonra Prezident İlham Əliyev Azərbaycan Respublikasında dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb.

Fərmana əsasən, bir çox dövlət qurumları ləğv edilib və ya digər qurumlara birləşdirilib. Prezidentin dövlət idarəçiliyində struktur islahatlarına başlaması zamanın tələbidir. Azərbaycan cəmiyyəti dövlətimizin başçısının bu addımını alqışlayır və dəstəkləyir".

Deputat deyib ki, Azərbaycan dinamik və hərtərəfli şəkildə, uğurla inkişaf edən bir ölkədir və onun inkişafı daha çevik struktura malik idarəetmə tələb edir: "Qazanılan bu uğurların davamlılığını təmin etmək üçün səmərəliliyi aşağı olan struktur vahidlərinin ləğv edilməsi, birləşdirilməsi və ya daha çevik mexanizmlərlə əvəzlənməsi doğrudan da bir zərurətə çevrilib. Bir-birini təkrarlayan, təxminən eyni istiqamətdə fəaliyyət göstərən dövlət qurumlarının olmasına həqiqətən də ehtiyac yoxdur. Prezident də vurğulayıb ki, daha çevik və səmərəli idarəçilik formasına keçməyin zamanı çatıb".

Ç.Qənizadə qeyd edib ki, paralel strukturların ləğvi və mövcud strukturların yenidən təşkili büdcə vəsaitinə qənaət edilməsinə gətirib çıxaracaq: "Struktur islahatları biznes mühitinin daha da təkmilləşdirilməsi, qeyri-neft ixracının genişləndirilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi ilə özünü doğruldacaq. Dövlət xidmətləri daha əlçatan və keyfiyyətli olacaq. İslahatlar sahibkarlığın və biznesin inkişafına daha çox fayda verəcək. Dövlət başçısının həyata keçirdiyi struktur islahatları Azərbaycan Respublikasında dövlət idarəçiliyinin daha da təkmilləşdirilməsini, dövlət orqanlarının və qurumlarının fəaliyyətinin optimallaşdırılmasını və dövlət büdcəsi vəsaitindən səmərəli istifadəni təmin edəcək".

Deputat vurğulayıb ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə səmərəli dövlət idarəetmə aparatı formalaşdırılmaqla davamlı və tarazlaşdırılmış iqtisadi inkişaf təmin edilib.

Politoloq, siyasi elmlər üzrə fəlsəfə doktoru Elşad Mirbəşiroğlu isə qeyd edib ki, dövlət idarəetmə sistemində həyata keçirilən struktur islahatları Azərbaycanın inkişaf dialektikasına uyğundur. O, "Trend"ə bildirib ki, bu islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsi və optimallaşdırılması istiqamətində aparılan inzibati islahatların növbəti mərhələsidir: "Sözsüz ki, dövlət idarəçiliyi sistemində həyata keçirilən istənilən xarakterli islahatlar mövcud reallıqlarla uzlaşmalıdır. Bu baxımdan Azərbaycanın gündən-günə artan iqtisadi potensialı, həmçinin, ölkənin xarici müstəvidəki fəallığında müşahidə olunan yüksək dinamizm cəmiyyət həyatında müasir və çevik dövlət idarəçiliyinin reallaşdırılmasını tələb edir. Azərbaycan cəmiyyətində müşahidə olunan dərin sosial-iqtisadi dəyişikliklər bu dəyişikliklərə adekvat idarəetmə prinsiplərinin tətbiq olunması ilə yanaşı, həm də ciddi struktur islahatlarının həyata keçirilməsini tələb edir. Qeyd edim ki, yanvarın 11-də keçirilmiş Nazirlər Kabinetinin iclasında dövlət idarəetməsində struktur islahatlarının anonsunu Prezident İlham Əliyev vermişdi. Bunun ardınca dövlət başçısının imzaladığı müvafiq fərmanlar bir daha sübut edir ki, Azərbaycan Respublikasının dövlət idarəçiliyində zamanın reallıqlarına uyğun olaraq, mühüm islahatların aparılması və davamlı olması ümumi dövlət siyasətinin mərkəzi trendini təşkil edir. Bununla yanaşı, bir daha şahidi olduq ki, Azərbaycan Respublikasında dövlət idarəetmə sistemində həyata keçirilən islahatların başlıca istiqamətini bu sistemin modernləşdirilməsi, daha çevik olması yönündə addımların atılması təşkil edir".

Politoloq əlavə edib ki, struktur islahatlarının aparılması bütün inkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da dövlət idarəetməsi sistemində inzibati islahatların mühüm istiqamətlərindən birini təşkil edir: "Biri-birilərinin fəaliyyətini təkrarlayan və ümumiyyətlə, fəaliyyətini Azərbaycanın müasir inkişaf dialektikası ilə uzlaşdıra bilməyən dövlət orqanlarının ləğv edilməsi idarəetmənin optimallaşdırılması istiqamətində olduqca mühüm addımdır".

E.Mirbəşiroğlu bildirib ki, idarəetmə sistemində struktur islahatlarının aparılması vəsaitlərə qənaət olunmasının və bürokratiyanın qarşısının alınmasının ən effektiv mexanizmlərindən biridir. Onun sözlərinə görə, bundan əvvəl də ölkəmizdə idarəetmənin optimallaşdırılması və səmərəliliyinin artırılması istiqamətində aparılan inzibat islahatlar nəticəsində bir sıra eyni və ya oxşar funskiyaları yerinə yetirən strukturların birləşdirilməsi və səlahiyyətlərinin başqa strukturlara verilməsi təmin edilib: "Məsələn, 2015-ci ilin fevralında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin ləğv olunub və onun funksiyaları digər müvafiq dövlət orqanları arasında bölüşdürülüb. Bu baxımdan hesab edirəm ki, ölkə prezidenti tərəfindən həyata keçirilən struktur islahatları dövlət idarəçiliyinin daha da təkmilləşdiriməsi, çevikliyinin artırılması, vətəndaşlara göstərilən dövlət xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və dövlət vəsaitlərinə qənaət olunması baxımından zamanında atılmış stratejIi addımdır".

Ceyhun ABASOV

 





17.01.2019    çap et  çap et