525.Az

"Kitabxanaların vəziyyəti yaxşı deyil, son fərman da məhz bu zərurətdən yaranıb"


 

"Kitabxanaların vəziyyəti yaxşı deyil, son fərman da məhz bu zərurətdən yaranıb"<b style="color:red"></b>

"Kitabxanaların, xüsusilə bögələrdəki, ucqarlardakıların vəziyyəti heç də qənaətbəxş, ürəkaçan deyil. Kitabxanlara, demək olar ki, ümumən az insan üz tutur. Kitabxanlara əvvəlki dövrlərlə müqayisədə gedənlərin sayı indi qat-qat azdır, əvvəlki qələbəlik yoxdur. Bu da daha çox internet resurslarının inkişafı, kütləvi informasiya vasitələrinin güclənməsi ilə bağlıdır. İnsanlar daha çox buradan nələrisə öyrənməyə, əldə etməyə çalışırlar. Ancaq hesab edirəm ki, ölkə prezidentinin son fərmanı kitabxanalarımızın vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq, onlar daha müasir və modern vəziyyətə salınacaq".
 
Bunu "525"-ə açıqlamasında professor, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin üzvü Fəzail İbrahimli ölkə prezidenti İlham Əliyevin Mədəniyyət Nazirliyinin strukturunun və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında son fərmanına münasibət bildirərkən deyib. O, sözügedən fərmanı müsbət hesab etdiyini və alqışladığını bildirib. "Çünki hər bir imzalanan fərmanın, sərəncamın arxasında müəyyən fikirlər, düşüncələr, faktlar, rəqəm dayanır. Bu baxımdan, hesab edirəm ki, son fərman ölkədə kitabxanaların vəziyyətinin yaxşılaşdırılmasına, arzuolunan səviyyə çatdırılmasına öz töhfəsini verəcək. Dediyim kimi, bu gün kitabxanalarımızın vəziyyəti ürəkaçan, qaneedici səviyyədə deyil, bəzilərinin heç aylarla qapısı açılmır, gedən olmur. Ona görə də bu fərman çox vacib, əhəmiyyətlidir və ölkədə kitabxana sisteminin yenidən formalaşmasına, kitabxanaların müasirləşdirilməsinə, modernləşdirilməsinə gətirib çıxaracaq. Mən belə düşünürəm" - deyə, millət vəkili əlavə edib.

Millət vəkili, yazıçı-dramaturq Hüseynbala Mirələmov həmkarı kimi, dövlət başçısının kitabxanalarla bağlı son fərmanını dəstəklədiyini və təqdir etdiyini bildirib. Qeyd edib ki, belə bir fərmana zəruri ehtiyac var idi, çünki kitabxanaların (müəyyən istisnalarla) vəziyyəti arzuolunmaz durumda idi: "Bu məsələ də hər zaman müzakirə obyekti olan, gündəmdən düşməyən bir məsələ idi. Çünki hamını düşündürür, narahat edirdi. Parlamentdə, üzvü olduğum Mədəniyyət komitəsinin özündə də dəfələrlə kitabxanalarla bağlı vəziyyətin ürəkağrıdıcı olması barədə danışılır, fikirlər, təkliflər səsləndirilirdi. Hətta bu yöndəki mövcud qanunun yenidən işlənilməsi və tam təkmil, mükəmməl qanun layihəsinin hazırlanması təklifləri də səsləndirilirdi. Hesab edirəm ki, bunlar da əsaslı idi. Məncə, həm kitabxanalarımızın vəziyyətinin yaxşılaşdırılmasına, həm yeni qanun layihəsinin hazırlanması, müzakirələrə çıxarılmasına ehtiyac var. Bəzən belə əsassız fikirlər, iddialara da rast gəlinir ki, ay nə bilim internet resursları olan yerdə, kitabxanalara getməyə nə ehtiyac var, əvvəlki kimi, əlində kitab tutub oxumağa ehtiyac yoxdur, düyməni bas, istənilən yerdən, istənilən kitabla, ədəbiyyatla tanış ol. Mən isə bunları qəbul etmirəm. O kitabı ki canlı şəkildə, əlində tutub oxumayacaqsan, onun ləzzəti olmayacaq. Bu baxımdan, kitabxanlarımızın daha müasir və modern vəziyyətə gətirilməsi lazımdır. Yəni insanlar 25-30 il öncə olduğu kimi, kitab oxumaq üçün yenidən kitabxanalara axışsınlar, kim istəyir elektron variantda, kim də istəyir yazılı, çap, kitab variantında oxusun, biliklənsin. Odur ki, ölkə prezidentinin bu istiqamətdəki son fərmanını dəstəkləyir, təqdir edir və bildirmək istəyirəm ki, bu, mütləq öz müsbət nəticəsini, səmərəsini verəcək".

Kamil HƏMZƏOĞLU

 





17.01.2019    çap et  çap et