525.Az

O məşum gecə


 

GÖZLƏRİM ÖNÜNDƏ BAŞ VERMİŞ HADİSƏ OLDUĞU KİMİ

O məşum gecə<b style="color:red"></b>

... Bakıda vəziyyət ağırlaşırdı. Hər gün Moskvadan bir neçə yüksək səviyyəli məmur Bakıya gəlir, Mərkəzi Komitədə danışıqlar aparılır, məsləhətləşmələr keçirilir, xalqa müraciətlər edilirdisə də, bunlar heç bir nəticə vermirdi. Mixail Qorbaçov özü qaynatdığı qazanda özü "bişirdi" və bütün kin-küdurətini Azərbaycanın üstünə tökürdü. Həmin günlərdə Mərkəzi Komitə katibləri A.N.Girenko və  Y.M.Primakov Bakıya gəldilər. 

  Y.M.Primakov bütün ölkədə nüfuzlu şəxslərdən biri idi. 1970-ci illərin sonlarında o, SSRİ Elmlər Akademiyasının vitse-prezidenti Ovçinnikov və həmyerlimiz Q.Əliyevlə Bakıya bir həftəlik görüşə gəlmişdi, ölkəmizə maraq göstərən, xalqımıza hörmət bəsləyən bir insan idi. Şərq ədəbiyyatı üzrə mütəxəssis olub, əvvəlcə SSRİ EA Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, həmin institutun direktoru olmuş, sonra Sov.İKP Mərkəzi Komitəsinə katib vəzifəsinə aparılmışdı. Onlar ölkə rəhbərliyi ilə  məsləhətləşmələr aparır, çıxış yolu axtardılar. Doğrusu, onlar Azərbaycan xalqının belə mütəşəkkil, inadlı mübarizəsini gözləmirdilər. Uzun müzakirələrdən sonra onlar televiziya vasitəsi ilə xalqa müraciət etdilər. Mitinq və nümayişlər dinc məcraya yönəldilsin, barrikadalardan əhali dağılışıb evlərinə qayıtsın, şəhərdə normal həyat davam etsin və s. Həm də onlar Baş katib adından söz verdilər ki, qoşunlar əmin-amanlığı qorumaq üçün Bakıya yeridiləcək və bir dənə də olsun atəş açılmayacaq, Dağlıq Qarabağ münaqişəsi dinc yolla, danışıqlar vasitəsi ilə həll ediləcək... 

Lakin nəinki Azərbaycan xalqı, heç özləri də danışdıqlarına inanmırdılar. Əslində isə Bakıya göndərilənlərin özlərini də  aldatmışdılar. Onlar Moskvadan yola salındıqdan sonra "Qensek" SSRİ Müdafiə naziri Yazova qoşunların Bakıya girib "əmin-amanlıq" yaratması üçün təcili göstəriş vermiş və sərəncam imzalamışdı. Deyilənlərə görə, həmin sərəncam Azərbaycan hökumətinin təqdimatı və təklifləri əsasında hazırlanmışdı.

Yanvarın 19-u sakit keçdi. Axşam saat 20.00 radələrində qəflətən televizor, sonra isə işıqlar söndü. Qış vaxtı belə şeylər olduğundan evdə saxladığımız neft lampasını yandırdıq. Bayırdan qonşuların səsi eşidilirdi. Mən də bayıra çıxıb onlarla söhbətə qoşuldum, lakin işıqlar yanmadı. Hava şaxtalı olduğundan qayıdıb evimizə girdik. Yastığı götürüb divanın üstünə qoyub dirsəklənib oturdum. Çuğun qaz pilətəsi evi çox isti etdiyindən məni yuxu aparmışdı, nə qədər yuxuladığımı bilmədim. Birdən açılan tor atəşi bütün məhəlləni ayağa qaldırdı. Yaylım atəşi "Qələbə" kinoteatrının yaxınlığından açılmışdı. Saat 23.45 idi.

Top atəşinin digəri isə XI qızıl Ordu (indiki 20 yanvar) meydanından açıldı. Yer titrədi. Heç kim nə baş verdiyini anlamadı. Dəri gödəkcəmi geydim, papağımı başıma qoyub bayıra çıxdım. Qonşular da həyətə çıxmışdılar. Şəhəri tank tırtıllarının boğuq gurultusu, açılan atəş səsləri başına götürmüşdü. Anam mənim getməyimə mane olmaq istədi: Bayıra çıxanda yolumu kəsdi:

- Ay bala, getmə, arvadlar deyirdilər ki, qırğın olacaq.

Mən də:

- Ay ana, əgər arvadlar deyirlərsə, deməli, qırğın olmayacaq!

Anamın yanından keçib bayıra çıxdım. Bir neçə nəfərlə yaşadığımız qəsəbənin kənarından keçən yolun qırağına çıxdıq. Hər tərəf zülmət içində idi. Bu vaxt iki ədəd T-72 markalı tankın üzüaşağı, bizə tərəf ağır-ağır gəldiyini gördük. Tankın üstündəki dəzgahlı pulemyotdan hər tərəfə işıq saçan güllələr yağırdı. Güllələr gecənin zülmətini yarır, onu işıqlandırırdı.

Yanımdakı qonşulardan biri dedi:

- Bunlar qadağan olunmuş güllələrdir, biri adama dəyəndə bütün bədənində gəzib onu didib-tökür. Tanklar, onların dalınca gələn PDM-lər bizə yaxınlaşırdı. Biz dörd yolun ayrıcına tərəf qaçdıq, tinin başına çatmışdıq ki, 3-cü mikrorayon tərəfdən yenə iki tank və zirehli maşınların gəldiyini gördük. Sola dönüb o vaxtkı Sənaye Tikintisi nazirliyinə tərəf getmək istəyirdik ki, 20 yanvar meydanından avtomat və pulemyotların səsindən yer-göy titrəməyə başladı. İnsanlar qışqırır, vahimə ilə üzüaşağı qaçır, yol ətrafındakı ağacların arxasında gizlənir, canlarını qurtarmaq üçün yerə yatırdılar. Bu vaxt ağır tank nömrə nişanı olmayan qara rəngli QAZ-24 maşının üstünə yeridi. Sürücü çevik hərəkət edib rulu kəskin hərəkətlə sola çevirdi. Onun ancaq arxa hissəsi tankın böyrünə toxundu. Arxadan gələn tankın üstündə böyük bir projektor yerləşdirilmişdi, onun işığı bütün küçəni gündüz kimi etmişdi. Birinci tankın yanındın ötüb keçən QAZ-24 maşınını görürdülər. Tankın qülləsi maşına sarı çevrilirdi ki, sürücu bunu gördu, yenə də cəld hərəkətlə maşını 3-cü mikrorayona sarı yönəltdi, yenə də salamat qurtardılar.

Bu vaxt qabaqdan gələn tankın qarşısına üstünə odun yığılmış 37-58 AJZ nömrəli, "Zaporejets" markalı maşın çıxdı. Tank yolun sağ tərəfi ilə yuxarıya gedən maşını "yaxaladı" və onu tırtıllarının altına alaraq əzib yerə yapışdırdı.

Bu  vaxt gözlənilməz bir hadisə baş verdi: Tank yolun kənarına basdırılmış, troleybus xətlərini saxlayan, eni 50-55 sm olan dəmir dirəyə toxundu, dirək geriyə qatlandığından elektrik naqilləri qırılaraq tankın üstünə töküldü. Qısa qapanmadan güclü alov və partlayış alındı. Biz elə bildik ki, içəridəkilər hamısı yanıb kül oldular. Lakin bir az keçmiş tankın mühərriki işə düşdü, o, dəmir dirəyi əyib onun üstündən keçərək dörd yolun kəsişdiyi tərəfə getməyə başlayırdı ki, haradansa iki nəfər cavan oğlan çıxıb əlindəki benzin butulkasını onun üstünə atdı. Yarım litrlik butulka tankın təkərinin üstünə düşdü, kiçik alov parçası heç bir təhlükə törətmədi. Arxadan gələn tankdan bunu gördülər. Dəzgahlı pulemyot qorxunc səsi ilə guruldadı, bir an içində iki cavanın cansız bədənləri yolun içində qaldı... Birinci tank dörd yolun ayrıcına çatan kimi yaylım atəşi açdı (Yəni həmin ərazi mühasirəyə götürülmüşdür)...  Bu vaxt gördük ki, əzilmiş "Zaporojets" maşınının yanından bizi bir nəfər köməyə çağırır. Bütün qoexunu unudub oraya qaçdıq. Bayaq tankın əzib keçdiyi maşının sürücüsü sağ qalıbmış. Sən demə, son anda, əvvəlcə sağ sərəfdə oturan dostu, sonra da özü qapını açıb  özlərini həmşəyaşıl ağaclarının dibinə ata biliblər. Sürücünün paltarı əzilmiş maşına ilişdiyindən o, sol ayağını çəkib çıxara bilmirdi. Biz onlara kömək etdik, onu ayağa qaldırdıq. Ayağı bir neçə yerdən  yaralanmış, yaraları qan verirdi. O, maşınına baxıb dilləndi:

- Üç-dörd gün bundan qabaq almışdım, mənim üçün düşərli olmadı.

Mən onu tanıdım. İncəsənət İnstitutunun rəssamlıq fakültəsinin müəllimi idi. Biz onları yola salıb öz yerimizə qayıtdıq.

Bu vaxt "Salyan kazarmaları" deyilən hərbi hissədən yenidən yeri-göyü lərzəyə gətirən top atəşi açıldı, sonra tanklar, PDM-lər bura yığışmış insanların üstünə yeridildi. Ağır tanklar bir anın içində buraya qoyulmuş "İkarus" avtobuslarını (onların içində nümayişçilər növbə ilə dincəlirdilər), "Kamaz" markalı maşınları əzib yoldan çıxartdı, insanları tırtıllarının altında əzərək irəli cumdu. Avtomat və pulemyotlardan açılan atəşlə insanlar yarpaq kimi asfaltın üstünə tökülürdülər. Qorxu və həyəcandan vahiməyə düşmüş insanlar qışqırır, kömək diləyərək müxtəlif istiqamətlərə qaçırdılar, lakin hara gedirdilərsə, yağış kimi yağan "işıqlı" güllələrdən yaxa qurtara bilmirdilər.

Güllələr zülmətin bağrını yarır, sanki onu bu yerlərdən birdəfəlik qovmaq istəyirdi... "İşıqlı" güllələr topların, pulemyot və avtomatların ağzından qopub insanların alnına, sinəsinə, ürəyinə sancılırdı. Zülmət qan ağlayırdı, qan yağdırırdı, özü də bu qanın içində boğulurdu. "Zülmət sultanının" "Zülmət gecəsi" qanlı gecə idi. Tarixdə az-az təsadüf edilən Qanlı gecələrdən biri... Bu gecə xəyanət, nifrət və qorxudan yoğrulmuşdu... Ancaq... ancaq o işıqlı səhəri doğuracaqdı. İstəsə də, istəməsə də!!. O gecə çox şeyi aşkara çıxardı... Ən başlıcası isə özümüzü, dostumuzu, düşmənimizi tanıdıq. O gecə tarixin amansız ibrət dərslərini aldıq.

Əməliyyat cəmisi 10-15 dəqiqə çəkdi, lakin onun vurduğu yaralar yüz illər boyu yaddan çıxmayacaqdı. Biz divara qısılıb qalmışdıq. Gözlərimiz qarşısında baş verən faciəyə görə vicdan əzabı çəkirdik. Bu vaxt haradansa çıxıb üzü aşağıya gedən göy qəngli "Moskviç-412" markalı maşın yanımızdan ötüb keçdi. Onların qarşıdakı qırğından xəbəri yox idi. Elə tankların yanından ötüb keçmişdilər ki, qarşıda keşik çəkən PDM-in üstündəki pulemyot şaqqıldadı, maşın deşik-deşik oldu, yolun kənarına çıxıb düz indiki Nəqliyyat Nazirliyinin qabağında bir ağaca dəyib dayandı. Səhərisi gördük ki, içəridəkilərin bədəni pulemyot güllələrindən parça-parça olmuş, maşın qanla dolmuşdu. XI Qızıl Ordu meydanından üzü aşağıya xüsusi siqnalı olan "RAF" markalı təcili yardım maşını üstündəki göy işığı yandıraraq gəlib tankların yanında durdu, orada dayanmış zabitlərdən yaralılara kömək etmək üçün irəli buraxılmaları haqqında icazə istədi. Zabitlər onlara yol verdilər. Maşın yolu keçdi, bir az getmişdi ki, aşağıda keşik çəkən zirehli maşınlardan onu gördülər. Onlara yaxınlaşan anda yenə pulemyotlardan sürəkli atəş açıldı.

Təcili yardım maşını səkiyə dəyib xüsusi qulluqla əkilən yaşıl çəmənliyə çıxdı, palçığa bataraq orada qaldı. Nə sürücü, nə də köməyə gələn ağ xalatlı həkim bayıra çıxa bildilər, güllələr onların həyatına son qoymuşdu. Hamımız heyrət içində idik, insanları görən kimi ya atəş açır, ya da onları həbs edib hərbi hissələrə göndərir, zirzəmilərə doldururdular. Vahimə və  soyuqdan tir-tir əsirdik. Gizləndiyimiz yerdən çıxsaq, ya atəş açacaq, ya da "ekstremist" kimi həbs edəcəkdilər. Şaxta isə daha da bərkiyirdi. Gecədən xeyli keçmişdi. Bu vaxt "Qələbə" kinoteatrı tərəfdən surətlə bir minik maşını gəlib tankların yanında dayandı, içəridən mülki paltarda bir nəfər çıxıb iti addımlarla tankların yanında dayanmış zabit və əsgərlərə yaxınlaşdı (Bu vaxt küçənin dörd bir tərəfində postlar qurulmuş, əli avtomatlı ehtiyatda olan əsgərlər onlarda keşik çəkirdilər). Sonra həmin adam onlardan ayrılıb postda dayanmış uzun saqqal saxlayan, bronjilet geyinmiş, papağının qulaqlıqlarını açmış əsgərə yaxınlaşdı, əsgər əlini avtomat silahdan çəkib hərbi təzim vermək istəyirdi ki, həmin adam cəld gödəkcəsinin altında saxladığı tapancanı çıxarıb dörd dəfə atəş açdı. Əsgər yerə yıxıldı, papağı başından yerə düşüb qaldı. Həmin şəxs əyilib onun avtomatını götürüb zabitlərin yanına qayıtdı. Silahı onlara verdi. Həmin zabitlərdən ikisi onun maşınına minib gəldikləri yolla geri döndülər. Lap sonralar öyrəndik ki, belə əməliyyatlar keçirilərkən ordu "itki" verməlidir. Guya silahlı ekstremist qüvvələrlə aparılan döyüşlərdə orduda ölənlər də olmuşdur. Hava işıqlanırdı, şaxta daha da güclənir, biz gizləndiyimiz yerdən çıxa bilmirdik. Ətrafı lal və faciəli bir sakitlik bürümüşdü. Bu vaxt heç gözləmədiyimiz halda zabitlərdən birinin bizə tərəf gəldiyini gördük. O, ayaqyolu axtarırdı, bizə yaxınlaşanda qabağına çıxdıq. Zabit bunu gözləmirdi, deyəsən, bir balaca qorxub çaşdı:

- A vı çto zdesc delaete? (Siz burada nə edirsiniz?)

Qonşum cibindən vəsiqəsini çıxarıb ona göstərdi, sonra da:

- Gecə növbətçiliyim qurtardı, evə gedirik, yoldaş zabit! Bizə kömək edin, evə çataq!

O gülümsündü, sonra da:

- Bu saat!

O, iki əsgəri çağırıb əmr etdi.

- Provodite ix domoy! (Onları evlərinə yola salın!)

- Spasibo, tovariş ofiüer! Mı oçenğ blaqodarnı Vam! (Sağ olun yoldaş zabit, biz sizə minnətdarıq).

Zabit sözlərimizdəki kinayəni duymadı, bizə dönüb:

- Pojaluysta, pojaluysta. Budğte ostorojno, koqda vıydete na uliüu (Buyurun, buyurun, küçəyə çıxanda ehtiyatlı olun!)

Əsgərlər bizi qəsəbəyə kimi yola saldılar. Bütün məhəllə ayaq üstə idi. Heç kim bizim qayıtmağımızı gözləmirdi. Anam yun ədyala bürünüb qapıdakı stulun üstündə oturmuşdu. Məni görən kimi sakitcə hər iki əlini göyə qaldırdı. Şaxta kələyimi kəsdiyindən evə keçdim...

Müzəffər adlı qonşumuz evə gəlməmişdi: Hara adam göndərdilərsə "gördüm" deyən olmadı. Səhər saat 10.00 radələrində axşam mənimlə küçədə qalanlar gəldilər ki, gedəyin Müzəffərdən bir xəbər tutaq. Biz küçə ilə aşağı gedib Nəqliyyat Nazirliyinin tininə çatdıq.

Birdən axşam bizim evə getməyimizə kömək edən zabit qarşımızı kəsdi. O, bütün gecəni yatmadığından gözlərinin altı şişmiş və qızarmışdı. Hər tərəfdə əli avtomatlı əsgərlər dayanmışdı. Zabit bizimlə salamlaşdı və xəbər aldı:

- İndi nə istəyirsiniz?

- Yoldaş zabit, biz qohumumuzu axtarırıq. Hər yerdən soruşmuşuq, tapılmır.

- Bəlkə öldürülüb?! - deyə o dilləndi.

- Bilmirik, yoldaş zabit! Xahiş edirik!  

Heç kimin gözləmədiyi bir vaxtda o, özlərinin ənənəvi söyüşləri ilə M.S.Qorbaçovu söyüb, lənət yağdırdı. O, heç kimdən qorxmurdu:

- Bizi aldadıblar, bura gələndə dedilər ki, Bakıda rusları və ermənləri qırırlar. Əsgərlərin əksəriyyəti ehtiyatda olan qüvvələrimizdir. Bizi yaxşıca günahsız insanların üstünə salıb qırdırdılar. Biz bura çatanda əlində silah olan bir nəfərə də rast gəlmədik. Bizi aldadıb bu faciəyə təhrik elədilər. Allah bunu bizə bağışlamayacaq! Sonra o, özünü mənə çevirib:

- Qoyun mən gedib komandirlərimdən icazə alım, sizi qırğın gedən yerə buraxsınlar. Burada dayanın, heç yerə tərpənməyin. O, iti addımlarla bizdən çox aralı dayanmış yüksək rütbəli zabitlərin yanına getdi. Mən axşam gülləbaran edilmiş "Moskviç-412" maşına gözücu nəzər saldım. Sürücünün başı qapıya tərəf əyilmiş şəkildə qalmışdı. Yanındakı yoldaşı qabaqkı şüşəyə söykənmişdi... Onları gəlib aparan  olmamışdı...

Zabit qayıtdı. Yanında bir gənc leytenant da var idi. O, leytenanta tapşırdı;

- Yermakov, bu adamları müşayiət edin, adamlarını bəlkə tapdılar, sonra geri qaytarıb yola salın!

Yermakov bizi insanlar gülləbaran edilən yerə gətirdi. Dəhşətli bir mənzərə var idi. Əzilmiş maşınlar, parça-parça edilmiş insanlar adamı vahiməyə salırdı. Güllələnmiş insanların qanı küçə ilə üzüaşağı axıb getmiş, sonra şaxtadan donub bərkimiş və qaralmışdı. Bunu ancaq kinolarda və müharibədən danışan kitablarda oxumaq olardı... Meyitləri əsgərlər xərəyə qoyub qarşıdakı kiçik təpənin üstünə sıra ilə yığırdılar. Hərbi hissənin qarşısını dövrəyə almış hərbçilər törətdikləri cinayətlərini seyr edirdilər, küçənin ortasında insan əzalarının qalıqlarından toplanmış bir yığın ət parçası var idi. Tükürpədici mənzəri idi. Ağ xalat geymiş həkimlər meyitlərin arasında gəzir, onların yaralarına baxırdılar. Biz həmin kiçik təpənin üstünə çıxdıq. Ölənlərin əksəriyyəti gənclər idi. Aralarında qadınlar da var idi. Qurşaqdan yuxarı bədəni açıq qalmış qara, qıvrımsaçlı uzun boylu bir qıza 12 güllə dəymişdi. Maraqlı idi ki, güllə dəyən yerlərdən qan çıxmamış, onların ancaq yeri göyərmişdi. Görünür, qan içəri axmışdı. Bir güllə qızın sağ gözünün altındakı sümüyü dağıtmışdı. Bu vaxt qonşularımdan biri məni dümsüklədi, sonra da yavaşcadan:

- Bax, orada tünd qəhvəyi rəngli qanlı gödəkçə Müzəffərin olacaq!

Mən də:

- Ola bilməz!

- Onunkudur. Dünən axşam barrikadaya gedəndə onu geyindi ki, isti saxlayır, soyuğu buraxmır.

Mən meyitlərin arasında qoyulmuş qanlı gödəkçəyə baxdım. Gödəkçənin sağ qolunun içində bədənindən qoparılmış yalnız bir qol qalmışdı. Bədən özü isə yox idi, yəqin ki, zirehli maşınların, tankların təkərləri altında qalıb torpağa qarışmışdı. Qonşum həmin gödəkçənin qoltuq cibini axtardı. Bu vaxt oradan əzilmiş və qana bulanmış sürücülük vəsiqəsini çıxartdı. Bu, onunku idi. Biz evə qayıtdıq. Rus zabiti və bizi ötürən leytenantla görüşüb minnətdarlıq etdik. Qayıdanda dünən güllənən rus əsgərinin dayandığı yerə baxdım. O bədbəxtin ancaq qanlı papağı qalmışdı. Evə çatanda qonşularıma dedim ki, sürücülük vəsiqəsini özünüz rəhmətliyin ailəsinə verin.

Mən evə keçdim. Bir azdan Müzəffərin arvadının, ailə üzvlərinin və qohum əqrəbasının ah-naləsi göyə ucaldı. Səhərisi gün onun üçün üç məclisi düzəltdilər. Həyətdə çadır qurulmuş, molla çağırılmışdı. Ev sahibəsi yalnız çay verə bilmişdi. Gələnlər başsağlığı verir və tez də çıxıb gedirdilər. Komendant saatı tətbiq olun-muşdu. Axşamüstü idi ki, bir nəfər yüyürə-yüyürə məhəlləyə gəlib xəbər verdi ki, Müzəffər Semaşko adına xəstəxanada yatır, ağır yaralanıb, dedi ki, tez özlərini çatdırsınlar, əməliyyat olunacaq. Bu xəbəri eşidənlər əvvəlcə donub qaldılar, inanmaq istəmirdilər. Müzəffərin Qubadan matəm mərasiminə gəlmiş qohumları hərəkətə gəldilər. Maşınlara doluşub oraya yollandılar. Yaralını palataların birində tapıb onun əl-ayağından, üz-gözündən öpür, hamı bir-birinə gözaydınlığı verirdi. Gödəkçədən söz düşəndə o dedi:

- Bərk soyuq oldu, dostum üşütməyə başladı. Mən də gödəkçəni çıxarıb ona geyindirdim. Çox çəkmədi ki, tankları üstümüzə yeritdilər, onu tank əzişdirdi, mən "Kamaz"ın arxasına keçmək istəyirdim ki, avtomat güllələrini üstümə yağış kimi səpdilər. Sağ ayağımdan, böyrümdən, çiynimdən və kürəyindən yaralandım. Buraya necə gətiriblər, xəbərim olmayıb. O, çox qan itirmişdi. Böyründəki güllə yarasından sağ böyrəyi parçalanmışdı. Bir neçə gündən sonra onu əməliyyat etdilər. Lakin bunlar heç bir nəticə vermədi. Güllələrin tərkibindəki kimyəvi maddələr yaralını heç vaxt sağalmağa imkan verməyəcəkdi, onun qanı zəhərlənmişdi. Bir neçə gündən sonra o da şəhidlik zirvəsinə çatdı. Yenidən matəm məclisi quruldu...

Yanvarın 21-də insanlar yenidən mitinq və nümayişə çıxdılar. Əvvəlkindən daha güclü, daha möhtəşəm etiraz dalğası Bakını ağuşuna aldı. Dünənki qırğın insanları daha da mətin və yenilməz etmişdi. Bütün küçələrə Mixail Qorbaçovun karikaturaları vurulmuşdu. Onların üstündəki yazılarda "Qorbaçov cəlladdır", "Qorbaçov iblisdir" və s. sözlər yazılmışdı. Neftçilər prospektinə çıxıb Azneft meydanına çatdıq. On minlərlə insan Mərkəzi Komitənin qarşısına yığışıb tonqal qalamış, Kommunist Partiyasının üzvü olanlar partiya biletlərini çıxarıb oda atırdılar. Nümayişçiləri zirehli hərbi maşınlar mühasirəyə almışdılar. Lakin heç kimin gözündə qorxu yox idi. Dünən baş vermiş qırğınla əlaqədar dünya birliyinə, beynəxalq təşkilatlara, dünyanın ən aparıcı dövlətlərinin başçılarına, parlamentlərinə müraciətlər edilirdi. Poçt, nəqliyyat, rabitə işləmədiyindən dünyanın Bakıda baş verən hadisələrdən xəbəri yox idi. Yalnız bir-iki gündən sonra Azadlıq radiosunda Mirzə Xəzərin həyəcanlı səsi eşidildi.

Axşam evə qayıdanda "Salyan Kazarmaları"nın qabağında yolu bağlanmış gördük, hərbi hissəsinin içində atışma səsindən qulaq tutulurdu. Hərbçilər bizə geri dönməyi əmr etdilər. Heç kim nə baş verdiyini anlamırdı. Başqa yollarla gedib evimizə çatdıq. Pulemyot və avtomatların səsi şəhəri başına götürmüş, insanlar həyəcanla bu atışmanın sonunu gözləyirdilər. Bir neçə nəfər dedi ki, hərbi hissədə dünənki qırğına görə üsyan edirlər. Sonra başqa bir xəbər aldıq. Sən demə, Dağıstan və Çeçenistandan bizim nümayişçilərimizə dəstə-dəstə silahlı könüllülər gəlib qoşulmuş, sonra onlar qarşılıqdan istifadə edib hərbi anbarları ələ keçirmiş və hərbi hissədəki əsgər və zabitlərlə vuruşmağa başlamışlar. Gecə yarıyadək atışma oldu, ayın 23-ü və 24-də atışma kiçik fasilələrlə davam etdi. Sonrakı günlər atəş səsləri gəlmədi. Sən demə, bu da bir səhnə tamaşası imiş. Beynəlxalq mətbuat nümayəndələrinin Bakıya axışmasını görən Moskva bu teatr tamaşasını fikirləşib tapıb: Hərbi hissəyə gedən yolu bağlayıb ekstremistlərlə döyüş imici yaratmaq. Beləliklə də, həmin əraziyə heç kimi buraxmamaq. Odur ki, əsgərlərə ancaq barıt doldurulmuş pulemyot və avtomat gilizləri paylanmış, omlar da iki yerə ayrılaraq "döyüşmüşlər". Başlıca məqsədləri isə törətdikləri cinayətləri ört-basdır edib öz əməllərinə haqq qazandırmaqdan ibarət idi.

Qanlı hadisədən iki-üç gün keçmişdi. Müəssisə və təşkilatlar işləmədiyindən axşamüstü kiçik meydançaya yığışıb söhbət edirdik. Bu vaxt bir t-34 tankı sürətlə qəsəbəyə girdi. Bunu heç kim gözləmirdi. Biz yanımızdakı transformator binasının arxasına çəkildik. Tank meydançanın əks tərəfindəki səkili evin qabağında dayandı. Həmin ev bir nəfər erməninin idi ki, 1988-ci ilin hadisələri zamanı buradan köçüb getmişdilər. Tankın üstündəki lükun qapağı açıldı və ev yiyəsinin oğlu oradan çıxıb bizə tərəf gəldi, adı Slavik idi. O, deyib-gülən, bizlərlə oturub-duran bir oğlan idi. Hamı ilə səmimi münasibətdə olur, dostluq edirdi. Məhəllədə hamı onun xətrini istəyirdi. Deyib-danışanda heç kim onun erməni olduğunu ağlına gətirməzdi. Slavik bizə tərəf yüyürüb özünü bizim üstümüzə atdı, onu ağlamaq tutmuşdu.

- Ay qardaşlar, bu nə müsibətdir burda?! - deyə o dilləndi.

Bu vaxt Həmdulla adlı qonşum:

- Sən iki ildir hardasan, niyə gedəndə xəbər eləmədin?

- Gecəynən bizi Bakıdan çıxartdılar. Evimizi də heç kimə tapşıra bilmədik. Krasnodarda yaşasaq da, Bakının yerini vermir. Heç kim Yerevana getmədi, bizə düşmən kimi baxırlar. Bir ay bundan qabaq gəlib bizi siyahıya aldılar. Deyirdilər Bakıda rusları, erməniləri, yəhudiləri qırırlar. Rezervistlərdən (ehtiyatda olan əsgər və zabitlərdən) qoşun düzəldib bura göndərdilər. Bizimkilərdən (ermənilərdən) də adamlar var. Dedilər ki, siz Bakını yaxşı tanıyırsız. Atam yalvardı ki, mümkün elə evimizə baş çək, bax göz yandırmayıblar ki? Kişi dəli olub ev-eşiyimizdən ötrü, iki ildə tamam qocaldı. Deyir ki, görəsən, Bakını bir də görmək bizə qismət olacaqmı... Hamısını eləyən o xarabadır... Anam da dedi ki, evimizdən bir şey götür gəl, bilim ki, orada olmusan. Mən onu 1974-cü ilin may ayından tanıyırdım. O, hərbi hissənin komandiri general-mayor N.Starikovu gəzdirirdi. Ora çatan kimi bir neçə azərbaycanlını şəhərin içində yerləşən təchizat divizionunda saxlatdırdı. Oraya düşmək çətin idi. Adətən belə vaxtlarda bizim gəncləri şəhərdən daha uzaqda yerləşən divizionlara göndərirdilər... Sonra bizi hərbi akademiyaya göndərdilər. Biz bir daha görüşə bilmədik.

Əsgərlikdən qayıdandan sonra bir gün səhər vaxtı işə gedərkən onu təzə taksi maşınla qəsəbəyə girən gördüm. Maşını saxlayıb mənimlə görüşdü, sən demə, o, bizim qonşuluqda yaşayırmış. İndi Slavik Bakıya hücum edənlərin arasında idi. Özünü pis iş tutmuş uşaq kimi aparırdı... Bakıya gəlməyində sanki özü günahkar idi. Cibindən evlərinin açarını çıxartdı, sonra bizdən soruşdu:

- Görəsən, həmin açardı?

Həmdulla dilləndi:

- Ora heç kim getməyib, yəqin ki, həmin açardır.

O, qapıya tərəf getdi, açarı salıb açdı, bizə tərəf baxıb içəri girdi. O, işığı yandırmadan evdə oturmuşdu... Tankı sürən rus oğlan onu bayıra çıxartdı. O, qapını bağlayıb bizim yanımıza qayıtdı. Əlində ağ güllü baş yaylığı və gümüş çərçivəli stəkan var idi.

- Yaylıq anamındır, bu stəkanda atam çay içərdi, onları aparacağam ki, mənə inansınlar... İki gündən sonra qayıdırıq.

Həmdulla:

- İşinizi görüb qurtardınız, indi rahat gedə  bilərsiz - deyə kinayə ilə dilləndi.

- Vallah, balam ölsün, əgər mən əlimə silah almışamsa! İnanın mənə! Ancaq bələdçi kimi oturdublar tankın içində, gələndən şəhərin girəcəyində postda olmuşam... İndi də böyüyümüzdən icazə alıb gəldim. Komandir dedi ki, tankla gedin. O, əlindəki açarı Həmdullaya uzatdı. "Bundan ölüm yaxşıdır, sizi belə görməkdənsə" - dedi.

- Al, bunu saxla. Qayıtsaq verərsən, qayıtmasaq, ev qarışıq hamısı qurbandır sənə. O kövrəlmişdi, bizimlə qucaqlaşdı. Üzünü çevirib tanka sarı getdi, bir daha geri baxmadı. Tankın motoru işə düşdü, o, bir təkəri üstə fırlanıb geri döndü, sürətlə bizdən uzaqlaşdı. Biz də mütəəssir olmuşduq. Haçanda haçana qonşumuz Sabir dilləndi:

- Bizi yaxşıca bir-birimizə qırdırırlar. Çətin qurtaracağıq bu dövlətin tələsindən... Səhərisi gün Slavikin gəlişindən hamı xəbər tutmuşdu, görmək istəyənlər də var idi. Axtarmaq istəyənlər də oldu, lakin o, tapılmadı.

Məmməd ƏLİYEV

 





17.01.2019    çap et  çap et