525.Az

20 Yanvarın “açılmayan gülləsi”


 

YEVGENİ PRİMAKOV ŞEYXÜLİSLAM ALLAHŞÜKÜR PAŞAZADƏYƏ HAKİMİYYƏTİ ƏLƏ ALMAĞI NİYƏ TƏKLİF ETMİŞDİ?

20 Yanvarın “açılmayan gülləsi” <b style="color:red"></b>

"Şeyx həzrətləri, təklif edirəm ki, siz hakimiyyəti ələ alıb ölkəyə rəhbərlik edəsiniz!"

Bu, Yaxın Şərq ölkələri haqqında çəkilmiş hansısa filmdən sitat deyil. Dünyada qorxunc, nəhəng atesit dövləti sayılan Sovet İttifaqının rəhbər şəxsi tərəfindən Azərbaycan SSRİ-nin din xadiminə etdiyi gerçək təklifdir.

Bu hadisənin kədərli bir tarixi var.

Hazırda dünyada "radikal islam təməlçiləri", "müsəlman terrorçuları" ifadəsi böyük güclərin geopoitik maraqlarını yürüdən siyasətin əsas hədəfi kimi istifadə olunur.  

Azərbaycan isə belə idbar siyasətlə hələ 30 il əvvəl üz-üzə qalmışdı.

Yetmiş il ərzində dini əlindən alınmış, ateist prinsiplərin ən sərt tərbiyəsi ilə böyümüş sovet azərbaycanlılarına qarşı bu ittiham kimlər tərəfindən və niyə irəli sürülmüşdü?  

... Bir neçə gündən sonra Azərbaycan xalqının tarixinin ən kədərli və eyni zamanda, şanlı səhifəsi olan 20 yanvar qırğının 29 ili tamam olacaq.

SSRİ  rəhbərliyinin bütün  ciddi-cəhdlərinə baxmayaraq, 1990-cı ilin yanvarında Bakıda baş vermiş amansız qətliamı dünyadan gizlətmək mümkün olmadı.  150 nəfərin ölümünə, 1000-ə yaxın dinc vətəndaşın yaralanmasına  səbəb olmuş bu hərbi təcavüzü ört-basdır etmək üçün SSRİ rəhbərliyinin  bəyan etdiyi qəribə ittiham sadə azərbaycanlıları mat qoymuşdu: "Sovet ordusu Bakıya Azərbaycanda islam fundamentalizminin qarşısını almaq üçün daxil olub".

Moskva bu ittihamla ərazi bütövlüyünün pozulmasına qarşı mübarizəyə qalxmış Azərbaycan xalqını geopolitik oyunun qurbanına çevirmək məqsədi güdürdü.   

Cəmi 123 mollası olan 7 milyonluq ölkənin "islam təməlçiləri"

SSRİ-də islam dininə yanaşma spesifik idi. Tamamilə marginal vəziyyətə salınmış dindarlar cəmiyyətin "ikinci dərəcəli adamları" statusunda idi. Azərbaycan da bu baxımdan seçilmirdi.

Ölkənin dini cameəsi çox məhdud idi. 1985-ci ildə Azərbaycanda qeydiyyatdan keçmiş cəmi 18 məscid və 53 dini icma fəaliyyət göstərirdi. 1982-ci ildə aparılmış rəsmi qeydiyyata əsasən ölkədə cəmi 123 molla vardı. Onlardan yalnız 16 nəfərinin dini təhsili var idi. Buxaradakı "Mir Ərəb" mədrəsəsinin və Daşkənd İslam Universitetinin məzunları olan bu ruhanilərin hamısı Qafqaz Müsəlmanlar İdarəsində və Bakı şəhərinin məscidlərində işləyirdilər.

Azərbaycan SSR-də dövlət aparatında rəhbər vəzifədə işləmiş hüquq elmləri doktoru Arif Quliyev yazır: "İş zamanı əmin oldum ki, dini faktordan öz təxribatçı məqsədləri üçün istifadə etmək həmişə sovet sisteminin arsenalında olan vasitə olub. Mərkəzin siyasəti islam dininə etiqad edən əhalinin diskriminasiyasına istiqamətlənmişdi".

Ciddi sovet ideoloji tezisləri ilə böyümüş Azərbaycan vətəndaşları üçün din daha çox nənə-babalarının  bağlı olduğu bir məsələ idi.  

Bəs sovet rəhbərliyi qondarma "islam təhlükəsi" yarlığından nə üçün istifadə etməyə can atırdı?

1988-ci ildə erməni separatçılarının başladığı Qarabağ hərəkatı Azərbaycanda çox böyük etiraz doğurdu. Xalq xain qonşuların tarixi torpaqlarımıza  həyasız iddialarına hiddətlə etirazını bildirdi. Lenin meydanından vüsət almış milyonluq etiraz mitinqləri bir ildən sonra Azərbaycanın müstəqillik uğrunda mübarizəsinin əsas bazasına çevrildi.

Ölkəmizdə milli ideologiyanın sürətlə özünə dayaq tapdağını müşahidə edən Mixail Qorbaçov və SSRİ rəhbərliyi bu hərəkatın  genişlənərək bütün ittifaq dövlətinin qəbirqazanına çevriləcəyindən qorxmağa başladılar. Dindarından tutmuş sekulyarına qədər vahid ideya ətrafında birləşmiş xalq öz mütəşəkkil birliyini ortaya qoymaqla Azərbaycanı digər ittifaq respublikaları üçün də azadlıq mayakına çevirirdi.

Moskvanın Qarabağ probleminin həllində tutduğu birtərəfli və ədalətsiz mövqe xalqın səbrini tükəndirirdi. Belə situasiya isə getdikcə ciddi böhranın əsasını qoymağa başladı. Bakıda DTK tərəfindən təşkil olunmuş erməni talanları, SSRİ-İran sərhəddinin sökülməsi, Naxçıvan və Qarabağda erməni silahlılarının dinc azərbaycanlılara hücumları, 200 min soydaşımızın ata-baba torpaqları olan İrəvandan qovulması siyasi böhranı kəskinləşdirən detenator rolunu oynayırdı.

Küçələrə çıxan yüz minlərlə insan bu vəziyyətə etiraz edir, Sovet rəhbərliyini ədaləti qərar qəbul etməyə çağırırdı.

Sovet rəhbərliyi bu andan etibarən bu dalğanın qarşısını almaq üçün hərəkətə keçdi.  Kreml  bunun üçün 1990-cı ilin yanvarında Bakıda yaranmış vəziyyətdən yararlanmaq qərarına gəldi. Moskva üçün əsas məsələ Azərbaycanda hakimiyyət böhranı yaradaraq prosesləri qanlı məcraya aparıb çıxarmaq, milli ideyanı dağıtmaq və digər respublikalara  dərs vermək idi. 

Bunun üçün nə qədər qəribə olsa da, islam faktorundan da istifadəyə cəhd etdilər.

Azərbaycanda "islam təhlükəsi" barədə iddialar elə xalq hərəkatının başlandığı vaxtdan etibarən səsləndirilirdi. Bu tipli ittihamlar hətta Mərkəzi Komitənin dəhlizlərində müzakirə olunurdu. Məsələn, Mixail Qorbaçovun köməkçisi olmuş Anatoli  Çernyayev özünün memuarlarında yazırdı ki, "Bakıda küçələrə yaşıl bayraqlarla və Xomeyninin portretləri ilə çıxırlar".  Moskva bununla Azərbaycandakı etirazlara dini rəng verməklə Qarabağ ermənilərinin "əlinə oynayır", eyni zamanda, SSRİ-də başlanmış demokratik hərəkatdan təcrid etməyə çalışırdı.

Tanınmış siyasi araşdırmaçı Tomas de Vaal özünün "Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında" kitabında qeyd edir ki, Azərbaycan Kommunist Partiyasının ikinci katibi, Əfqanıstandan Bakıya bu posta gətirilən Viktor Polyaniçko  siyasi manipuliyasiyaya meylli idi və islam faktorundan istifadədən çəkinmirdi. Bir dəfə Polyaniçko AXC İdarə Heyətinin  iki üzvünü -Tofiq Qasımov və Zərdüşt Əlizadəni öz yanında görüşə dəvət edərək qəribə təkliflə onları təəccübləndirmişdi. Polyaniçko israr edirdi ki, AXC-nin proqramına radikal islam təməlçiliyinin prinsipləri də salınsın. "Nyu York Tayms" qəzetinin müxbiri Bill Keller Tofiq Qasımovun bununla bağlı dediklərini yazmışdı: "Polyaniçkonun kabinetində Quran var idi. O, kitabı vərəqlədi və dedi: "Quran yaxşı kitabdır". Daha sonra bildirdi: "Bakı üçün Avropasayağı hərəkətlər yaxşıdır. Amma kəndlərdə müsəlman inancı çox güclüdür. Siz gərək islam faktorunu nəzərə alasınız".

Kommunist məmurundan belə təklif qəribə və şübhəli idi.    

"Şeyxülislam Primakovun üstünə hücum çəkdi..."

Baş verənlər  20 yanvar ərəfəsində Azərbaycanda ciddi hakimiyyət böhranı yaratmışdı. Azərbaycan Kommunist Partiyasının birinci katibi Əbdürrəhman Vəzirovun anlaşılmaz və səriştəsiz idarəçilik siyasəti respublikada siyasi vəziyyəti dalana dirəmişdi.  Bakıda siyasi gərginlik getdikcə pik nöqtəsinə çatırdı.  Yanvarın 10-dan sonra SSRİ rəhbərliyinin nümayəndələri və güc qurumlarının nazir müavinləri Bakıya gəlməyə başladılar. SSRİ Ali Soveti İttifaq sovetinin sədri Yevgeni Primakov və Sov.İKP MK katibi Andrey Girenko, müdafiə naziri, marşal Dmitri Yazov Mixail Qorbaçov tərəfindən Bakıya ezam edilmişdi. 

Tanınmış jurnalist Nadejda İsmayılova həmin günlərdə siyasi rəhbərliyin çarəsizliyini öz yazılarında qeyd edib. N.İsmayılova yazır ki, 14 yanvarda Ə.Vəzirov Mərkəzi Komitənin iclasını çağırdı. Axşama yaxın ikinci iclas Moskvadan gəlmiş Primakovun iştirakı ilə keçirilir. Primakov kəskin suallardan qaçaraq  çıxış edənlərin sözünü kobud formada kəsirdi.  Ali Sovetin sədri Elmira Qafarova bildirir ki, vəziyyət çox kritikdir. Spiker deyir ki, xalq Dağlıq Qarabağ probleminin həllini tələb edir. Bu problem həll edilsə, qarşılıqlı anlaşma əldə olunacaq.  Primakov isə cavabında  "Dağlıq Qarabağdan danışmayın! Deyin görək Bakıdakı ekstremistlərlə nə edək?" soruşur. İclasda Büro üzvləri Primakova deyirlər ki, meydana çıxan xalqın yalnız bir tələbi var: Qarabağda vəziyyəti normallaşdırmaq. Primakov isə qəzəbli halda etiraz edir: "Onlar hakimiyyəti deviriblər. Nə üçün buna göz yumursunuz?"

Buradan aydın görünür ki, Moskvadan gələnlər yerli hakimyyətlə situasiyanı müzakirə etməyə, çıxış yolu tapmağa yox, öz qanlı niyyətlərini həyata keçirməyə gəliblər.

17 yanvar 1990-cı ildə  SSRİ Ali Soveti İttifaq sovetinin sədri Y.Primakov və Sov.İKP MK katibi A.Girenko partiya rəhbərləri, AXC nümayəndələri və ziyalılarla görüşürlər. Onlar görüşdə qoşunların şəhərə girməyəcəyi barədə vədlər verirlər.

Mərkəz paralel şəkildə başqa vasitələrə də al atırdı. Sovet rəhbərliyi dünya birliyini çaşdırmaq üçün Azərbaycanda islamçı fundamentalistlərin hakimiyyəti ələ keçirməsi haqda məlumat yayırdı.

Yanvar ayından etibarən Mərkəzi sovet mətbuatında azərbaycanlıların islam fundamentalizminə yuvarlandıqları barədə materiallar dərc olunmağa başlayır.

Bu baxımdan  Y.Primakovun Qafqaz Müsəlmanları İdarəsinin sədri, Şeyxülislam Allahşükür Paşazadəyə respublikada hakimiyyəti ələ alması təklifi də bu təxribatların tərkib hissəsi idi:  "Primakov mənə belə bir təklif etdi ki, biz Qorbaçovla danışmışıq, məsləhət eləmişik, ancaq bir şərtlə biz bura girməyə bilərik. Əgər sən dövləti öz üzərinə götürsən, rəhbərliyi öz üstünə götürsən, onda biz sizə söz veririk ki, hər cəhətdən biz həm sizə dövlətinizi saxlamaq üçün köməklik edərik, həm də qoşunlar bura girməyəcək", - deyə Şeyxülislam illər sonra verdiyi müsahibəsində qeyd etmişdi.

Allahşükür  Paşazadə  Primakovun bu təklifinə sərt şəkildə rədd cavabı verir: "Mən sizin  məqsədinizi  anladım, ona  görə  qəti  deməliyəm  ki, təklif  etdiyiniz vəzifəni  tuta  bilməyəcəyəm. Mənim 2 rükət namazım sizin təklif etdiyiniz hakimiyyətdən qat-qat  üstündür! Mən  Buxaradakı  Mir-Ərəb mədrəsəsinə  daxil  olmuşam, Moskvadakı Ali  Komsomol  məktəbinə  yox!"

Xalq şairi Bəxtiyar Vahabzadə 1997-ci ildə "Respublika" qəzetinə verdiyi müsahibədə həmin görüş barədə ətraflı danışıb: "Bir qrup ziyalı - rəhmətlik İsmayıl Şıxlı, mən, Nurəddin Rzayev, Şeyx Allahşükür Paşazadə və Həsən Həsənov yanvarın 17-də Ə.Vəzirovun yanına getdik. Kabinetə girəndə Primakovla Girenkonu da orada gördük. Mən dərhal Primakovun üstünə hücum çəkdim ki, bizdən nə istəyirsiz, niyə əl çəkmirsiz? Sizə nə pisliyimiz keçib?

Bunu görən Vəzirov qalxıb məni qucaqlayıb sakitləşdirməyə çalışdı. Bu zaman Şeyx Allahşükür Paşazadə məndən də kəskin şəkildə Primakova hücum çəkdi və sərt şəklidə "xalqıma qarşı təhlükə olan yerdə mən heç kəsi tanımıram. Düzünü de görüm, ordu şəhərə girəcək? Qırğın olacaq, ya yox?" Onlar bizi sakitləşdirməyə çalışdılar ki, qırğın olmayacaq. Amma Vəzirov bilirdi ki, şəhərə hücum olacaq. Bunu biz də hiss etdiyimiz üçün kabinetdən çıxanda H.Həsənov dedi ki, qırğın olacaq. Şeyx də o fikirdə olduğunu bildirdi".

Yanvarın 18-də Moskvadan gələn nümayəndələr başda olmaqla rəhbərlik Mərkəzi Komitənin qarşısında keçirilən mitinqə gəlir və Primakov mitinqçilər qarşısında çıxış edib bəyan etdi ki, Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməyəcək və şəhər ətrafında toplanmış ordu Bakıya yeridilməyəcək. Eyni sözü həmin gün Sov.İKP MK milli münasibətlər şöbəsi müdirinin müavini V.Mixaylov respublika televiziyası ilə çıxışında təkrar edir.

Bu zaman artıq Zaqafqaziya, Moskva, Leninqrad və digər hərbi dairələrdən gətirilmiş 50 minlik ordu hissələri şəhəri işğal etmək üçün hərbi hazırlıq işlərini başa çatdırmışdı. Bütün qoşun növlərindən ibarət olan hərbi hissələr, DTK-nın 7-ci idarəsinin "Alfa" qrupu müxtəlif istiqamətlərdən Bakıya doğru hərəkət etməyə start vəziyyətdə idi.

AXC İdarə Heyətinin üzvü Etibar Məmmədovun sözlərinə görə, 18 yanvar 1990-cı ildəki görüş zamanı onlara bildirilib: "Ordu ona görə lazımdır ki, biz Azərbaycanın SSRİ-dən ayrılmasının qarşısını alaq". 

Kommunist Partiyasının Mərkəzi Komitəsinin partiya komissiyasının sədri Rauf Axundov həmin gecəni belə xatırlayıb: "19 yanvar 1990-cı il saat 23.30-da "Amerikanın səsi"dən eşitdim ki, bu gün Bakıya ordu yeridiləcək. Mən qaçaraq Mərkəzi Komitəyə gəldim. Artıq göyə siqnal fişəngləri atılırdı. Girişdə Mərkəzi Komitənin katibləri Həsən Həsənov və Telman Orucovla, şöbə müdirinin müavini Abdinovla və 1-ci katibin köməkçisi Sahib Quliyevlə  üz-üzə gəldim. Onlar əvvəlcə mənə inanmadılar.  Sonra hamımız işığı hələ də yanan Nazirlər Sovetinin sədri Mütəllibovun kabinetinə qalxdıq.  Saat 23.45 idi. Mütəllibov da bizim dediklərimizə inanmadı. Bizim israrımızdan sonra o, Primakova və Yazova zəng vurdu. Baş verənlərdən izahat istədi. Primakov televiziyada partlayış baş verdiyini bildirdi. Bu zaman atışma başlandı. Biz başa düşdük ki, bizim səylərimiz boşa çıxıb. Avtomobillə Lenin prospekitnə gəldik.  Ağır texnikadan və avtomatlardan atəş səsləri dayanmadan gəlirdi".

Gecə 00.00-da sovet ordusunun seçmə hissələri ağır texnikadan və avtomat silahlardan istifadə edərək Bakı şəhərinə daxil oldu. Yüzlərlə dinc sakinin qətli ilə müşayiət olunan bu qanlı qırğın SSRİ tarixində misli görünməmiş divantutma əməliyyatına çevrildi.  

"Mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm"

Qanlı qırğından sonra yaranmış hakimiyyətsizlik nəticəsində Təzəpir Məscidi, Qafqaz Müsəlmanları İdarəsi  xalqın müraciət edə biləcəyi yeganə yerə çevrilir.  Həmin günlər heç bir rəsmi idarə, heç bir qurum işləmirdi. 20 yanvar  günü səhər Təzəpir məscidinə ilk şəhid cəsədlərinin gətirilməsi başlanır.  Sovet hərbi komandanlığının kütləvi dəfn mərasiminə yol verməmək, şəhidləri hərəsinin ayrı-ayrı qəbiristanlıqda dəfn etmək cəhdi iflasa uğrayır. QMİ sədri Allahşükür Paşazadənin rəhbərliyi ilə 20 yanvar şəhidlərinin möhtəşəm dəfn mərasimi keçirilir.

Araşdırmaçıların fikirincə, yanvar hadisələri zamanı şəhidlərin dəfninin təşkili ilə QMİ sanki siyasi hakimiyyətlə kütlələr arasında əlaqəni yaradan əsas həlqəyə çevrilmişdi. Şeyxülislamın qanlı qırğınla bağlı Mixail Qorbaçovu ittiham edən bəyanatı onu ildırım sürəti ilə SSRİ-nin tanınmış ictimai xadiminə çevirdi. QMİ sədrinin SSRİ rəhbərini belə kəskin ittiham etməsi bütün dünyada böyük rezonans verdi. Bu, SSRİ tarixində din xadiminin sovet rəhbərini ittiham edən ilk belə bəyanat idi.

Allahşükür Paşazadə 30 yanvar 1990-cı ildə "Azərinform"a açıqlamasında  Sovet dövləti tərəfindən Azərbaycan xalqına qarşı irəli sürülən, qoşunların yeridilməsi üçün guya səbəb olan üzdəniraq "islam amili"ni "fitnəkar ittiham" adlandırır: "Zaqafqaziya müsəlman ruhaniləri siyasi mübarizədə və millətlərarası münaqişələrdə dini ideyalardan istifadə olunmasını yolverilməz hesab etmişlər və hesab edirlər. Regionda vəziyyətin hətta ən gərgin anlarında biz zəkaya, dincliyə, mehriban qonşuluğa çağırmışıq. Məhz buna görə də sabitliyi guya "islam amilinin" pozduğunu iddia etmək xüsusilə hiddət doğurur. Açıq-aşkar görünür ki, bunu iddia edənlər tamamilə məlum bir niyyət - müsəlmanları xristianlara qarşı qoymaq niyyəti güdürlər və belə bir vəziyyət millətlərarası münaqişəni daha da şiddətləndirərdi. Bütün Azərbaycan xalqının iradəsini ifadə edərək mən qoşunların Bakıdan təxirə salınmadan çıxarılmasını tələb edirəm. Heç bir xalq ilə, o cümlədən, Azərbaycan xalqı ilə silahla danışmaq olmaz".

QMİ sədri SSRİ müdafiə naziri, marşal Yazov və SSRİ daxili işlər naziri Bakatinlə görüşü zamanı bu qırğına görə onları sərt şəkildə tənqid edir və onlardan Azərbaycan xalqı qarşısında üzr istəməyi tələb edir. Allahşükür Paşazadə müsahibəsində bununla bağlı deyib: "Çoxlu materialları, mənim çıxışlarımı yoxa çıxartdılar o vaxt. SSRİ-nin daxili işlər naziri Vadim Bakatinin mənə üzrxahlıq məktubu vardı, onu da apardılar. Mən onu çox pis şəkildə təhqir etmişdim. Yazovdan "Sən mənim xalqımı, millətimi pis günə qoymusan, üzr istəməlisən" deyə tələb elədim. O, həmin  an üzr istəməsə də, sonradan məktub vasitəsilə üzr istədi. Həmin o məktub, Heydər Əliyevin mənə ünvanladığı başsağlığı məktubu və bir çox başqa sənədlər oğurlandı. Xalqdan çox şey gizlədildi. Çünki çox faktların üstü açılmadı, çox sübutlar məhv edildi". 

Qorbaçova görə susan Qərb və qana bələnmiş Bakı   

SSRİ rəhbəri Mixail Qorbaçovun Qərbdə populyar olması onun bu qanlı əməlinin dünya liderləri tərəfindən pislənməsinin qarşısını ala bildi.

Bakıdakı qanlı qırğınla bağlı Dövlət Departamentinin nümayəndəsi Marqaret Tatuayler ABŞ hökuməti adından bəyanat verir ki, ABŞ Azərbaycanı dəstəkləmir və Bakıdakı yanvar hadisələrini şərh etməyi lazım bilmir.

Böyük Britaniya XİN-i bəyanat verərək Azərbaycanda yaranmış vəziyyəti "SSRİ-nin daxili işi" kimi qiymətləndirirdi.

İtaliyanın xarici işlər naziri D.Mikels də bəyan etmişdi ki, Bakıda baş vermiş hadisələr SSRİ-nin daxili işidir. Onun dediyinə görə, SSRİ hökuməti öz milli mənafelərini qorumalı və Azərbaycan Xalq Cəbhəsinin radikal əhval-ruhiyyəli millətçilərinin qarşısını almalı idi.

Həmin günlər "Amerikanın səsi" radiosu məlumat yaymışdı ki, Bakıya qoşun yeridilməsi ilə bağlı Azərbaycanda islam fundamentalizminin baş qaldırması ilə qorxudulan ABŞ prezidenti Corc Buş iki gün ardıcıl olaraq Qorbaçovu müdafiə edib.

Həmin  ağır  günlərdə  Şeyxülislamın səsinə ilk  səs  verən, dayaq  olan  Moskvadan - Azərbaycan  nümayəndiliyindən  böyük siyasi  xadim Heydər  Əliyev  oldu.  Siyasi  hakimiyyətin  bütün  maneələrinə  baxmayaraq,  paytaxt  Moskvada mətbuat  konfransı  keçirən  Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun sabiq üzvü, SSRİ Nazirlər Sovetinin sabiq birinci müavini, görkəmli  dövlət  xadimi  Heydər  Əliyev  bu qanlı qırğına görə Mixail Qorbaçovu ittiham etdi.

Sovet rəhbərliyinin islam təhlükəsi barədə şişirdilmiş yalanı yerimədi. Bütün dünya az sonra Azərbaycan xalqının azadlıq uğrunda mübarizəsinin yeni səhifəsinin şahidi oldu.  "Qanlı Yanvar" hadisəsindən iki ay sonra Azərbaycanın SSRİ-dən ayrılaraq tam dövlət müstəqilliyi uğrunda mübarizəsi başlandı. Bir il sonra - 1991-ci ilin oktyabr ayının 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında" Konstitusiya Aktı yekdilliklə qəbul edildi.

A.SƏFƏRLİ

 





17.01.2019    çap et  çap et