525.Az

"Vətən ayrısı Rəsulzadələr" təqdim olundu


 

"Vətən ayrısı Rəsulzadələr" təqdim olundu<b style="color:red"></b>

Azərbaycan Yazıçılar Birliyinin "Natəvan" klubunda, tanınmış jurnalist, tədqiqatçı və tərcüməçi Nəcibə Bağırzadənin "Vətən ayrısı Rəsulzadələr" kitabının təqdimat mərasimi keçirilib.

Mərasimdə ədəbiyyatşünas və tarixçi alimlər, Rəsulzadə irsinin tədqiqatçıları, Bakı Dövlət Universitetinin müəllimləri, müəllifin qələm dostları, ailə üzvləri və media nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Nəcibə Bağırzadə kitabın mövzusu, ideyası və ümumilikdə Rəsulzadə irsilə bağlı tədqiqatları haqqında geniş məlumat verib. Deyib ki, kitab Azərbaycanın repressiya olunmuş yeganə xanım şairi, fədakar istiqlalçı Ümgülsüm Sadıqzadəyə (Rəsulzadə) həsr edilib. Bu nəşrdə Cümhuriyyətin qurucusu Məhəmməd Əmin Rəsulzadə və "Müsavat" Partiyasının yaradıcılarından olan Məhəmmədəli Rəsulzadə haqqında da maraqlı bilgilər var.

Xatırladaq ki, kitabdakı materialların xeyli hissəsi ötən il "525-ci qəzet"in bir neçə sayında çap olunub.

Arxiv sənədləri və şəxsi məlumatlar əsasında yazılmış əsərin Azərbaycan tarixində önəmli yer tutan bir nəsilə və onun dəyərli nümayəndəsi Ümgülsümə həsr olunmasının əhəmiyyətindən danışan BDU-nun müəllimi, filoloq Almaz Məmmədova kitabın adına da diqqət çəkib: "Mən kitabın adıyla ilk dəfə tanış olanda "ayrısı" sözü marağıma səbəb oldu. Bizim dilimizdə bu söz işlənmir. Amma müəllif böyük bir cəsarətlə bu sözü əsərin adına verib. Kitabı oxuyarkən bunun səbəbini daha yaxşı anladım. Çünki "Vətən ayrısı" ifadəsi Rəsulzadələrin məktubunda bir neçə yerdə işlənir. Müəllif kitabında bu ifadəni işlətməklə, əslində, Rəsulzadələrin həyatını, taleyini daha dəqiq əks etdirir".

Tədqiqatçı Firdovsiyyə Əhmədova çıxışında Rəsulzadələrin Cümhuriyyətin süqutundan sonra qatlaşdıqları çətinliklərdən, əzablardan söz açıb. Kitabın bu tarixi öyrənmək üçün çox mühüm mənbə olduğunu vurğulayan F.Əhmədova əsərin şagirdlər, tələbələr arasında tanıdılmasının vacibliyindən danışıb. Deyib ki, əsər ilk növbədə tədris müəəssələrində təqdim olunmalı, şagird və tələbələr arasında geniş müzakirələri keçirilməlidir. Eyni zamanda, F.Əhmədova Ümgülsüm Sadıqzadənin də yaradıcılığından söz açıb, onun bu zamana qədər geniş öyrənilməməsindən təəssüf hissi ilə bəhs edib. Deyib ki, İstiqlal şairi  Ümgülsümün yaradıcılığı ali məktəblərdə dissertasiya mövzusu kimi araşdırılmalı, tədqiqata cəlb olunmalıdır.

Nəcibə Bağızadənin belə bir mövzuya müraciətinin çox məsuliyyətli olduğunu vurğulayan fəlsəfə doktoru Fərhad Cabbarov bildirib ki, müəllif bu kitabında Cümhuriyyət şairinin orijinal obrazını yaradıb. Kitabda yer alan məktublar hadisələrin faktoloji tərəfini ön plana çıxarmaqla, bir növ dəyərini də artırmış olur. Burada oxucudan da əlavə, tədqiqatçı alimlərin belə ilk dəfə oxuyacaqları məktublar yer alıb: "Maraqlıdır ki, cəmi 23 ay ömür sürmüş Azərbaycan Xalq Cümhuriyyəti bu qədər araşdırılmasına, öyrənilməsinə baxmayaraq, hələ də bu mövzuda yeni mövzular tapılır, hansısa məlum olmayan faktlar aşkarlanır. İnsan da haqlı olaraq, düşünür ki, hələ də o dövr haqqında bilmədiyimiz çox şeylər var".

Tədqiqatçı Nəsiman Yaqublu da çıxışında o dövrün mənzərəsindən, Rəsulzadələrin başına gətirilən müsibətlərdən söz açıb, Azərbaycan xalqı yaşadıqca onların da adlarının elmimizdə, mədəniyyətimizdə, tariximizdə əbədi yaşayacağını deyib.

"Vətən ayrısı Rəsulzadələr" kitabının Vətən həsrətilə azadlıq konsepsiyasının xəritəsi olduğunu deyən BDU-nun müəllimi Samirə Məmmədova N.Bağızadənin yaradıcılığı fonunda kitabın geniş təhlilini verib: "Nəcibə xanımın yaradıcılığı sanki bir-birinə sıx hörülmüş halqalardan ibarətdir: "Gecikmiş etiraf kimi", "Azərbaycan həsrəti", "Uzaqdakı yaxınlar", "Rəsul Rəsulzadəyə məktub" və sonda "Vətən ayrısı Rəsulzadələr"... Bu kitab Azərbaycan tarixi, publisistikası və ədəbiyyatında çox ciddi mövqe tutmağa layiqdir".

BDU-nun müəllimi Nüşabə Sadıqova N.Bağırzadənin Rəsulzadələrə, Cümhuriyyət irsinə marağının təqdirəlayiq olduğunu vurğulayıb: "Kitabın dəyəri həm də ondadır ki, burada müəllif elmi, publisistik və bədii üslubu birləşdirib. Bu üslubları birləşdirib orijinal əsər araya-ərsəyə gətirmək çox çətin işdir. O, bunu bacarıb. Məni həm də müəllifin Ümgülsüm xanıma münasibəti cəlb etdi. Sanki Ümgülsüm Nəcibə xanımın özünü gördüyü, qarşısında hesabat verdiyi obrazdır".

Kitabın ön sözünün müəllifi, professor Vaqif Sultanlı deyib ki, kitabın mövzusu nə qədər doğma olsa da, ön söz yazmaq üçün bir müddət öz fikirlərini heç cür cəmləşdirə, əsərin dəyərinə layiq ifadələr tapa bilməyib: "Bu tədqiqatda Cümhuriyyətin qaranlıq məqamlarına işıq tutulur. Mən məktubların ruhu olduğuna inanıram. Ona görə bu kitab da məhz ruhu olan kitabdır. Əsər Azərbaycan siyasəti, mədəniyyəti, cümhuriyyəti tarixinin öyrənilməsi baxımından böyük önəm daşıyır".

Rəsulzadələr ailəsinin adından çıxış edən Məhəmməd Əmin Rəsulzadənin nəvəsi, Azər Rəsulzadənin oğlu, Əməkdar rəssam Rais Rəsulzadə N.Bağızadəyə bu nəsilə sonsuz diqqət və ehtiramı üçün dərin təşəkkürünü çatdırıb, kitabın tədqiqat əsəri kimi əhəmiyyətindən anışıb.

Sonda çıxış edən müəllif iştirakçılara, özü və yeni kitabı barədə fikir bildirənlərə minnətdarlıq edib, kitablarını qonaqlar üçün imzalayıb.

Şahanə MÜŞFİQ

 





17.01.2019    çap et  çap et