525.Az

"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar"


 

"Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar"<b style="color:red"></b>

Hər bir dövlətin iqtisadi təhlükəsizliyinin qarantı olan gömrük xidməti müasir dünyanın ildən-ilə qloballaşan və şaxələnən çağırışlarına cavab verən ən etibarlı keşikçidir.

Təsadüfi deyil ki, ölkədə həyata keçirilən uğurlu iqtisadi strategiyanın keşiyində ayıq-sayıq dayanan Azərbaycan gömrüyü dövlətçilik təməlinin möhkəmləndirilməsində önəmli mövqeyə malikdir. Məhz sərhəddən başlayaraq gömrük xidməti Azərbaycanın quru, hava və dəniz yollarında ölkənin iqtisadi mənafeyini və təhlükəsizliyini qoruyaraq qaçaqmalçılıq və digər iqtisadi cinayətkarlıqla barışmaz mübarizə aparır, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Bu bir danılmaz faktdır ki, xalqımızın Ümummilli lideri Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycanın dövlət müstəqilliyi dönməz xarakter alıb. 1993-cü ilin ikinci yarısından etibarən Azərbaycanın dövlət suverenliyinin təmin edilməsi, onun yüksələn xətlə inkişafı ölkədə aparılan uğurlu gömrük siyasəti ilə də bilavasitə bağlıdır. "Gömrük xidməti hər bir dövlətin müstəqilliyinin əsas atributlarından biridir" - deyən Ulu öndər Heydər Əliyev gömrük xidmətinin ölkə iqtisadiyyatının inkişafında rolunu yüksək qiymətləndirir və bu orqanın fəaliyyətini daim diqqətdə saxlayırdı.

Dövlət Gömrük Komitəsi müstəqilliyimizin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb. Lakin o dönəmdə Azərbaycanda hökm sürən əlverişsiz şəraitdə gömrük orqanları qarşısında duran vəzifələr demək olar, icra edilmir, neqativ hallar baş alıb gedirdi.

Həmin dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Heydər Əliyevin 24 fevral 1992-ci il tarixli qərarı ilə Muxtar Respublika Dövlət Gömrük Komitəsinin yaradılması və əsl milli gömrük xidmətinin formalaşdırılması sahəsində görülən tədbirlər isə nəinki Naxçıvanı düşdüyü blokada vəziyyətindən çıxarmaq və yerli iqtisadiyyatı möhkəmlətmək üçün imkan yaratdı, eləcə də bütün Azərbaycanda siyasi münasibətlərə əhəmiyyətli təsir göstərmiş oldu.

1991-1993-cü illərdə ölkənin ictimai-siyasi həyatındakı qeyri-sabit vəziyyətə Ümummilli lider Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıdışı ilə son qoyuldu. Məhz onun rəhbərliyi ilə dövlət quruculuğunun bütün sahələrində iqtisadi inkişafa və sosial-siyasi gərginliyin aradan qaldırılmasına xidmət edən genişmiqyaslı islahatlar həyata keçirildi.

Azərbaycan Prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-nun gömrük əməkdaşlarının peşə bayramı günü elan edilməsi də Heydər Əliyevin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək dəyərin əyani nümunəsi idi.

Azərbaycanın Heydər Əliyev tərəfindən təməli qoyulan dövlət müstəqilliyinin möhkəmlənməsinə xidmət edən siyasi və iqtisadi inkişaf konsepsiyası ondan sonrakı illərdə Ulu öndərin ən layiqli davamçısı İlham Əliyev tərəfindən yeni geosiyasi şəraitdə, dünya iqtisadiyyatında baş verən kataklizmlər nəzərə alınmaqla yeni ideyalarla zənginləşdirilərək böyük bacarıqla tətbiq edilir. Hazırda dövlət başçısının rəhbərliyilə uğurla həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası üzrə zamanın çağırışlarına adekvat qərarlar qəbul edilməklə ölkəmizin iqtisadi gücü daha da artırılmaqdadır. Bu baxımdan, 2018-ci il xüsusilə əlamətdar olub, ölkəmizin maliyyə dayanıqlılığı, yaxın və uzaq gələcəyə hədəflənən düzgün iqtisadi inkişaf strategiyası sayəsində makroiqtisadi sabitliyə, iqtisadiyyatımızın inkişaf dinamikasının qorunub saxlanılmasına nail olunub.

Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev bildirir ki, əldə olunan bu nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi altında aparılan genişmiqyaslı islahatların nəticəsində qazanılıb və ötən dövr ərzində beynəlxalq aləmdə ölkəmizin mövqeləri daha da güclənib. Dövlətimizin başçısı gömrük orqanları qarşısında bu sistemdə şəffaflığın təmin olunması, idxal-ixrac əməliyyatları üzrə statistik uçotun düzgün qurulması və xarici ticarət fəaliyyəti ilə məşğul olan şəxslərlə məmur təmasının minimuma endirilməsi, gömrük xidməti mədəniyyətinin yüksəldilməsi kimi mühüm tapşırıqlar qoyub. 2018-ci ildə ölkə ərazisinə gətirilən mallara və nəqliyyat vasitələrinə gömrük nəzarəti daha da gücləndirilib, gömrük qaydalarının pozulmasına qarşı mübarizə tədbirləri genişləndirilib. Əməliyyat-axtarış fəaliyyəti istiqamətində həyata keçirilmiş kompleks tədbirlər nəticəsində 747 cinayət xarakterli və 9672 hüquqpozma faktı aşkarlanıb. Ötən il ölkə iqtisadiyyatının inkişafında və büdcənin gəlirlər hissəsinin formalaşmasında xüsusi rola malik olan Dövlət Gömrük Komitəsi idxal-ixrac əməliyyatları üzrə vergitutma bazasını düzgün müəyyənləşdirməklə dövlət büdcəsinə 3 milyard 434 milyon manat gömrük ödənişinin köçürülməsini təmin edib. İlin əvvəlində nəzərdə tutulan proqnozla müqayisədə 1 milyard 4 milyon manat və ya 141 faiz çox gömrük vergi və rüsumları toplanaraq dövlət büdcəsinə köçürülüb. Sözügedən ildə ixracın həcmi 19 milyard 460 milyon dollar, idxalın həcmi isə 11 milyard 465 milyon ABŞ dolları olub. 2017-ci illə müqayisədə 2 milyard 682 milyon ABŞ dolları məbləğində artan idxalın həcminin heç də hamısı vergitutma bazası deyil. Aparılan təhlillərin nəticəsi olaraq bildirmək istəyirəm ki, artan idxalın tərkibində strateji qızıl ehtiyatlarını artırmaq məqsədilə Azərbaycan Respublikasının Dövlət Neft Fondu və Mərkəzi Bankı tərəfindən imtiyazlı qaydada ölkə ərazisinə gətirilən, dövlət əhəmiyyətli 803.0 milyon dollar dəyərində qızıl külçələr, eyni zamanda, müxtəlif təsərrüfat subyektləri tərəfindən ölkəyə idxal olunan 300 milyon dollar məbləğində avadanlıq və mexaniki qurğular və digər imtiyazlı mallar təşkil edib. Bununla yanaşı, idxalın tərkibində vergitutma bazası olan 1 milyard 200 milyon dollar məbləğində artıma səbəb isə gömrük orqanları tərəfindən malların real qiymətləndirmə əsasında qanunvericiliyə uyğun qaydada düzgün dəyərləndirilməsi olub.

Bununla yanaşı, xidməti fəaliyyəti zamanı aşkar edilmiş korrupsiya faktları və bu faktların obyekti olan 117 nəfər gömrük əməkdaşı "Gömrük orqanlarında xidmət haqqında Əsasnamə"nin və Əmək Məcəlləsinin müvafiq maddələrinə əsasən tutduğu vəzifədən azad edilib. Mövcud faktlara hüquqi qiymətin verilməsi üçün 17 gömrük əməkdaşı barəsində açılan cinayət işi üzrə istintaq materialları Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib. Cari ildə də Baş Prokurorluq və digər hüquq-mühafizə orqanları ilə birlikdə korrupsiya hallarına qarşı mübarizə tədbirləri daha da gücləndiriləcək. Komitə sədri qeyd edib ki, Azərbaycan gömrük xidməti idarəetmə prinsipini tam kağızsız texnologiya əsasında qurmaqla elektron bəyanetmə sistemini 100 faizə çatdırıb və dünyanın qabaqcıl ölkələri sırasına daxil olub: "2018-ci ildə Komitəyə 11 növ elektron xidmət üzrə 3 milyon 777 min elektron müraciət daxil olub və gömrük xidməti göstərilib. Ötən dövr ərzində gömrük xidməti olaraq bizim üçün ən önəmlisi xarici ticarət fəaliyyəti zamanı şəffaflığın təmin edilməsi olub. Burada, ilk növbədə, ən vacib və problemli məsələ bir çox hallarda xarici ticarət fəaliyyət iştirakçıları tərəfindən ölkəyə gətirilən mal və nəqliyyat vasitələrinin düzgün və real dəyərlə bəyan olunmamasıdır. Lakin tərəfimizdən qanunun aliliyi əsas götürülərək beynəlxalq prinsiplərə əsaslanan mövcud qanunvericiliyin müddəaları, idxal mallarına münasibətdə qiymətləndirmə metodları düzgün tətbiq olunur və daxili bazarda rəqabətliliyin qorunması təmin edilir".

S.Mehdiyev vurğulayıb ki, fiskal funksiyalar həyata keçirən qurumların, o cümlədən, gömrük xidmətinin fəaliyyəti ilə bağlı beynəlxalq təcrübə göstərir ki, vergiödəyiciləri arasında könüllü riayət psixologiyasının formalaşdırılması və onlara mütəmadi özünüqiymətləndirmə sisteminin tətbiqinin aşılanması faktiki olaraq büdcə gəlirləri ilə bağlı müəyyən edilən öhdəliklərin icrasında daha effektiv metod hesab olunur. Hazırda bu formatda yanaşma ilə bağlı yeni qanunvericilik aktı Zati-alilərinizin müvafiq Fərmanı ilə təsdiqlənib: "Prezident "Xarici ticarət iştirakçılarının "Yaşıl dəhliz" buraxılış sistemindən daimi istifadə hüququnu əldə etməsi, həmin hüququn dayandırılması, ləğvi və bərpası Qaydası"nın təsdiq edilməsi haqqında" fərmanı ölkəmizdə sahibkarlığın inkişafına, xüsusən qeyri-neft məhsullarının, o cümlədən, kənd təsərrüfatı və tez xarab olan digər məhsulların ixracına yeni təkan verib və biznes mühitinin daha da şəffaflaşmasında inqilabi dönüş olaraq hökumət-biznes münasibətlərində "Könüllü riayət mədəniyyətinin" əsasını qoyub".

S.Mehdiyevin dediyinə görə, ölkədə idxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında müvafiq sərəncamlarınızın icrası ilə əlaqədar Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi qarşılıqlı əlaqələndirmə formatında idxal-ixrac əməliyyatlarına birgə nəzarət tədbirləri həyata keçirib, xarici ticarət fəaliyyət iştirakçılarının vergidən yayınma cəhdləri nəzarətə götürülüb, vahid risk platformasının tətbiqinə başlanılıb. İki dövlət qurumu arasında idxal-ixrac mallarına münasibətdə risklərin idarə olunması prinsipinin ən yüksək səviyyədə tətbiqinə demək olar ki, nail olmuşuq. Qarşılıqlı nəzarət sisteminin tətbiqi dövlətin büdcəsindən vergi yayınmasının qarşısını almaqla yanaşı, sahibkarlıq subyektlərində yüksək vergi mədəniyyətinin və könüllü riayət sisteminin formalaşdırılması istiqamətində görüləcək ən mühüm tədbirlərdən olacaq.

Ölkəmizin artan turizm potensialı fonunda 2018-ci ildə sərhədi keçən fiziki şəxslərin ümumi sayı 15 milyon 500 min nəfər olmaqla 2017-ci illə müqayisədə 2 milyon nəfər artıb və bu şəxslərə Dövlət Sərhəd Xidməti ilə birlikdə gücləndirilmiş iş rejimində xidmət göstərilib: "Cari ildə yeni innovasiya tipli layihələrin həyata keçirilməsi ilə vətəndaş məmnunluğunun təmin edilməsinə və ticarət dövriyyəsinin daha da artırılmasına nail olunacaq. Ümumi Tranzit Konvensiyasına əsaslanan tranzit sisteminin inkişaf etdirilməsi qarşıya qoyulmuş başlıca hədəflərdən biridir. Yeni kompüterləşdirilmiş tranzit sisteminin tətbiq olunmasının tezləşdirilməsi üçün milli qanunvericiliyin uyğunlaşdırılması, tranzit zəmanət sisteminin yaradılması istiqamətində müvafiq işlər görülməkdədir. Bu isə "Made in Azerbaijan" markalı malların Avropa bazarlarına sərbəst çıxışını təmin edəcək".

S.Mehdiyev qeyd edib ki, Prezident İlham Əliyevin ölkədə apardığı uğurlu iqtisadi siyasətin nəticəsi olaraq cari ildə də göstəriş və sərəncamlarınızın icrasını təmin etməklə Dövlət Gömrük Komitəsi xidməti fəaliyyətini müasir dünya standartlarına uyğun həyata keçirəcək, ölkəmizin iqtisadi təhlükəsizliyini qoruyaraq 1 milyard 272 milyon manat artımla proqnozlaşdırılan və qanunla təsdiq olunmuş 3 milyard 702 milyon manat büdcə öhdəliyini artıqlaması ilə yerinə yetirəcək.

Sevinc QARAYEVA
Yazı "Gömrük orqanlarında aparılan islahatlar: müasir tələblər və çağırışlar" mövzusunda yazı müsabiqəsinə təqdim olunur

 





17.01.2019    çap et  çap et