525.Az

Ermənistanın regional təcridi dərinləşir: Paşinyan çıxılmaz vəziyyətdə


 

AZƏRBAYCANIN YÜRÜTDÜYÜ HÜCUM DİPLOMATİYASI BÖLGƏDƏ YENİ REALLIĞIN YARANMASINI ŞƏRTLƏNDİRİR

Ermənistanın regional təcridi dərinləşir: <b style="color:red">Paşinyan çıxılmaz vəziyyətdə</b>

Fransanın paytaxtı Parisdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov və Ermənistan xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında baş tutan görüş müəyyən fasilədən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində danışıqların başladığını göstərir.

Ermənistanda keçirilən növbədənkənar parlament seçkilərindən sonra ATƏT-in Minsk qrupunun həmsədrlərinin vasitəçiliyi ilə baş tutan görüş qarşı tərəfin heç bir əlavə şərti qəbul edilmədən danışıqlar masasına əyləşdirildiyini bir daha təsdiq edir. Bu o deməkdir ki, inqilab nəticəsində düşmən ölkədə hakimiyyətə gələn baş nazir Nikol Paşinyanın bundan əvvəl səsləndirdiyi separatçı rejimin də danışıqlara cəlb olunması kimi qeyri-məqbul şərtlər nəticə vermədi, sülh prosesindən yayınma cəhdləri baş tutmadı. Nəticədə, Parisdə görüşən xarici işlər nazirləri 4 saatdan çox danışıq apardılar.

Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, görüşdə daha çox anlayışın və etimadın qurulmasının əhəmiyyəti də daxil olmaqla faydalı və çox müsbət fikir mübadiləsi aparılıb. Bildirilib ki, ardıcıl və nəticəyə yönəlik danışıqların qarşıdan gələn ay davam etdirilməsi razılaşdırılıb.

Tərəflər danışıqlar zamanı bir sıra məsələləri, o cümlədən, hər iki tərəfin əhalisinin sülhə, təhlükəsizliyə və dayanıqlı regional inkişafa hazırlanması yollarını müzakirə ediblər.

Əlbəttə ki, Dağlıq Qarabağ danışıqlarının davam etməsi, düşmən ölkənin prosesdən yayınma cəhdlərinin qarşısının alınması, daha çox buna məcbur edilməsi Azərbaycanın apardığı xarici siyasət nəticəsində mümkün olub. Prezident İlham Əliyevin həyata keçirdiyi balanslı siyasət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı reallaşdırılan hücum diplomatiyası bölgədə yeni reallığın yaranmasına səbəb olub. Regionda təklənən düşmən vəziyyətinin daha da ağırlaşacağının fərqinə vararaq aqressiv mövqeyindən geri çəkilməyə məcbur olub.

Azərbaycan qlobal güclərin yürütdüyü təzyiq və təcrid siyasətinə qoşulmayaraq, qonşu dövlətlərlə əlaqələrini qorumaq, daha da inkişaf etdirmək yolunu tutub ki, bu da öz məntiqi nəticələrini verir. Bu mənada, ötən il ərzində Azərbaycan və Rusiya prezidentləri 6 dəfə görüşüblər, ölkə başçıları arasında mövcud olan şəxsi dostluq münasibətləri iki ölkə arasında bütün istiqamətlər üzrə əlaqələrin inkişafına olduqca mühüm təsir göstərib.

Azərbaycan İranla əlaqələrə də xüsusi diqqət göstərir, iki ölkənin rəhbərləri arasında isti münasibətlər qarşılıqlı əməkdaşlığın inkişafına pozitiv təsir göstərir. Rəsmi Bakının İrana qarşı təcrid siyasətinə qoşulmaması, qonşu ölkə ilə bir çox sahələrdə əməkdaşlıq əlaqələrini gücləndirməsi, ən çətin dövrlərdə Tehrana dəstəyini əsirgəməməsi münasibətlərin inkişafı, qarşılıqlı etimad mühtinin güclənməsinə müsbət təsir edən məqamlardır. Təsadüfi deyil ki, yanvarın 16-da Bakıya səfər edən İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Baqeri Prezident İlham Əliyevlə görüşündə qeyd edib ki, İran Qarabağ torpaqlarını Azərbaycan torpaqları hesab edir və Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir: "Sərhədlərin zor gücü ilə dəyişdirilməsi qəbuledilməzdir, İran bu məsələdə hər zaman Azərbaycanın yanındadır". Bu, İranın yüksək vəzifəli nümayəndəsinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bugünə kimi verdiyi ən mühüm bəyanat hesab oluna bilər.

Azərbaycan müstəqillik illərində regionun digər önəmli dövlətlərindən biri, qardaş ölkə Türkiyə ilə münasibətlərini yeni keyfiyyət mərhələsinə yüksəltməyə nail olub, siyasi, iqtisadi, mədəni və digər sahələrdə qarşılıqlı əlaqələrin daha da intensivləşməsi "bir millət iki dövlət" şüarına yeni məzmun gətirib. Məhz rəsmi Ankaranın Dağlıq Qarabağ torpaqlarının işğalına görə Ermənistanla sərhədləri bağlaması, diplomatik əlaqələr qurmaması Azərbaycana göstərilən ən böyük dəstəklərdən biridir. Bu, Azərbaycanın Ermənistana qarşı yürütdüyü təcridetmə siyasətinə müsbət təsir edən xüsusi məqamlardandır.

Bu illər ərzində Azərbaycanın qonşu Gürcüstanla qurduğu strateji tərəfdaşlıq əlaqələri də regional münasibətlər kontekstində xüsusi əhəmiyyət kəsb edir. Həyata keçirilən transmilli layihələr qonşu ölkənin inkişafı, təhlükəsizliyinin təmin edilməsində olduqca mühüm faktora çevrilməklə bərabər dövlətimizin regionda önəmini, əhəmiyyətini daha da artırıb.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu siyasət ümumilikdə bölgədə təhlükəsizliyin bərqərar olmasına, inkişafa mühüm töhfə verib və dövlətimiz bu zəmində formalaşan yeni reallığın müəllifinə çevrilib. Hazırda güclü, bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələri quran və bu əlaqələri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldən Azərbaycanla ənənəvi portnyorlarını itirən, küncə sıxılan, sosial və iqtisadi kataklizmlər yaşayan, çıxılmaz vəziyyətə düşən Ermənistan üz-üzədir.

Azərbaycan işğalçı Ermənistana qarşı təcrid siyasətini uğurla davam etdirməsi, bu ölkənin siyasi və iqtisadi sisteminin, 20 ildən artıqdır ki hakimiyyəti zəbt etmiş xunta rejiminin çökməsində mühüm rol oynayıb. Ermənistanda hakimiyyət dəyişikliyi ilə əlaqədar bu ölkənin xarici siyasətində müşahidə olunan ciddi fəsadlar, o cümlədən, onun Qərb üçün İran və Rusiyaya qarşı platformaya çevrilməsi təhlükəsi rəsmi Moskva və Tehranı öz ənənəvi siyasətini bir daha nəzərdən keçirməyə məcbur edib. Təsadüfi deyil ki, Rusiyanın siyasi dairələrində Ermənistana qarşı antipatiya formalaşıb, Ermənistana verilən təbii qazın qiyməti artırılıb, İran isə Ermənistanla bəzi iqtisadi layihələrdən faktiki olaraq imtina edib.

Təsadüfi deyil ki, Parisdə Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün nəticələrini şərh edərkən rusiyalı ekspert Yevgeni Mixaylov "Report"a bildirib ki, Ermənistan üçün təhlükəsizliyin başlıca təminatçısı olan Rusiyanın sonrakı danışıqlar üçün "ağlabatan təkliflər" əldə etmək üçün son vaxtlar birbaşa İrəvana təzyiqləri artıb. Rusiyalı politoloq qeyd edib ki, Azərbaycan tərəfinin işğal olunmuş torpaqları qaytarmaq üçün hərbi varianta əl atmayacağına ümid var: "Lakin Azərbaycanın buna çoxdandır hazır olduğunu da unutmamaq lazımdır".

"Moskva-Bakı" portalına müsahibəsində Beynəlxalq Avrasiya Hərəkatının lideri Aleksandr Duqin isə Ermənistana ixrac olunan təbii qazın satış qiymətinin qaldırılması məsələsinə toxunub. O bildirib ki, Rusiya üçün neft və qaz təkcə iqtisadi deyil, həm də geosiyasi amildir: "Əgər Rusiya qazı öz tərəfdaşlarına daha ucuz qiymətə satırsa, bu, dolayısı yolla həmin dost ölkələrin dəstəklənməsi anlamına gəlir. Bu dostluq müəyyən öhdəliklər sistemini nəzərdə tutur. Paşinyanın davranışı isə qeyri-sabitliyi ilə seçilir. O, Qarabağ probleminin nizama salınması üzrə Ermənistanın keçmiş rəhbərliyinin işğal olunmuş 5 rayonun Azərbaycana qaytarılması haqqında vasitəçilərlə, o cümlədən, Rusiya ilə birlikdə əldə olunmuş çox ciddi razılaşmalardan imtina edib. Onları sıfırlayan Paşinyan öz etibarsızlığını nümayiş etdirib. Həm də Ermənistan baş nazirinin hakimiyyətdə olduğu dövrdə Rusiya ilə münasibətlərdə göstərdiyi bu cür etibarsızlıq halları çoxdur. Paşinyan Ermənistanın tərəfdaşları ilə müxtəlif qarşılıqlı fəaliyyət istiqamətləri üzrə qüvvədə olan razılaşmaların dəyişdirilməsini tələb edib. Ümumilikdə, o, hələ özünü düşmən kimi aparmasa da, artıq dost kimi də davranmır".

Bütün bu reallıqlar işğalçı ölkəni küncə sıxışdırıb ki, mövcud vəziyyətdə Azərbaycanla münasibətlərin bərpası istiqamətində addımlardan savayı Paşinyanın əlində başqa rıçaqlar qalmayıb. Ona görə də, Ermənistanın yeni rəhbərliyi Dağlıq Qarabağ münaqişəsinin həllində real addımlar atmalı, Azərbaycanın irəli sürdüyü bütün şərtləri qəbul etməlidir.

Ceyhun ABASOV

 





18.01.2019    çap et  çap et