525.Az

Tanıdığımız və tanımadığımız Əntiqə Qonaq


 

Tanıdığımız və tanımadığımız Əntiqə Qonaq<b style="color:red"></b>

O zamanlar universitetin jurnalistika fakültəsində təsadüfi adamlar, yəni bu sənəti sevməyən və yaradıcılıq qabiliyyəti olmayanlar təhsil ala bilməzdilər.

Qəbul imtahanlarından öncə sınaqlar vardı. Orda əməllicə ələnirdin və sonra imtahanlara buraxılırdın. Bu fakültədə oxuyanların arasından istedadlı şair, yazıçı, publisist, günün nəbzini tuta biləcək yazarların çıxacağı şübhə doğura bilməzdi. Elə birinci kursdan çoxları imzaları ilə tanınırdı. Kimin qələminin iti və kəsərli, kiminsə romantik,  duyğusal olduğu yazılarından bəlli idi.

Amma orası da var ki, bizim gəncliyimiz Qarabağ müharibəsi illərinə təsadüf etdi və peşəkar fəaliyyətimizi də bu yönə istiqamətləndirdik. Çünki bir jurnalist kimi, ən ağır anında Vətənin harayına qalxmaq bizim həm peşə məsuliyyətimiz, həm də vətəndaşlıq borcumuz idi. Bu baxımdan jurnalistlər də fərqlənirdi. Belə bir ağır dönəmdə nəinki kişi yazarlar, qadın jurnalistlər də cəbhə bölgələrinə üz tuturdu. Haqqında söz açacağım bu xanım jurnalist də cəbhəyə birincilər sırasında, həm də könüllü olaraq yollananlardan idi.

Əntiqə Gülməmməd qızı Qonaqova 1959-cu il yanvarın 21-də Xaçmaz rayonunun Maqsudkənd kəndində anadan olub. 1974-cü ildə bu kəndin səkkizillik məktəbini, 1976-cı ildə isə Ləcət kənd orta məktəbini yaxşı və əla qiymətlərlə bitirib.

1983-cü ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini, 2010-cu ildə isə Hüquq fakültəsinin qiyabi bölməsini fərqlənmə diplomu ilə bitirib. Tələbəlik illərindən başlayaraq Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin Gənclik verilişləri baş redaksiyasında müəllif proqramları ilə dinləyicilərin və tamaşaçıların qarşısına çıxıb. "Magistral" qəzetində korrektor, müxbir (1984-1990), "Həyat" qəzetində baş müxbir (1990-1992), "Biznes" qəzetində şöbə müdiri (1992-1993), "Azərbaycan" qəzetində müxbir (1999-2001) işləyib, "Ana" müstəqil qadın qəzetinin təsisçisi və baş redaktoru (1993-1996) olub. 2001-2017-ci illərdə Azərbaycan Respublikası Baş Prokurorluğu Hüquqi təminat və informasiya idarəsinin mətbuat xidmətində işləyib.

Qarabağa erməni quldurların təcavüzü başlayan gündən dəfələrlə cəbhə bölgələrində, səngərlərdə torpaqlarımızı qoruyan könüllülərə, əsgər və zabitlərə, ordu heyətinə mənəvi dayaq olmağa çalışıb. 1988-1994-cü illərdə Füzuli, Ağdam, Qubadlı, Laçın, Zəngilan, Şuşa, Cəbrayıl, Xocalı, Ağdərə, Kəlbəcər, Qazax, Tovuz və Gədəbəyə dəfələrlə səfər edib. O, şahidi olduğu hadisələr, döyüşçülərin vəziyyəti, qayğı və problemləri ilə bağlı yazılarını, canlı döyüş hekayətlərini çoxsaylı mətbu orqanlarda dərc etdirib. Hospitallarda müalicə olunan yaralı əsgər və zabitlərimizə, şəhid ailələrinə baş çəkib, qayğılarını bölüşüb.

Əntiqənin imzasını və səsini ilk dəfə radio dalğalarından dinlədim. Çox maraqlı və rəngarəng müəllif verilişləri vardı. Tanışlığımız isə Respublika Qadınlar Cəmiyyətində oldu. Hər ikimiz ölkənin ictimai həyatında iştirak edir, bu qurumun mətbuat xidmətində ictimai əsaslarla fəaliyyət göstərirdik. Fəal qadınlarla bərabər dəfələrlə ön cəbhədə döyüşən hərbçilərimizə sovqat - ərzaq, geyim əşyaları, müxtəlif gündəlik tələbat malları aparırdıq. Onlarca şəhid ailəsini himayəyə götürərək onların problemlərini əlaqədar təşkilatlar qarşısında qaldırır və həllinə nail olurduq. Müharibənin ağrı-acısını bu günə qədər qəlbində daşıyan yüzlərlə insanla, ailələrlə dostluq əlaqələrini davam etdirir, nisgilli insanların xeyir-şərində yanlarında olmağa çalışırıq. Qocalar və uşaq evlərinə, internatlara, əqli zəif uşaqlara baş çəkərək, onlara maddi və mənəvi dəstək olurduq. Bu, bizim birgə fəaliyyətimizdən kiçik bir ştrixdir.

1988-ci ildən ölkəmizdə ictimai-siyasi həyat çalxalanmağa başladı. Mənfur ermənilər əsassız torpaq iddiaları ilə ərazi bütövlüyümüzə təcavüz etməyə başladılar. Savaşın elə ilk günlərindən Əntiqənin sorağı cəbhənin ən qaynar nöqtələrindən gəlirdi. Döyüş xəttindəki real vəziyyəti əks etdirən silsilə yazılarla mətbuatda çıxış edirdi.

Mən o zaman "Bakı" qəzetində işləyirdim. Cəbhə bölgəsindən daha bir ağır xəbər gəldi.Jurnalist həmkarımız, döyüş bölgələrində xidməti ezamiyyətdə olan Salatın Əsgərova və onu müşayiət edən hərbçilər Şuşa yaxınlığında, Qaladərəsində  ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilib. Bu haqsızlığa etiraz əlaməti olaraq "Azərbaycan" nəşriyyatının qarşısında Salatının jurnalist həmkarları etiraz mitinqi keçirirdi. Qələm əhli bir araya gəlmişdi. Əntiqənin o mitinqdə əsəbdən titrəyə-titrəyə, qəhərini zorla boğaraq söylədiyi fikirlər indi də yaddaşımdadır: "Əgər bu gün cəbhədə qadın yazarlarımız qətlə yetirilirsə, kişi jurnalistlərin əllərinə qələm alıb yazı yazmağa haqqı yoxdu. Qələmin silahla əvəzlənməsi zamanıdır. Hamımız bir nəfər kimi cəbhəyə yollanmalı, gözləmə mövqeyi tutmamalıyıq". Əntiqənin bu çıxışından çox qürrələnmişdik. Hamımızın fikri-zikri alov saçan cəbhə bölgələrində, səngərlərdə torpaqlarımızı qoruyan döyüşçülərimizin yanında idi. Biz ön xəttə tələsir, savaş meydanında əsgər və zabitlərimizlə görüşür, cəbhə reportajları yazırdıq.

"Azərbaycan" nəşriyyatının dəhlizlərində Əntiqə ilə tez-tez qarşılaşırdım. Ayaq saxlayıb cəbhədə gördüklərimiz barədə dərdləşirdik. Bir dəfə vətənpərvər şairimiz Xəlil Rza Ulutürkün oğlu Təbrizin Gülablı yaxınlığındakı döyüşlərdə şəhid olması  xəbərini verdi. Onun meyitinin ermənilərin nəzarətindəki ərazidən necə çətinliklə alındığını, bu ağır səhnənin canlı şahidi olduğunu ağlaya-ağlaya anlatdı.

Bir başqa görüşümüzdə şəhid qızımız həkim Gültəkin Əsgərovanın qısa, lakin qəhrəmanlıqla dolu cəbhə həyatı barədə fikirlərimizi bölüşdük. Hər ikimizi qəhər boğmuşdu. İki gün sonra Azərbaycan televiziyasında aparıcısı və ssenari müəllifi olduğum "Ana sözü" qadınlar üçün ictimai-siyasi proqramda cəsur el qızımız Gültəkin və onun döyüş yolu barədə tamaşaçılara mən də bilgilərimi çatdırdım.

İtkilərlə bağlı xəbərlərə az qala alışmışdıq. Çünki müharibənin üzü sərt olduğu qədər də bozdu, soyuqdu, amansızdı. Əntiqə Qazax-Tovuz bölgəsində xidməti ezamiyyətdə olarkən qarlı-şaxtalı havada bir neçə gün ən qaynar nöqtələri gəzmiş, əsgərlərlə görüşüb onlara sovqat da paylamışdı. Qadınlar cəmiyyətinin xəttiylə göndərilmiş ərzaqdan 100-dən çox şəhid ailəsinə də pay düşmüşdü. Şəhərə döndükdən sonra isə düz bir ay xəstə yatmışdı. Komandir minnətdarlıq əlaməti olaraq ona hərbi forma hədiyyə etmişdi. Amma biz o formanı bir dəfə də olsun Əntiqənin əynində görmədik. O deyirdi ki, hərbi formanı döyüşən əsgərlər, düşmən üzərinə yürüyən hərbçilər geyməlidirlər. Hərbi geyim əlində silah tutan əsgərə məxsus bir rəmzdir. Bizim onu geyinməyə mənəvi haqqımız yoxdu. Əntiqə, təbii ki, fikirlərində haqlı idi.

Füzulidə Tuğ əməliyyatı zamanı da həmkarımız çox gərgin idi. İş yoldaşı Babək Qoca da mayor Rasim İbrahimovun (ölümündən sonra o, Milli Qəhrəman fəxri adına layiq görülmüşdü) batalyonunda vuruşurdu. Babək Əntiqəni bir neçə fəal qadınla bərabər cəbhə bölgəsinə müşayiət etmişdi. O, Füzuli cəbhəsindəki silah yoldaşlarına söz vermişdi ki, qadınları şəhərə çatdıran kimi geri dönəcək və yenidən onlarla bərabər döyüşlərə atılacaq. Elə də etmişdi. O zamanlar mobil telefonlar yox idi. Buna görə də Əntiqə ev telefonu vasitəsilə növbətçi əsgərlərlə əlaqə saxlayır, mövcud durumu öyrənməyə çalışırdı.  Bakıya göndərilən yaralıların adlarını öyrənir və hospitallara gedərək onların vəziyyəti barədə komandirinə və döyüşçü yoldaşlarına xəbər verirdi. Yəni ön cəbhə ilə arxa cəbhə arasında körpü rolunu oynayırdı. Təbii ki, bunu özünün vətəndaşlıq borcu bilirdi.

Gözəl dostdu, sadiq yoldaşdı, dərddaşdı, xeyirxah insandı Əntiqə Qonaq. Həmişə qarşısındakını özündən öndə bilib, onun problemini, dərdini özününküləşdirib. Buna görə də çox vaxt öz çətinliklərini belə unudub. Köməyə ehtiyacı olan insanların vaxtında yanında olmaq, onlara bacardığı kimi yardım etmək, qəlbindən keçən ən ülvi arzuları bildirmək. Nə gözəlmiş, elə deyilmi?

Əntiqə deyir ki, bir qadın kimi, ailə qurmaq, təmənnasız sevgiylə övladlarına bağlı ana olmaq bir borcdur. Bunlarla yanaşı, həm də əsas olan cəmiyyətdə tutduğun mövqe və sağlam düşüncənlə dövlətinə və xalqına verdiyin xeyirdir. Əməkdar jurnalist, Azərbaycan Jurnalistlər Birliyinin "Həsən Bəy Zərdabi" mükafatının laureatı, habelə "Salatın Əsgərova" ödülünün sahibi BMT-nin Xoşməramlı Səfiri diplomuna layiq görülmüş, "Ölməzlik" və "Vətən, səndən keçmək olmaz!" adlı kitabların müəllifi, Qarabağ müharibəsi veteranı, Həsən və Şəhriyar adlı iki yurdcanlı oğulun anası Əntiqə Qonağı belə gördük, belə tanıdıq. Siz də tanıyın istədik...

 





18.01.2019    çap et  çap et