525.Az

20 Yanvar faciəsi Azərbaycan mətbuatında


 

20 Yanvar faciəsi Azərbaycan mətbuatında <b style="color:red"></b>

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş Qanlı 20 Yanvar faciəsi xalqımızın əzmkarlığını, vətənpərvərlik hissinin qüdrətini göstərən və yaşadan zəfər salnaməsidir.

1980-ci illərin sonunda Azərbaycanda başlanan siyasi oyanış sovet rəhbərliyini ciddi narahat edirdi. Bu oyanışın qarşısını almaq üçün bəhanə axtaran Moskva səbəbi də, bəhanəni də özü hazırladı. Ümumilli lider Heydər Əliyev 1987-ci ilin oktyabr ayında keçmiş Sov.İKP MK-nın Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin 1-ci müavini vəzifəsindən uzaqlaşdırıldı. Daha sonra 15 yanvar 1990-cı ildə SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri Mixail Qorbaçov "DQMV və bəzi başqa rayonlarda fövqəladə vəziyyət elan edilməsi haqqında" fərman imzalamış, 15-17 yanvar tarixində SSRİ rəhbərliyi Bakının ətrafına müxtəlif kontin-gentli qoşun hissələri və ağır texnika gətirib yerləşdirmişdir. İkinci dəfə SSRİ Ali Sovetinin Rəyasət Heyəti Azərbaycan SSR Ali Sovetinin razılığı olmadan yanvarın 20-də saat 00:00-dan "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərman vermişdir. Lakin həmin dövrdə xalqın mətbuata daha böyük ehtiyac duyduğu zamanda yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Bakı şəhərində 20 Yanvar saat 00:00-da fövqəladə vəziyyət tətbiq edilməsi haqqında SSRİ Ali Soveti Rəyasət Heyətinin fərmanı səhər saat 5:30-da radio ilə elan olunmuşdur. Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov yanvarın 20-nə keçən gecə gizli surətdə SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahına getmiş, Dmitri Yazovla birlikdə hərbi əməliyyatlara rəhbərlik etmişdir.

20 Yanvar faciəsi nəticəsində Bakıda və respublika rayonlarında 131 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən, təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət və şəxsi əmlak məhv edilmişdir. Sovet qoşunları yanvarın 25-də fövqəladə vəziyyət elan olunmayan rayonlara - Neftçalaya, bir gün sonra isə Lənkərana yeridilmişdir. Nəticədə 8 nəfər qətlə yetirilmiş, xeyli adam yaralanmışdır. Akademik Ramiz Mehdiyevin qeyd etdiyi kimi, "Kommunist diktaturası 1956-cı ildə Macarıstana, 1968-ci ildə Çexoslovakiyaya və 1979-cu ildə Əfqanıstana qarşı törətdiyi cinayətkar hərbi müdaxiləni 1990-cı ildə Azərbaycan xalqına qarşı da həyata keçirdi. Beləliklə, Rusiya imperiyasının və ça-rizmin milli münaqişələr və qırğınlar törətmək sahəsindəki "zəngin" tarixi təcrübəsi də 1990-cı ilin 20 yanvarında Azərbaycan xalqına qarşı törədilən qırğın zamanı, bütünlüklə nəzərə alınmışdı".

Milli istiqlal hərəkatının davam etdiyi 1990-cı illərin əvvəllərində mətbuatda tez bir zamanda xalqı ayağa qaldıra biləcək operativ janra - publisistika və poeziyaya ehtiyac yaran-mışdı. Xalqın etirazları leqal nəşrlərlə yanaşı, qeyri-leqal nəşr olunan qəzetlərin çap olunmasına yol açdı. Həmin dövrdə sərt senzura nəzarəti, mətbu orqanlarına "yuxarıdan" edilən təzyiqlər, münaqişələri işıqlandırmaq təcrübəsizliyi və s. kimi amillərin təsiri altında olan, 70 illik "sovet xofu"nun və 30-cu illərin repressiyasını unutmayan KİV-in böyük hissəsi çox şeyi mətbuatda açıq söyləməyə cəsarət etmirdi. Hətta 20 Yanvar faciəsinin dəhşəti hadisələrindən 7 gün sonra çap olunan "Bakinskiy raboçiy" qəzetinin ilk səhifəsində hələ də "Dostluq və qardaşlığımız əbədidir!" şüarı yer alırdı.

Faciə baş verən gündən isə bir çox kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdi. Milli faciənin miqyası ilə bağlı ilk xəbər verən, "Kommunist" qəzetinin əlavəsi olaraq Məzahir Süleymanzadənin baş redaktorluğu ilə həftədə 1 dəfə çap olunan "Səhər" qəzetinin 25 Yanvar 1990-cı il sayında "Vətən bu gün ağı deyir" məqaləsində yanvarın 22-də qəzetin çıxarılmasına icazə verilmədiyi qeyd olunur və şəhidlərin dəfn mərasimi şəkilləri, SSRİ Ali Sovetinin Rəyasət Heyətinin sədri M.Qorbaçovun 19 Yanvar 1990-cı il Moskvada imzaladığı "Bakı şəhərində fövqəladə vəziyyət tətbiq edilməsi haqqında" fərmanı və Mərkəzi televiziya ilə çıxışının mətni dərc olunmuşdur. "Səhər" qəzetində informasiyanın yeni olması ictimai marağın yüksək olmasına səbəb olurdu. M.Qorbaçovun 20 Yanvar faciəsinin acısını yaşayan Azərbaycan xalqına "cinayətkar" adlandırması, "qardaş qırğının"dan, "ümumilli həmrəyik"dən bəhs etməsi, riyakarlıq idi: "Rəhbərlik ümid edir ki, görülən tədbirlər ölkəmizin bütün xalqların tərəfindən başa düşüləcək, təqdir ediləcəkdir". M.Qorbaçovun bu çıxışı sovet ordusuna qəzəb və hiddət bəsləyən dinləyici auditoriyasında böyük çaxnaşma yaratdı.

1990-cı illərdə mətbuatda milli özünüdərk hissi də güclənmişdir. Sabir Rüstəmxanlının baş redaktorluğu ilə çap olunan Qarabağa Xalq Yardım Komitəsinin qəzeti olan "Azərbaycan" qəzetinin 24 fevral 1990-cı il sayında Həsən Baliyev "Vida ərizəsi" məqaləsində illərdir üzv olduğu "Kommunist" partiyasına qarşı hiddətini belə ifadə edir: "Mən xalqları milli mənsubiyyətinə, dini etiqadına görə fərqləndirən, onlar arasında ayrı-seçkilik yayan "Moskovskaya novosti", "Pravda", "İzvestiya", "Literaturnaya qəzeta" və digər bu kimi redaksiyalarda Mərkəzi televiziyada əməkdaşlıq edən qeyri-obyektiv adamlarla bir partiyada olmaq istəmirəm. Hər zaman siyasi proseslərə, faktlara operativ münasibət bildirən publisist, Azərbaycan SSR Ali Sovetinin sessiyalarında öz sözünü deməkdən çəkinməyən Bəxtiyar Vahabzadə təfəkküründəki milli özünüdərk hissi illərdən bəri mənsub olduğu kommunist partiyasından çıxmaqla özünü qərarlaşdırır: "Xalqımın qanını töküb sonra ona başsağlığı göndərmək dəhşətli ikiüzlülükdür. Sənin rəhbər olduğun partiyadan çıxmağı özümə şərəf sayıram".

20 Yanvar hadisələrinin baş vermə səbəbinin arxasında dayanan əsl məqsədləri oxucuya çatdıran jurnalist Babək Yusifoğlu M.Qorbaçovun çıxışı haqqında yazırdı: "Belə çıxış Azərbaycan xalqında ikrahdan başqa heç bir hiss oyatmadı".

1990-cı illərin əvvəllərində SSRİ Ali Sovetinin baş verən hadisələrə qarşı susqun mövqedə dayanması da publisistlərimizi düşündürürdü. "Səhər" qəzetinin 17 fevral 1990-cı il sayında çap olunan Şahmar Əkbərzadənin "Yanan da biz olduq, yaman da biz olduq", 18 yanvar 1992-ci il sayında Məzahir Süleymanzadənin "Şəhidlər niyə narahatdı?" məqalələrində 20 Yanvar hadisələrinə qiymət verilməməsi, cinayətkarların məsuliyyətə cəlb olunmaması təəssüf hissi doğurur.

Mətbuatda 20 Yanvarla bağlı analitik təhlillər içərisində səbəbkarları tapmaqla bağlı analizləri də yer almışdır. "İstiqlal" qəzetinin 20 Yanvar 1994-cü il sayında "Həqiqəti xalq bilməlidir" adlı məqaləsində faciənin əsas səbəbkarı Sovet kommunist partiyasının dövlət intizamına tabe olan Azərbaycan KP MK-nın birinci katibi Əbdürrəhman Vəzirov hesab olunur. Hətta Yunus Orucun "Qan tökülməyə bilərdi" müsahibəsində həmin dövrün siyasi proseslərində fəal iştirak edən ziyalı alim B.Vahabzadə faciənin törədilməsində Ə.Vəzirovun razılığı olduğunu qeyd edir. B.Vahabzadə "Şənbə gecəsinə gedən yol" publisistik əsərində isə xalqımıza qarşı törədilən faciələrin səbəblərini aydınlaşdırır, tutarlı arqumentlərlə böhtançı erməni siyasətini ifşa edir, bu siyasi prosesə şərait yaradan Qorbaçov və bəzi azərbaycanlı rəhbərləri də tənqid etməkdən çəkinmirdi: "Bu işlərin başında erməni mafiyasına istiqamət verən, onu güclü silahlarla təchiz edən, hətta açıq-açığına müdafiəsinə keçib hər məsələdə Azərbaycan xalqını təkləyən  M.S.Qorbaçov özü durur".

Həmin dövrdə M.Qorbaçov başda olmaqla rus sovet məmurları 20 Yanvar faciəsinin törədilməsində səbəb azərbaycanlılarda "anti" xarakterin güclü olmağını görürdü. Bakı şəhərinin komendatı general-leytenant V.S.Dubinyakın "Bakinskiy raboçiy" qəzetində qeyd edir ki, 20 Yanvar hadisələri SSRİ Ali Sovetinin 15 yanvar 1990-cı il əmri ilə həyata keçirilmişdir və rus ordusunun güc göstərməsinə səbəb "anti" xarakterin güclü olmasıdır.

"Azərbaycan" qəzetinin müxbiri C.Qurbanoğlunun müsahibəsində faciəni törədənlərdən biri, müdafiə naziri Dmitri Timafeyeviç erməniləri "araqarışdıran adlandırsa da, "əhali sizin dediyiniz dərəcədə dinc deyildi, ikinci, ordu özfəaliyyət qrupu deyil, ona da əmr verən var" qeyd edirdi. Müdafiə naziri D.Timafeyeviç üstüörtülü şəkildə əmr verənin M.Qorbaçov olduğunu etiraf edir.

20 Yanvar hadisələrini təhqiq edən Azərbaycan Respublikasının Ali Sovetinin Komissiyasının rəyində qeyd olunmuşdur ki, "məqsəd Azərbaycanda və keçmiş Sovet İttifaqının digər respublikalarındakı istiqlaliyyət hərəkatlarına əyani dərs vermək və onları qorxutmaq olmuşdur". Bu rəydə cinayətkarların cəzalandırılacağı vədi verilsə də, çox təəssüflər olsun ki, əməl olunmur. Əksinə, bəzən başqa gözlənilməz hallar da baş verdi. Belə ki, 1991-ci ilin 28 may tarixində Tiflis şəhərində istiqlalçı, vətənpərvər jurnalist Səlim Həqqinin baş redaktorluğu ilə "20 Yanvar" adlı qəzet çap olunurdu. Lakin onun baş redaktoru və həyat yoldaşı 1992-ci il 23 avqustunda qətlə yetirilir, həmin qəzetin məsul katibi Arif Hüseynin "Nahaq qan deyəsən yerdə qalır" məqaləsində qatillərin hələ də tapılmadığını qeyd edir. 10 il sonra "20 Yanvar" qəzetinin təsisçisi Rüstəm Rüstəmov 6 fevral 2012-ci ildə "APA"ya verdiyi müsahibəsində AXC hakimiyyətində rəhbər vəzifə tutanların Səlim Həqqini güllələtdirdiyini qeyd etmişdir.

 20 Yanvar faciəsinin törədiləndən dərhal sonra Ümummilli lider Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək orada təşkil olunmuş izdihamlı yığıncaqda çıxış etmiş, faciənin Moskvanın və Azərbaycan rəhbərlərinin günahı üzündən baş verdiyini bildirmişdir.

Ulu öndər H.Əliyev 21 yanvar 1990-cı il tarixində Azərbaycan KP MK-a teleqram yazaraq 20 Yanvar faciəsində həlak olanların ailələrinə başsağlığı göndərmiş, bu faciəni antihumanist və antidemokratik, qanuna zidd hesab etmişdi. O, teleqramın mətbuatda çap olunmasını istəsə də, Sovet senzurasını və qadağası buna icazə verməmişdir.

Müşfiq Həqqinin "Yeni Azərbaycan" qəzetində çap olunan "20 Yanvar faciəsi və ya kim kimdir?!" məqaləsi analitik şərhlərlə zəngindir. Müşfiq Həqqinin fikrincə, 20 Yanvar faciəsinə ilk rəsmi münasibət Naxçıvan MR Ali Məclisi Heydər Əliyevin hazırladığı "1990-cı ilin yanvar ayında Bakı hadisələrinə siyasi qiymət verilməsi haqqında" qərarıdır.

Qanlı Yanvar faciəsi Azərbaycan Respublikasının Prezidenti, ulu öndər Heydər Əliyevin "20 yanvar faciəsinin dördüncü ildönümünün keçirilməsi haqqında" 1994-cü il 5 yanvar tarixli Fərmanı ilə öz siyasi qiymətini aldı. 

1990-cı illərdə müəllif emosional hissi ifadəsinin üstünlük təşkil etdiyi bədii publisistik məqalələr - Hidayət Elvusalın "Bu məzarda şəhid yatır" ("Səhər" qəzeti, 10 fevral 1990), Xalidə Hasilovanın "Güllər ehsana döndü", Sabir Rüstəmxanlının "And yerimiz", Ələkbər Abbasovun "Gün gələ-cək", Asif Atanın "20 yanvar" ("Azərbaycan" qəzeti, 24 fevral 1990), Məzahir Əhmədoğlunun "Dərd ortağıq bayatı-kurd" ("Ədalət" qəzeti, 19 yanvar 1997), Zemfira Hüseynovanın "Şəhidləri unutmaq əslini unutmaqdır" ("Səs" qəzeti, 19 yanvar 1999), Yunisin "Şəhidlər Camisi - Azərbaycan və Anadolu türkünün şəhidlik rəmzi" ("Yeni Azərbaycan" qəzeti, 8 yanvar 1997), "Azərbaycan" ədəbi-bədii jurnalında İsa İsmayılzadənin "Üç il də belə gəlib keçdi..." (1993, №1), "Gözü yolda qalan şəhid ruhları" (1997, №1-2), Almaz Ülvinin "Günəşinə qovuşan Ülvim" (1994, №1-3) və s. publisistik əsərlərdə azərbaycanlılara qarşı törədilən Qanlı Yanvar soyqırımı müəlliflərin şahidi olduqları hadisələr fonunda öz əksini tapmışdır. Adıçəkilən publisistik məqalələrdə faktoqrafiyaya meyllilik daha çox müşahidə olunsa da, fəlsəfi düşüncə, mülahizələr, analogiyalara da yer verilmişdir.

Həmin dövrdə dünya ictimaiyyəti də hadisə haqqında informasiyalara biganə qalmadı. Böyük Britaniyanın "The Times" qəzeti, "The Guardian" qəzeti, BBC kanalı, ABŞ-ın "Los Angeles Times", "The New York Times", "Washington Post", "Kristian Sayens Monitor", "Baltimor San" və digər media orqanları Qara Yanvar, xalqın azadlıq ideyalarını boğanlar haqqında məlumat vermişdilər.

20 Yanvar faciəsindən başlayaraq Azərbaycan xalqı SSRİ-nin tərkibində ədaləti bərpa etməyin qeyri-mümkünlüyünü və milli haqlarımıza obyektiv yanaşmanın nümayiş olunması ilə bağlı inamını birdəfəlik itirdi. Tariximizin qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsinin real faktlara əsaslanan mətbu nümunlər əsasında araşdırılması bu gün də böyük əhəmiyyəti var.

Aynurə PAŞAYEVA
AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Mətbuat tarixi və publisistika şöbəsinin elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru

 





18.01.2019    çap et  çap et