525.Az

Dövlət Komitəsi 2018-ci ilin hesabatını verdi


 

Dövlət Komitəsi 2018-ci ilin hesabatını verdi<b style="color:red"></b>

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) 2018-ci ilin yekunları və qarşıda duran vəzifələrə həsr olunan kollegiya iclası keçirilib.

İclasda kollegiya üzvləri ilə yanaşı, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov, həmçinin, Mərkəzi Aparatın və bölgə şöbələrinin müdirləri iştirak ediblər.

Tədbirdə çıxış edən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, 2018-ci ilin ümumilikdə ölkəmiz üçün uğurlu olub, bir çox sahələrdə nailiyyətlərin əldə edilib. Ötən il ərzində ölkədə dini durumla bağlı sabitliyi təmin etmək və qoruyub-saxlamaq, həmçinin, tolerant mühitin daha da sağlamlaşdırılması, mənfi təzahürlərin aradan qaldırılması üçün bir sıra əhəmiyyətli addımlar atılıb. Bütün bu addımların ölkədəki dövlət-din münasibətlərinin təkmilləşməsi və möhkəmlənməsinə xidmət etdiyini deyən M.Qurbanlı xüsusilə ötən ilin dövlət-din münasibətlərinin tənzimlənməsi və din sahəsinə dövlət qayğısı baxımından əlamətdar olduğunu deyib. O, milli-mənəvi dəyərlərimizə və mütərəqqi tarixi ənənələrimizə hər zaman yüksək qiymət və dəstək göstərən Prezident İlham Əliyevin sərəncamı ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində yaradılan Mənəvi Dəyərlərin Təbliği Fondu və Azərbaycan İlahiyyat İnstitutunun ötən il tam şəkildə fəaliyyətə başladığını vurğulayıb. 

M.Qurbanlı bildirib ki, bu ilin dövlət başçısı tərəfindən Nəsimi irsinin müasir humanitar düşüncənin tələbləri kontekstində aktuallığını, milli mədəni-mənəvi dəyərlərin təbliği baxımından xüsusi əhəmiyyətini nəzərə alaraq "Nəsimi İli" elan olunması Azərbaycanın zəngin tarixi-mədəni irsinin təbliğinə çox böyük töhfədir.

Dövlət Komitəsinin sədri 2018-ci ildə dövlət qeydiyyatına alınan dini icmaların ümümi sayının 909-a çatdığını, onlardan 877-nin İslam, 21-i xristian, 8-i yəhudi, 2-si bəhai və 1-i krişna şüuru olmaqla 32-nin isə qeyri-islam təmayüllü olduğunu vurğulayıb. Hesabat dövründə dini qurumların dövlət qeydiyyatına alınması ilə bağlı 143 müraciətin daxil olduğu, 22 dini qurumun sənədlərinin qanunvericiliyə uyğun tərtib edilmədiyinə görə geri qaytarıldığı, ümumilikdə 98 dini icmanın dövlət qeydiyyatına alındığı diqqətə çatdırılıb.

DQİDK sədri vurğulayıb ki, hesabat dövründə dini təyinatlı ədəbiyyatın ölkəyə idxalı, nəşri və yayılması sahəsindəki vəziyyətin öyrənilməsi, ölkədə dini duruma mənfi təsir göstərə biləcək zərərli dini təyinatlı ədəbiyyatın aşkarlanması istiqamətində işlər davam etdirilib. İdxalla bağlı 2018-ci il ərzində Dövlət Komitəsinə daxil olan müraciətlər əsasında 1704 adda dini məzmunlu ədəbiyyata baxılaraq, dini dözümsüzlüyü, ayrı-seçkiliyi və radikallığı təbliğ edən 52 adda kitabın ölkəyə idxalının və yayılmasının qarşısı alınıb. Ölkədə nəşr olunmaq məqsədilə təqdim edilmiş 192 adda dini ədəbiyyatdan 26-sının çapı məqsədəuyğun sayılmayıb. 741 adda dini təyinatlı ədəbiyyata yapışdırılması üçün nəzarət markaları verilib. Hüquq-mühafizə orqanları tərəfindən müsadirə olunaraq DQİDK-ya göndərilən 437 adda dini təyinatlı ədəbiyyat və məmulat materiallarından 38-nin zərərli, yaxud müvafiq razılıq alınmadan idxal və istehsal edildiyi müəyyən edilib.

O qeyd edib ki, ötən müddət ərzində hüquq-mühafizə orqanları ilə birgə qanunsuz dini fəaliyyətə, eləcə də ixtisaslaşmış satış məntəqələrindən kənarda dini ədəbiyyat nümunələrinin satışının həyata keçirilməsinə qarşı inzibati tədbirlər intensiv şəkildə davam etdirilib. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə uyğun olaraq, 33 protokol tərtib edilib.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov isə İnstitutun 2018-ci ildə təhsil standartlarının müəyyənləşdirilməsi, strukturunun təşkili, tələbə qəbulu, ilk tədris ilinə hazırlıq, eləcə də maarifləndirmə istiqamətində apardığı ardıcıl və məqsədyönlü işlər barədə məlumat verib. Diqqətə çatdırıb ki, İnstitutda bir fakültə və üç kafedra formalaşdırılıb. 2018-2019-cu tədris ili üzrə ilk tələbə qəbulu Dövlət İmtahan Mərkəzinin xətti ilə ödənişsiz əsaslarla III ixtisas qrupu üzrə iki istiqamət - İslamşünaslıq və Dinşünaslıq ixtisasları üzrə həyata keçirilib. Hazırda İnstitutda bakalavriat səviyyəsində 101, magistratura səviyyəsində isə 7 tələbə təhsil alır. İnstitut maarifləndirmə istiqamətində müxtəlif mövzularda 93 elmi seminar, görüş, dəyirmi masa təşkil edib. Həmçinin, fəaliyyətini inkişaf etdirmək məqsədilə xarici təhsil müəssisələri ilə əlaqələr yaradıb. Rektor tədris ilinin başlanğıcında bütün fənlər üzrə lazım olan dərsliklərin hazırlanaraq tələbələrə paylanıldığını qeyd edib. İnstitutda elmi məqalələrin nəşri üçün nəzərdə tutulan "Din araşdırmaları" jurnalının və "İlahiyyatçı" qəzetinin nəşrə başladığını vurğulayıb.

Daha sonra Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov Fond tərəfindən mənəvi dəyərlərin qorunması, inkişafı və təbliğini həyata keçirmək məqsədilə reallaşdırılan tədbirlər barədə danışıb. Vurğulayıb ki, ölkə prezidentinin sərəncamı ilə Fonda ayrılan vəsait hesabına ölkəmizdə mənəvi dəyərləri təbliğ edən şəxslər qismində Qafqaz Müsəlmanları İdarəsi tərəfindən rəsmi olaraq təyinat alan 1060-dan çox imam, imam müavini və mütəvəllilərə maddi dəstək göstərilir. Dövlət başçısının digər müvafiq Sərəncamına əsasən isə dini icmaların maddi-texniki təchizatının yaxşılaşdırılması istiqamətində işlər görülüb. Mənəvi dəyərləri təbliğ etmək məqsədilə Fond tərəfindən Ramazan ayında Azərbaycanın bir sıra şəhər və rayonlarında şəhid ailələrinin üzvləri və müharibə veteranlarının iştirakı ilə 12 iftar süfrəsi təşkil edilib, Ramazan və Qurban bayramlarında 180-dən çox şəhid ailəsinə ərzaq yardımı edilib, eləcə də uşaq evlərində, cəbhə bölgəsində layihələr icra edilib.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxış edərək bildirib ki, Azərbaycanda din sahəsində stabil mühit mövcuddur, ölkəmiz konfessiyalar və məzhəblərarası münasibətlərin tənzimlənməsi baxımından nümunəvidir. O qeyd edib ki, ölkə başçısı İlham Əliyev tərəfindən dini icmalara göstərilən qayğı, onların fəaliyyəti üçün daim geniş imkanların yaradılması dövlətin milli-mənəvi dəyərlərə olan yüksək münasibətinin bariz nümunəsidir.

E.Nəcəfov ölkədə dini durumla bağlı sabitliyin qorunub-saxlanılması və dini icmalar arasında mövcud tolerantlıq mühitinə kölgə salmağa çalışan mənfi təzahürlərin aradan qaldırılması istiqamətində Dövlət Komitəsi tərəfindən görülən işləri, xüsusilə respublikanı əhatə edən genişmiqyaslı maarifləndirmə tədbirlərini yüksək qiymətləndirib və bu tədbirlərin ölkədəki dövlət-din münasibətlərinin daha da təkmilləşməsinə öz töhfəsini verdiyini bildirib. O, ötən ildən başlayaraq təmsil etdiyi şöbənin respublikanın bütün bölgələrində etno-siyasi və dini durumla bağlı keçirdiyi zona müşavirələrinin dini radikalizmə qarşı mübarizə işinə öz müsbət təsirini göstərdiyini bildirib. Şöbə müdiri eyni zamanda, ölkədə sabitliyin qorunması və baş verə biləcək mənfi halların qarşısının alınması istiqamətində dini radikalizmə qarşı mübarizə, dini maarifləndirmənin genişləndirilməsi, dini-mənəvi dəyərlərin qorunması və inkişafı məqsədilə təbliğatın gücləndirilməsi, dini icmaların fəaliyyətinin dəstəklənməsi, eləcə də bölgədə şöbələrin fəaliyyətinin genişləndirilməsi ilə bağlı bir sıra təkliflər irəli sürüb.

Sonda Dövlət Komitəsinin 2019-cu il üçün fəaliyyət planı, qarşıya qoyulan məqsədlər, görüləcək işlər, problem və perspektivlər geniş müzakirə edilib

S.QARAYEVA

 





18.01.2019    çap et  çap et