525.Az

XİN azad ticarət zonasının şərtlərini açıqladı


 

XİN azad ticarət zonasının şərtlərini açıqladı<b style="color:red"></b>

Azərbaycan digər “Şərq Tərəfdaşlığı” ölkələrindən fərqli olaraq, Avropa Birliyi ilə dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasına dair danışıqlar aparmır.

 
Bu barədə APA-ya Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.
 
“Avropa Birliyi ilə assosiativ saziş və dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasına dair sazişin imzalanması Gömrük İttifaqının şərtlərinə nə dərəcədə ziddiyyət təşkil edə bilər” sualına cavab olaraq nazir müavini bildirib ki, Azərbaycan Ermənistan və AB ilə danışıqlar aparan digər ölkələrdən fərqli olaraq dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasına dair danışıqlarda iştirak etmir.
 
“Ticarətin inkişafı, onun yeni mərhələyə çıxarılması və digər ticari məsələlər Avropa Komissiyasının Azərbaycana təqdim etdiyi assosiativ saziş layihəsinin dördüncü bölməsinə daxil edilib. Bu, ticarət münasibətlərimizin intensivləşməsini nəzərdə tutur, lakin dərin və hərtərəfli azad ticarət zonasının ilə bağlı olduğu kimi azad ticarət münasibətlərinin formalaşdırılmasını nəzərdə tutmur. Ümumdünya Ticarət Təşkilatının üzvü olan digər ölkələr Avropa Birliyi ilə dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasına dair danışıqlar aparırlar. Bu ölkələrdə qeyd olunan sənəd assosiativ sazişin əsas elementlərinə əlavə edilir. Azərbaycan isə ÜTT-nin üzvü deyil”.
 
Mahmud Məmmədquliyev bildirib ki, Azərbaycan dərin və hərtərəfli azad ticarət zonasının yaradılmasına dair danışıqlar iki şərt əsasında başlaya bilər: “Birincisi, ölkəmiz ÜTT-yə üzv qəbul olunmalıdır, ikincisi bu addımın iqtisadi baxımdan nə dərəcədə sərfəli olduğu nəzərə alınmalıdır. Əgər bu işi şərtə riayət olunsa, onda ölkə bu sazişlə bağlı Avropa Birliyi ilə danışıqlara başlaya bilər”.
 
Azərbaycan ilə AB arasında assosiativ danışıqların növbəti mərhələsinin nə vaxt keçiriləcəyinə gəldikdə nazir müavini tarixin hələlik məlum olmadığını deyib: “Çünki Avropa Birliyi tərəfindən danışıqları aparan şəxs dəyişib. Lakin prinsipcə bizim mövqeyimiz ondan ibarətdir ki, bundan sonra da danışıqları Azərbaycanın maraqları nəzərə alınmaqla aparacağıq”. 
 

 





06.09.2013    çap et  çap et