525.Az

“Elata beynəlxalq festival statusu verilsin“


 

“Elata beynəlxalq festival statusu verilsin“<b style="color:red"></b>

“Borçalı” İctimai Cəmiyyəti İdarə Heyətinin növbəti toplantısı keçirilib. Toplantıda Zəlimxan Məmmədli, Telman Əliyev, Osman Əhmədoğlu, Bəkir Əliyev, Dilan Məmmədov, Ramiz Məmmədov və Elbəyi Cəlaloğlunun iştirakı ilə keçirilən toplantıda ilk olaraq “Borçalı” Cəmiyyətinin sədri Z.Məmmədli çıxış edib.

O, bu ilki Elat bayramının daha izdihamlı keçdiyini və əhalinin böyük ruh yüksəkliyi ilə tədbirə toplaşdığını vurğulayaraq, xoş təəssüratlarını bölüşüb. Z.Məmmədli bayram tədbirini qonaqların xüsusi maraqla seyr etdiklərindən və onlarda xoş hisslərin oyandığından bəhs edib. O, qeyd edib ki, artıq 5 ildir keçirilən Elat bayramının gənclərə verdiyi stimul aydın nəzərə çarpmaqdadır: “Kifayət qədər gənc nəslin ali məktəblərə daxil olması və onların Gürcüstanın ictimai-siyasi mühitində fəallığı buna bir misaldır. Cəmiyyətin sədri bəzi tənqidi məqamlara da toxunaraq, iştirakçıların yaylaqda təmizliyə yetərincə riayət etmədiklərini diqqətə çatdırıb və gələcək bayrama qədər təmizliklə bağlı maarifləndirmə tədbirinin görülməsini məqsədə uyğun hesab edib.

Z.Məmmədli daha sonra Camal Mustafayevin “Fəlsəfi-tarixi araşdırmalar” kitabının geniş miqyaslı təqdimatından, habelə kitabın fələfə və tarix baxımından xüsusi önəmindən söz açıb. Cəmiyyət sədri “Borçalı” cəmiyyətinin Gürcüstan nümayəndəliyinin rəsmiləşdirilməsini, Gürcüstanda “Dədə Camal” məclisinin keçirilməsini, cəmiyyətin koordinasiya şurasının növbəti toplantısının keçirilməsini və “25 dekabr Gürcüstan türklərinin həmrəylik günü”nə hazırlığı da gələcək planların siyahısında olduğunu deyib. Z.Məmmədli Svan xalqı ilə bağlı kitabın Azərbaycan türkcəsində nəşr olunmasının və bu xalqın tarixinin Borçalı ictimaiyyətinə çatdırılmasının vacibliyini qeyd edərək, Svan icması ilə “Borçalı” cəmiyyətinin yaxınlaşmasında əsas məqsədin Gürcüstanın bütövlüyü uğrunda birgə mübarizə olduğunu söyləyib.

Zəlimxan Məmmədli bu il Borçalı əsilli 1500 tələbənin Gürcüstanın ali məktəblərinə daxil olduğundan danışdı və bunun sevindirici hal olduğunu dedi. O, ən yüksək balla ali məktəbə daxil olmuş tələbələrin Bakıya səyahətinin təşkil olunmasını və onların Azərbaycan cəmiyyətinə təqdim olunmasını təklif edib.

Ramiz Məmmədli Elat bayramının miqyasının get-gedə böyüdüyündən danışaraq, Elatın artıq bir el bayramı səviyyəsinə yüksəldiyini vurğulayıb. O, tədbirlə bağlı hər tərəfdən müsbət rəylər eşitdiyini, bu barədə ürək dolusu danışıldığını qeyd edərək, növbəti etapda türklər yaşayan bütün bölgələrlə əlaqələrin sıxlaşdırılmasının vacibliyindən və bunun mənəvi cəhətdən yalnız fayda verəcəyindən danışıb. R.Məmmədli “Borçalı” cəmiyyətinə qarşı müxalif mövqe tutanların sayının son dərəcə azaldığı qənaətinə gəldiyini deyərək və buna səbəb olaraq Zəlimxan Məmmədli ideyasının nöqsansız olduğuna inamın artığını göstərib.

Telman Əliyev Elat tədbirinin artıq beynəlxalq bayram səviyyəsinə qalxdığını söylədi. Telman müəllim Borçalıda çox güclü türk ruhunun olduğunu buna səbəb olaraq göstərdi və cəmiyyətin gələcəyinə böyük ümidlə baxdığını, eləcə də tədbirə yüksək qiymət verdiyini diqqətə çatdırıb.

Osman Əhmədoğlu Elat bayramını “Zəlimxan Məmmədlinin Səhreyi-kəbirdə zəm-zəm axtarıb tapması” kimi dəyərləndirdi. O, bütün Borçalı analarının Zəlimxan bəyə duaçı olduğunu diqqətə çatdırdı və qeyd etdi ki, “Borçalı” cəmiyyətinin analoqu yoxdur, vaxt gələcək insanlar bu cəmiyyətin ətrafında birləşməyə can atacaqlar. O.Əhmədoğlu növbəti bayramlarda xaricdən gələn qonaqları Borçalının tarixi yerlərinə aparılmasını da gələcək Elat tədbirinin proqramına salınmasının tərəfdarı olduğunu deyib.

Dilan Məmmədli Elat bayramının ruhunun xalqımıza doğma olduğuna görə onun tezliklə sevildiyini söylədi. O, bu tədbirin türk dünyası və Gürcüstan üçün xüsusi önəm daşıdığını söyləyərək, Elatın alternativi olmayan, çox qabarıq bir bayram olduğu qənaətinə gəldiyini diqqətə çatdırdı. D.Məmmədli Elata beynəlxalq festival statusu verilməsi təklifini də irəli sürüb.

D.Məmmədli Borçalının orta məktəblərində Azərbaycan dili və ədəbiyyat dərsliklərinin çatışmazlığından söhbət açaraq, bunun üçün müəyyən tədbirlər görülməsini, o cümlədən Azərbaycan Təhsil Nazirliyinə müraciət olunmasının vacibliyini bildirib.

İştirakçılar Borçalıda toponim və torpaqla bağlı problemlərdən söz açaraq, onların hələ də öz həllini tapmamasından təəssüf etdiklərini söyləyiblər.

Osman Əhmədoğlu məktəblərdə ixtisas müəllimlərinin yetərincə olmadığından və bu məsələ ətrafında da düşünməyi məqsədə uyğun hesab edib. Bu məsələylə bağlı Zəlimxan Məmmədli Borçalı kökənli ixtisas müəllimlərinin doğulduğu yerin orta məktəblərində mühazirələr keçirməsini təklif edib.

R.Məmmədli təşkilatlanma yönündə bir sıra işlərin görülməsini məqsədə uyğun hesab edib.

Beləliklə, “Borçalı” cəmiyyətinin İdarə Heyəti aşağıdakı qərarları alıb: V “Borçalı türklərinin Elat mədəniyyəti günü” tədbiri yüksək qiymətləndirilsin. Gələcəkdə bu bayramın ayrı-ayrı kəndlərdə davam etdirilməsi məqsdədə uyğun hesab edilsin; Svan icması ilə “Borçalı” cəmiyyətinin Gürcüstan görüşü məqbul hesab edilsin; “Borçalı” cəmiyyətinin Svan icması ilə yaratdığı dostluq əlaqəsi azsaylı xalqlarla zəngin olan Gürcüstanın bütövlüyü uğrunda xidmət kimi dəyərləndirilsin; “Borçalı” cəmiyyətinin Gürcüstan nümayəndəliyinin rəsmiləşdirilməsi məqsədə uyğun hesab edilsin; Soydaşlarımızın mövcud problemlərilə bağlı müvafiq orqanlara müraciət olunsun; Azərbaycanda çalışan Borçalı kökənli ixtisas müəllimlərinin öz doğulduğu yerin orta məktəblərində mühazirələr keçirmək təşəbbüsü dəstəklənsin; Bu il Gürcüstanın ali məktəblərinə ən yüksək balla daxil olmuş tələbələrin Bakıya səyahəti və onların Azərbaycan cəmiyyətinə təqdimatı təmin olunsun; “Zahid Xəlilov” mükafatının növbəti laureatları yaxın zamanlara qədər müəyyən olunsun; Camal Mustafayevin “Fəlsəfi-tarixi araşdırmalar” kitabının yüksək səviyyədə təqdimatı keçirilsin; Aşıq Ələsgərə həsr olunmuş məclis keçirilsin; Zahid Hüseynovun əsərlərindən ibarət albomun hazırlanması təşəbbüsü bəyənilsin; “Borçalı” cəmiyyətinin ilin sonuna qədərki fəaliyyət proqramı təsdiq edilsin.

AQİL

 





06.09.2013    çap et  çap et