525.Az

Şərq əhvalatlarından Qərb bestsellerlərinə - Rəvan Cavid


 

Şərq əhvalatlarından Qərb bestsellerlərinə - <b style="color:red">Rəvan Cavid </b>

Mədəniyyətin yaranmasının və formalaşmasının coğrafi yerini müəyyən etmək xalqların və kütlələrin fərdi psixologiyasını öyrənməyə yardımçı olur.

Bunun vacibliyi ondadır ki, sürətlə dəyişən dünyada nəyin dəyər olduğunu müəyyən etmək, daha yaxşı yaşam formasını fikirləşmək çətin olmasın. Orta Şərqin dastanları, daş kitabələri, məişət qaydaları, musiqiləri məlum olduğu qədər qədimdir. “İkiçay arası şəhərlər” başda inanc sistemi olmaqla, o dövrdəki bəzi xüsusi qanunların (məsələn, ticarət, vergi və s.) meydana gəlməsinə şahidlik edən ilk kult ərazilər olub. Daha sonralar yunanlardan, qədim romalılardan öyrənəcəyimiz elmlərin təməlini də Şərq alimlərinin, sahətçilərinin qoyduğu şübhəsizdir. Eyni zamanda da ədəbi mətnlər, poetik düşüncə də Şərqin məhsuludur deyə bilərik. Aşağıda haqqında danışacağımız bestselleri misal çəkərək, əslində, mövzuların və sualların da təməlini şərqdə axtarmağımız səbəbsiz deyil. Hazırda dünyanın yaşayan ən böyük yazıçılarından ikisi - Salman Rüşdi və Orhan Pamuk iki ən böyük ədəbi mətni - “Gecəyarısı uşaqları” və “Mənim adım qırmızı” romanlarını ənənəvi Şərq nağıllarına, Şərq məişətinə istinadən yazıblar. “Gecəyarısı uşaqları”nda Hindistan, onun tarixi, adət və ənənələri, siyasi durumu, “Mənim adım qırmızı”da isə qədim nəqqaşlıq sənəti, Şərq üslubları, fars hekayələri, Nizaminin mətnləri, Osmanlı məişəti ön plandadır. Bu da yeni romançılığın yenidən şərqə qayıtması deməkdi. Və ya təkcə Latın Amerikası ədəbiyyatında deyil, dünya ədəbiyyatında da  keçid dövrü yaradan yazıçısı Borxes də bu siyahıda ola bilər. Məşhur “Əlif”, “Zair” hekayələri qədim ərəb mətnlərindən təsirlənmələrdir. İtalo Kalvinonun Nizaminin “Yeddi gözəl” poeması haqqında yazdığı essedə isə şərqi ədəbiyyat üçün ən yaxşı məktəb adlandırır. Şərq və Qərb haqqında bu qədər.

Mövlana “Məsnəvi”də xəlq olunmuşların (müəllifin dili ilə desək) və kainatın bir bütöv olduğunu yazır. Eyni tablonun ahəngdar rəngləri kimi. Mövcud olduğumuz kainatda (ulduzlar sistemində) hər şey harmoniyadadır. Biz digər insanların, təbiət hadisələrinin bir parçasıyıq. Hər kəs bu rəngli rəsmdə öz gözəlliyi, öz yeri ilə tamdır. Buna görə, həyatımızda baş verən (verəcək olan) kiçik-böyük hadisələrin hamısı həm də aid olduğumuz toplumun, cəmiyyətin, ulduzların köməyi ilə olur. Bizim aramızdakı əlaqə isə istək və məqsədlərdir. İstədiyimiz andan, arzu etməyə başladığımız saniyədən, xəyalını qurarkən artıq hər şey bizim o istəyə, o məqsədə çatmağımıza yardım etməyə başlayır. Xoşbəxt yaşamaq üçün dünyanı arzuya çevirmək lazımdır. Arzu edəndə hər şey bir bütünə çevrilir. Alqoritm kimi hər şey bizi ünvana çatdırmaq üçün sistemləşir. Şərq fəlsəfəsində insan iradəsi haqqında, onun sərhədləri daxilində dünyanı dəyişmək gücü barəsində minlərlə kiçik hekayə var. Ən gözəl əhvalatları isə sufilər danışıb. Mövlananın arzulamaq və istəmək, kainatla, ruhla insan arasındakı vəhdətdən bəhs edən hekayələri əsasında müasir dünyanın ən populyar imzalarından biri - Paulo Koelyo iyirmi gün ərzində dünyada ən çox satılan kitabı - “Kimyagər”i yazdı.

Əsərin məzmunu bizə getdiyimiz yolda yorulmamağı, o yoldan imtina etməməyi danışır. Və biz mübarizəni dayandıranda axtardığımız qarşımıza çıxır. Romanda gənc çobana yuxuda gördüyü xəzinəni tapmaqda yuxusu, cadugər, quldurlar, yollar, külək, Günəş və başqa mövhumlar kömək olur. Hər şey - onu xəzinəyə aparan yol əvvəlcədən müəyyən olunub. İndi bütün dünya çobana kömək edir. Burada lazım olan bircə şey var - dayanmadan istəmək. İstədiyinin sənin üçün nə qədər böyük anlam daşıdığının fərqinə varmaq, ona həyatını dəyişəcək son şey kimi baxmaq və yorulmadan əllərini ona tərəf uzatmaq. Arzularınla danışmaq, onlardan yolu öyrənmək, həyatı, sənə verilən zaman fasiləsini o arzuların içinə sığışdırmaq, arzuları həmişə cibində ən dəyərli əşya kimi gəzdirmək, ona inanmaq lazımdır. Bu yolda - səni arzularına aparan yolda əlinə düşən bütün fürsətləri dəyərləndir, anı yaşa. Yaşadığın an, inandığın arzu səni var edən yeganə qüvvədir və o göylərdə, başqalarında yox, sənin öz ürəyində və ağlındadır. “Həyat, doğrudan da, öz yolu ilə gedənlərə lütfkardır”. Öz yolunu kainata deməkdən çəkinmə. O, sənə mütləq kömək edəcək.

Var olan hər şey bir ruhun içərisindədir, şərq inancına görə. Biz o ruhdan qopmuşuq. Deməli, hər şeyə qadir olan biz özümüzük. İçimizdəki güc bizə məxsusdur. Bizdən sonra o, yenidən böyük ruha qayıdır. Həmçinin də axtardıqlarımız, istədiklərimiz, arzu etdiklərimiz - onlar da bizi kimi eyni ruhun bir hissəsidir. Biz onu axtararkən o da bizi axtarmağa başlayır. Yetər ki, istədiyinizi sevməyi bacarasınız. Sevəndə hər şey mümkün olmağa başlayır. Siz asanlıqla suya, küləyə, Günəşə çevrilə bilirsiniz. Təbii ki, onlar buna razı olduğu andan sonra. Bəs kainat bizə nə vaxt kömək etməyə razı olur?! Biz həqiqətən istəyəndə və istədiyimizi dürüstcə sevəndə. Məsələ nə istədiyinizdə deyil bu mövzuda. Məsələ nə istəmədiyinizdir. İstəmədikləriniz sizi istədiklərinizə aparan yola haşiyələr çəkir və siz o yoldan heç vaxt kənara çıxmırsınız. Deməli, insan birinci növbədə nə istəmədiyini bilməlidir.

Yalnız bir şey arzuları imkansız edir - uğursuzluq qorxusu. Uğursuz olmaqdan qorxmadan irəli getmək dünyaya inandığınızın ən yaxşı sübutu ola bilər. “Dünya Allahın görünən hissəsidir” yazır müəllif. Deməli, inanmaq ilk buradan - durduğunuz nöqtədən başlayır. Bizim arzu etdiklərimiz inandıqlarımızla bizə gəlib çatır.

“Ən qaranlıq anlar sübhə yaxın olur”.

Davamlı şəkildə öz yolunuzda ayağınızın altında daşlar ola bilər və siz yıxıla bilərsiniz. Bu zaman arzuladıqlarınızdan imtina etməyin. Yıxılmaq daha yaxşı qalxmaq üçündür. Daha yaxşı davam etmək üçündür. Daha çox istəmək üçündür. Əsərin baş qəhrəmanı yuxusunda gördüyü, tapmaq üçün Misirə qədər gedib çıxdığı xəzinəni axtarana qədər onlarla hadisə yaşayır. Ən sonda ölümlə üzbəüz qalır və o anda kainat ona həqiqi xəzinənin yerini quldurların dili ilə deyir. Arzularımız bizə əzab da verə bilər, buna onların haqqı var. Çünki onlar daha yaxşı həyatı vəd edir - istədiyimiz həyatı.

“Hər şey Dünya Ruhuna hopmuşdur və əbədi olaraq orada qalacaqdır”.

İstəməyin əsas şərti sevməkdir. Sevərək istəyəcəksiniz ki, sevgi ilə tapasınız. Və tapmayanda axtardıqlarınızın “Dünya Ruhunda” olduğunu düşünüb öz məqsədinizə daha çox bağlanmalısınız. Siz - arzuladıqlarınız və Siz eyni yerdəsiniz, Mövlana kimi desək, bir Allahın içindəsiniz. Sevəndə insan səbəb axtarmır, sadəcə sevir. Arzular sevginin ətalətdə olan halıdır. Seçdiyiniz yolda ovuclarınıza alıb yeriyin sevgini, daha tez tapacaqsınız. Daha asan. Sevgi kainatda maqnit kimidir. Sizə uyğun olan hər şeyi sizə çəkər, gətirər. Sizin üçün olmayanları itəliyər. Bütün qanunlar, bütün qaydalar sevgi üçün hesablanıb. Onun sonluğu üçün hazırlayıb hər şey özünü. Zaman-zaman sevgi başqa nəsnələrə çevrilir, amma bitmir. Enerji kimi, əbədi enerji kimi. Bir haldan başqa hala keçir, bitmir. Onun başlanğıcı və sonu olmur. Sevgi bitmirsə, tükənmirsə, deməli, arzularımız da bitmir, tükənmir. Hər saniyə yeni nələrsə istəyirik.

Kitabın adı da məhz buradan götürülüb. Tərkib, daxili qatla bağlı olan mənasında. Dünyanı bütöv edən elementlərin görünməz duyğulara çevrildiyi an - arzuların, sevginin yarandığı dəqiqə haqqında. Bunları edəcək kəs - Kimyagərdir. Romanın baş qəhrəmanına yol boyu kainat, məqsədlər haqqında danışdıqları, gah külək, gah Günəş şəklində qarşısına çıxıb yol göstərməsi sonda gəncin axtardığı xəzinəni tapmasına, sevdiyi qıza qovuşmasına səbəb olur. Müəllifin digər əsərləri kimi “Kimyagər” də sadə dildə, bir xətli süjetə malik, pozitiv sonluqludur. Şərq pritçalarına, sufi hekayələrinə istinad edən müəllif əsərin coğrafiyasını da Şərqdə seçir. Misir pramidaları, çöllər, səhralar bizə İslam coğrafiyasını xatırladır.

Romanın bizə vermək istədiyi mesaj arzularımızı yadımıza salır. Arzu etməkdən yorulmamağı tövsiyə edir. Dünya bizim arzu etməyimiz və istəməyimiz üçün yaranıb. Bu yolda  O, özü bizə kömək edəcək. Sadəcə istəmək lazımdır. Şərqin öyrətdiyi, Qərbin tətbiq etdiyi ən böyük düsturdur bu.

 





19.01.2019    çap et  çap et