525.Az

Müəllim peşəsinə maraq ildən-ilə artır


 

Müəllim peşəsinə maraq ildən-ilə artır<b style="color:red"></b>

Təhsil Nazirliyinin saytında keçirilən “2018-ci ildə təhsil sahəsində ən uğurlu yeniliklər hansılardır?” sorğusu başa çatıb.

Bir ay davam edən onlayn sorğuda 1483 nəfər iştirak edib. Onlardan 609 nəfər müəllim peşəsinə marağın artmasını, 306 nəfər “Təhsil haqqında” Qanuna edilən dəyişiklikləri, 248 nəfər I siniflərə elektron qəbulun aparılmasını,153 nəfər məktəbəhazırlığın əhatəsinin genişlənməsini, 91 nəfər ali təhsilin keyfiyyət göstəricilərinin yüksəlməsini, 76 nəfər nüfuzlu elmi jurnalllarda Azərbaycan alimlərinin nəticələrinin çap olunmasını 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik hesab edib. Beləliklə, sorğunun nəticəsinə əsasən, 2018-ci ildə təhsil sahəsində ən uğurlu yenilik müəllim peşəsinə marağın artması olub.

Prezident İlham Əliyev ölkədə müəllim olmaq istəyənlərin sayının və müəllim peşəsinin hörmətinin artdığını bildirib: “Son illər ərzində müəllimlərin maaşları əhəmiyyətli dərəcədə artıb və cəmiyyətdə müəllimə olan ənənəvi hörmət bərpa edilir. Bu, çox sevindirici haldır. Ona görə müəllimlərin problemlərinin həlli üçün gələcəkdə də işlər aparılacaq. Təhsil sahəsində aparılan köklü islahatlar səmərə verir, təhsilin keyfiyyəti artır. Biz bunu müxtəlif göstəricilərdə görürük və ümid edirəm ki, bu uğurlu proses bundan sonra da davam etdiriləcəkdir”.

Ölkədə müəllim peşəsinə olan hörmətin, müəllim olmaq istəyənlərin sayının artmasına səbəb ölkəmizdə davamlı olaraq aparılan məktəb tikintisi, məktəblərin maddi-texniki bazasının gücləndirilməsi, müəllimlərin bilik və bacarıqlarının  diaqnostik qiymətləndirilməsi nəticəsində əməkhaqqı artımı, pedaqoji kadrların işə qəbulunun şəffaf  təşkili,  bu istiqamətdə atılmış və atılmaqda olan digər addımlardır. Hər il onlarla müəllim dövlət başçısının xüsusi sərəncamları ilə təhsildəki xidmətlərinə görə orden və medallarla təltif olunur, fəxri adlara layiq görülür. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, hər il ucqar məktəblərdə işə qəbul olunan yüzlərlə müəllimə stimullaşdırıcı tədbirlər tətbiq edilir.

Bütün bunlar, təbii ki, həm müəllimlik peşəsinin cazibədarlığını artırır, həm də müəllim olmaq missiyasının yeni üfüqlərini müəyyən edir.

Təhsil naziri Ceyhun Bayramovun sözlərinə görə, müəllimlik ixtisasları üzrə son 5 ildə ali təhsil müəssisələrinə qəbul olunanların topladıqları ballar ölkəmizdə müəllimlik peşəsinin artan nüfuzundan xəbər verir. 2016-cı ildə qəbul imtahanlarında ibtidai sinif müəllimliyi ixtisasına daxil olanlardan cəmi bir nəfəri 500-dən çox bal taplayıb: “2018-ci ildə bu göstərici 235 nəfər təşkil edib. 2017-ci ilə nisbətən bu il 500 və daha artıq bal toplayıb müəllimlik ixtisasını seçənlərin sayı Kimya üzrə 2.7 dəfə, Riyaziyyat və İnformatika müəllimliyi üzrə 1.7 dəfə, Biologiya müəllimliyi üzrə 12.7 dəfə, Kimya və Biologiya müəllimliyi üzrə 6.2 dəfə, İbtidai sinif müəllimliyi üzrə 4.4 dəfə artıb. Ölkədə test imtahanı tətbiq olunandan həmin dövrə qədər belə yüksək göstərici və seçim qeydə alınmayıb. Azərbaycan gənclərinin xaricdə təhsili üzrə Dövlət Proqramının 100-dən artıq məzunu bu gün ali məktəblərdə müəllim kimi fəaliyyət göstərir. Ötən il ölkədə müəllimlərin işə qəbulu üzrə müsabiqədə rekord sayda göstərici qeydə alınıb. Bütün bunlar həm yüksək ixtisaslı müəllim kadrlarının hazırlanması, həm də pedaqoji sahə üzrə elmi fəaliyyətin inkişafı barədə pozitiv proqnozlar verməyə əsas verir”. Nazirin dediyinə görə, müəllim faktoru hər zaman təhsil sistemində əsas amil olaraq qalacaq. Təhsil Nazirliyi olaraq, müəllimlərin fəaliyyəti üçün bütün şərait yaradılacaq ki, gənclər də onların potensialından faydalansın.

C.Bayramov bildirib ki, müəllim peşəsinə maraq müəllimlərin işə qəbulu imtahanlarında da özünü büruzə verir. 2018-ci ildə 50 mindən çox namizəd elektron qeydiyyatdan keçərək, müsabiqədə iştirak edib. Bu, son 3 il ərzində üç dəfə artım deməkdir.

Son illər Təhsil Nazirliyinin müəllim nüfuzunun artırılması istiqamətində atdığı addımlardan biri də müəllimlik peşəsinə marağı olan hazırlıqlı və qəbul imtahanlarında 500-dən yüksək bal toplayan gənclərin stimullaşdırılmasıdır. Məlum olduğu kimi, nazirlik bu məqsədlə 2014-cü ildə “Gələcəyin müəllimi” təqaüdü təsis edib. Hər tədris ilində 300 nəfərə şamil olunan həmin təqaüd hər il ali məktəblərə qəbulda 500-dən yüksək bal toplayan və müəllimlik ixtisasını ilk sıralarda yazan abituriyentlərə tələbə olduqları təqdirdə hər ay aldıqları təqaüdə əlavə olaraq verilir. Statistik rəqəmlər göstərir ki, bu addım hazırlıqlı gənclərin müəllimlik peşələrinə təşviqi sahəsində kifayət qədər təsirli vasitə olub. Belə ki, əgər 2015-ci ildə 500-dən yuxarı bal toplayan və müəllimlik ixtisasını I və ya II sırada seçən abituriyentlərin sayı 657 nəfər idisə, 2016-cı ildə bu say 280 nəfər artaraq 937 nəfər olub. Bu isə 40 faiz artım deməkdir.

İnkişaf və innovasiyalar üzrə qrant müsabiqəsini də Təhsil Nazirliyi tərəfindən həyata keçirilən və müəllimlərin peşəkarlıq səviyyəsinin, eləcə də nüfuzunun artırılmasına hədəflənmiş çoxsaylı layihələrdən biri kimi dəyərləndirmək olar. Dövlət ümumitəhsil müəssisələri və bu müəssisələrdə çalışan pedaqoji işçilər üçün nəzərdə tutulmuş müsabiqədə əsas məqsəd ümumitəhsil məktəbləri və pedaqoji işçilər arasında sağlam rəqabət yaratmaq, innovativ fəaliyyəti stimullaşdırmaqdır.

Azərbaycan Dövlət Pedaqoji Universitetin (ADPU) rektoru Cəfər Cəfərov deyir ki, son illər ölkədə müəllim peşəsinin ictimai nüfuzu durmadan yüksəlir. Bunu ali məktəblərə qəbul imtahanlarında 500-dən çox bal toplayaraq müəllimlik ixtisaslarını seçən gənclərimizin, eləcə də müəllim işləmək arzusunda olanların sayının ildən-ilə artdığını göstərən rəqəmlər də sübut edir: “2018-2019-cu  tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın müəllim iştirak edib. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub. Son illər ərzində pedaqoji ixtisaslar üzrə sənəd verən abituriyentlərin peşəyə yararlılıq səviyyəsi əhəmiyyətli dərəcədə yüksəlib. 2014-cü ildə 500 və daha artıq bal toplayan 922 nəfər müəllimlik ixtisasını seçmişdisə, 2017-ci ildə bu rəqəm 1370 nəfər olub. Bu il keçirilən  qəbul imtahanlarında itirak edərək 500 və daha artıq bal toplayan məzunlar arasında isə müəllimlik ixtisasını 2090 nəfər seçib. Başqa bir maraqlı fakt və müqayisə də müəllimliyə meylin  gənclər arasında artdığına dəlalət edir: 2016-cı ilin qəbul imtahanlarında 500 və daha artıq bal toplayaraq ibtidai sinif müəllimliyini seçən cəmi 1 nəfər idisə, builki qəbul imtahanlarında belə abituriyentlərin sayı 235 olub”.

Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun direktoru Vəfa Yaqublunun sözlərinə əsasən, Prezident İlham Əliyevin 24 oktyabr 2013-cü il tarixli sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın qəbulundan ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub. Strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında da xüsusi rol oynayır: “Təsadüfi deyil ki, 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu müsabiqəsində 50 minə yaxın namizəd iştirak edib, 5 mindən artıq namizəd müəllim adını qazanıb. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə olunub”.

Təhsil eksperti Məlahət Mürşüdlü müəllimliyin müqəddəs bir peşə olduğunu deyir. Onun sözlərinə görə, əvvəllər bu ixtisasa aşağı balla qəbul olunurdusa, getdikcə 400, hətta 500-dən yuxarı balla müəllimlik ixtisasını seçənlər olur:

“Çox sevindirici haldır ki, bu tendensiya hər il artır. Son dövrlərdə həqiqətən müəllimlik peşəsinə maraq artıb. Müəllimlərin az da olsa əmək haqqının artırılması, digər tərəfdən iş tapmaqda mövcud olan neqativ halların aradan qaldırılması üçün tədbirlərin görülməsi şagirdləri bu sahəyə yönləndirdi. Məlumdur ki, müəllimlərin diaqnostik qiymətləndirməsi, sınaq imtahanları - bütün bunlar işə qəbuldakı mənfi halların aradan qalxmasına kömək oldu. Yəni ki, əlində diplomu olan müəllim rahatlıqla müsahibələrdən və sınaqlardan keçərək öz ixtisasına sahib ola bilir. Eyni zamanda, müəllimlərin peşəkarlığının artırılması ilə bağlı proqramların həyata keçirilməsi, gənclərdə daimi iş yerinin olması ilə bağlı düşüncələrin olması da pedaqoji ixtisasa marağı artırdı”.

Onun sözlərnə görə, müəllimlik dünyada ən gərəkli və dəyərli peşə sayılır. Çünki müəllim yetirmələrinə gizlədilməsi mümkün olmayan gözəllik bəxş edir, yəni bilik öyrədir, həyat üçün zəruri olan bacarıq və vərdişlər aşılayır. İnsanın kamilləşməsi, əqlinin, ruhunun və cisminin bərabər səviyyədə inkişafı onun aldığı təlim-tərbiyədən və bu prosesi düzgün diaqnozlaşdıran, layihələndirən və həyata  keçirən müəllimlərdən asılıdır. Ona görə də müəllimin bütün zamanlarda və bütün cəmiyyətlərdə məqamı və sosial statusu üstün olub, o, ən hörmətli şəxs sayılıb. Dünyanın ən böyük şəxsiyyətləri, müdrik dövlət adamları, dahilər  müəllim əməyini həmişə yüksək qiymətləndiriblər. Böyük yunan filosofu Platon “Mən müəllimi atamdan çox istəyirəm, çünki atam məni göylərdən yerə endiribsə, müəllimim məni yerdən göyə qaldırıb” deyib.

Tərəqqini təmin edən təhsilə, insan tərbiyəsinə cavabdehlik daşımaq böyük şərəf və məsuliyyət yüküdür. Bu məsuliyyəti anlayan Azərbaycan müəllimi bu gün ölkədə həyata keçirilən təhsil islahatlarının önündə gedir, onun aparıcı qüvvəsini təşkil edir. Bu da təsadüfi deyil. Çünki təhsil üçün yaradılan ən yaxşı şərait, ən mükəmməl maddi-texniki təchizat, ən müasir texnologiya və təlim üsulları belə,  yalnız öz işinin ustası olan, yüksək intellektə, innovativ düşüncə tərzinə yiyələnmiş müəllim olduqda səmərə verə bilər.

S.QARAYEVA

 





20.01.2019    çap et  çap et