525.Az

UNEC: hədəflərə doğru


 

UNEC: <b style="color:red">hədəflərə doğru</b>

“UNEC-100” İnkişaf Strategiyasında 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulan 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunub.

Sənədə görə, “Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək”, “Tədqiqat universitetinə çevrilmək”, “Sahibkar universitetə çevrilmək”, “Sosial xidmətlərdə aparıcı universitetə çevrilmək”, “Beynəlmiləl universitetə çevrilmək”, “Daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaq”, “Yüksək beynəlxalq reytinqli universitetə çevrilmək” UNEC-in strateji məqsədləri kimi təsbit olunub.

Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək istiqamətində UNEC, yüksək bal toplayaraq universiteti seçən abituriyentlərin sayını artırmağı, orta keçid balını 500-ə yüksəltməyi, tədris prosesini daim təkmilləşdirməyi, professor-müəllim heyətinin peşəkarlıq səviyyəsini artırmağı, tədrisdə gənc müəllimlərin payını yüksəltməyi, təhsil proqramlarının beynəlxalq akkreditasiya olunmasını, tələbələrin təqaüd imkanlarını artırmağı, onları yataqxana ilə təmin etməyi, ölkədə və regionda ən geniş distant təhsil xidmətləri göstərməyi hədəfləyib.

Strategiyaya əsasən, aparıcı tədqiqat universitetinə çevrilmək istiqamətində UNEC-in hədəfləri dünya təcrübəsinə uyğun magistratura və doktorantura təhsili vermək, yüksək reytinq qazanmış “beyin mərkəzi” yaratmaq, sifariş və qrantlar hesabına tədqiqat layihələri reallaşdırmaq, “Web of Science” və “Scopus” elmi platformalarına daxil olan ən nüfuzlu nəşrlərdə məqalələrin sayını artırmaq və həmin bazalara daxil olan elmi jurnallara sahib olmaqdır.

UNEC-in sahibkar universitet modelini inkişaf etdirmək məqsədilə müəyyən etdiyi strateji hədəfləri startapların, patent müraciətlərinin və kommersiyalaşan patentlərinin, o cümlədən, biznes dünyası ilə birgə reallaşdırdığı tədqiqat və innovasiya layihələrinin sayını hər il artırmaqdır.

Sosial xidmətlərdə aparıcı universitet statusu almaq istiqamətində hədəflər milli səviyyəli sosial məsuliyyətlilik layihələri reallaşdırmaq, bilik və təcrübənin cəmiyyətə transfer mexanizmlərini, tələbələrin sosial şəraitini, məzunlarla əlaqəni təkmilləşdirmək, ömür boyu təhsil proqramları üzrə xidmət göstərmək kimi müəyyən olunub.

Beynəlmiləl universitetə çevrilmək və beynəlmiləlləşməni daha da genişləndirilməsi məqsədilə UNEC-də əcnəbi təhsilalanların payının artırılması, beynəlxalq mübadilə proqramlarında daha çox tələbə, müəllim və inzibati heyətin iştirakının təmin edilməsi, beynəlxalq ikili diplom, o cümlədən, ingilis dilində təhsil proqramlarının sayının davamlı artırılması hədəflənib.

Strategiyaya uyğun olaraq, daha çevik və yüksək səmərəliliyə malik universitet idarəetmə sisteminə sahib olmaq məqsədilə hədəflər UNEC-də strateji idarəetməni tam şəkildə tətbiq etmək, insan resursları, informasiya resursları və maliyyənin idarəedilməsində səmərəliliyi davamlı yüksəltmək, universitet idarəetmə strukturunu optimallaşdırmaq kimi müəyyən edilib.

Görülən tədbirlər nəticəsində UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub.

Professor, Əməkdar elm xadimi Şahlar Əsgərovun sözlərinə görə, Azərbaycan Dövlət İqtisad Universiteti  artıq dünyanın nüfuzlu universitetləri ilə ayaqlaşmaq mərhələsindədir:  “UNEC dünya səviyyəli universitet olmağı hədəfləyib və bunun üçün 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən odib.  Hədəflərdən ən birincisi UNEC-i yüksək beynəlxalq reytinqli universitetə çevirməkdir.  Son illərdə  UNEC-də bir çox zəruri islahat aparılıb və müsbət nəticələr əldə olunub. Əmək bazarının tələbləri nəzərə alınmaqla qəbul planında dəyişikliklər edilib, ixtisaslar üzrə təhsilin keyfiyyəti artırılıb. UNEC-də qiymətləndirmə ilə əlaqədar yeni mərhələyə qədəm qoyulub. Bu mərhələdə əsas məqsəd obyektivliyi, şəffaflığı təmin etməkdir.  UNEC tədqiqat universitetinə çevrilmək istiqamətində qarşıya qoyduğu strateji hədəfə qısa bir zamanda çata bilib. Tədrisdə sıçrayışlı keyfiyyət dəyişikliyi ilə yanaşı, “Web of Science” və “Scopus” platformalarına daxil olan nüfuzlu elmi jurnallarda məqalələrin və nüfuzlu beynəlxalq nəşriyyatlarda monoqrafiyaların nəşr edilməsi, istinadlara görə verilən ballar əhəmiyyətli dərəcədə artıb. UNEC-in 100 illik yubileyinə qədər dünyanın ən yaxşı 500 universitetindən birinə çevrilməsi nəzərdə tutulub. Mən əminəm ki, UNEC daha tez bir müddətdə hədəfinə çatacaq və dünyanın ən yaxşı 500 universitetindən birinə çevriləcək”.

Fəlsəfə üzrə fəlsəfə doktoru, XXI Əsr Təhsil Mərkəzi İctimai Birliyinin sədri Etibar Əliyevin dediyinə görə, UNEC üzərinə düşən missiyasını layiqli şəkildə yerinə yetirmək və müəyyən etdiyi vizyonunu reallığa çevirmək məqsədilə  strateji məqsəd və hədəflərini müəyyən edib:  “UNEC öz missiyasını layiqli şəkildə yerinə yetirmək və qarşısına qoyduğu strateji hədəfləri reallığa çevirmək məqsədilə qarşısına qoyduğu  məqsəd və hədəflərə doğru uğurla irəliləyir. Danılmaz faktdır ki, ölkə başçısının etimadını doğrultmaq üçün bu ali məktəbin rəhbərliyi əlindən gələni əsirgəmir. Təhsil eksperti kimi bu yüksək uğurlara görə rektor, professor Ədalət Muradov başda olmaqla universitetin bütün kollektivini və tələbələrini səmimi qəlbdən təbrik edir, onlara çiçəklənən ölkəmizə  gələcəkdə daha böyük töhfələr bəxş etmələri istiqamətində uğurlar arzulayıram”.

“Trend” İnformasiya Agentliyinin baş direktorunun müavini Arzu Nağıyevin söylədiyinə görə, Azərbaycan Dövlət İqtisad Universitetində tələbənin bilik və bacarığı, professor-müəllim heyətinin savadı və peşəkarlığı əsas meyar kimi qəbul edilir: “Bu baxımdan rektor Ədalət Muradovun şəxsi təşəbbüsü və ölkə rəhbərliyi tərəfindən gələcək nəslin savadlı və bacarıqlı kadr kimi yetişdirilməsi üçün qarşıya qoyulan tapşırıqların yerinə yetirilməsi istiqamətində atılan addımlar müsbət və təqdirəlayiq hal kimi qiymətləndirilməlidir. Təbii ki, belə bir nailiyyətə çatmaq çətinliklərlə, zəhmətlə, əziyyətlə, ancaq öz şəxsi ambisiyalarına hakim olmağı düşünən kimlərinsə xoşuna gəlməməklə başa gəlir. UNEC 7 strateji məqsəd və 31 strateji hədəf müəyyən olunub. Yüksək keyfiyyətli ali təhsil ocağına çevrilmək, tədqiqat universitetinə çevrilmək, sahibkar universitetə çevrilmək,  sosial xidmətlərdə aparıcı universitetə çevrilmək və ən əsası yüksək beynəlxalq reytinqli universitetə çevrilmək UNEC-in strateji məqsədləri kimi təsbit olunub.  Mən inanıram ki, UNEC məqsəd və hədəfinə çatacaq. Bu yolda bütün UNEC kollektivinə uğurlar diləmək ölkənin, gələcək nəsillərin, gələcəyini düşünən hər bir vətəndaşın borcudur”.

Təhsil Eksperti Məlahət Mürşüdlü isə deyib ki, UNEC innovativ metodlarla idarə olunan təhsil müəssisəsidir: “Bu, yeni dövrün tələblərinə cavab verən mütəxəssis hazırlığı üçün mühüm şərtlərdən biridir. Düşünürəm ki, maddi texniki təminatı, kadr potensialı yüksək olan universitetdə təhsilin keyfiyyəti də yüksək olmalıdır. UNEC çox tez bir zamanda müasir tələblərə cavab verən universitetə çevrilib”. Onun sözlərinə görə, UNEC bütün fəaliyyətində akademik etikanı qoruyur və müəlliflik hüquqlarına hörmətlə yanaşır, akademik və inzibati vəzifələrin tutulmasında hər kəs üçün bərabər imkanlar yaradır və daha layiq olana üstünlük verir. Universitet fəaliyyətini bütün maraqlı tərəflərinin müşahidəsinə açıq şəkildə həyata keçirir, universitetin üzvləri bütün fəaliyyətində daim daha mükəmməl olanı əldə etməyə çalışır. UNEC bütün fəaliyyətində yüksək keyfiyyət prinsipinə sadiq qalır, səmərəli idarəetmə naminə üzvlərinin idarəetmənin bütün mərhələlərində aktiv iştirakını təmin edir.

S.QARAYEVA

 





20.01.2019    çap et  çap et