525.Az

Ermənilərlə azərbaycanlıların barış planı nə deməkdir?


 

Ermənilərlə azərbaycanlıların barış planı nə deməkdir?<b style="color:red"></b>

Ermənilərlə azərbaycanlılar barış planı  haqqında son vaxtlar müxtəlif fikirlər səslənməkdədir. Hətta bəzi beynəlxalq təşkilatların nümayəndələri Azərbaycana və Ermənistana təkliflər edir ki, gedin əhalinizi sülhə hazırlayın.

Belə təkliflərin detallarından xəbərsizik. Ancaq vasitəçi ölkələrin, bəzi beynəlxalq təşkilatların  Ermənistan-Azərbaycan münaqişəsinə ikili standartlar kontekstindən  yanaşması onu deməyə əsas verir ki, belə çağrışların arxasında ədalətli sülh istəyindən daha çox məkrli  planlar dayana bilər.

Mənim fikrimdən o nəticə çıxmasın ki, bütün sülh, barış təşəbbüslərini rədd etmək lazımdır. Xeyr. Məsələ heç də belə deyil. Əslində, ədalətli sülhün bərqərər olması, işğal olunmuş Azərbaycan torpaqlarının bütünlüklə azad edilməsi bu gün hamımızın ən böyük arzusudur. Lakin bu gün həmin barışdan, sülhdən danışmaq mümkün deyil. İşğal faktı aradan qalxmadan, hərbi cinayətlərdə birbaşa iştirak edən Ermənistanın keçmiş rəhbərliyi hərbi tribunal qarşısına çıxarılmadan hansı barışdan, ədalətli sülhdən danışmaq olar?

Ermənilər bir sıra beynəlxalq konvensiyaların o cümlədən, Haaqa Konvensiyasının, Müharibə vaxtı mülki əhalinin müdafiəsi haqqında 12 avqust 1949-cu il Cenevrə Konvensiyasının, 1949-cu il Cenevrə Konvensiyalarına əlavə Protokolda ehtiva edilmiş beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozublar. Bu cinayətlərin törədilməsinə görə, birmənalı şəkildə  Ermənistan dövləti məsuliyyət daşıyır.

Necə ki,  II dünya müharibəsində qanlı cinayətlər törətmiş, minlərlə günahsız insanın ölümünə bais olan faşist Almaniyasıında bir sıra şəxslər  məhkəmə qarşısına çıxarılaraq layiqli cəzalarını aldılar. Adolf  Hitler və onun silahdaşlarının bəşəriyyət tarixində törətdiyi ağlagəlməz cinayətləri Beynəlxalq Hərbi Tribunal Məhkəməsi Kollegiyasının Nürnberq məhkəməsində aparılmışdı. Məhkəmədən sonra ittiham çıxışındakı tələblər nəzərə alınmaqla 21 canidən 12 nəfəri ölüm, qalanları isə müxtəlif növlü cəzalara məhkum edildi. 

Hətta ötən əsrin 90-cı illərindən sonra keçmiş Yuqoslaviyada baş verən qanlı cinayətlərə görə bəzi şəxslər məsuliyyətə cəlb olundu. Belə nümunələri xeyli artırmaq olar,  Bəs, bu gün belə təcrübədən niyə biz yararlanmayaq? Bu gün  müharibə cinayətlərinin birbaşa günahkarları sivil dünyanın maraqlarını təhdid edir.

Əgər müharibə və ümumilikdə soyqırımda iştirakı iddia olunan şəxslər məsuliyyətə cəlb olunmasa, o zaman beynəlxalq hüquq daha bərbad vəziyyətə düşəcək.

Bu yerdə bir məqamı qeyd etmək istərdim. Sovet  dönəmində barış,  ermənilərin törətdiyi soyqırımları  unutdurmaq məqsədilə müxtəlif  geniş aspektli layihələr icra olmuşdu.  Erməni qadınların azərbaycanlı kişilərlə  nigahları,  mehriban qonşuluğu, saxta dostluğu təbliğ edən müxtəlif ədəbiyyat nümunələrinin tirajlanması və sair addımlar atılmışdı. Zamanında bəzi qüvvələrin maraq dairəsində olan bu təbliğat işi  bir çox məqamları unutdurmağa gətirib çıxarmışdı. Lakin zaman, tarix göstərdi ki, belə sülh göyərçinlərinin ömrü  uzun olmur. Nə qədər tarixi saxtakarlıq,  ideloji basqılar olsa da, həqiqəti tam gizlətmək mümkün olmadı.

Təbii ki, bölgəmizdə gec-tez müharibəyə son qoyulub, sülh, normal əməkdaşlıq bərqərar olacaq. Tarixən Avropada yaşayan xalqlar arasında uzunmüddətli müharibələr olub,  həmin  münaqişələr zamanı  dinc insanlar məhv edilib. Bu gün isə həmin regionda xalqlararası normal münasibətlər var. Bəzi Avropa ölkələri arasında hətta sərhədlər simvolik xarakter daşıyır.

Təəssüf  ki, sülh,  dostluq, normal qonşuluq münasibətləri sözləri bu gün  ermənilər  haqqında  əks mənalı fikir kimi səslənir. Tarixi proseslərə nəzər salsaq görərik ki,  erməni düşüncəsi,  nifrəti, insanlıqdan kənar hərəkətləri dəyişmir.  Məqamı yetişən kimi onlar yenə öz xislətlərinə uyğun addımlarını atırlar. Burada yalnız zaman və məkan fərqi var.

Ölkəmizin milli maraqlarına və strateji hədəflərinə  tam uyğun olaraq Azərbaycanın mövqeyini ifadə edən Prezident İlham Əliyev ötən həftə hökumətin iclasında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllində Bakının mövqeyi dəyişməz olaraq qalır. Bu məsələ yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələri icra edilməlidir, Ermənistan silahlı qüvvələri işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılmalıdır. BMT Təhlükəsizlik Şurasının qətnamələrində məhz bu ifadələr öz əksini tapıb.

Deməli, bu məsələdə Azərbaycanın mövqeyi çox dəqiq, açıq və ədalətlidir.  Sonda onu da qeyd etmək istərdim ki, ermənilərlə sülhə nail olmaq,  gələcəkdə  sakit qonşuluq şəraitində yaşamaq üçün  ordumuz və təhsilimiz çox güclü olmalıdır. Çünki bu iki sahə hər zaman strateji hədəfdir.

 





22.01.2019    çap et  çap et