525.Az

Müxalifətin növbəti uğursuzluğu: "Məhsul" niyə boş qaldı?


 

Müxalifətin növbəti uğursuzluğu: <b style="color:red">"Məhsul" niyə boş qaldı?</b>

Müxalifətin yanvarın 19-da "Məhsul" stadionunda keçirdiyi mitinq onun növbəti uğursuzluğu oldu. Belə ki, günlərdir xalqı mitinqə çağırmalarına, sosial şəbəkələrdən çağırışlar etmələrinə baxmayaraq, insanlar onlara dəstək vermədilər. Çünki məqsəd hədəf tamamilə başqa idi.

Mehman Hüseynov hadisəsindən öz mənafeləri üçün yararlanan bu qüvvələr "siyasi məhbus" məsələsini də gündəmə gətirməklə, köhnə havalarını çalmaqda idilər. Həmin simalar, həmin çağırışlar, həmin tələblər, dəyişən, yeniləşən heç nə yoxdur. Dəyişməyən simalar, eyni şüarlar, eyni populist və mənasız çağırışlar, əsassız ittihamlar, yalan vədlər, çıxışçıların qulaq yorucu səs tembrləri isə nə az, nə çox düz 25 ildir ki, "meydanlardadır". Meydan demişkən, onlara dəstək üçün gələnlər də eyni həmin adamlar idi. Bütün müxalifət partiyalarının, onların ətrafında olan müxtəlif təşkilatların birgə keçirdiyi mitinqdə cəmi 2800 nəfər iştirak edib. Mitinq həm də öz xaotikliyi, təşkilatçılığın zəifliyi, sistemsizliyi ilə diqqəti çəkdi. 10-a yaxın adam çıxış etməsinə baxmayaraq, heç bir real təklif səslənmədi, konstruktiv ideya irəli sürülmədi. Aksiyada heç bir ziyalı, cəmiyyətdə tanınan şəxsin iştirakı nəzərə çarpmadı.

Əli Kərimli digər partiyaların rəhbərlərinin aksiyaya qatılmamasından istifadə edərək özünü müxalifətin lideri kimi qələmə verdi, mitinqi təkbaşına təşkil etdiyini iddia etdi və kütləyə inanılmaz vədlər verdi. Əvvəl də qeyd edildiyi kimi, müxalifətin mitinqi göstərdi ki, radikal qrupların sosial bazası yoxdur. 10-dan artıq siyasi qurumun iştirak etdiyi aksiyada "Məhsul" stadionu dolmadı. Bu amil bir daha vətəndaşların radikal qrupların çağırışlarına biganə qaldığını, bu qrupların heç bir sosial dayağının olmadığını açıq nümayiş etdirdi. Bu, əslində, həmin qüvvələrin bir daha boykot olunması idi. Amma qarşı tərəf bunu qəbul edib geri çəkilmir. Çünki bəzi xarici dairələrdən aldıqları sifarişləri yerinə yetirməkdədirlər. Aldıqları sifarişlərə uyğun olaraq da aksiya edirlər, digər tədbirlərə əl atırlar, böhtan, qərəzlə məşğul olurlar. Bu işdə isə xaricdəki antiazərbaycan qüvvələri ilə əlbir işləyirlər. Azərbaycan xalqı bu gün ölkədə mövcud olan sabitlikdən, əmin-amanlıqdan razıdır, hakimiyyəti dəstəkləyir. Yeganə problem kimi isə Dağlıq Qarabağ münaqişəsini görür. Bu istiqamətdə də ölkə rəhbərinin qəti və dəyişməz mövqeyi var ki, həmin mövqe xalqımız tərəfindən birmənalı dəstəklənir. Həyata keçirilən islahatlar, insanların sosial rifahının yüksəlməsi istiqamətindəki tədbirlər, iqtisadi inkişaf, bütün bunlar xalqın mənafeyinə yönəlib. Xalqın gözü tərəzidir deyiblər, bütün bunları görür, müqayisə edir, öz qiymətini verir. Deməli, eyni simaların, eyni çağırışları, eyni mübarizə üsulları bundan sonra da heç bir dəstək qazanmayacaq.

Xatırladaq ki, Bakı Şəhər Baş Polis İdarəsi də yanvarın 19-da paytaxtda keçirilən razılaşdırılmış mitinqlə bağlı məlumat yayıb. Məlumatda deyilir ki, yanvarın 19-da özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran quruma daxil olan partiya və birliklərin mitinqi saat 15.00-dan 17.00-dək davam edib. Toplantıda Şuraya daxil olan partiyaların, hərəkatların, eləcə də müxalifətyönümlü bir sıra qeyri-hökumət və gənclər təşkilatlarının ümumi sayı 2800-dək olan üzvü və təəssübkeşi iştirak edib.

Xalqdan dəstək ala bilməyən həmin qüvvələr 20 Yanvar - Ümumxalq hüzn günündə də "diqqət mərkəzinə" gəlməyə çalışaraq, Şəhidlər Xiyabanında qarışıqlıq, dava yaratmağa çalışıblar. Belə ki, onlar insanların hissə-hissə, növbəli şəkildə xiyabana buraxılmasını, bununla da asayişi, qayda-qanunu təmin edən polislərə qarşı kobud hərəkət edərək, səs-küy salıblar. Əli Kərimlinin keçid qaydalarına riayət etməyərək kordonu yararaq polislə qarşıdurma yaratması əlbəttə ki, öncədən planlaşdırılan, məqsədli şəkildə atılan addım idi. Amma adam bütün bu hərəkətlərlə xalqın gözündən daha çox düşdüyünün, zamanının artıq bitdiyinin, heç bir addımı ilə insanların diqqətini çəkmədiyinin fərqində olmalıdır.

Hakim Yeni Azərbaycan Partiyasının Sədr müavini - icra katibi Əli Əhmədov müxalifətin mitinqinə münasibət bildirib və deyib ki, Azərbaycanın ənənəvi müxalifəti cəmiyyətin siyasi konstruksiyasında özünə yer tapa bilməyib. Müxalifət demək olar ki, unudulub. Səbəbləri barədə dəfələrlə danışmışıq. Ən əsas səbəb müxalifətin sosial dayaqlarını itirməsidir. O, "Milli Şura"nın 19 yanvar tarixində keçirilən mitinqinin əvvəllər olduğu kimi, yenə də uğursuz keçdiyini diqqətə çatdırıb. Ə.Əhmədov Azərbaycanda son 10-15 il ərzində bir müxalifətdən başqa çox şeyin müsbətə doğru dəyişdiyini əlavə edib.

Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, "Milli Şura"nın ümumxalq hüzn günü qarşıdurma yaratmaq istəyi və müxalifətin mitinq keçirməsi və orada əsassız şüarların səsləndirməsi hakimiyyət davası ilə əlaqədardır. Burada məsələ kiminsə hüquqlarının pozulması deyil, onlar bu məsələdən istifadə edərək hər hansı fikir irəli sürmək, özlərini meydanda göstərməyə çalışırlar. O bildirib ki, nə mitinq, nə də qarşıdurma xalqın istəyi ilə həyata keçirilir: "Xalqımız ölkəmizdə mövcud olan sabitlik, əmin-amanlıqdan tam razıdır. Çünki xalq qarşıdurma yaratmaq istəyən qüvvələrin vaxtilə nələrə "nail" olduqlarını görüb. Azərbaycan xalqı, düşüncəli, uzaqgörən, ağıllı xalqıdır. Onlar heç zaman uğursuz fəaliyyət göstərənlərin məqsədləri arxasında getmir".

A.Badamov söyləyib ki, 20 Yanvar günündə qarşıdurma yaratmaq istəyən Milli Şurada təmsil olunanların özü bu faciənin baş verməsində günahkar şəxslərdir: "Onlar xalqımız, ölkəmiz üçün vacib olan günlərdə küçələrə çıxaraq, vəziyyətdən istifadə edib insanları guya öz arxaları ilə aparmaq istəyirlər. İnsan hüzn günü onsuz da Şəhidlər Xiyabanına axın edir və qəhrəmanlarımıza öz ehtiramlarını bildirirlər. Milli Şura da fürsətdən istifadə edib vəziyyəti gərginləşdirməyə çalışır. Azərbaycan hüquqi dövlətdir və hər kəs qanun qarşısında cavab verməlidir. Hər bir keçiriləcək mitinq, tədbir qanun çərçivəsində olmalıdır. Kim qanuna riayət etmirsə, qanun qarşısında cavabını verməlidir".

"Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev isə hesab edir ki, əvvəlcədən də gözlənildiyi kimi, "Milli Şura"nın mitinqi növbəti uğursuzluqla nəticəsini tapdı və bu reallıq artıq uzun illərdir ki, Əli Kərimlini müşayiət etməkdədir. Baş redaktorun sözlərinə görə, sağlam düşüncəli ictimai rəy ümumiyyətlə, bu qaragüruhçuların sözlərinə, fikirlərinə əhəmiyyət vermir, çünki onların məqsədləri heç də Azərbaycanın dövlətçilik məsələlərinə doğru yönəlməyib: "Biz bu mitinqdə çıxış edən qaragüruhçu "liderlərin" bir neçə gün öncə Avropa Parlamentinin çıxardığı saxta və əhəmiyyətsiz "qətnaməsindən" doğan kirli məqsədlərinin şahidləri olduq. Corc Sorosun və onun Rebbeka Harms kimi əlaltılarının buyruq qullarına çevrilən bu siyasətbazlar guya "aclıq aksiyası" keçirənlərdən, xüsusilə Mehman Hüseynov sarıdan "narahat" olduqlarını dilə gətirdilər. Lakin hər kəs əmindir ki, nə Əli Kərimlini, nə də digərlərini onların heç biri maraqlandırmır. Onları maraqlandıran saxta aclıq aksiyalarına görə ciblərinə axacaq qrantlar və s. maddi vəsaitlərdir. Ümumiyyətlə, uğursuz mitinq barədə bir çox mülahizələr irəli sürmək olar və ən əsası, bu adamlar öz siyasi aksiyalarında bir dəfə də olsun ki, qaçqınlarımız, işğal olunmuş torpaqlarımız barədə etiraz səslərini ucaltmayıblar. Məhz bu fakt, başda "Milli Şura" və onun yetkililəri olmaqla, bütövlükdə dağıdıcı müxalifətin aşkar simasızlığını ortaya qoymuş olur". O deyib ki, bu gün Azərbaycan xalqı və dövləti islahatlarla, inkişaf və tərəqqi ilə ölkənin yüksəlməsi istiqamətində vahid şəkildə birləşib və bu vəhdəti, bu birliyi heç bir xəyanətkar, satqın, antidövlətçi qüvvələr pozmaq iqtidarında, gücündə deyil: "Çox yəqin ki, uğursuz mitinq Əli Kərimliyə və onun yandaşlarına növbəti məğlubiyyət dərsini verdi. Lakin ardıcıl, rüsvayçı məğlubiyyətlərdən nəticə çıxarmamaları onları daha dərin, dibi görünməyən uçuruma doğru yuvarladır".

AZAD

 





22.01.2019    çap et  çap et